525.Az

Gecikmiş etiraf


 

Gecikmiş etiraf<b style="color:red"></b>

Telefonun dəstəyindən yüz adamın səsi arasından seçilə bilən gur, qalın səsi qulağımdan daşıb, işlədiyim otağın boşluğuna töküldü:

– Ə, nə var, nə yox, haralarda itib batmısan, görünüb eləmirsən...

Bu onun səsi idi – Tofiq Bayramın! Desəm ki, dost idik, ya da butulka yoldaşlığı etmişdik, yalan olar. Mən hələ rayonda yaşayanda bir-iki dəfə bəzən tək, bəzən də şair tay-tuşları ilə Tovuza oxucularla görüşə gələndə bir yerdə olmuşduq.(Tovuz İsmayıllı deyildi ki, yaxın olduğundan Bakıda yerindən duran, “atlanıb” Musa Yaqubun “Buynuzunda” qərar tutaydı. Uzaqlığından Bakının “əli” Tovuza ildə-ayda bir dəfə, handan-hana çatırdı...) Tovuz mədəniyyət evinin daş qulaqları, elə bilirəm, indi yazacağım misranı hələ də unutmamış olar. Rəhmətlik Tofq Mahmud kürsüdən Tovuza həsr etdiyi şeirin son misralarını, – Çox sevdiyim üçün ana Vətəni, Deyirəm bu canım Tovuza qurban” – deyəndə adaşı Tofiq Bayram yerində dura bilməmiş, hamının eşidəcəyi bir nida ilə: – İçi şərab dolu hovuza qurban” hayqıranda yer yerindən oynamış, alqış səsləri salonu titrətmişdi... (Pis-yaxşı, o illərin ədəbi havası, coşqusu bir başqaydı...)

Əmircanda doğulsa da, uşaqlığı Ağstafada keçmişdi, bəlkə buna görə də başqa şair tay-tuşlarından fərqli olaraq bizim tərəflərə sıx-sıx gələrdi. Ağstafada “vurub-tutan” Dadaş adlı bir dostu da vardı, əli Dadaşa yetdimi, bir də görərdin hardansa böyürdən çıxdı. O zamanlar sərbəst şeir yazanlara rəhmətlik Rəsul Rza hamilik eləyirdi, heca şeirinin gənc təmsilçiləri isə anası ölmüş çolpa kimi Allah ümidinə qalmışdılar. Yaşı elə də çox olmamasına baxmayaraq, Tofiq Bayram gücünün yetdiyi, imkanının çatdığı qədər “hecaçılara” kömək etməyə çalışardı. Belə bozbulanlıq günlərin birində aramışdı məni rəhmətlik:

– Ə, axşam bir bizə gəl səninlə işim var  .

İkidən-birdən evinə getməmişdim, qapısının səmtini də tanımırdım. Ünvanını soruşdum. İçən olduğunu bildiyimdən axşama doğru bir araq da alıb qapısının zəngini çaldım. Çörəyi daşdan çıxan, halallıqla yaşayan şair evi necə olmalıydısa, eləcə kasıbyana bir mənzildə yaşayırdı. Evdə bir özü, bir də həyat yoldaşı idi. Görüşdük, əlimdəki arağı görüb deyindi:

– Ə, bu nədir, alıf gətirmisən, sən ki içən deyilsən.

Xudmani iş otağında oturduq, ənənəvi, havadan-sudan danışdıqdan sonra əsl mətləbə keçdi:

– Ə, filankəs (O zamanlar “Gənclik” nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri işləyən ağstafalı, hardasa eloğlum sayılacaq, əlindən istedadlı adamlara badalaq vurmaqdan başqa bir şey gəlməyən birisinin adını çəkdi,) sənin papkanı (yeni kitabımın əlyazmasını nəzərdə tuturdu) çağırıb mənə verdi və üstəlik tapşırdı da ki, burda Sumqayıt, Daşkəsən, Neft Daşları mövzusu yoxdur, apar bir mənfi rəy yaz verək qoltuğuna, mən də alıb gətirdim evə və oxuduqca bir neçə elə şeirinlə qarşılaşdım ki, əlimi kəssələr də, onlara görə kitabına mənfi rəy yaza bilməzdim. Bilirsən, heç yanda işləmirəm, uşaqlarımı tərcümə və kitab rəyləri yazmaqla dolandırıram. Qağanın sözünə baxmayıb kitabına müsbət rəy yazsam, bir daha mənə rəyə kitab verməyəcək. Amma mən vicdanıma qarşı gedə bilmərəm, görürəm papkan nəşriyyatda çoxdan yatır, burada zəif şeirlər də var, al götür, onları çıxar, yerinə yeni şeirlərindən əlavə edib gətir, sənə müsbət rəy yazacam.

“Qağa” kəlməsini eşidən kimi bu qanqaraçılığın içində dodağım qaçdı. Bunu görən Tofiq: – Ə, hansı gününə gülürsən? – deyib sınayıcı nəzərlərlə altdan yuxarı məni süzdü. Dodağımın qaçmasına səbəb isə Zuğulba Gənclik düşərgəsində keçirilən gənc yazıçıların respublika müşavirəsində baş verən bir hadisənin yadıma düşməsi idi. Yaradıcı adamların işi-gücü qurtarıb o zamankı müşavirənin müzakirəsinə “Şeir heca ilə yazılmalı, yoxsa sərbəstlə” mövzusunu çıxarmışdılar.Tofiq Bayram da şeirin heca qanadını müdafiə etmək üçün kürsüyə çıxmışdı və yavaş-yavaş mətləbə keçib sərbəst vəznin “qabırğasına” döşəyirdi. Gənclər arasında Tofiqin çıxışına qarşı etiraz səsləri yüksəlirdi ki, salondakılar bir nəfərin tələsik bayıra çıxdığını gördülər. Bu, adıbəlli “qağa”dan başqası deyildi. Qağanın müzakirənin qızğın yerində bayıra qaçması Tofiq Bayramı haldan çıxarmışdı ki, cümləsini yarımçıq kəsib arxasınca qışqırdı:

– Ə, qağa, məni qızışdırıb kürsüyə çıxardıb, özün hara qaçırsan?

Bayıra çıxmaq üçün qapıya yönələn “qağanın” cavabı gecikmədi:

– Ağlın olaydı, qızışmayaydın!

Bu dialoq salonda gülüşmələrə səbəb olmuşdu.İndi bəlkə elə o gülüşlərin dalğası idi gəlib dodaqlarıma qonan...

Tofiqin dediyi kimi də edəcəkdim. Və o nəşriyyatda işləyən tanrıtanımaz, plana salınan kitabıma yenə əngəl olmağa çalışacaqdı, amma ortada Tofiq Bayramın müsbət rəyi olduğundan bir şey edə bilməyəcək və beləcə ikinci kitabım işıq üzü görəcəkdi. Yox, bunları söyləməkdə məqsədim rəhmətlik Tofiq haqqında xatirə yazmaq deyil. Bir gün, əlbəttə, ömür vəfa qılsa, onunla bağlı xatirələrimi də çap etdirəcəm. İndisə sözümün üstünə gələndə məqsədimi anlayacaqsınız. ”Gənclik”  junalının baş redaktoru işləyəndə (Hardasa səksən doqquzuncu il olardı) günlərin birində katibə qız Tofiq Bayramın zəng elədiyini söylədi, hal-əhvaldan sonra:

– Ə, bir lirik poema yazmışam, istəyirəm onu sən çap edəsən.

Hər zaman mənə yaxşılığı keçmiş bu adama “yox”u necə söyləyim  deyə fikirləşib tərəddüd etdim, amma demək məcburiyyətində idim:

– Tofiq müəllim, axı bizim jurnal gəncliyin jurnalıdır, səni çap eləsəm, sonra yaşlıların qabağını ala bilməyəcəm. Öz qoyduğum qaydanı özüm necə pozum?!

– Ə, səfeh (bu, onun ərklə az qala hamıya dediyi sevimli sözü idi) bu sən deyən poema deyil, ey, oxusan görəcəksən, orda ol ha, bir yana getmə, gəlirəm, – deyib telefonu qapatdı

Bir azdan pəncərəmin önündə “Zaparojis”inin gurultulu səsi eşidiləcəkdi. İçəri girəndə çoxdan görüşmədiyimizdən gözlərimə inanmayacaqdım, rəngi solmuşdu axsayışı, əlindəki  əsası ilə səksən yaşlı qoca bir kişini xatırladırdı. (Zamanın zanqıldasın dünya, salonları coşduran Tofiq Bayram getmiş, yerinə yaşlı biri gəlmişdi!) Özümü o yerə qoymadım. Oturub dərdləşdik. İçimdən keçənləri hiss etmiş kimi:

– Şəkər axırıma çıxır, – dedi.

Sonra sıra poemanı oxumağa gəldi, əsərin oxunuşunu sonraya qoymaq istəmirdi, “elə indi oxu” – deyirdi. Təkidini görüb poemanı nigarançılıqla oxumağa başladım və oxuduqca da içim rahatladı, bu mənimçün, yeni arayışlar içində olan jurnalımız üçün göydəndüşmə, Allahın yetirdiyi bir əsərdi, onu təbrik etdim, bircə anda üzünün rəngi dəyişdi, əvvəlki Tofiq yavaş-yavaş gözümdə canlanmağa başladı, şairi yaşatmaq üçün ürəkdən gələn xoş sözdən başqa nə lazımdır ki?!

– Poemanı elə bu nömrədəcə çap edəcəm, amma iki şərtim var.

– Ə, səfeh, yenə nə şərtdi qoşursan?

– Mənə təcili ağ-qara bir şəklini göndərəcəksən, o şəkli həm pozitiv, həm də neqativ variantda çap edəcəyik.

Bu şərtimi eşidib, içi rahatladı:

– Niyə elə vermək istəyirsən ki?

– Çünki bu poemada iki Tofiq var; biri, bir zamanlar səhvlər edən, boğazdan yuxarı kimlərisə tərifləyən, o birisi isə tutduğu işdən peşman olub etiraf edən Tofiq! Bu səbəblə də şəklini də neqativ və pozitiv variantda versək, yaxşı olacaq.

Etiraz etmədi.

– Bəs ikinci şərtin nədir?

– İkinci şərtimi yazını jurnalda oxuyanda biləcəksən, – dedim.

Sonra elə rəhmətliyin öz yanındaca məsul katibi çağırtdırıb poemanı növbəti nömrəyə verməsini tapşırdım. Bunu görən Tofiq:

– Ə, bəlkə qonorarı da öncədən verdirəsən, ehtiyacım var, – dedi.

Çap olunmamış yazıya  heç zaman əvvəlcədən qonorar verməmişdik. Amma bu boyda şairin etirafı içimi sızlatdı və anındaca qonorarını da ödətdirdim.

Ön sözümlə jurnalın ilk səhifələrində çap olunan poema geniş dalğa doğuracaqdı, əlbəttə, bu əks-sədanın mənim ön sözümlə bir əlaqəsi yoxdu. Ön sözü ona görə xatırladıram ki, orada ikinci şərtim-filanım yoxdu, sadəcə ön sözün sonunda yazmışdım ki, etirafa qalanda, bəlkə də Tofiq, Yazıçılar İttifaqı üzvləri arasında sonuncu etiraf edənlərdən olmalıdır, o qədər illər boyu səhvlər buraxmış yaşlı sənətkarlarımız var ki, “Gəncliy”in vərəq qapısı onlar üçün də açıqdır, buyurub etiraf və tövbə etsinlər. Amma kimə deyirsiniz, daşdan səs çıxdı, bizim yaşlı yazarlardan səs çıxmadı.

Və indi yaşımın elə vaxtına gəlib çıxmışam ki, o etiraflardan birini də mən etməli olduğumu düşündüm. Bu etirafı etmədən əvvəl Tofiqlə bağlı kiçik bir xatirəmi də yazmaq ağlıma gəldi. Aradan xeyli keçmişdi, qohumlarımdan bir mənə teləfon açıb narazılığını bildirdi: – A kişi, sən necə adamsan, Tofiq Bayramın yanına niyə getmirsən, o da bunu qəzetlərə verdiyi müsahibələrdə hamıya bildirir.

Qəzeti gəzib tapdım, giley dolu bir müsahibə idi. Müxbirin “Dostlarından kimlər yanına gəlir, kimlərin yanında görmək istərdin” sualına:

– Heç kim gəlmir, Məmməd İsmayıl və Malik Fərruxdan ötrü burnumun ucu göynəyir, – cavabını vermişdi.

Bu cavab mənə şillə kimi dəydi. Və ayından-oyundan alıb axşamların birində qapısını döydüm. Yox, bu mənim tanıdığım mənzil deyildi, onda, hardasa Nəsimi bazarının yaxınlarında başqa bir binada yaşayırdı. Məni görəndə sevindi, amma elə də sevinəcək halda deyildi.

– Qanqrena olan ayağımı  kəsdilər, indi də şəkər gözümün işığını əlimdən alır, Məmməd, şəkər axırıma çıxdı, daha bundan sonra yaşamağın bir mənası qalmadı.

İstədim keyfini açam, elə öz sözləri və öz tərzi ilə dedim:

– Ə,  səfeh, axı sənin məndən on dəfə yaxın dostların var, niyə onların adını çəkmirsən, məni qəzetlərdə biabır edirsən.

Bir az qırışığı açıldı, “ha ha ha”yla başlayan özünəməxsus gülüşüylə güldü:

– Ə, səfeh, onlar mənim butulka yoldaşlarım idi, adlarını çəksəm də gələsi deyillər, mən kimin adını çəkdiyimi yaxşı bilirəm.

Allah sənə rəhmət eləsin böyük ürək sahibi İnsan. Gecikmiş olsa da, sənin etirafına bir yenisini də mən əlavə edirəm... Bilmirəm, ömrün qürubunda belə bir etirafın anlamı varmı?

 

Mən çox pis adamam, özüm bilirəm,

Özüm boğuluram öz pisliyimdə.

Şeytan bazarına meydandı sinəm

Köhnə bazarkomdu xəsisliyim də...

 

Vaxtsız etirafım bir yana varmaz,

Söylədən zalımdı, söz üzüyola:

Bəlkə mənim kimi kimsə bacarmaz,

Yaxşı görünməyi pis ola-ola...

 

Nəyin cəzasını çəkir yarasa,

Kor olan gözümü dünya malında?!

Allahın yanında üzün qarasa,

Ağartmaz üzünü ağ saqqalın da...

 

Sonrakı peşmanlıq... köhnə məsəlsə,

Çəkən çəkdiyinə peşiman olar.

Fikrimdən keçənlər dilimə gəlsə,

Gündə neçə dəfə ölüm-qan olar...

 

Bu dünya tordusa, kimdi tor hörən,

Ayları, illəri çidar eyləyər.

İnsanın bətnində nə varmış görən

Təmizi aldığını murdar eyləyər...

 

Çoxdan unutduğum bir söz var: ayıb!

Axırda boşuna çıxdı səyim də;

Bəlkə də sevilən biri olmayıb

Yalandan özünü sevdirməyim də...

    

Gönü axıtdınsa, boşuna yanma,

Qayıdıb gəlməz ki, əldən gedən var.

Mən çox pis adamam, çox pisəm, amma

Məni də pisliyə bir öyrədən var.

    

Tanrıdan, taledən yer yox gileyə,

Sor özün özündən, sora bilirsən:

Bir gün tapdığının qədrini niyə

Bir gün itirəndən sonra bilirsən?

    

Bir də yaxşılığın qeydinə qalsam,

Köhnə yalanlardan tarımar canım.

Pisəm, pisliyimi boynuma alsam,

Bəlkə günahlardan qurtarar canım.

 

Dəyəri qalmadı çox dəyərlərin

Səxavət umalı pulu olandan.

Yolumu azmışam, “nə deyərlərin,

Necə deyərlərin” qulu olandan.

 

Özgəyə danarsan, özünə danma,

Doğrunu görürsə görən gözlərin.

Mən çox pis adamam, çox pisəm, amma

Məndən yaxşıları varsa, göstərin.

 

Söz sözü gətirdi, söhbət uzandı,

Bəlkə pisliklər də çıxdı aradan;

Özümü bilmirəm, adım insandı

Belə yaradıbdı məni Yaradan...

İyul, 2012, Yesentuki –

Fevral, 2013, Peredelkino

 

 





18.02.2013    çap et  çap et