525.Az

«Bizə mütləq uşaq televiziyası lazımdır»


 

«Bizə mütləq uşaq televiziyası lazımdır»

Gənc nəslin mədəni inkişafı ilə bağlı tədbir keçirilib

«ELS» Müstəqil Araşdırmalar Məkəzi «Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu» adlı konfrans keçirib.

525.az-ın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, təmsil etdiyi təşkilat gələcək nəslin sağlam və savadlı yetişdirilməsi üçün dövlət qurumları və ictimaiyyətin iştirakı ilə müzakirə olunub, təkliflərlə bağlı ölkə Prezidentinə müraciətlər edilib. Bu müraciətlərdə yetişən nəslin mədəni inkişafına yönəlmiş qanunların qəbulu, Dövlət Uşaq Televiziya kanalının açılması, Müstəqil təşəbbüslərə Dövlət Dəstəyi Fondunun yaradılması və digər aktual məsələlər əksini tapıb.

«ELS» QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən «Uşaq internet portalı resurslarının inkişaf etdirilməsi» layihəsi çərçivəsində «Mənəvi sərvətimiz» adlı uşaq internet portalını yaradıb».
İ.Yaqubova bildirib ki, təşkilatı kitab mütaliəsi ilə bağlı araşdırmalar aparıb. Onun sözlərinə görə, monitorinqlər uşaqlar üçün ədəbiyyatın çox az yerdə satıldığını, kitabların əsasən 500 nüsxədə buraxıldığını göstərib: «Bu gün kitaba, bədii ədəbiyyata gənclər arasında münasibəti öyrənmək üçün Bakı və Sumqayıt şəhərlərinin 8 ali təhsil ocağının 221 tələbəsi arasında rəy sorğusu keçirilib. Sorğu nəticəsində aydın olub ki, tələbələr digər həmyaşlıları ilə müqayisədə təhsil səviyyələrini artırmaq üçün kitaba daha çox müraciət edir: «Bədii əsərin seçimi zamanı rəyi soruşulanların çox hissəsi (21,6 faizi) məhəbbət romanları haqqında mövzulara üstünlük verib. Yalnız 0,8 faiz respondent onlar üçün fərqi olmadığını bildirib, bədii ədəbiyyatın hansı formatına üstünlük vermələrinə gəldikdə çap formatını 79,6 faiz, internetdən oxumağı isə 20,4 faiz qeyd edib. Mütaliəyə gəldikdə tələbələrin 10,6 faizi tez-tez, 32,8 faizi hərdən bir bədii əsərlər oxuduqlarını, 56,6 faizi isə ümumiyyətlə bu növ ədəbiyyatı oxumadıqlarını deyiblər. Kitabla arabir təmasda olanlar bunu asudə vaxtın məhdudluğu ilə izah ediblər».

Millət vəkili Musa Qasımlı qeyd edib ki, internet meydana çıxandan sonra bütün dünyada kitab oxuyanların sayı azalıb: “Kitaba maraq təkcə bizdə azalmayıb, ABŞ-dan, Rusiyadan tutmuş, bir çox böyük dövlətlərə aiddir. Biz kitaba olan həvəsi artırmaq üçün mütləq kitab təqdimatlarının, imza mərasimlərinin keçirilməsinə diqqət yetirməliyik. Bu həm kitabın təbliğatı və satışı, həm də kitaba maraq oyatmaq baxımından yaxşıdır».
M. Qasımlı xarici telekanalların təbliğ etdiyi cizgi filmlərini sərt tənqid edərək bildirib ki, əgər övladlarımızın gələcəkdə yaxşı vətəndaş olmasını istəyiriksə, bu sahəyə aid olan televiziya kanalı da mütləq yaradılmalıdır: «Bizə uşaq televiziyası lazımdır. Bu uşaqlar gələcəkdə yeniyetmə, gənclər, sonra da Azərbaycanın idarəçiləri olacaqlar. Təbii ki, qloballaşma gedir, kimsəyə qadağan etmək olmaz, amma alternativlər yaranmalıdır. Bir zamanlar bizdə deyirdilər ki, İctimai Televiziya yaransa, nə dəyişəcək? İctimai televiziya yarandı, çox gözəl bir televiziya oldu. Eləcə də mədəniyyət və idman televiziyaları haqqında da birmənalı fikir yox idi. Hesab edirəm ki, bizə mütləq uşaq televiziyası lazımdır. Əgər biz istəyiriksə ki, övladlarımız gələcəkdə yaxşı vətəndaş olsunlar, bu, mütləqdir»

Tədbirdə millət vəkili Kamilə Əliyeva, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov və başqaları da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

BƏXTİYAR

 





21.09.2012    çap et  çap et