525.Az

Yaponiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günüylə bağlı veriliş


 

ƏLİBƏY MƏMMƏDOV: “YAPONİYANIN BİZNES ALƏMİNDƏ AZƏRBAYCAN ADI TEZ-TEZ EŞİDİLMƏYƏ BAŞLAYIB”

Yaponiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günüylə bağlı veriliş<b style="color:red"></b>

Dekabrın 28-də Yaponiyanın “World Investors” internet televiziya kanalının 2015-ci il üçün sonuncu canlı buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilib.

Verilişin xüsusi qonağı olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə Əlibəy Məmmədov Azərbaycanın milli bayramları haqqında ətraflı məlumat verib.

Verilişin aparıcısı İşida Kazuyasu bildirib ki, Azərbaycanı Yaponiyada tanıtmağa çox böyük ehtiyac var.

Son 3 il ərzində İşida Kazuyasu 12 dəfə Azərbaycanda səfərdə olub və 300 nəfərdən çox kiçik və orta sahibkarları Azərbaycana aparıb.

Ə. Məmmədov bildirib ki, bütün bunların sayəsində Yaponiyanın biznes aləmində də Azərbaycan adı tanınmağa, tez-tez eşidilməyə başlayıb: “Sosial şəbəkələrdə yapon dilində Azərbaycanla bağlı qruplar, səhifələr açılıb və minlərlə insan bunun vasitəsilə Azərbaycan haqqında məlumatlandırılıb”.

Ə.Məmmədov Azərbaycanın geostrateji əhəmiyyəti barədə danışdıqdan sonra, ölkəmizin milli bayramları haqqında məlumat verib.

Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramından danışan həmyerlimiz qeyd edib ki, 1989-cu ilin dekabr ayında Şimali və Cənubi Azərbaycanda yaşayan həmyerlilərimiz tərəfindən arada olan sərhəd dirəkləri dağıdılmaqla həmrəylik nümayiş etdirilib: “Həmin ərəfədə İstanbulda türkdilli dövlətlərin konfransı keçirilib. Bu konfransda Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması qərara alınıb”.

Ə.Məmmədov bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının prezidenti olmuş Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib: “Bununla bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilməyə başlanılıb. Bu bayram tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən  fəxr və qürur hissi ilə qeyd olunur”.

Əlibəy Məmmədov deyib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 80-a yaxın ölkəsində yaşayan, bu ölkələrdə təhsil alan və işləyən həmvətənlərimiz tərəfindən canfəşanlıqla qeyd olunur: “Bu gün Azərbaycan diasporu üçün də ən vacib bayramlarından birinə çevrilib. Son illər Həmrəylik günü bayramı miqyasına görə, Yeni il bayramını da ötüb keçib. Bu sadəcə azərbaycanlıların deyil, ölkə daxilində və xaricdə yaşayan həmvətənlərimizin xarici dostları, iş yoldaşları üçün də xüsusi bayrama çevrilməkdədir”.

Ə. Məmmədov qeyd edib ki, azərbaycanlıların çox olduğu ölkələrdə -Rusiya, Türkiyə, eləcə də müxtəlif Avropa ölkələrində diaspora fəaliyyətimiz yüksək səviyyədə təşkil olunub. “Bunun nəticəsində Azərbaycan daha çox tanınır və ölkəmizə olan maraq günü-gündən artır. Amma Azərbaycanın kifayət qədər tanınmadığı ölkələr də var. Yaponiya, Cənubi Koreya kimi Uzaq Şərq ölkələrində Azərbaycanın tanıtımı o qədər də ürəkaçan səviyyədə deyil”.

Həmyerlimiz qeyd edib ki, adi tələbəsindən tutmuş dövlət rəsmilərinə qədər, şirkət işçilərindən tutmuş ailə üzvlərinə qədər, hər bir azərbaycanlı üçün Azərbaycanın tanıtımı bir nömrəli vəzifəyə çevrilməlidir: “Azərbaycançılıq məfkurəsi daha da möhkəmləndirilməlidir. Bu bir növ mənəvi ehtiyaca çevrilməlidir”.

Verilişin aparıcısı və prodüseri İşida Kazuyasu Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı Əlibəy Məmmədovun açıqlamalarından sonra bildirib ki, yaponların da belə bir günə ehtiyacı var: “Yaponlar hal-hazırda ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Onları bir araya gətirəcək, bir yumruq edəcək bir günə ehtiyac var. Dünya Azərbaycanlılarının Həmrəylik Günü buna çox gözəl bir nümunə ola bilər”.

Verilişin sonunda Əlibəy Məmmədov və İşida Kazuyasu 2016-cı ildə də Azərbaycanla bağlı xüsusi verilişlər hazırlayacaqlarını bildiriblər.

Qeyd edək ki, bu həmyerlimizin sözügedən verilişdə 3-cü çıxışıdır. İlk çıxışını cari ilin oktyabr ayında Azərbaycana yapon şirkətlərinin axını mövzusunda etdikdən sonra, noyabr ayında olan ikinci çıxışını Azərbaycan Dövlət Bayrağı günü, Konstitusiya günü və Milli Dirçəliş gününə həsr edib. Hər iki verilişdə həmyerlimizin çıxışı böyük maraqla qarşılanıb.  

Ceyhun ABASOV

 





29.12.2015    çap et  çap et