525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər <b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

Azərbaycan Milli Şurasında

Təşrini-saninin 20-də axşam saat 9-da Azərbaycan Milli Şurası Şura rəisi Rəsulzadə Məhəmməd Əmin bəy cənabları tərəfindən açılıyor. İclasda Azərbaycan hökuməti baş naziri Fətəli xan Xoyski, qeyri nazirlər isbati-vücud ediyorlar.

Əvvəlcə Şura rəisi Milli Şuraya daxil edilən Azərbaycan Məclisi-Məbusanı (parlamanı) təşkili həqqində layiheyi-qanuniyə əsbabi-mucibəsini oxuyur.

Layihə budur:

Müvəqqəti Azərbaycan parlamanı (Məclisi-Məbusan) təşkili həqqində layiheyi-qanuniyyə əsbabi-mucibəsi

1917 sənəsi aprel ayında toplanan Ümumqafqasiya müsəlmanları qurultayı Cənubi Qafqasiya islamları ümuri-milliyyə və mədəniyyələrini idarə və mənafeyi-siyasiyyələrini müdafiə etmək üzrə bir mərkəzi komitə təşkili tərhini cızaraq müvəqqətən mərkəzi komitə icraatını Bakıda inqilab təriqilə təşəkkül edən Bakı komitəsinə tərk etmişdi. Bakı komitəsi bir zaman mərkəzi komitə vəzifəsini idarə edərək mətruh bulunan mərkəzi komitəyi təsis və vəzifeyi-müvəqqətəsini məzkur komitəyə tövdi eləmişdi. Mərkəzi komitə keçən sənə noyabr ayında dəvət edilən Milli Komitələr konfransının qərarına görə Azərbaycan Məclisi-Müəssisanını bir ay sonraya qədər toplamalıydı. Fəqət əhvali-siyasiyyə və övzai-daxiliyyə, zühur edən həvadisi-fövqəladə buna imkan verməyərək Cənubi Qafqasiyadan Rusiya Məclisi-Müəssisanına gedəcək əza Rusiya Məclisi-Müəssisanı dağıldığından dolayı Tiflisə cəm olaraq firqə siyahılarını təbiri-məxsusla dərinləşdirmək təriqilə Cənubi Qafqasiya “Seym”ini təşkil etdilər. Cənubi Qafqasiya müsəlman firqələri tərəfindən Rusiya Məclisi-Müəssisanına seçilən 14 müsəlman məbusu siyahıların firqələr tərəfindən dərinləşməsi surətilə 44-ə qədər çoxaldı. Azərbaycan Məclisi-Müəssisanını toplamaq qeyri-mümkün olduğunu nəzərə alaraq Cənubi Qafqasiya mərkəzi müsəlman komitəsi bu məsələnin həllini “Seym” müəssisəsində bulunan müsəlman əzaya vagüzar etməyi münasib gördü. Çünki bunlar Mavərayi-Qafqas əhaliyi-islamiyyəsi arasında mövcud bulunan müxtəlif siyasi cərəyanları təmsil edir və əhalinin milyondan ziyadə rəyini qazanmış müvəkkillərdi - deyə istidlal ediyor; təşkilati-milliyyənin təyini istiqaməti üçün bu zəvat ən ziyadə səlahiyyət sahibidir deyə - tələqqi ediyordu. Bu surətlə Mavərayi-Qafqas islamlarının təşkilati-mərkəziyyələrinə təvarüs edən Mavərayi-Qafqas “Seym”i müsəlman əzaları iləridə Məclisi-Müəssisan toplanıncaya qədər kəndilərini Mavərayi-Qafqas Müsəlman Şurası - deyə elan etdilər. Şura “Seym”ə daxil olan müsəlman firqələri nümayəndələrindən mütəşəkkil bir heyəti-icraiyyə dəxi intixab elədi. Gürcüstanın Mavərayi-Qafqas ittifaqından çıxaraq ayrıca elani-istiqlal etməsi üzərinə Mavərayi-Qafqas Müsəlman Şurası bittəbii kəndisini Azərbaycan Şurayi-Millisi və bunu mütəaqib Azərbaycanın istiqlalını elan və Azərbaycan hökuməti-cümhuriyyəsini təşkil elədi.

Mavərayi-Qafqas qitəsi birlikdə ikən və burada bulunan başlıca üç millət arasında təyini-hüdud yox ikən Milli Şuralar birər milli müəssisələr idi. Vəzifəhləri də bittəbii məhdud və mədud idi. Elani-istiqlal keyfiyyəti ilə şuralar birər milli müəssisə halından çıxaraq dövlət müəssisəsi şəklini alıyordu. Azərbaycan yalnız türklərlə məskun degildir. Bunun üçün də Azərbaycan Şurayi-Millisi Azərbaycan ərazisi üzərində yaşayan bütün millətləri təmsil etməliydi. Həm Şurayi-Milli, həm də hökumət bunun lüzumunu idrak ediyorlardı. Fəqət əhvali-fövqəladə və məmləkətin ərazisini düşmənlərdən təmizləmək keyfiyyəti bir aralıq qüvveyi-təşriyyənin tətilini belə mucib olduğundan bu əməliyyənin tətbiqinə şimdi təvəssül olunuyor. Müəyyən bir ərazi üzərində icrayi-hökm edəcək, qəvanin vəz edən bir məclisi-təşriyyə üçün yalnız bir milləti təmsil etmək kafi olmadığı kibi, 44 kişilik ufaq bir məclis halında olmaq dəxi mümkün degildir. Əlavə bərin Azərbaycan müsəlmanlarının həyati-xüsusiyyələri nöqteyi-nəzərindən məclisimizdə bulunan müxtəlif siyasi cərəyan nümayəndələrindən başqa cəmaət müəssisələri ilə doğrudan-doğruya vilayətlərdən göndərilən nümayəndələrin vücuduna da böyük bir lüzum vardır. Bakı quberniyası ilə Gəncə quberniyası, Zaqatal okruğu və İrəvan ilə Tiflis quberniyalarından birər hissəsi Azərbaycan ərazisini təşkil etməkdədir. Bu ərazi üzərində Qafqas təqviminin hesabı üzərinə tamam rəqəmlə 2.750.000 nüfus vardır. Bundan 1.900.000 islam, 500.000-i erməni, 230.000 rus, sairi də müxtəlif millətlərdir.

Hər məbus üçün 24.000 nüfus miqyas alarsaq müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus çıxarıyor.

Digər xırda millətlər isə miqyas təşkil edəcək dərəcədə olmuyorlar. Fəqət gürcü ilə polyak digərlərinə nisbətlə daha ziyadə bir əqəliyyət təşkil elədiklərindən onlara dəxi bitövr istisna birər nümayəndəlik verilə bilər.

Əqəliyyətdə bulunan millətlərin hissələrinə gələn nümayəndələr tamamilə cəlb olunmaq lazım ikən bittəb müsəlmanlardan mövcud bulunan 44 Şura əzası təfriq olunaraq yalnız 36 zat yenidən cəlb olunacaqdır.

Cəlb etmək həqqini Şurayi-Milli şəhər idarələri ilə Milli Komitələrə müraciətlə tətbiq ediyor. Yalnız mərkəzi-məmləkət bulunan Bakıda bir istisna olaraq şəhər idarəsindən əlavə sinfi müəssisələrdən dəxi nümayəndə istənilir. 

Layiheyi-qanuniyyə məvaddi

1- Azərbaycan parlamanı - (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.

2- Azərbaycan parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edər:

a- Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqas “Seym”ində əza sifətilə bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil eləmiş 44 zatdan;

b- Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud bulunan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;

p- Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;

t- Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar və ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan;

3- Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

a)- Əhali-islamiyyə tərəfindən Bakı - 5, Göyçay uyezdi - 2 (biri şəhər, biri uyezd), Cavad - 2 (biri şəhər, biri uyezd), Quba - 3 (biri şəhər, 2-si uyezd), Lənkəran - 2 (biri şəhər, biri uyezd), Şamaxı - 2, Gəncə - 3 (biri şəhər, 2-si uyezd), Ərəş - 2, Cavanşir - 1, Zəngəzur - 2, Qazax - 1, Cəbrayıl - 1, Nuxa - 2 (biri şəhər, biri uyezd), Şuşa - 2 (biri şəhər, biri uyezd), Zaqatala - 2 (biri şəhər, biri mahal).

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi - 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi - 1.

b) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən - 8 Gəncə erməni əhali komitəsindən, 8 Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni komitəsindən.

Rus əhalisindən Bakıdakı rus Milli Şurasından - 10

Alman əhalisi təşkilati-milliyyəsindən - 1

Yəhudi Şurayi-Millisindən - 1

Gürcü komitəsindən - 1

Polyak komitəsindən - 1

Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı Sovet syezd, birja və ticarət sənaye cəmiyyətlərindən müştərəkən - 2.

Qeyd: 1- Bələdiyyəsi və Milli Şurası olmayan qəzalar nümayəndələrini köy obşestvo nümayəndələrinin ictimaində təyin edə bilərlər.

Qeyd: 2- Əhvali-fövqəladəyə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.

Qeyd: 3- Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa bir səbəblə məclisdən çıxarsa onun əvəzinə mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə müəssisatı tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4- Cəlb olunacaq əşxasın intixabatı şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarətilə icra olunuyor və intixab olunacaq zəvatə kəndi imzaları ilə keyfiyyəti intixabı müvəzzəh və müsəddiq etimadnamələr verilir.

İşbu layihə oxunduqdan sonra bütün-bütünə Şura tərəfindən qəbul edildigindən maddəbəmaddə səsə qoyulması lazım görülməyib bilittifaq qəbul olunur.

Sonra Şura rəisi ləvazim və təsərrüfat komissiyasına fraksiyalar tərəfindən namizədlər göstərilməsi təklifində bulunur.

Məhərrəmov təklif edir ki: bu komissiya böyük fraksiyadan iki, kiçik fraksiyalardan birər nümayəndə olmaq üzrə beş nəfərdən ibarət olsun.

Firqələr tərəfindən göstərilən beş nəfər bunlardan ibarətdir:

Cəmo bəy Hacınski, Abbasqulu Kazımzadə, Rəhim Vəkilov, Məlikyeqanov və Heybətqulu Məhəmmədbəyov.

Bundan əlavə Milli Şura Azərbaycan Məclisi-Məbusanının dekabr ayının 3-də dəvət olunmasını qərara alır.

Bununla iclas xitam bulur.

“Azərbaycan”, 22 noyabr 1918, №47 

Mucəb - labüd, zəruri
Məvadd - maddələr
Tərh - layihə
Mətruh - təyin edilmiş
Tövdi - təslim etmə

Azərbaycan Məclisi-Məbusanı təsisi həqqində qanun

1- Azərbaycan parlamanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.

2- Azərbaycan parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edər:

a- Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqas “Seym”ində əza sifətilə və bədə Azərbaycan Şurayi-Millisini təşkil eləmiş 44 zatdan;

b- Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud bulunan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;

p- Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;

t- Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar və ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan;

3- Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

a- Əhali-islamiyyə tərəfindən Bakı - 5, Göyçay uyezdi - 2 (biri şəhər, biri uyezd), Cavad - 2 (biri şəhər, biri uyezd), Quba - 3 (biri şəhər, ikisi uyezd), Lənkəran - 2 (biri şəhər, biri uyezd), Şamaxı - 2, Gəncə - 3 (biri şəhər, ikisi uyezd), Ərəş - 2, Cavanşir - 1, Zəngəzur - 2, Qazax - 1, Cəbrayıl - 1, Nuxa - 2 (biri şəhər, biri uyezd), Şuşa - 2 (biri şəhər, biri uyezd), Zaqatala - 2 (biri şəhər, biri mahal).

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi - 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi - 1.

Qeyd:

a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə dəxi şəhər hissəsinə düşən nümayəndəyi ümumi intixabla seçilmiş müsəlman qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqlardır.

b) Seçkilər gizli olacaq.

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21 - 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni komitəsindən.

Rus əhalisindən Bakıdakı rus Milli Şurasından - 10.

Alman əhalisi təşkilati-milliyyəsindən - 1.

Yəhudi Şurayi-Millisindən - 1.

Gürcü komitəsindən - 1.

Polyak komitəsindən - 1.

t) Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı Sovet syezd və ticarət sənaye cəmiyyətlərindən müştərəkən - 2

Qeyd: 1- Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayəndələrini köy obşestvo nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bu ictima hər obşestvodan birər nümayəndə göndərilmək surətilə hasil olur.

Qeyd: 2- Əhvali-fövqəladəyə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.

Qeyd: 3- Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa bir səbəblə məclisdən çıxarsa onun əvəzinə mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə müəssisatı tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4- Cəlb olunacaq əşxasın intixabən şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarətilə icra olunur və intixab olunacaq zəvatə kəndi imzaları ilə keyfiyyəti intixabı müvəzzəh və müsəddiq etimadnamələr verilir.

Şurayi-Milli rəisi: Məhəmməd Əmin Rəsulzadə
Şurayi-Milli katibi: Rəhim Vəkilov
Surəti əslilə mütabiqdir.
Şurayi-Milli idarə müdiri: Məhəmməd Seyid
“Azərbaycan”, 28 noyabr 1918, №51 

Bütün Azərbaycan əhalisinə!

Vətəndaşlar!

Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iqtizayi-zaman ilə təkrar Azərbaycan paytaxtı Bakıda toplandı. Şurayi-Millinin ən əvvəl qəbul elədigi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul elədigi qanunnaməyə görə Şurayi-Milli, dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlaman) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsuli ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mühafizə edəcəkdir.

Vətəndaşlar! Hərbi-ümumi axıra çatıyor. Millətlərin dördgözlə gözlədikləri sülhi-ümumi bayramının axşamındayız. Böylə səadətli bir günün ərəfəsində cahan tarixi hərbi-ümumi qədər böyük və mənidar inqilabların şahidi olmaqda, məhkum millətlər kəndi həqlərini qaytarmaq, istiqlal və hürriyyət naminə qiyam etməkdədirlər.

Beşinci sənəyə varan o şeytani qitali-əqvam nəhayət, “Cəmiyyəti-Əqvam” kibi rəhmani bir nəticəyə gəliyor.

Bu gün yalnız məğlubların degil, qaliblərin də şüarı - millətlər öz müqəddəratlarını təyin eləmək həqqinə malikdirlər - düsturundan ibarətdir. Vicdani-bəşərin milyonlarca insan qanı bahasına qazanmış olduğu Cəmiyyəti-Əqvam fikri boş bir söz olmayıb, şübhəsiz ki, bir mənayə malik olacaqdır.

Bizi təxribkar qüvvətlərdən, məhvedici anarşidən, hərc-mərcdən qurtarmaq üçün öz dəvətimizlə gələn türklər vəzifəyi-xilaskaranələrini ifa edərək bu gün mövqelərini müttəfiq əskərlərə təslim etmişlərdir. Qafqasiya ərazisi üzərində asayişi təmin eləmək üçün gələn bu yeni qüvvət millətlərin müqəddəratını təyin edib də istədikləri kibi yaşamaq əzminə mane bir qüvvət degildir. “Cəmiyyəti-Əqvam” fikrinin ələmdarı bulunan Rəisi-Cümhur Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan müttəfiq əskərlərinin komandanı müsyo Tomson Qafqasiyaya aid məsələlərin sülhi-ümumi konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir.

Əvət, vətəndaşlar, Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilmiyor. Biləks hüsni-təvəccöh və qəbul görməkdədir. İnanalım millətimizin istiqlalına, inanalım Azərbaycanın səadətinə!

Dünya müharibəsinin sükut bulmaqda olan təlatümlü əmani-mavərasından millətlərin hürriyyət və səadət günəşi möhtəşəm bir surətdə tülu ediyor. Millətlər üzərlərindəki əski həyat və istibdad qüyud və zəncirlərini ataraq yeni bir həyat və istiqlala hazırlanıyorlar.

Vətəndaşlar! Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı tərk edəlim, müqəddərati-tarixiyyə həpimizi bir yerdə yaşamaq məcburiyyətində bulunduruyor. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək və müşkül mənzillərini rahatlıqla keçmək və yeni həyata ləyaqət qazanmaq üçün yaşayışımızı məqul və insani əsaslar üzərinə quralım, yekdigərimizi sevəlim, biri-birimizə ehtiram edəlim!

Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər.

Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə bittəbii Azərbaycanın türklərinə, müsəlman cəmaətinə düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar.

Əvət, vətəndaşlar, zamanın  əhəmiyyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülhi-ümumi konfransı uzaq degildir. O zamana qədər vətənimizi iğtişaşdan qoruyalım. Azərbaycan Məclisi-Məbusanını təsis, hökumətini yenidən təşkil edəlim və var qüvvət və mücahidəmizlə sülhi-ümumi məclisinə hazırlaşalım.

Yaşasın Azərbaycan Məclisi-Məbusanı!

Yaşasın Azərbaycan Cümhuriyyəti!

Yaşasın Cəmiyyəti-Əqvam!

Şurayi-Milli naminə rəis

Məhəmməd Əmin Rəsulzadə
”Azərbaycan”, 29 noyabr 1918, №52 

Əma - karlıq, məcazi mən. nadanlıq
Mütəhəmmil - dözən, davam gətirən
Qüyud - əsarət 
Azərbaycan parlamanı 

Bu günlərdə milli parlamanımız açılasıdır. Bu işdə biz bir qədər gecikdik, parlamanımızı gec açdıq. Lakin bunun səbəblərindən sərf-nəzər edib də “gec olması heç olmamasından yaxşıdır” zərbi-məsəli ilə mütəsəlli olaraq bugünki gündən danışaq.

Bu ilk parlamanımız əzaları seçki üsulilə degil, “kovpitasiya” yəni kənardan səlahiyyətli şəxsləri cəlb etmək təriqi ilə yığıldı. Əgər bu iş keçirdigimiz xarüqəladə bir zamanda icra olunmayıb da sülh və asayiş vəqtində olsa idi böyük bir qüsur, hətta günah ədd edilərək hər bir tərəfdən şiddətli etiraza səbəb olardı. Necə ola bilər ki, Millət Məclisi hesab edilən böyük bir şuranın əzalərini millət əfradi seç-məyib də “kovpitasiya” təriqilə çağırsınlar. Lakin təkrar söyliyorıq ki, keçirdigimiz günlərin xarüqəladə olması bir çox işləri də xarüqəladə bir surətdə icrayə məcburiyyət hasil etdirir. Onsuz da gecikmişik, bir də vəqtimızı seçki əməliyyatı ilə keçirmək istəsəydik, parlamanımızı bu günlərdə degil, bəlkə bir neçə ay bundan sonra görərdik. Halbuki bugünki günləri parlamansız keçirmək, istiqlaliyyətimizin təyid və bəqasi nöqteyinəzərindən heç bir vəchlə caiz degildir, hətta bir dərəcəyə qədər qorxuludur da.

Pəs bir tərəfdən zəmanəmizin xarüqəladəligini, digər tərəfdən əhalimizin parlaman əzası seçməkdə bir o qədər də hazır olmamasını və bu tərəfdən də cümhuriyyətimizin bugün parlamana son dərəcə möhtac qaldığını nəzəri-əhəmiyyətə alıb və bir də qonşu cümhuriyyətimizin də həmin bu təriq ilə parlaman açdıqlarını yada salıb, bu gün iclası olan parlamanımızı həqiqətən səlahiyyətdar və sahibi-ixtiyar bir millət məclisi deyə tələqqi etməgi özümüzə fərz bilməliyik.

Eşitdigimizə görə, paytəxtimizdə mövcud olan bir taqım qeyrimüsəlman cəmiyyətləri, yəni hökumət içində hökumət düzəltmək niyyətində olanları parlamanımızda iştirak etmək istəməmişdilər. Bu hərəkət Azərbaycan Cümhuriyyətinin təbəəsi, vətən övladı olmaq istəməməkdir, daha artıq Azərbaycan Cümhuriyyətinin mövcud oldu-ğunu inkar etməkdir. Ondan da artıq Azərbaycan türklərinin azad və asudəliginə qarşı böyük bir etirazdır...

Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmir.

Qulaqlar var ki, lal edilmiş bir dilək, bir millət dilənən bu gün açılıb da söz söyləməsəni eşitmək istəmiyor.

Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün  hakim degil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmiyor.

Varəsin olsun! Nə edək? Azərbaycan türklərini müstəqil və azad görmək istəməyənlər ya gərək bizi zor ilə təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa “tən qəzayə verib” əmr vaqe qarşısında ixtiyari-sükut etsinlər və ya buna da vicdanlarını razı edə bilməsələr, vətən deyib, Azərbaycan toprağından çıxıb getsinlər. Bu üç təklifdən  hanki birini qəbul etmək istəsələr sahibi-ixtiyardırlar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də olsa, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik. Bu fəqərəni həmişə nəzərdə tutub işlərinin səlahına baxsınlar.

O ki qaldı bizə - biz bu cürə hərəkətlərdən mütəəssir olmamalıyıq, biz oz işimizdə olmalıyıq, milli parlamanımızı, milli şuramızı açaq, Allahdan mədəd, bizdən hərəkət degib, kəmali-ciddiyyət ilə işə başlayaq. Artıq-əksik sözlərə qulaq asmıyaq.

Bəli, bugünlərdə milli parlamanımız açılasıdır, deməli, Azərbaycan  istiqlalı  təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir.

Bunun özü də böyük bir ürək təskinligidir. Siyasətcə əzim bir əhəmiyyəti haiz olan və mənəviyyətcə də həm bizlərə və həm sairlərinə dərin bir təsir bəxş edən böyük bir əmrdir.

Nə tövr olur-olsun, parlamanımızın vücudi-ehtiyacatımıza müvafiq  gələn qanunlar düzməkdən əlavəl - cümhuriyyətimizin həm daxilən və həm xaricən  ciddi  bir  surətdə görünməginə səbəb olacağdır.

Böylə ki, bugün bizi vücud hesab etmək istəmiyənlər dəxi vücudumuzun var olmadığını milli şuramızdan çıxan səslərlə iqrar və etirafa məcbur qalacağdılar. Kar qulaqlar da bu səsi eşidəcək, kor gözlər də bizi görəcəklər ki:

Filhəqiqə milli şuramızın ən ilk vəzifəsi bu olmalıdır.

Qışqırsın! Fəryad etsin!

Və öylə qışqırsın ki, bu fəryadın əks-sədası Yevropanı da keçib Atlantikin  dəryayi-ümmanından da atlayıb, vilsonların guş və huşini fəryad gələn yerə cəlb etsin! Bu fəryad nədən ibarət olmalıdır?

Yalnız bəla gəlmədən.

Yaşamaq istiyoruq!

Bu fəryad kifayətdir ki, milli parlamanımız ən əvvəl bununla məşğul olub da bu yoldakı vəzifəsini həqiqilə ifa edərsə, yəni yaşa-maq həqqna istiqlal qabiliyyətinə malik bir millət olduğumuzı isbat edərsə, əminəm ki, bunun nəticəsi ətrafımızı çevirmiş, həyat və azadlığımıza qarşı diş qıcamış olan düşmənlərimiz üzərində təsirsiz qalmaz, bəlkə onlara çəkil geri, - deyib də acıqlananlar da olar. O halda daxili işlərimizi düzəltmək, lazımi islahat yeritmək, millətin zəif bədəninə qüvvət verən dərmanlara təvəssül etmək işləri asan vəchlə icra oluna bilər. Cəmaətimiz ənva müsibətlərdən darıxmaz. Hökumətımız öz işlərində karıxmaz, parlamanımızın özü də bu böyük və müqəddəs vəzifəsini bir növ asudəlik ilə ifayə qadir olub, millətlər  müqəddəratı həll olunacağ gündən bir çox lazım əmrləri və vacib işləri pişəzvəqt yerinə yetirməklə böyük bir vəzifəmizi ifa etmiş olarıq.

Allah müvəffəq buyursun.

Hacıbəyli Üzeyir
“Azərbaycan”, 5 dekabr 1918, №56 

 





11.01.2016    çap et  çap et