525.Az

Kamal Abdullayev mətbuat konfransı keçirdi


 

Kamal Abdullayev mətbuat konfransı keçirdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib.

K. Abdullayev “Multikulturalizm ili”nin əsas məqsədinin Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş şəkildə təqdim edilməsi olduğunu bildirib: 

“Multikulturalizm özündə birgəyaşayış, çoxmədəniyyətlilik anlayışı ilə bərabər şəfqət və mərhəmət hisslərini ehtiva edir. “Öz-özgə” qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq şəklində təzahür edib. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq və diqqət göstərilir.

Azərbaycan multikulturalizmi yeni bir elmdir, intellektual, yaradıcı sahədir.  Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, bu gününü və perspektivlərini özündə əks etdirir. Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. İndiyə qədər Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikulturalizmi modeli də tanınmaqdadır və onun kökündə azərbaycançılıq mədəniyyəti, intellekti və potensialı dayanır. Azərbaycanın multikulturalizm modeli işləkdir. Bu, dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır.

Azərbaycan multikulturalizminə olan maraq respublikamızın  dünyada tarixi, örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. Bu gün “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri,  “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha vurğulayır.   

Bu ilin “Multikulturalizm ili” elan edilməsi bütün Azərbaycan xalqının əsrlərdən bəri bugünə qədər bu istiqamətdə tolerantlıq, birgəyaşayış, başqa millətin, fərqli dinin nümayəndəsinə hörmət xüsusiyyətlərini əxz edərək küll halında dünya ictimaiyyətinə təqdim etmək məqsədi daşıyır. Sözügedən sərəncamdan sonra vəzifəmiz vətəndaş cəmiyyətimizi koordinasiya edib müvafiq qurumlarla bu istiqamətdə ümumi işi həyata keçirməkdən ibarətdir.

Bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri sərbəstdir. Hansısa yəhudinin, xristianın, yaxud başqa dinə mənsub şəxsin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın bu təcrübəsi isə Avropada maraqla qarşılanır.

Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma prezidentin də söylədiyi kimi  multikulturalizm ənənələri Azərbaycanda həmişə yaşayır və yaşayacaq”.

Dövlət müşaviri bildirib ki, BBMM Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi, AMEA və digər təşkilat və nazirliklərlə əməkdaşlıq edir və birgə təkliflər  paketi üzrə işi yekunlaşmaq üzrədir:

“Bakı Beynəlxalq Multikulturalzim Mərkəzinin birgə təkliflər paketi yaxın zamanda dövlət başçısına təqdim ediləcək”. 

Akademik “Multikulturalizm ili” çərçivəsində BBMM-in xaricdə filiallarının yaradılacağının, universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedralarının açılacağının, bölgələrdə Yaradıcılıq fakültələrinin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Sonra K.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Aysel XIDIROVA

 





22.01.2016    çap et  çap et