525.Az

İmperiyalar və onların süquta sürüklənməsi


 

İmperiyalar və onların süquta sürüklənməsi <b style="color:red"></b>

Proloq  

(Əvvəli ötən şənbə saylarımızda)

Hettlər Mitanni çarlığını dağıdanda, onların ağalıq etdikləri assuriyalılar nəhayət müstəqil oldular.

Sonrakı 250 il ərzində Assuriya imperiyasının ekspansiyası və tənəzzülü bir-birini əvəz edirdi. Tədricən Assuriya ən iri orduya malik oldu. B.e.ə. 845-ci ildə III Şammaneser Fərat çayını keçməklə yadda qalan kampaniyasında 120 min nəfərlik orduya başçılıq etmişdi. Həm də bu ordu müstəsna dərəcədə yaxşı təşkil olunmuş və intizamlı idi. Şimali-şərqdəki Assuriya imperiyasının hücumundan sonra b.e.ə. XI əsrin sonunda vaxtilə qüdrətli dövlət olan İsrailin gücü süqut etdi və İsrail Assuriyaya bac verməyə məcbur edildi. İsraillilərin çoxu Assuriya imperiyasının başqa hissələrinə köçürüldü.

İşğal edilən ərazilər bir qayda olaraq imperiyaya əyalətlər kimi daxil olurdular. B.e.ə. 700-ci ildən Assuriya imperiyası öz qüdrətinin yüksək zirvəsinə çatdı və onun ərazisi Mesopotamiyadan, Kiçik Asiyanın hissələrindən, Suriyadan, Xanaandan və Fivadan yuxarıda olan Misirdən ibarət idi. Babil şəhəri b.e.ə. 689-cu ildə assuriyalılar tərəfindən qarət edildikdə, sakinlər güclü Assuriya hökmdarı Aşurbanipala qarşı üsyan qaldırmışdılar.

Xaldeylər semit dilli xalq olmaqla, b.e.ə. VII əsrdə Babilistanda güclü təsirə nail oldular və Mesopotamiyada Assuriyanın nəzarətinə başlıca müqavimət təşkil etdilər. Xaldey çarı Nabunolossar Midiya qüvvələri ilə birləşib b.e.ə. 612-ci ildə Assuriya paytaxtı Nineyviyanı işğal etdi. II Nabuhadonosor isə (b.e.ə. 605-562-ci illər) Assuriya imperiyasının son məğlubiyyətinə nail oldu. Onun dövründə Babilistan kənd təsərrüfatı və ticarət hesabına, toxuculuq və metal istehsalına görə xeyli varlandı. Nabuhadonosor öz imperiyasının paytaxtı kimi Babili yenidən tikdi və ona qədim dünyanın böyük şəhərlərindən birinin möhtəşəmliyini verdi. Şəhər qülləli divarlarla əhatə olunmuşdu, onun ətrafına Fərat çayının suyu ilə doldurulmuş xəndəklər çəkilmişdi. İştar Qapısı zəfər yolunun başlanğıcı idi. O, həm də dünyanın yeddi möcüzəsindən biri olan məşhur Asılı bağları saldırmışdı. Bu möcüzəni o, vətənindəki dağlar üçün darıxan midiyalı arvadına görə həyata keçirmişdi. Lakin dəbdəbəli Yeni Babilistan imperiyası qısa müddətli oldu. B.e.ə. 539-cu ildə Persiya fatehi Kir Babili işğal etdi və babillilər onu xilaskar kimi salamladılar.

Həm assuriyalılar, həm də Yeni Babilistan çarları qəddarlıqları ilə fərqlənirdilər. Assuriyalılar öz düşmənlərini hələ öz qəddarlıqları ilə üzləşməmişdən əvvəl tez qaydada təslim olmağa inandırırdılar. Onlar terror taktikası ilə məşhurlaşmışdılar, bu məsələdə onlar heç də digər Yaxın Şərq işğalçılarından fərqlənmirdilər. Şəhərləri qarətə məruz qoyub, məhv edirdilər, taxıl zəmilərini yandırır, meyvə ağaclarını kəsirdilər. Onlar öz əsirlərinə qarşı zorakılıqları, amansızlıqları ilə “şöhrət tapmışdılar”. Assuriya çarı Aşurbanipal götürdüyü əsirlərin çoxunu odda yandırırdı. O, lovğalanırdı ki, şəhər qapısının qarşısında cəsədlərdən təpə düzəltmişdir. Onların dərisini şəhər divarlarından kənarda sərdirmişdi. İmperiyanın hökmranlığına qarşı qiyam qaldıran öz ərazilərində isə o, müstəsna vəhşilik nümayiş etdirirdi.

IX əsrin sonunda İsrail Assuriyaya bac verməyə məcbur edildi. Sonrakı əsrdə isə İsrailin özü dağıdıldı. Assuriyalılar b.e.ə. 722 və ya 721-ci illərdə İsrail çarlığını viran qoydular və çox sayda israillini öz imperiyalarının başqa hissələrinə deportasiya etdilər. Səpələnmiş israillilər (“on itirilmiş tayfa”) qonşu xalqların arasında meydana çıxıb, öz xalqlarına mənsubluqlarını itirdilər.

Xaldeylər də çar II Nabuhodonosorun başçılığı altında İudeyanı (əvvəlki çarlığın digər hissəsini) işğal edib, b.e.ə. 586-cı ildə Yerusəlimi bütünlüklə dağıtdılar. Yuxarı sinifdən olan adamların çoxu İudeyadan Babilistana deportasiya edildi. Bu sürgünün acı xatirəsi Bibliyada öz əksini tapdı. Lakin İudeya xalqı üçün bu, son olmadı və Xaldey çarlığının dağıdılması onların xilasına səbəb oldu.

Persiyalılar hind-Avropa dilində danışan xalq olmaqla, midiyalılarla cənubi-şərqdə yaşamaqla onun təbəəsi idilər. B.e.ə. 559-cu ildə Kir persiyalıların lideri olmaqla, onları öz hakimiyyəti altında birləşdirdi və 550-ci ildə Midiya üzərində Persiyanın nəzarətini qurdu. Üç il sonra o, qərbi Kiçik Asiyadakı varlı Lidiya çarlığını məğlub etdi və onu öz satrapiyasına çevirdi. Kirin qoşunları İon dənizi sahilindəki yunan şəhər-dövlətlərini işğal etdi. Sonra o, şərqə tərəf döndü, İran yaylasının şərq hissəsini, Soqdiyanı və hətta Qərbi Hindistanı özünə tabe etdi. 539-cu ildə Mesopotamiyaya girib, Babilistanı Persiya əyalətinə çevirdi. O, babilistanlıların hüsn-rəğbətini qazandı. B.e.ə. VI əsrin əvvəlində Babilə gətirilmiş iudeyalılara Yerusəlimə qayıtmağa, onlara öz şəhərlərini bərpa etməyə və məbədlərini yenidən tikməyə icazə verdi.

B.e.ə. 530-cu ildə Böyük Kir Soqdiyadan massagetlərin ərazisinə girdikdə döyüşdə öldürüldü. Öz müasirləri üçün o, həqiqətən də Böyük Kir epitetinə layiq idi. Persiyalılar onu özlərinə “ata” sayırdılar. Assuriya hökmdarlarına bənzəməyərək, mərhəmətli çar reputasiyasına malik idi. Midiyalılar, babilistanlılar və yəhudilər onu özlərinin qanuni hökmdarı hesab edirdilər.

Persiya çarı I Dara imperiyanı daha da möhkəmləndirdi. O, Misir qanununu kodifikasiya etdi və Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək üçün kanal tikdirdi. İmperiyanın Hindistandakı ərazisini İnd çayına qədər genişləndirdi. Avropanın içərilərinə hərəkət edib, Frakiyanı işğal etdi və Makedoniya çarını vassala döndərdi. O, Yunanıstana müdaxilə etdikdə, b.e.ə. 490-cı ildəki həmin yürüş Marafon döyüşündə afinalıların qələbəsi ilə nəticələndi.

Daranın hökmranlığı dövründə persiyalılar dünyada o vaxtadək dünyada görünməmiş çox iri bir imperiya yaratdılar. Ona Yaxın Şərqdəki köhnə güc mərkəzləri - Misir, Mesopotamiya və Assuriya daxil idi. İmperiya həm də qərbdə Frakiyaya və Kiçik Asiyaya, şərqdə isə Hindistanın içərilərinə qədər genişlənmişdi.

O, Persiya imperiyasını öz idarəçiliyi altında saxlayanda, orada kommunikasiyanın səmərəli sistemi mühüm əhəmiyyət daşıyırdı. Yaxşı saxlanan yollar hərbi və hökumət adamlarını mənzilə tez çatdırmağa qadir idi.

Çar Yolu kimi tanınan bu yollardan biri xüsusən Kiçik Asiyadakı Lidiyanın mərkəzi Sardıdan Persiya imperiyasının əsas paytaxtı Suzaya qədər uzanırdı. Persiyalılar da assuriyalılar kimi çar xəbərçilərini təzə atlarla təmin etmək üçün dayanacaq postları qurmuşdular. 

Persiyalıların b.e.ə. 490-cı ildə Marafon döyüşündə afinalılar tərəfindən məğlubiyyətindən sonra, xüsusən 479-cu ildə afinalılar yenidən Persiya ordusu üzərində həlledici qələbə çaldılar. Persiya qoşunlarının qalıqları Asiyaya geri çəkildilər.

Persiyalıların məğlubiyyətindən sonra Afina onlara qarşı öz yeni liderliyini təmin etmək üçün Delos Liqası adlanan konfederasiya yaratdı. Bu liqada başlanğıcda afinalılar ağalıq edirdi. Liqadakı böyük dövlətlər - Lesbos, Samos və Xios onu gəmilərlə təmin etdiyi halda, kiçik icmalar pulla maddi yardım göstərirdi. Afinanın başçılığı altında Delos Liqası Persiya imperiyasına hücum etmək istəyirdi. Faktiki olaraq Egey dənizi sahilindəki bütün yunan dövlətləri Persiyanın nəzarətindən azad edilmişdi və b.e.ə. 469-cu ildə Persiya donanması və ordusu Kiçik Asiyanın cənubunda qəti məğlubiyyətə düçar oldu. Delos Liqası tezliklə Afina imperializminin özəyinə çevrildi. Həm də Afinadan kənarda iki imperiya - Yunanıstanda quru ərazidəki imperiya və Egeydə dəniz imperiyası yaratmağa cəhd edildi. Lakin Sparta və onun müttəfiqləri ilə Birinci Pelloponnes müharibəsi getdi. Afina qurudakı imperiyadan imtina etdi. Sparta isə öz növbəsində onun dəniz imperiyasının genişlənməsini tanıdı. Yunan dövlətləri b.e.ə. V əsrin sonunda tənəzzülə uğradı, VI əsrin birinci yarısında Sparta hakimiyyəti də süqut etdi. Böyük Aleksandrın atası çar II Filippin başçılıq etdiyi Makedoniya inkişaf etməyə başladı.

2. Böyük Aleksandrın imperiyası  

B.e.ə. 334-cü ildə Böyük Aleksandr Makedoniya və yunan orduları ilə Persiya imperiyasına hücum etmək üçün qərbi Asiyaya girdi. İllərlə gedən döyüşdə persiyalılar tam məğlub oldular və b.e.ə. 327-ci ildə Aleksandr və onun qoşunları Hindistanın şərq tərəfinə soxuldular. Ordu qiyam qaldırdıqda Aleksandr geri qayıtmağa məcbur oldu.

Persiya imperiyasının işğalı yunan mədəniyyətinin bütün qədim Yaxın Şərqə yayılması üçün qapıları açdı. Yunan sakinlər - bürokratlar, tacirlər, əsgərlər və alimlər bu torpaqlara axışdı.

Aleksandr, atası qətlə yetirildikdən sonra Makedoniya çarı olanda 20 yaşında idi. Persiyalılara hücum etmə şansını əldə etmək onun məqsədinə çevrildi.  Persiya isə bir sıra cəhətlərinə görə zəifləsə də, hələ də qüdrətli dövlət idi. B.e.ə. 334-cü ildə Aleksandr 37 minlik ordusu ilə Kiçik Asiyada sahilə çıxdı. Ordunun yarısı makedoniyalılar, qalanları isə digər müttəfiqlərdən idi. Süvarini isə 5 min atlı təmsil edirdi.

Qranik çayı üzərində ilk döyüş başlıca qələbəylə başa çatdı. Sonrakı ildə isə artıq Kiçik Asiyanın bütöv qərb yarısı onun əlində idi. İssa döyüşündə isə daha böyük zəfər qazanıldı. Misir döyüşsüz təslim oldu. B.e.ə. 332-ci ilin qışında Suriya, Palestina və Misir artıq Aleksandrın hakimiyyəti altında idi.

B.e.ə 331-ci ilin yayında Qavqamela döyüşündə Aleksandrın adamları Persiya qüvvələrindən xeyli az idi. Çar III Dara döyüşdən qaçdı və qələbədən sonra Aleksandr Babilə daxil olub çoxlu qızıl və gümüş ələ keçirdi. B.e.ə. 327-ci ilin yayında o, Hindistana girdi, bu ölkənin çox hissəsini zəbt etmək istəyirdi.

Əsgərləri qiyam qaldırıb, irəli getməkdən imtina etdikdə, Aleksandr onların tələbinə tabe oldu və geri qayıtmağa razılıq verdi. O, Gedrosiya səhrasından keçməklə qoşunlarını Persiyanın şimalı ilə geri aparırdı.

Qoşunlarının qalığı Suzaya, sonra Babilə yollandı. Burada o yeni kampaniyalar planlaşdırırdı. Lakin b.e.ə 333-cü ilin iyununda o, yaralardan - döyüşlərdə o, 8 dəfə yaralanmışdı - qızdırmadan, güman ki, həmdə izafi alkoqoldan zəifləyib, 32 yaşında həyatdan getdi. Bəzi tarixçilər belə bir fikri irəli sürürlər ki, Aleksandr kainat bəşəriyyəti idealına inanırdı. Buna sübut kimi, b.e.ə. 324-cü ildə Suzada 10 min sayda əsgərinin yerli qadınlarla evlənməsini təşkil etməsini göstərirdilər. O, pers paltarı geyinir, öz administrasiyasında perslərdən istifadə edir və yerli gəncləri Makedoniya hərbçiliyi qaydasında məşq etdirirdi. O, makedoniyalıların, yunanların və perslərin qaydalarını hakim sinfin içərisində qarışdırıb, onları özünün geniş imperiyasına nəzarət etməyə qadir etmək istəyirdi. O, yeni dövr, Ellinistik era yaratmışdı.

Persiya imperiyasının Aleksandr tərəfindən məhv edilməsi nəhəng ərazi üzərində yunan-Makedoniya ağalığını genişləndirmişdi. Onun ölümündən sonra Aleksandr siyasi irsinin xüsusiyyətləri ellinistik monarxiyalarda öz əksini tapmaqla, Ellinistik dünyanın bir hissəsinə çevrilmişdi. Onun imperiya baxışları, heç şübhəsiz, gələcək romalıları ilhamlandıracaqdı. Onları, əlbəttə ki, Aleksandr irsinin real varisləri saymaq olar.

Aleksandr həm də böyük, mədəni irs qoyub getmişdi. Onun işğallarının nəticəsi kimi yunan dili, incəsənəti, arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayılmışdı. O, geniş ərazilərə nəzarət etmək üçün çox sayda şəhərlər və koloniyalar yaratmışdı. Onların sakinlərinin çoxu yunan muzdluları idi. Beləliklə, Aleksandr irsi, Ellinistik dünyada meydana gələn fərqləndirici əlamətlərdən biri idi.

Aleksandrın birləşmiş imperiyası onun işğalları ilə yarandığı kimi, onun ölümü ilə də parçalandı. Makedoniya hərbi liderlərinin hamısı hakimiyyət uğrunda mübarizəyə girişdilər. B.e.ə. 301-ci ildə birlik barədəki istənilən ümid artıq ölmüşdü.

(Ardı var)

 





22.02.2016    çap et  çap et