525.Az

Yaddan çıxan, lakin unudulmayacaq bir imza


 

Yaddan çıxan, lakin unudulmayacaq bir imza<b style="color:red"></b>

Bu il yanvarın 15-də dövrünün tanınmış yazıçılarından, hazırda isə unudulmaqda olan Vaqif Musanın dünyaya gəlməsinin 80 ili tamam olur. Bir neçə il əvvəl onun haqqında yazı yazsam da, səsimə hay verən olmadı. Həmin yazımı yubiley ərəfəsi oxuculara təkrar təqdim etməkdə məqsədim onu bir daha xatırlamaq, ruhunu sevindirməkdir.

Kəndimizə gedən yol Rustov kəndinin qarşısından keçir. Ədəbiyyata olan marağıma görə bu kənd uşaqlığımdan, kitabını oxuyandan yaddaşımda Vaqif Musanın adı ilə qoşalaşıb. Evimizdə onun 1973-cü ildə çap olunan "Od, yaxud gecə mahnısı" adlı kitabı vardı. On bir yaşımda kitabın bəzi yerləri uzun görsənsə də, içindəki povest və hekayələri xüsusi həvəslə oxumuşdum.

Altmışıncılar ədəbi nəslinin tanınmış nümayəndələrindən biri olan Vaqif Musa sağlığında ikən özünəməxsus yaradıcılıq üslubu ilə seçilib. Etiraf edilməli bir həqiqətdir ki, Vaqif Musa Quba-Xaçmaz bölgəsindən ədəbiyyatımıza gələn ilk böyük nasirdir. O, orta məktəbi bitirib əvvəl Bakıdakı 2 saylı Tibb Texnikumunda, sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini başa vurandan sonra Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının nəsr şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Elə ilk hekayəsi - "Kişi, qadın və qız" da 1965-ci ildə, bu jurnalın onuncu sayında çap olunub. Eyni adlı ilk kitabı isə 1967-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. 

Onun yaratdığı əsərlər daim oxucular tərəfindən maraqla qarşılanıb. Romanlar və povestlərlə yanaşı oçerklər, çoxlu hekayələr və radio pyesləri də yazıb. Hekayələri qardaş xalqların dillərinə tərcümə olunub. Yazıçı özünü dramaturgiyada da sınayıb. "Meşənin şahı kim olacaq" pyesi Gəncə Kukla Teatrında, "İşlər belə getməz" adlı komediyası Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Vaqif Musa bədii tərcümə ilə də məşğul olub. Çoxsaylı tərcümələrindən biri - V.Viniçenkonun "Günəşli yer" pyesi Mingəçevir Dövlət Dram Teatrında göstərilib. S.Endonun "Dəniz və zəhər" əsərini isə kitab şəklində nəşr etdirib. 1973-cü ildə çəkilmiş "Qubanın ağ alması" adlı televiziya filminin ssenarisini yazıb.

Yazıçıların xarici ölkələrə təşkil olunan səfərləri çərçivəsində Türkiyə və Bolqarıstanda olub. Səfərlər barədə təəssüratını 1969-cu ildə dərc etdirdiyi "Bolqarıstanda və Türkiyədə  yol qeydləri" adlı yazısında qələmə alıb.

Vaqif Musanın yaradıcılığında ən mühüm yeri romanlar və povestlər tutur. Bu sıradan "Od, yaxud gecə mahnısı", "Qonşular", "Fəti dayı və onun maşını" povestləri, "Bəyim çayı boyunca", "Səhər mehi" romanları daha çox oxucu rəğbəti qazananlardır. Xüsusilə, "Səhər mehi"nin jurnalda dərcindən sonra dövrün tanınan bir neçə tənqidçisindən ona qarşı kəskin tənqidlər yönəlib. Tənqid və təzyiqlərin yekunu olaraq 1976-cı ildə jurnaldakı işindən azad edilib. Uzun müddət işsiz qalan yazıçı, nəhayət, həyatının son beş ilini "Şərq-Qərb" nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmaqla keçirib.

Sağlığında yeddi kitab müəllifi, onlarla kitabın isə redaktoru olub. Ömrünün altmış birinci ilində  - 24 oktyabr 1996-cı ildə dünyasını dəyişən yazıçı doğma Rustov kəndində dəfn edilib.

Təəssüf ki, nə sağlığında, nə də ölümündən sonra Vaqif Musanın yaradıcılığı ümumiyyətlə araşdırılmayıb, ona lazımi qiymət verilməyib. İnternetdə, Milli Kitabxananın bazasında axtarışlarım zamanı onun haqqında (Vaqif Yusiflinin yazıçının 75 illiyindəki məruzəsindən savayı) bircə yazıya, xatırlatmaya da rast gəlmədim. Ən pisi isə, mənsub olduğu bölgənin tanınmış yaradıcı insanlarının, tənqidçilərinin, ədəbiyyatşünas alimlərinin də yazıçının yaradıcılığı və fəaliyyəti ilə bağlı biganəliyidir. Vaqif Musaya bəslənilən laqeydliyin səbəbini anlaya bilmirəm. Əgər o, istedadsız yazıçı idisə, onda niyə dövlət hesabına kitabları çap olunur, əsərləri jurnallarda dərc edilir, Yazıçılar Birliyinin plenum üzvü (1991) seçilirdi? Peşəkar, sadə, iddiasız bir tale yaşamış yaradıcıya ürəkağrıdıcı unutqanlıq nədən yaranıb? Onun əsərlərini təkrar nəşr etdirmək, heç olmasa, doğma rayonunda adını əbədiləşdirmək olmazdımı?

Sözümün sonunda həmkarlara, əlaqədar səlahiyyətlilərə, bütün ədəbiyyatsevərlərə səslənirəm: gəlin Vaqif Musa adında dəyərli nasirimizi unutmayaq. Günlərin birində hər kəs bu sayaq unudula bilər...

Rövşən YERFİ

 





07.01.2016    çap et  çap et