525.Az

Həmyerlimizin elmi məqaləsi Yaponiyanın elmi jurnalında


 

Həmyerlimizin elmi məqaləsi Yaponiyanın elmi jurnalında <b style="color:red"></b>

Yaponiyanın sərhəd araşdırmaları ilə bağlı məşhur “Japan Border Review” elmi jurnalında həmyerlimiz, Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti Əlibəy Məmmədovun yapon dilində yazdığı 28 səhifəlik elmi məqaləsi dərc olunub.

Ümumi 189 səhifədən ibarət olan elmi jurnalın 137-164-cü səhifələrini həmyerlimiz Əlibəy Məmmədovun elmi məqaləsi bəzəyir.

Elmi jurnalda Amerikanın Kaliforniya Universitetinin dünya səviyyəli professoru, siyasi-coğrafiyaşünas John Agnew, Yaponiyanın məşhur hüquq elmləri üzrə professorları Kavakubo Fuminori, Maeda Yukiko kimi şəxslər öz elmi məqalələri ilə çıxış ediblər. Elmi jurnalda yer alan yeganə doktorant tələbə isə məhz həmyerlimizdir.
Ə.Məmmədov qeyd edib ki, dünya səviyyəli elm adamları, professorlarla eyni jurnalda yer almaq böyük bir uğurdur və bu həmyerlimizi yeni-yeni uğurlara həvəsləndirən əsas amillərdəndir.

“Japan Border Review” elmi jurnalının baş redaktoru Hokkaydo Universitetinin professoru, sərhəd araşdırmaları elmində (Border Studies) Yaponiyada bir nömrəli elm adamı hesab edilən İvaşita Akihirodur. İ. Akihiro həm də dünya səviyyəli elmi konfrans hesab edilən, hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə elm adamının qatıldığı Sərhəd Araşdırmaları Assosasiyasının (Association for Borderland Studies) hazırkı prezidentidir.

Sevindirici hal ondan ibarətdir ki, həmyerlimiz Ə.Məmmədovun elmi rəhbəri də məhz İvaşita Akihirodur. Ə. Məmmədov professor İvaşita Akihironun elmi rəhbərliyi altında 2015-ci ildə magistr işini (“Cənubi Kuril adaları problemi və İctimai Rəy” mövzusunda) yazdıqdan sonra, doktorantura pilləsinə irəliləmiş və burada “Dağlıq Qarabağ problemi” ilə “Cənubi Kuril adaları problemi”-nin müqayisəli təhlilini aparır.

Sərhəd araşdırmaları, Konfliktologiya elminə böyük marağı olan Ə.Məmmədovun 2016-cı il Mart ayının 30-da nəşr olunmuş “Japan Border Review” elmi jurnalı üçün yazdığı elmi məqalənin adı “Cənubi Kuril Adaları ilə bağlı Keçmiş Yaponiyalı Ada Sakinlərinin Düşüncələri” olub.

Əlibəy Məmmədovun elmi məqaləsində qeyd olunmuş əsas məqamları diqqətinizə çatdırırıq.

Öncə Yaponiya və Rusiya arasındakı ərazi problemi haqqında qısa giriş verdikdən sonra Ə. Məmmədov sırf öz orijinal işi haqqında geniş məlumat verib.

Həmyerlimiz elmi məqaləsində qeyd edib ki, son 10 ildə həyata keçirilmiş Cənubi Kuril adaları ilə bağlı elmi təhqiqatlarda, bu adalarda yaşamış orta yaş həddi 80 hesab edilən keçmiş ada sakinlərinin düşüncələri və mövqeləri kifayət qədər nəzərə alınmayıb. Bu səbəbdən həmyerlimiz məhz bu problemi aradan qaldırmaq məqsədilə yaponiyalı keçmiş ada sakinləri ilə anket üsulu ilə sorğu keçirtmək qərarına gəlmiş və bunun nəticələrini elmi cəhətdən təhlil edib. Bu işdə həmyerlimizə Cənubi Kuril Adalarının Keçmiş Ada Sakinləri Birliyinin (Chishima Renmei) idarə heyəti yaxından yardım etmişdir. Sorğu 2014-cü ilin sentyabr ayında həyata keçirilib. Sayı sürətlə azalmaqda olan keçmiş ada sakinlərindən 80 nəfər bu sorğuda iştirak edib. 49 nəfərdən cavab alınıb.

Sorğu Yaponiyanın Hokkaydo adasının Sapporo və Nemuro şəhərlərində keçirilib. Suallar (cəmi 20 sual) həmyerlimiz tərəfindən hazırlanıb. Ada Sakinlərinin Birliyi tərəfindən anketlər ada sakinlərinin evlərinə göndərilmiş və geri toplanıb. Sonra həmyerlimiz tərəfindən nəticələr tam analiz edilib.

Əlibəy Məmmədovun həyata keçirtdiyi sorğunun nəticələri onu göstərib ki, keçmiş ada sakinlərindən 84 faizi Cənubi Kuril adalarının hamısının (İturup, Kunaşir, Şikotan, Habomai) onlar üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Onlardan sadəcə 14 faizi Yaponiya hökümətinin Rusiyaya qarşı olan siyasətini dəstəklədiyini bildirib. 65 faiz isə tam əksinə Yaponiya hökümətinin bu siyasətinə qarşı çıxıb. Eyni zamanda cavab verənlərdən 74 faizi Yaponiya hökümətinin “Cənubi Kuril adaları ilə bağlı siyasətini” dəstəkləmədiyini ifadə edib. Bu rəqəmin kifayət qədər böyük mənaya sahib olduğunu vurğulan Ə. Məmmədov bildirib ki, Cənubi Kuril adaları ilə bağlı Yaponiya hökümətinin siyasətinin keçmiş ada sakinləri tərəfindən dəstəklənməməsi hökümət üçün çox mənfi haldır. İctimai rəylə hökümət arasında fikir ayrılığının olması heç də ürəkaçan bir mənzərə deyil.

25 faiz ümid edib ki, problemin həlli realdır. 24 faiz inandığını bildirib ki, Yaponiya və Rusiya liderləri arasında inam hissinin formalaşdırılması məsələnin həllinə əhəmiyyətli təsirini göstərə bilər.

Sorğuda iştirak edənlərdən sadəcə 39 faizi Yaponiya hökümətinin bütün adaların geri qaytarılması prinsipini dəstəklədiyini ifadə edib. 47 faiz isə tam əksinə bu siyasəti dəstəkləmədiyini bildiriblər. Keçmiş ada sakinlərindən sadəcə 49 faizi bu adalara geri qayıdıb yaşamaq istədiyini qeyd edib. Orada yaşaya bilməyəcəklərinə səbəb kimi isə yaşam şəraitinin aşağı səviyyədə olmasını və yaşları ilə əlaqədar get-gəlin asan olmadığın,ı eyni zamanda yaşayışlarını Yaponiyanın digər böyük şəhərlərində qurduqlarını, indən sonra geri qayıdıb nə edəcəklərini bilmədiklərini və s misal gətiriblər.

78 faiz bildirib ki, onlar bu ərazilərdə ruslarla birlikdə yaşamağa hazırdırlar. Adi rusların heç bir günahlarının olmaması və artıq 70 illik bir uzun müddətdə bu ərazilərin orada yaşayan ruslar üçün də vətənə çevrildiyini qeyd etməklə böyük anlayış nümayiş etdiriblər.

Sonda həmyerlimiz vurğulayıb ki, hazırkı şərtlər altında Yaponiya və Rusiya arasında olan ərazi problemini həll etmək çox qəliz məsələdir. Yaponiya hökümətinin apardığı siyasətlə, keçmiş yaponiyalı ada sakinlərinin mövqelərində kifayət qədər fərqlər mövcuddur. Belə bir təsəvvür yaranır ki, keçmiş yaponiyalı ada sakinlərinin ərazi problemində tutduqları mövqe, Yaponiya hökümətinin tutduğu mövqedən daha aydın və realdır. Bütün bunları və digər faktları nəzərə almaqla həmyerlimiz sonda qeyd etmişdir ki, artıq Yaponiya höküməti olaraq bütün 4 adanın geri qaytarılmasını Rusiyadan tələb etmək mənasız və lazımsız bir iddia olardı.

Ə.Məmmədov problemin həlli üçün real variantın aşağıdakı kimi olduğunu düşünür.

Yaponiya Rusiyanın təklif etdiyi iki adanın Şikotan və Habomai ilə razılaşır və əvəzində dəniz ərazisinin 50-50-yə bölünməsini tələb edir. Həmyerlimizin fikrinə görə rəsmi Yaponiya və keçmiş ada sakinləri üçün quru ərazidən daha çox dəniz ərazisi daha əhəmiyyətlidir. Bu ərazilər dəniz məhsulları ilə zəngindir. Bu təklifə

Rusiya yox deməz, Yaponiya cəmiyyətində də böyük əks-səda doğurmaz.

Onsuz da Yaponiyada adi insanlar bu problemə maraq göstərmirlər.

Onu da qeyd edək ki, elmi jurnalda həmyerlimizin elmi məqaləsinin çapına icazə üçün təxminən 1 il vaxt tələb olunub. İlk öncə elmi rəhbəri, daha sonra elmi mərkəzdən olan daha bir professor uyğun bildikdən sonra gizli yoxlama üçün daha iki professor elmi işi yoxlamış və gizli səsvermə ilə qəbul ediblər.

Bundan sonra elmi jurnalın redaktorları tərəfindən daha bir neçə dəfə iş redaktə edilib və çapa hazır vəziyyətə gətirilib. Həmyerlimiz bildirmişdir ki, növbəti elmi işini Dağlıq Qarabağla bağlı yazmaqdadır. Yaponiyanın elm dünyasında Azərbaycanın tanınması böyük bir uğur olardı.

 





31.03.2016    çap et  çap et