525.Az

Sənətdə keçən ömür


 

VƏ YA BARMAQLARIN DİLİNDƏ OXUNAN NƏĞMƏLƏR...

Sənətdə keçən ömür                 <b style="color:red"></b>

"Uzun səsli, telli musiqi alətlərinin yeganə nümayəndəsi kamançadır. Kamançada çalınan musiqi səscə daha mükəmməl və insanın səsinə daha yaxındır, kamança melodik alətlərdən ən  gözəlidir".

Üzeyir HACIBƏYOV.  

...Barmaqlarının ilk dəfə nə vaxt kaman nəğməsi oxuduğunu dəqiq xatırlamırdı - on yaşındamı, on iki yaşındamı, bəlkə də on beş yaşında idi. Yalnız o yadında idi ki, kamança müəlliminin barmaqları kamanın tellərinə sığal çəkdikcə səslərin ecazkar düzümü, çaldığı muğam, mahnı, təsnif onu uzaq, çox uzaq möcüzələr aləminə, sehrlər dünyasına aparırdı...

Heyrətlənirdi ki, aman Allah, necə olur, bu sinəsi odlu-alovlu, yanıqlı səslər bəmə enib, zilə yüksəldikcə xalların rəngarəng, əsrarəngiz, sonsuz çalarları inilti qopara-qopara düşüncələrə gör necə də dağ çəkirdi, dinləyicilərə həzin və həyəcanlı duyğular, hisslər bəxş edirdi, hətta onları kövrək xatirələrlə üz-üzə qoyurdu...

Düşünürdü ki, görəsən bu barmaqların tilsimi, cadusu nədə idi ki, onlar kamançaya dil verib onu insan kimi danışdırırdılar. Barmaqlar altında titrəyən, sıxılan, gərilən simlər gah coşqun bir ehtirasla fəryad edirdi, gah da isti, rayihəli, ətirli ana nəfəsi kimi qəlblərdə çiçək-çiçək arzulara qol-qanad, hərarət verirdi...

Öyrənirdi ki, kütləvi musiqi alətlərindən biri olan kamança nəinki Yaxın Şərqdə, eyni zamanda Azərbaycanda da incə ahəngi və xoş sədası ilə əsrlər boyu insanların hüsn-rəğbətini qazanıbdı. Ötən qərinələrdə sadə formada cəmisi iki teldən (bağırsaqdan) ibarət ola bu alət "fij", "fijək", "fiçək" adlanıbdı. Xeyli illər ötəndən sonra ona bir tel də əlavə edilibdi və "rübab" adı ilə şöhrət tapıbdı. Yenə də bir xeyli illər bir-birini yola salandan sonra yeni musiqi alətləri meydana gəlibdi və köhnə alətlərin təkmilləşməsi ilə əlaqədar olaraq rübabın da forması (xüsusilə çanağı) dəyişibdi, tellərinin sayı artıbdı. Və nəhayət o, indi kamança adlandırılan mükəmməl musiqi alətinə çevrilibdi. Özü də Yaxın Şərq ölkələrində, Orta Asiyada, eləcə də Qafqazda geniş istifadə olunan bu musiqi aləti azərbaycanlılar arasında daha çox inkişaf edibdi, ifaçılıq sənəti nöqteyi-nəzərindən kifayət qədər  kamilləşibdi və geniş şöhrət qazanıbdı...           

...Bu heyrətlənmə də, düşünmə də, öyrənmə də əlli, əlli beş il əvvəl olubdu...

...O, elə heyrətlənə-heyrətlənə də, düşünə-düşünə də, öyrənə-öyrənə də əvvəl 19 nömrəli Uşaq Musiqi Məktəbində, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda kamançadan orta ixtisas musiqi təhsilinə yiyələnibdi.

Bu da qırx üç il əvvəl olubdu...

Daha səkkiz il ötübdü və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) ali təhsil alıbdı.

Bu isə otuz beş il əvvəl olubdu...      

...Bu gün isə...

Söhbətimin baş qəhrəmanı milli musiqi ifaçılığı sənətimizin çox istedadlı və sevilən nümayəndələrindən biridir. Öz müqəddəs adı ilə hamının çöhrəsində işıq yandıran, insanpərvər, təvazökar, gülərüzlü, həssas qəlbə malik bir insandır, sözün həqiqi və qibtə ediləcək mənasında əsl xeyir-şər adamıdır.

Bəli, o, qabiliyyəti ilə musiqi ictimaiyyətinin dərin rəğbətini qazanmış Azərbaycan Respublikasının Əməkdar artisti, dosent, professional kaman ustası Mirnazim Əsədullayevdir!  

Düz altmış beş il əvvəl avqust ayının 27-də dünyaya gələndə və sonra orta məktəbi bitirib Uşaq Musiqi Məktəbinə və daha sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumuna  daxil olanda onun adı ancaq doğulduğu Buzovna qəsəbəsi boyda idi.

Dörd il ərzində o, texnikumda musiqi nəzəriyyəsinin əsaslarını öyrəndi, professional ifaçılıq texnikasının sirlərinə yiyələndi, sənət üslubunu təkmilləşdirdi, get-gedə fərdi yaradıcılıq qabiliyyətini inkişaf elətdirdi.
Əməkdar artist, tarzən Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına işə götürüləndən sonra isə 18 yaşlı gənc kamança ifaçısı tez-tez el şənliklərinə ayaq açdı... və...

20 yaşının tamamında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestrində birinci kamançaçı kimi fəaliyyətə başlayanda onun adı bir az da böyüdü, əvvəl Bakı, sonra isə Azərbaycan boyda oldu.

Ona görə ki, Mirnazim  Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında uzun illər fəaliyyət göstərib təcrübəli müəllimindən çox şey öyrənirdi, muğamlarımızın və xalq mahnılarımızın iki əsas klassik üslubunu - oxuyanı müşayiət etməyi və solo çalmağı dərindən mənimsəyirdi. Məşq zamanı Baba müəllimin dediyi bu sözləri tez-tez xatırlayırdı: "Muğamatı şablon yolla ifa etmək olmaz. Təkrar və təqlidçilik ifaçının həqiqi sənətkar kimi inkişafına ziyan verər. Ansamblın hər bir üzvü həmişə çalışmalıdır ki, öz ifaçılıq xalları ilə, tapdığı rəngarəng boyalarla və yenilik eşqi ilə dinləyicilərin ruhunu oxşaya bilsin".    

Klassik üçlükdə kamançaçalanın daşıdığı vəzifənin bütün məziyyətlərinə vaqif olduğu üçün Mirnazim milli musiqi sənətimizin ən azman xanəndələrini və müğənnilərini - xalq artistləri Yaqub Məmmədovu, Hacıbaba Hüseynovu, Əbülfət Əliyevi, Rübabə Muradovanı, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Zeynəb Xanlarovanı, Arif Babayevi, Tələt Qasımovu, Ağaxan Abdullayevi, Alim Qasımovu və onlarla digər ifaçını Xalq artisti, istedadlı tarzən və gözəl insan Ağasəlim Abdullayevlə birlikdə  müşayiət edirdi.

Təsadüfi deyildir ki, muğam ustadları Mirnazimi xanəndənin psixoloji halını başa düşən və bunu nəzərə alan, onu yeni-yeni barmaqlarla, xallarla ilhama gətirən, özünəməxsus bədii-texniki vasitələrdən bacarıqla istifadə edən istedadlı müşayiətçi kimi tanıyırdı.   

Tez-tez dövlət tədbirlərində olurdu, rayonlarda, kəndlərdə, hərbi hissələrin döyüşçüləri qarşısında verilən konsertlər zamanı bir-birindən maraqlı, rəngarəng proqramların iştirakçısı kimi tamaşaçıların, dinləyicilərin alqışları ilə qarşılanırdı, sevilirdi, yadda qalırdı...         

Bu gün isə onun adı dünya boydadır.

Belə ki, Mirnazim kamanının səsinin ifa etdiyi incə, füsunkar və məlahətli musiqilər Amerika Birləşmiş Ştatlarında, Kanadada, Cənubi Koreyada, Fransada, Almaniyada, İspaniyada, İsveçrədə, Hollandiyada, Belçikada, Türkiyədə, Rusiyada, İranda, İraqda...və adını çəkmədiyim neçə-neçə xarici ölkələrdə milyonlarla tamaşaçını ovsunlayıbdı.

Belə qastrolların biri daha uğurlu olub - 1992-ci ildə Fransada xanəndə Hacıbaba Hüseynovun, tarzən Ağasəlim Abdullayevin və kamançaçalan Mirnazim Əsədullayevin ifasında Azərbaycan muğamları yazılmış kompakt disk hazırlanıbdı və musiqisevərlərə ərməğan edilibdi.     

Bu instrumental kamança ifaçısı harada olubsa olsun - istər doğma  respublikamızda, istərsə də onun hüdudlarından çox-çox uzaqlarda - həmişə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edibdi, onun şöhrətini yüksəklərə qaldırmaq üçün sənətinin yaradıcılıq gücündən professionallıqla bəhrələnməyə səy göstəribdi.

Əlinə kamança götürüb səhnəyə və efirə qədəm qoyanda həmişə çalışıbdı ki, sənət yoldaşları arasında hissi dərinlik, obrazlı ifadə, məlahətli ahəng, yumşaq tembr və incə çalğı texnikası ilə seçilsin, kamança ifaçılığının zəngin ənənələrini qoruyub saxlaya bilsin.    

Çox sevindirici haldır ki, öz çalğı orbitindən heç vaxt kənara çıxmayan əməkdar artist Mirnazim Əsədullayev uzun illər ərzində daima sənət qayəsinə sadiq qalıbdı!

Özünəməxsus ifaçılıq məharəti və ustalığı ilə fərqlənən Mirnazim dinləyicilərin zövqünü oxşamaq, musiqiyə təzə nəfəs, təzə xallar gətirmək üçün həmişə axtarışdadır. Heç vaxt ifa zamanı kənar xallara, yad notlara yer vermir, musiqi nitqi anlaşıqlıdır. Onun ifaçılığı artıq və yersiz sayılan çalğı tərzinə yaddır.      
Bu gün də Mirnazimin öz sehirli kamançasında çaldığı muğamların, təsniflərin və mahnıların  heç biri o birinə oxşamır, hər dəfə müxtəlif xalları, musiqiyə uyğun gəzişmələri və improvizasiyaları, aləti ifadəli oxutmaq, bədii elementləri bir vəhdətdə birləşdirmək qabiliyyəti, üslub sadəliyi, havanın daxili məzmununu doğru və düzgün açmaq sənətkarlığı onun bənzərsiz ifasından xəbər verir.   

Onun gözəl muğam ifaçısı kimi fərdi çalğı xüsusiyyətləri də vardır. Bu "Rast", "Şur", "Zabul-segah", "Çahargah", "Bayatı-Şiraz, "Humayun", "Şüştər",  "Nəva", "Rahab", "Orta mahur" kimi və digər xalq musiqi incilərinin təravətli ifası zamanı da çox nəzərə çarpır. Bu muğamların hamısı onun ifasında lentə yazılıbdı və Azərbaycan radiosunun və televiziyasının "Qızıl fondu"nda saxlanılır.

Bu ifaları dinlədikcə kamançanın möcüzələr yaradan dörd siminin Mirnazimin təmiz barmaqları və bu barmaqları dilə gətirən incə ürəyi ilə birləşib nələrə qadir olduğuna heyran kəsilməyə bilmirsən. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu sözləri isə heyranlığımızı daha da artırır: "Kamança tardan daha kamil və daha faiq (üstün - R.H.) bir aləti-musiqiyyə, melodik alətlərdən ən gözəlidir"...  

...Bir zamanlar heyrətlənə-heyrətlənə, düşünə-düşünə, öyrənə-öyrənə sənətə qədəm qoyan Mirnazim bu gün artıq özü sevə-sevə öyrədir, qazandığı uğurlarla çalğı ifaçılığını zənginləşdirərək çoxlarını düşündürür, sənətə verdiyi istedadlı və zəhmətkeş övlad töhfəsi ilə dinləyiciləri, tamaşaçıları yaxşı mənada heyrətləndirir.

Təhsil Nazirliyi tərəfindən "İlin ən yaxşı pedaqoqu" (2000) adına layiq görülmüş Mirnazim Əsədullayev həm də öz ifaçılıq imkanlarını pedaqoji işlə düzgün əlaqələndirməyi bacaran təcrübəli və peşəkar pedaqoqdur.
Uzun illər Uşaq Musiqi Məktəbində və Musiqi Kollecində  müəllim işləyibdi. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı kafedrasının dosentidir.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə 2007-ci il mayın 15-də ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülübdü.

O, pedaqoji və elmi yaradıcılıq fəaliyyətində bir sıra uğurlara da imza atıbdı. Belə ki, təcrübəli müəllim kamança və kanon alətləri üzrə bakalavr təhsili alan tələbələr üçün ixtisas və muğam proqramlarının, "Şur" muğamının tarixinə dair" və "Şur" muğamının ifaçılıq xüsusiyyətləri" adlı metodiki vəsaitlərin, sənət yoldaşlarının yaradıcılığına həsr olunmuş onlarla elmi-publisistik məqalənin müəllifidir.

Peşəkar pedaqoqun tələbələrinin çoxu son illər ölkəmizdə keçirilmiş beynəlxalq musiqi festivallarında və müsabiqələrində yüksək yerlər tutubdu, onların fitri istedadı və ifaçılıq qabiliyyəti Prezident mükafatları və fəxri adlarla dəyərləndirilibdi.       

Mirnazim Əsədullayev gözəl ailə başçısıdır. İki oğlu, iki gəlini, üç nəvəsi var. Onu xoşbəxt ata adlandırmaq olar. Atanın böyük oğlu, yetişdirməsi və sənətinin davamçısı, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar artisti, kamança ifaçısı Toğrul Əsədullayevi, cəsarətlə demək olar ki, elə dünya dövlətlərinin tamam-kamal yarısı tanıyır.

Belə fikri söyləməyə mənəvi haqqımız vardır: 35 yaşına təzə qədəm qoymuş bu istedadlı musiqişünas müəllim elə yaşının sayı qədər də dünyanın ən qüdrətli, sayılıb-seçilən ölkələrində milli instrumental musiqi ifaçılığı sənətimizi böyük ləyaqətlə və yüksək mədəniyyətlə təmsil edibdi. Toğrul müəllimin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən çox danışmaq olar.

Elə təkcə onun Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında ölkəmizdə çox böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Muğam-2007", "Muğam-2011", "Muğam-2013" və "Muğam-2015" Televiziya müsabiqələrində respublikanın əməkdar artisti, Prezident mükafatçısı, istedadlı və gözəl tarzən Sahib Paşazadə ilə birlikdə kamança ifaçısı kimi zəngin yaradıcılıq fəaliyyəti və uğurları geniş həcmli bir kitabın mövzusudur...              

...Əlli il, əlli beş il əvvəl heyrətlənə-heyrətlənə, düşünə-düşünə məftun olduğu kamançada Mirnazim Əsədullayev düz qırx beş ildir ki, təmiz barmaqlarının yanıqlı dilində kaman nəğməsi oxuyur...

Zəngin, rəngarəng, həzin melodiyalar, simlərin nəfəsi, barmaqların həssas qəlblə duyulan çırpıntısı, ürəyin hərarəti xəyallarımızı düşündürür, xeyirxah əməllərə yönəldir, mənəvi dünyamızı daha da zənginləşdirir və bu ölümsüz ürək titrədən nəğmələr Allahdan verilən istedadın işığında Xalq şairi Bəxtiyar Vahabzadənin tanış misraları ilə birləşib ruhumuzu qanadlandırır və bizə xoş duyğular bəxş edir:

O enən, o qalxan səslər, avazlar -
Yaz başı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar -
Yanan arzuların külüdür bəlkə?

Bu taxta parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Odun alovuna od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Taxta hər atəşə alışan olur,
Bu niyə alışmır belə bir oda?

Bu səslər məlhəmdir könül ağrıma,
Onların önündə baş əyirəm mən.
Bu boyda dünyanı basıb bağrıma,
Öpüb-qucaqlamaq istəyirəm mən.

Açır könlümüzdə gül qönçə-qönçə,
Elə bil səslərdən kam alırıq biz.
Səslər - ümid, arzu, səslər - düşüncə,
Hər xalda bir pillə ucalırıq biz...    

Elə bilirəm, mənimlə siz də tamamilə razılaşacaqsınız ki, bu ucalmanın bir sirri Əməkdar artist Mirnazim Əsədullayevin incə duyğular, nikbin ideyalar tərənnümçüsü olmağındadırsa, digər sirri də onun bədii zövqündə, zərif musiqi hissini standart, köhnəlmiş və yorucu muğam ahənglərinə sərf etməməyində, ƏSL SƏNƏTKARLARA xas olan yaradıcılıq yolu ilə getməyindədir.

Yolun həmişə işıqlı, nurlu, ruzi-bərəkətli olsun dəyərli SƏNƏTKAR və gözəl İNSAN! 

Rafiq HACIYEV
yazıçı-jurnalist, hüquqşünas, Həsən bəy Zərdabi Mükafatı laureatı
Aprel, 2016-cı il.    

 





11.05.2016    çap et  çap et