525.Az

“Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”


 

“Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin məsləhətçi eksperti

Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri tərəfindən vaxtaşırı, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani, insan ləyaqətini alçaldan rəftarla müşayiət olunan etnik təmizləməyə və təcavüzə  məruz qalmaqdadır. 

Ermənistanın  25 ildən bəri yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuşdur. Bir milyondan artıq həmvətənimiz qaçqına və məcburi köçkünə çevrilmiş, yüzlərlə yaşayış məntəqəmiz, 6 minədək sənaye və kənd təsərrüfatı müəssisəsi,  4 mindən çox sosial-mədəni obyekt, o cümlədən 700-ə yaxın məktəb, habelə muzeylər və kitabxanalar dağıdılmış, ölkə iqtisadiyyatına 22 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur.

1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi qiymət verməyən o vaxtkı SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları əzəli-əbədi yurd yerlərimizin dağıdılıb yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi.

İşğalçı hərbi birləşmələr növbəti həmləni müharibənin ön xəttində yerləşən Xocalı şəhərinə yönəltdilər. Düz 21 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları güclü hərbi texnikanın köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı genosid törətdilər. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayına məxsus çoxsaylı ağır texnika şəhərə yeridilmiş, yaşayış evləri dağıdılmış və yandırılmışdır. Tamamilə əliyalın olan dinc əhali – uşaqlar, qadınlar, qocalar, əlillər amansız zülmə məruz qalmışlar.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir. 

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, dünya ictimaiyyəti bu acı həqiqəti gec-tez bilməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almalıdır.

Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycan torpaqlarının işğal faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin rolu danınmazdır.

BMT-dən sonra üzvlərinin sayına görə dünyanın ikinci təşkilatı olan İslam Konfransı Təşkilatı dəfələrlə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkarlığını pisləmiş və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi ilə həmrəy olduğunu bildirmişdir.

2004-cü ildə Bakıda İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumu yaradılmışdır.

İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsində həmin ilin mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral – Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı.

İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət – Qarabağa azadlıq” təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

İslam Konfransı Təşkilatının (İKT) üzv qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası başlanmışdır. Kampaniya çərçivəsində ilk tədbir İstanbulun “Taksim” metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar.

2011-ci ildə isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edilmişdir. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş “İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş vermişdir.

2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pi) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir ki, Konfrans üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.

2012-ci ilin noyabrın 15-17-də Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilmişdir. Sessiyada Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) fəaliyyətləri ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT XİNŞ tərəfindən qəbul edilmişdir. Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırım aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır. Beləliklə, İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırım aktı kimi tanımışdır. 

Ötən il Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar Türkiyənin Taksim meydanında son 20 ilin ən böyük aksiyası həyata keçirilib. “ Hamımız Xocalıyıq” adlı yürüşdə 10 minlərlə insan iştirak edib.  Onların sırasında Azərbaycan və Türkiyənin millət vəkilləri, siyasi partiyaların və həmkarlar ittifaqlarının nümayəndələri, qeyri-hökumət təşkilatları, media, Türkiyədə yaşayan, eləcədə də digər ölkələrdən gələn azərbaycanlılar iştirak edib. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını Xocalıda qətliam törədənləri və onlaraı dəstək olanları, indiyədək Xocalı soyqırımına lazımlı hüquqi-siyasi qiymət verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılan plakatlar tutan insanlar “Hamımız Azərbaycanlıyıq, hamımız türkük”, “Bir millət, iki dövlət”, “ Qarabağ bizimdi, bizim olacaq”, “ Dünya, Xocalı fəryadını duy”, “Xocalıya ədalət”, “Erməni yalanına son” , “ Türklərə edilən soyqırım tanınsın” kimi şüarları səsləndirmişdilər.

Aksiyada Türkiyənin daxili işlər naziri İdris Naim Şahin çıxış edərək “Xocalıda axıdılan qan bizim qanımızdır, Azərbaycanın dərdi bizim dərdimizdir” deyib və “tökülən qanların hesabının ədalətlə soruşulacağını” söyləyib.

Gənclərin xüsusi fəallığı ilə seçilən bu tədbir türk xalqının hər zaman həmrəy olduğunu dünyaya bir daha nümayiş etdirdi.

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında gənclər təşkilatlarının fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) bu istiqamətdə geniş fəaliyyət göstərir. Lobbiçilik və diaspora fəaliyyətləri ASAİF təşkilatının ən vacib fəaliyyət istiqamətlərindən sayılır. Lobbiçilik fəaliyyəti zamanı əsas hədəf Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, ölkəmizi əlaqələndirən mövzular ətrafında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Məntiqi olaraq, fəaliyyətin əsas istiqamətini Dağlıq Qarabağ problemi təşkil edir.

Belə ki,  azərbaycanlı tələbələrin təhsil aldığı nüfuzlu ali məktəblərdə “Azərbaycan günləri” və eyni zamanda “Erməni təcavüzünü durdurun” adlı aksiyalar ASAİF təşkilatının dəstəkləyəcəyi vacib tədbirlər sırasındadır.

Ötən il “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu gənclərimizin Qarabağ həqiqətlərini, Xocalı dəhşətlərini dünya birliyinə ədalətli şəkildə təqdim olunmasında mühüm bir tədbir kimi seçildi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriyadakı səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və ASAİF-in (Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumu) təşkilatçılığı ilə keçirilmiş Forumda Ermənistan-Azərbaycan münasibətlərinə tarixi aspektdə nəzər salınıb, münaqişənin həlli yolları, onun hüquqi, humanitar və digər aspektləri, münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin baxışları və Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında Avropada təhsil alan gənclərin töhfəsi mövzularında sessiyalar təşkil olunub.

Bu yaxınlarda isə start götürmüş ASAİF və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə birgə həyata keçiriləcək layihə Ermənistanın Azərbaycan torpaqlarının işğal faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması fəaliyyətinə böyük töhfə vermiş olacaq. “Gənclər soyqırım istəmir” adlı aksiya çərçivəsində Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzusunda video çarxların hazırlanması və xarici mediada geniş şəkildə yayımlanması nəzərdə tutulur. Video çarxların  hazırlanmasını hal-hazırda xaricdə təhsil alan və məzun olmuş tələbələrimiz həyata keçirəcək. Bununla da sözlə, siyasi yollarla deyilə bilməyən fikirləri gənclərimiz tərəfindən dünyaya təqdim olunacaq video müraciətlərlə reallaşdırmaq mümkün olacaq.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədi ilə virtual aləm – sosial şəbəkələrdə təbliğat kampaniyasına start verib.

Planlaşdırılan aksiyada xaricdə yaşayan, işləyən, təhsil alan gənclərdən İcmanın hazırlamış olduğu formata uyğun olaraq #justiceforkhojaly şüarı ilə özlərinin və ya əcnəbi dostlarının şəkillərini hazırlayaraq, kampaniyaya dəstək ola bilərlər.

“İRƏLİ” İctimai Birliyinin Xocalı soyqırımı ilə bağlı gənclərin maarifləndirilməsi və bu gün haqqında dünya ictimaiyyətinə informasiya ötürmək məqsədilə dünyanın əksər ölkələrinin qərarverici şəxslərinə elektron məktublar yazılıb, yerli və beynəlxalq elektron şəbəkələrdə təşkilat tərəfindən hazırlanmış  “History of Tragedy” video klipi yerləşdirilib.

Dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına dair Beynəlxalq Konfranslar, yürüşlər, müxtəlif aksiyalar keçirilib, Xocalı həqiqətlərini əks etdirən kitablar müxtəlif elm və təhsil ocaqlarının kitabxanalarına təqdim olunub.

Qeyd olunan istiqamətdə keçirilən mühüm tədbirlərin sırasında 26 fevral 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən “Mənim Qarabağım, Mənim Azərbaycanım!” layihəsi çərçivəsində Xocalının işğalı gününə həsr olunmuş bloqun ( mykhojaly.wordpress.com ) təqdimatı olub.

Məlum olduğu kimi, Xocalı qətliamı və onun qurbanlarının anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin rəsmi saytında Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.

Petisiyada “Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik”-deyə bildirilir.

Qeyd olunan aksiya ilə bağlı məlumatlar gənclərimiz tərəfindən sosial şəbəkələrdə geniş təbliğ olunaraq, səslərin toplanılmasında kömək edir. Bu ərəfədə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Xocalı soyqrımının ABŞ parlamentində müzakirəsinin təmini məqsədilə ilk dəfə olaraq ictimai yerlərdə və böyük ticarət mərkəzlərində həyata keçirilən səs toplama kampaniyası baş tutub. “100 000” səsdən biri sənin olsun!” kampaniyası çərçivəsində insanların çox olduğu ictimai yerlərdə xüsusi məntəqələrdə səsvermə üçün internetə çıxışı olan notebook, netbook və planşetlər quraşdırılıb. Məntəqələrin qarşısından keçən insanlara petisiya haqqında məlumat verilib. Daha sonra səsverməyə qoşulmaq və öz səsini vermək istəyənlərə səsvermə imkanı yaradılıb.

Beləliklə, yuxarıda deyilənlərdən göründüyü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi işində gənclərimiz mütəmadi olaraq fəaliyyət aparırlar.

Sonda qeyd etmək istərdim ki, Xocalı hadisələrinin genosid kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır. Ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət – genosid kimi qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən genosid törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı genosid törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) erməni və onların havadarları olan şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya  vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

 

 





20.02.2013    çap et  çap et