525.Az

Don vurmuş arzular (Tam şəkildə)


 

Don vurmuş arzular<b style="color:red"> (Tam şəkildə)</b>

Fevral ayının 25-i axşam tərəfi idi. Xəyalə yorğun-yorğun pilləkənləri qalxaraq 3-cü mərtəbədəki mənzillərinin qapısını açıb, ayaqlarını sürüyərək içəri keçdi. O qapını nə qədər asta örtsədə, yenə də anası qapının səsini eşitdi:

– Qızım, sənsən? Nə tez gəlmisən?

Xəyalə anası ilə bu evdə birgə yaşayırdı. Doğma şəhərləri Xocalı işğal olunandan sonra şəhərdən qıraqda dəniz kənarındakı sanatoriyaların birində məskunlaşmışdılar. Bir neçə ay bundan əvvəl isə dövlət tərəfindən tikilən binadan onlara da  mənzil verilmişdir.

Xocalı soyqırımı baş verən gecə Xəyalənin 8 yaşı tamam oldu. Anasının həmin gecə Xəyalənin şərəfinə bişirdiyi plov qazanının ağzı açılmadı...

Bu gün Xəyalə işdən çox tez gəlmişdi. Ona görə də anası maraqla qızını səslədi. Xəyalə isə:

– Ana, mənəm – şapşapları geyinərək, otağa keçdi. Anası təkərli arabada oturub televizora baxırdı. Orda Xocalı soyqırımına həsr olunmuş dəhşətli səhnələr göstərilirdi.

– Ana, yenə sən belə verilişlərə baxırsan? Axı, sənə həyəcanlanmaq olmaz. Bu səhər təzyiqin yenə yüksəlmişdi. Dərmanlarını içdinmi?

– İçmişəm, qızım, içmişəm. İnsan nə qədər dərman atar?

Xəyalə televizorun pultunu götürüb kanalı dəyişir.

– Həyəcanlı verilişlərə baxma, qurbanın olum, ay ana.

– Ay bala, hər gün baxmıram ha. Hər il iki gün Xocalıdan danışırlar, sonra yaddan çıxır. Yenə konsertlər, oxumaq, oynamaq, evlənmə verilişləri başlayır.

– Heç bir gün də baxma. Mən sənin zərrə qədər də üzülməyini istəmirəm. Vallah, məni bu həyata bağlayan tək sənsən. Mənim həyatımda səndən başqa kim var ki? Mən sənə görə Tibb Universitetinə qəbul oldum və bu gün də sənə görə həkim işləyirəm. Bütün bunları sənin ürəyinin az da olsa şad olması üçün etmişəm.

– Mənim ağıllı qızım, atanın adı haqqı, məni şikəst ayağımla bu həyata bağlayan sənsən. Özün bilirsən ki, mənim bu dünyada səndən başqa heç kimim yoxdu. Allah ermənilərin cəzasını versin, bütün əzizlərimi mənim əlimdən aldılar. Mənim tək təsəllim sənsən – deyərək dərindən ah çəkdi.

Anasının halının dəyişdiyini görən Xəyalə ona təsəlli verməyə çalışdı:

– Yaxşı ana, özünü üzmə, indi yenə təzyiqin yüksələcək.

 Xəyalə mətbəxə keçərək bir fincan su gətirib, anasına uzatdı:

– Al iç, ana.

Sonra təzyiq ölçən aparatı dolabın siyirtməsindən götürərək, anasının təzyiqin ölçdü. Anasının təzyiqinin normadan artıq olduğunu görən Xəyalə dedi:

– Görürsən, ay ana, bu gün bütün günü həyəcanlanmısan deyə, təzyiqin səhər neçə idisə, indi də elədir. İndi sənə dərman içirdəcəm, sonra da iynə vurum, bir az dincəl. Günorta nə yemisən?

– Axşamdan qalmış yeməkdən yedim. Səhər – səhər Əntiqəyə pul verdim, getdi ət aldı. Canı sağ olmuş həmin ətdən qəşəng yarpaq dolması bükdü. Ölülərimizin adını anıb halvada çaldı... Axı bu gün rəhmətliklərin ilidir... Əntiqə səndən bir az əvvəl yeməyin altını söndürüb getdi. Hazırdı yemək, get mətbəxə ye, qızım.

– Hələ ac deyiləm, ana. – Dərmanla dolu olan balaca qutunun içindən dərmanı çıxardaraq bir həbi sol əlində, su fincanın da sağ əlində tutaraq anasına yaxınlaşdı.

– Ana bu dərmanı iç, sonra keç otağına iynəni vurum.
 
lll 
Anasını yatağa uzadandan sonra divanda oturub xəyala dalmışdı. Uşaq xatirələrində ilişib qalmış dəhşətli 25 fevral gecəsini xatırlamaq istəmirdi. Ancaq nə qədər istəməsə də, Xocalı faciəsi onun taleyində müdhiş bir iz açmışdı. O iz, qaysağı bağlanmayan bir yaraya çevrilmişdi və  20 il keçməsinə baxmayaraq hələ də sızıldayırdı.
Elə bu vaxt Xəyalədən başqa bir kimsənin olmadığı otaqda bir kölgə əmələ gəldi. Bu kölgə Xəyalənin atasının kölgəsi idi. Xəyalə kölgəni görən kimi dilləndi:

– Ata...

– Xoş gördük, qızım. Sənin doğum gününü təbrik edirəm.

– Atam, sənə qurban, sən hər il bu vaxtı məni təbrik edirsən ancaq özün də yaxşı bilirsən ki, mən 20 ildir ki, doğum günümü qeyd etmirəm.

– Bilirəm, qızım. Ancaq hər bir insanın ən əziz günü övladının dünyaya gəldiyi gündür. Mənim üçün də bu gün, həm şanlı, həm də qanlı bir gündür. Bu gün məhz sənin doğum günün, həm də qonşu hesab etdiyimiz nankorların bizim başımıza gətirdikləri müsibətin ildönümüdür. Hər ikisi tarixdir və hər ikisi unudulmamalıdır! Mənim pərən-pərən düşmüş ruhum tək rahatlığı sənə görə tapır. Sənin bu həyatda olmağın, əldə etdiyin uğurların və uşaqlıqdan arzusunda olduğun həkimlik libasını geyinməyin mənim ruhumu az da olsa şad edir. Sən isə pərişan olma... Biz millət olaraq döyüşü uduzmuşuq, müharibəni yox... Mən və mənim kimi minlərlə insan 4 il əliyalın erməni silahlılarına qarşı döyüşdük, dirəniş göstərdik... Kimlərin nə deməyindən asılı olmayaraq ermənilərin qarşısından qaçmadıq. Biz heç zaman erməniləri güclü saymamışıq. Ermənilərə kömək edən rus ordusu olmasaydı biz doğma Xocalıdan kənara bir addım da olsa atmayacaqdıq. Sən öz  gözlərinlə gördün ki, mən erməni qaniçənlərinin qarşısında sınmadım, onlara tabe olmadım. Şərəfli ölümü, şərəfsiz yaşamaqdan üstün tutdum. Elə etdim ki, sən hamının yanında alnı açıq gəzəsən. Heç kim sənə “atan erməniyə satıldı” kəlməsıni deməsin deyə, mən həmin gecə ölümü seçdim. Başını dik tut, mənim gözəl balam, sən başı dik gəzməyə layiq övladsan. Mənsiz ötən bu 20 ildə öz ləyaqətli və namuslu davranışlarınla bunu özün üçün haqq etmisən. Ananın südü, mənim isə 8 il sənə verdiyim çörək halalın olsun! Hələlik, qızım, ad günün mübarək!

Gəldiyi kimi də, bir anda yox olan kölgə Xəyaləni xəyalən atalı günlərinə qaytardı.  Xəyaləni bu xəyallardan qapı zəngi ayırdı.

– Görən kimdir? – qapıya yaxınlaşıb, gözlükdən baxdı və dərhal qapını açdı. Qarşısında iş yoldaşı Mətanət həkimi gördü.

– Xoş gəlmisən, ay Mətanət – deyərək qonağı evə dəvət etdi. Mətanət həkim mənzilin dəhlizinə daxil olaraq, əlindəki bağlamanı Xəyaləyə uzatdı və dedi:

– Təbrik edirəm Xəyalə, buyur şöbəmiz adından hədiyyəni qəbul et. Bu gün işdən tez çıxdın deyə, hədiyyəni verə bilmədik. Səndən çox narahat olduq, dedik birdən xəstələnib, eliyərsən, ona görə qızlar dediki, mən sizə bir baş çəkim.

– Buyur keç içəri.

Xəyalə dəhlizdən otağa keçərək, Mətanətin verdiyi bağlamanı divanın üstünə qoydu.

– Nə yaxşı gəldin, ay Mətiş. Çox darıxırdım, sən otur, mən çay qoyub gəlirəm.

Divanda əyləşən Mətanət həkim bir neçə saniyədən sonra, Xəyalənin ardınca mətbəxə keçdi.

– Anan hardadır, ay Xəyalə?

– Anamın təzyiqi yenə yüksəlib, iynə vurdum, o biri otaqda yatıb. İşdən gəlmişəm ki, televiziyada Xocalı soyqırımı haqqındakı verilişlərə baxır. Bu verilişlərə baxan kimi də təzyiqi yüksəlir. Neçə dəfə demişəm ki, qurban sənə, ay ana, baxma belə verilişlərə. Cavab verir ki, torpaqlarımızı qaytararlar, xəbərim olmaz. Baxıram ki, görüm torpaqlardan bir xəbər var ya yox...

– Yazıq arvad neyləsin, bununla başını qatır.

– Mətiş, anama bir şey olsa, mən yaşaya bilmərəm. Mənim nəslimdən, doğmalarımdan tək anam qalıb. Həmin gecə mənim kimim var idisə, hamısını erməni vəhşiləri qırdı.

– Xəyalə, bacı qurban, mən indi anladım ki, bu gün sənin halın niyə pərişan idi. Sən bu gün heç ad günü əhval-ruhiyyəsində deyildin. Demək səbəbsiz deyilmiş. Demək sənin doğum günündə ermənilər sizi kəndinizdən qovdular, eləmi? Onda sənin neçə yaşın var idi?

– Həmin dəhşətli gecədə mənim 8 yaşım tamam olacaqdı... – deyib, sükut içində dəmlədiyi çaydan iki fincana süzərək, mətbəxdəki masanın üzərinə qoydu. Sonra soyuducudan şirniyyat və şokoladla dolu olan qabları səliqə ilə masaya düzür. Xəyalə fikrini tamamlamağa tələsmirdi. Sanki edəcəyi dəhşətli söhbətə bir neçə saniyə gec başlamaq istəyirdi. Mətanət isə heç nə demədən, Xəyalənin sonuncu cümləsini düşünürdü. “Həmin dəhşətli gecədə mənim 8 yaşım tamam olacaqdı...” Necə yəni tamam olacaqdı? Bu sözdən heç bir şey anlamayan Mətanəti düşüncədən Xəyalənin səsi ayırdı:

– Hə bacım, həmin gün, yəni 25 fevralda səhər tezdən anam mənim ad günüm üçün tədarük görürdü. Üç ədəd beçə kəsdirdi, plov üçün su qaynatdı, mənim çox xoşladığım noxudlu dovğa bişirdi, beçəli plovu isə sobanın üstündə dəmə qoymuşdu.               

Elə həmin gecə saat təxminən axşam 9 olardı. Atam səngərlərin birində döyüşdə idi. Tez-tələsik evə gəlib, dedi ki, əvvəlki vaxt deyil, evdə oturmaq olmaz. Yığışın Tahirgilin tunelinə. Xocalı çoxdan bəri atəşə tutulduğundan qonşumuz rəhmətlik Tahir əmigilin həyətində tunel qazmışdılar. Anam, mən və bacılarım  tunelə getdik. Qonşularımız Nəzakət xala  – oğlanları Orxan, Fuad; Naibə xala – oğlu; Qəmər xala – oğlu Rəşid, qızı Günel. Və başqa qonşularımız tuneldə idi. Sonra Ağdamdan gəlmiş bir neçə könüllülərin köməyi ilə rəhmətlik – Sahib müəllimgilə getdik. Onların evini atəş az tuturdu. Həm də tuneldən isti idi. Sahib müəllimgilin evi Bozdağ tərəfə yaxın idi. O tərəfdə dəhşətli uğultu var idi. Sən demə, tanklar şəhərə soxulurmuş. Biz də xəbərsizik. Döyüşün lap şiddətli vaxtı əmim Şahmar gəldi ki, nə oturmusunuz, artıq şəhəri ermənilər mühasirəyə alıb. O, açarı anamdan alıb, evdən sənədlərimizi götürməyə qaçdı. Gələndə qapımızı bağlamamışdı. Artıq qapını bağlamağın əhəmiyyəti yox idi. Sahib müəllimgilin evlərini tərk etdik. Gecəyarı idi. Yəqin ki, saat iki olardı. Daldalana-daldalana üçmərtəbəli binanın zirzəmisində 1-2 saat gözləməli olduq. Çünki atışma o qədər güclü idi ki, hərəkət emək mümkün deyildi. Göydən güllə yağışı yağırdı. Qranatların partlayışından adam dəhşətə gəlirdi. Mərmilərin uğultusu vahimə yaradırdı. Xocalı od püskürürdü.

,,,,,,,,

Gecə təxminən saat 4 radələrində zirzəmini tərk edib yeganə açıq yol olan Qarqar çayına yaxınlaşdıq. Sonralar məlum oldu ki, ermənilər bu yolu qəsdən açıq qoymuşdular. Çayı keçib Naxçıvanikə üz tutduq. Orada da bizi pusqu gözləyirmiş. Hər yandan partlayış səsi gəlirdi. Gurultudan qulaq tutulurdu. Qorxurdum. Anam balaca bacım Xeyransanı qucağına almışdı, atam isə o bir bacım Güləri. Mən isə özüm gedirdim. Xocalıdan çıxanda ana nənəm Əntiqə gəlib bizi tapdı. O, anamdan bacım Xeyransanı aldı. Atam bizi çaydan keçirdi. Meşəyə girdik. Hər yan qar idi. Üşüyürdüm. Gecə meşədə qaldıq. Səhər açıldı. Ermənilər camaatımızı qırdı. Hər tərəf meyit idi. Atam ayağından yaralandı, sonra da çiynindən. Atam meşədən qırdığı yoğun ağac budağına söykənə-söykənə gedirdi. Anam Güləri atamdan almışdı. Dərəyə enmişdik. Oturmuşduq. Mən nənəmin əlindən tutub, yanında oturmuşdum.  Bu vaxt bizi ermənilər gülləyə tutdular.  Nənəm başını əyib məni qucaqladı ki, güllə mənə dəyməsin. Güllə nənəmin başından dəydi... Anam haray salıb, qışqırırdı. Balaca bacılarım Xeyransa, Gülər  donuq-donuq baxırdılar. Mən isə nənəmi qucaqlayıb ağlayırdım. İstəmirdim nənəm orada qalsın. Atam qolumdan tutub dartdı və nənəmin üstünü başına bağladığı şalla örtdü... Biz gedirdik. Hey dönüb nənəmə baxırdım. İstəyirdim nənəm də gəlsin... Ancaq sakit halda yatırdı... Bir az getmişdik ki, bacım Xeyransanı vurdular və yerindəcə keçindi. O, da meşədə qaldı. Sonra ermənilər bizi tutdu. Bir kəndə gətirdilər. Atamı tüfəngə tuşlayıb öldürmək istəyirdilər. Erməni yaraqlısının ayağını qucaqlayıb yalvardım ki, nənəm ölüb, bacım ölüb, atamı öldürməyin. Məni itələdilər. Atamı güllə ilə vurmadılar. Onu simlə ağaca sarıdılar. Dedilər: “De ki, Qarabağ Ermənistan torpağıdır!” Atam demədi. Ayaqlarına benzin töküb yandırdılar. Atamın ayaqları yananda mən də anam da qışqırdıq. Bir də dedilər: “De ki, Qarabağ Ermənistan torpağıdır! Buraxarıq get, balalarını saxla!” Atam yenə demədi. Bu dəfə onun boğazından aşağı benzin tökdülər. Yandırdılar atamı...”

Qışqırırdım... Atama kömək etmək istəyirdim.... Hər qolumdan bir erməni saqqallısı tutmuşdu. Onlar gülürdülər! “Türk köpəy oğluna göz dağı olsunlar!” deyirdilər. Orada çoxlu meyit vardı... boyunlarına məftil bağlayıb sürüyürdülər. İnsan əzabından zövq alıb gülürdülər! Balaca bacim Gülər də anamın qucağında don vurmadan canın tapşırmışdı. Bilmirəm biz ordan necə qurtardıq. Necə donmuşdumsa  heç nə hiss etmirdim. Bir daha gözlərimi Ağdam Xəstəxanasında açdım. Ayılan kimi, anamı soruşdum. Bir tibb bacısı məni anam yatan palataya gətirdi. Yataqdan qalxarkən hiss etdim ki, sağ ayağımı yerə bərk basa bilmirəm. Xəstəxanada o qədər xəstə var idi ki, dəhlizdə yerimək mümkün deyildi. Anamın yatdığı palatada, anamdan başqa beş nəfərdə var idi. Bir kişi həkimi anamın çarpayısının yanında dayanaraq, tibb bacılarına nəsə tapşırıqlar verirdi. Mən anamı görən kimi yanına qaçıb, boynunu qucaqladım. Anam isə sanki məni itirib, yenidən tapmışmış kimi üz-gözümü yalayırdı. Anam hıçqırtı ilə ağlayırdı. Həmin an mən də ağlayırdım... Amma hələ də yəqin edə bilmirəm ki, anamın və mənim həmin göz yaşlarımız sevinc yaşları idi, yoxsa kədər yaşları... Anamın çarpayısı yanında dayanmış həmin kişi həkimi məni anamdan araladı və mənim göz yaşlarımı əlləri ilə silərək, anama – narahat olma qızın lap yaxşıdır, şok keçirmişdi, indi keçib gedib. Ayaqlarındakı don isə fəsad yaratmayıb. Ayağındakı iki ədəd yun corab, onun ayaqlarını qismən qoruyub – deməsi anamın bozarmış yanaqlarına az da olsa qan gətirdi. Anam isə həmin vaxt əllərini göyə tutaraq dedi: – Şükür sənə, ay Allah, heç olmasa bu balamı mənə qaytardın.

Elə bu vaxt palataya daxil olan tibb bacısı həkimə üzünü tutaraq və anamı göstərərək dedi:

– Həkim, bu xəstəyə indi vurulmalı olan iynə qurtarıb, neyləyək, bəlkə sabahı gözləyək Bakıdan iynə, dərman gəlməlidir.

Həkim əsəbi halda cavab verdi:

– Necə yəni, sabahı gözləyək? O iynə bu xəstəyə bu gün vurulmalıdır. Özüdə təcili...

Sonra cibindən pul çıxardaraq, həmin tibb bacısına uzadıb:

– Sən belə elə, al bu pulu, uşaqlardan birini yolla Hacının aptekinə, həmin iynəni alıb gətirsin. Əgər desə yoxdu, onda mənim adımdan desin, tapıb verəcək.

Sonradan bildim ki, həmin o, xeyirxah həkim Ağdam Mərkəzi Xəstəxanasının baş həkimidir. Elə həmin gün gördüyüm mənzərə məni daha böyük şoka saldı. Anamın ayaqlarını don vurmuşdu, artıq qanqrena olduğundan, dizdən aşağı kəsməkdən başqa çarə yox imiş. Xəstəxanadan anam təkərli arabada çıxdı. Yaxşı xatirimdədir, ermənilər bizi ferma kimi bir yerə salmışdılar. Çox adam var idi, bizim ailədən isə sağ qalan anamla, mən idim. Çox üşüyürdüm... Ən çoxda ayaqlarım üşüyürdü. Anam bunu hiss edib, öz ayağındakı yun corabı da mənə geydirdi. Mənim ayağımı kəsilməkdən xilas edən anam, öz ayaqlarını qoruya bilmədi... Artıq 20 ildir ki, arabaya möhtac qalıb, yazıq anam...

Hə, Mətiş bacı, mənim dünyaya gəldiyim bu günkü təqvim, mənim həyatımda elə dəhşətli iz buraxıb ki, ad günümün mənim üçün heç bir əhəmiyyəti qalmayıb. Sizinlə işlədiyim bir ilə yaxındır. Əvvəl işlədiyim poliklinikada da, univesitetdə təhsil aldığım illərdə də heç vaxt ad günlərimi qeyd etməmişəm.

Xəyalə çayların soyuduğunun fərqinə vararaq:

– Çayımızda soyudu... Ver dəyişim.

– Yox içməlidir, narahat olma – deyərək fincandakı çaydan bir neçə qurtum içən Mətanət araya çökən bir neçə anlıq sükutu pozdu:

– Neyləmək olar, bu Tanrı yazısıdır. Sən nəhayət öz həyatını yaşamalısan, ya yox? Cavanlığını matəm, dərd, qəm içində keçirməyin nə mənası var? İtirdiyin əzizlər geri dönəcək?

– Yox, Mətiş, itirdiyim rəhmətlik atam, nənəm, körpə bacılarım, iki əmim, dayım və onların övladları geri dönməyəcək. Mən bunu gözəl anlayıram... Lakin onların ruhlarının şad ola biləcəyini də anlayıram. Onların ruhları biz Xocalıya dönəndən sonra şad olacaq. Mənim bu don vurmuş ayaq barmaqlarım da o zaman açılacaq. Mənim üçün günəş həmin vaxt doğacaq və ad günlərimi də günəşin doğuşundan sonra qeyd edəcəm. Səkkiz yaşımdan bəri qeyd etmədiyim, bütün ad günlərimi bir birinin ardınca qeyd edəcəm. Həmin dəhşətli gecədə mənim tək ayaq barmaqlarımı yox, həm də bütün arzularımı da don vurdu. Donun açılması üçün isə mütləq yaz gəlməlidir və günəş yenidən doğmalıdır. Mənim yazımın gəlişi də, günəşimin çıxmağı da nənəmin, bacılarımın və digər əzizlərimin canını tapşırdığı, atamın külünün töküldüyü o müqəddəs torpaqlara dönəndə olacaq.

Mətanət çayını içə-içə:

– Bacım, bax yüksək balla Tibb Universitetinə qəbul olmusan, oranı müfəvvəqiyyətlə bitirmisən, magistraturanı öz savadınla bitirmisən, bu gün də şükür Allaha şəhərimizin ən nüfuzlu kilinikalarının birində çalışırsan, az bir müddətdə xəstələrinin sevimlisinə çevrilən bir həkimsən. Məgər bütün bunlar sənin üçün günəşin doğması deyil. Unutma ki, Allah heçdə hamıya sənin qədər şans vermir.

– Həkim olmaq mənim lap uşaqlıq arzum olub. O vaxtı hələ məktəbə getmirdim. İki yaşlı qardaşım Xəyal bərk xəstələnmişdi. Kəndimizin feldşeri əlindən gələni etsə də uşağı sağalda bilmirdi və məsləhət gördü ki, qardaşımı Ağdama aparsınlar. Çünki Ağdamda savadlı uşaq həkimləri çox idi. Atam, anam qardaşımı  qızdırmanın içində götürüb dayımın maşını ilə Ağdama yola düşdülər. Nənəm isə bizim yanımızda qaldı. Həmin gün hava çox soyuq, qar isə dizdən idi. Elə buna görə də yolda çox vaxt itirdilər və qardaşım Ağdama çatmamış yolda anamın qucağında keçinmişdi. Qardaşımın halsız baxışları hələ də gözlərimin önündədir. Onu itirəndən sonra öz-özümə söz verdim ki, böyüyəndə həkim olacam və gəlib öz kəndimizdə xəstə uşaqları sağaldacam. Bu fikrimi ilk dəfə nənəmin yanında deyəndə, mənə dedi ki, “Bunun üçün sən yaxşı oxumalısan. Sinfinizdə hamıdan yaxşı oxumalısan...” Elə həmin ili də birinci sinfə getdim və ilk gündən nənəmin dediklərinə əməl etdim. Həqiqətəndə sinfimizin ən yaxşı oxuyan şagirdi mən idim. Bakıya gələndən sonra, burda orta təhsilimi davam etdirəndə də sinifdə hamıdan seçilirdim. Hər gün məktəbə gedəndə rəhmətlik nənəmin sözləri yadıma düşürdü. Çox istəyirdim ki, mən Tibb Universitetini bitirənədək, torpaqlarımız işğaldan azad olsun və mən həkim kimi Xocalıda fəaliyyət göstərim. Bax ona görə, deyirəm ki, mənim arzularım tam həyata keçməyib. Ümimiyyətlə nəyi arzulamışamsa, ya o arzuma çatmamışam, yada ki, yarımçıq olub. Biz o vaxtı Ağdam xəstəxanasından çıxıb, Bakıya gəldik. Mən anamdan soruşdum ki, necə oldu ermənilər bizi buraxdı? Anam cavabında dedi ki, Ağdamda bir komandir var idi, o erməni meyitləri ilə bizi dəyişdi. Söz düşəndə anam həmişə o komandirə alqış edirdi. Deyir, həmin komandir bizi Ağdamın Şelli kəndində özü qarşıladı və sən özündə deyildin deyə, səni qucağına alaraq öz maşınına mindirdi. Anam komandirin xarici görünüşünü təsvir edəndə, yadıma düşdü ki, həmin komandiri Ağdam Xəstəxanasında görmüşəm. Hündür boylu, cüssəli, üzü saqqallı, bir az da zəhmli bir insan idi. Sonralar öyrəndim ki, həmin komandir çoxlu sayda xocalıları erməni əsirliyindən alıb. O, komandir olmasaymış, Xocalı camaatı tamami ilə yer üzündən silinərmiş. Biz Bakıya təzə gələndə çox arzuladım ki, böyüyəndə gedim o komandiri tapıb, ona öz minnətdarlığımı bildirim. Buda mənə qismət olmadı... Bir ildən sonra eşitdim ki, həmin komandir Ağdamda şəhid olub və oradakı Şəhidlər Xiyabanında dəfn olunub. Arzu etdim ki, böyüyüm, Ağdamın Şəhidlər Xiyabanına gedib, həmin igid komandirin məzarını ziyarət edim, məzarı üstünə gül qoyum. Yenə də arzuma çatmadım... Bir ildən sonra Ağdam şəhəri işğal olundu. Mətiş indi, mənim arzularımın don vurduğunu qəbul edirsənmi?

– Nə deyim, ay bacı? Allah səni bütün arzularına çatdırsın! Amma mən yenə də o fikirdə qalıram ki, tək keçmişlə yaşamaq olmaz, insan gələcəyə də baxmalıdır. Sənin yaşının elə bir vaxtıdır ki, sən mütləq gələcəyini də düşünməlisən.

– Bir aforizmdə oxumuşam ki, keçmiş həmişə insanı yeyir. Amma keçmişi xatırlamadan sabaha da getmək olmur. Məni yaşadan isə keçmiş xatirələr deyil, ümiddi... Puç olmuş arzuların göyərəcəyinə və don vurmuş arzularımın açılacağına olan ümid...

Xəyalə hər iki əli ilə saçlarını arxaya ataraq, söhbəti dəyişdi:

– Mətiş, yarpaq dolması var, qızdırım yeyək.

Mətanət həkim tez etiraz etdi:

– Yox, yox yemirəm. Günorta iş yerində yemək yemişəm. Axşamlar isə yemək yemirəm, sən bilmirsən ki, mən dietadayam? Məndə kökəlmə gedir deyə, axşamlar yemək yemirəm.

– Mən heç zaman dieta haqqında düşünməmişəm. Nə vaxt acmışamsa, o vaxtda yemək yemişəm.

– Ay canı yanmış, sən anadangəlmə fiqurasan. Sənə dieta nəyə lazım? Maşallah, sən əsl 90/ 60- san.

– İnanırsan, heç vaxt bu gözəlliyimin, bu fiquramın mənim gözümdə heç bir əhəmiyyəti olmayıb.

– Yenə başlama da... Sən gözəl, yaraşıqlı bir qızsan. Sənin borcun gələcəyini düşünmək və ona uyğun hərəkət etməkdir. Ananın da ən böyük arzusu sənin toyunu görmək, nəvə sahibi olmaqdır. Əgər ananı belə çox istəyirsənsə, ona nəvə qismət etməlisən.

– Mətiş, vallah heç nəyə həvəsim yoxdur. Mənim Xocalıda 15 sinif nəfər yoldaşım olub. Sinifdə mənlə bərabər 16 uşaq olmuşuq... On altımız da həmin gecə eyni müsibətlə üzləşmişik. Fərid, Səadət, Rəvan, Esmira, Rəşad, Könül, Sahib, Rəsul, Günel, Toğrul, Şəfiqə, Bəxtiyar, Çingiz, Rahim, Şahmar və mən birlikdə birinci sinfə getmişik. 16 uşaq qayğısız məktəbli dövrümüzə eyni vaxta və eyni məktəbdə başlamışıq. Taleyimiz də eyni oldu... Hər birimiz həmin gecənin dəhşəti ilə üzləşdik. 16 nəfərdən on nəfərimiz – Fərid, Səadət, Rəvən, Esmira, Rəşad, Könül, Sahib, Rəsul, Günel və mən Allahın möcüzə və Ağdamdan gələn köməyin hesabına  sağ qaldıq. Sinif yoldaşlarımdan altı nəfəri – Toğrul, Şəfiqə, Bəxtiyar, Çingiz, Rahim və Şahmar isə həmin dəhşətlərin içindən sağ çıxa bilmədi. Sağ qalan onumuzun hər biri isə əzizlərimizi itirdik...  Sağ qalan sinif yoldaşlarımla  ara bir görüşüb, dərdləşirik. Bir-birimizə 25 fevral gecəsi başımıza gələn müsibəti dəfələrlə anlatmışıq. Demək olar ki, həmin gecə hər birimizin başına gələn dəhşətləri hamımız əzbər bilirik. – deyən Xəyalə stuldan qalxaraq pəncərəyə yaxınlaşdı. Əllərini qoynuna qoyaraq, ani fikrə gedib. Sonra:

–  On altı nəfərdən altısı həmin gecə dünyasını dəyişdi. On nəfərimiz isə sağ qaldıq. Ancaq onumuzun da arzumuzu don vurdu. Altı sinif yoldaşım həmin müdhiş gün öldülər. Ancaq sağ qalanlarımız isə hər gün ölürük... Bu 20 ildə ölə-ölə yaşayırıq, yaşaya-yaşaya ölürük... – deyərək dərindən ah çəkdi. Bu ah Xəyaləni xeyli yüngülləşdirdi. İş yoldaşı Mətanət həkimə danışdığı bu dəhşətli epizodlar, sanki onun üzərindən böyük bir yükü götürmüş oldu. Mətanət həkim isə dinib, danışmırdı. İş yoldaşından eşitdikləri onu şoka salmışdı. Düşünürdü ki, o boyda dəhşətləri yaşamış Xəyalə bu 20 ili necə dözüb. O dəhşətləri unutmadan, orta məktəbi necə oxuyub, necə bitirib, necə fikrini cəmləyərək test imtahanından 600 bal toplayıb? Bütün bu sualları düşünərək öz-özünə dedi: “Sən qəhrəman qızsan Xəyalə!”

Bu fikirdən Mətanət həkimi Xəyalənin səsi ayırdı:

– Nə fikrə getmisən, Mətiş? Heç sən ömrün boyu bu cür qorxulu nağıllar eşitmişdin?

– Baxdığım verilişlərdən, oxuduğum yazılardan Xocalıda dəhşətli hadisələrin olduğunu bilirdim. Ancaq sənin danışdıqların qədər insanlığın əleyhinə yönəlmiş hadisələrın olduğunu bilmirdim.

Pəncərənin qarşısından masaya yaxınlaşan Xəyalə  boş fincanları götürərək:

– Danışdıqlarımla səni  üzdüm. Keç otağa, mən də təzə çay süzüb gəlirəm, televizora baxaq.

Mətanət həkim, mətbəxdən otağa keçib və bayaq əyləşdiyi divanda əyləşdi. Gözü divardan asılmış və böyüdülmüş bir fotoya sataşdığından bir anlıq düşündü: Yəqin etdi ki, Xəyalənin atasıdır.

Əlində çay otağa daxil olan Xəyalə iş yoldaşından soruşdu:

– Danış, görək, şəxsi işlərin necədir? Oğlun necədir?

– Yaxşıdır, baxçaya gedir. Anam aparıb, gətirir.

– Mətiş neçə vaxtı səndən soruşmaq istəyirəm ancaq heç imkan olmur. Sən, həyat yoldaşından niyə ayrılmısan?

– Biz başqa-başqa adamlarıq, ona görə də bizim ki, tutmadı. Mən sonuncu kursda olanda nişanlandıq, Universiteti bitirdim, işlədiyimiz  klinikaya işə düzəldim. Sonra da evləndik. Evlənən kimi, məndən tələb etdi ki, işdən çıx. Dedim niyə? Dedi mən işləyirəm bəsdir, sənin işləməyinə ehtiyac yoxdur. Altı aydan sonra məzuniyyət götürdüm, oğlum dünyaya gələndən üç ay sonra uşağı anamın yanına qoyub işə dönmək istədim. Elə əsl müharibə onda başladı. Dedi, sənə nə məcburdu ki, körpə uşağın ola-ola işləyirsən? Dedim, anam uşağa məndən də yaxşı baxır, bir də axı mən həvəslə Tibb Universitetinə qəbul olmuşam, yeddi il əziyyətlə oxumuşam ki, həkim olum. İndi sən deyirsən ki, mən evdə oturum, uşaq saxlayım, piş-düşlə məşğul olum? Yeddi il təhsil almışam ki, evdar qadın olum? Dedi nə olar ki, evdar qadın olanda? Mən belə istəyirəm.

Son sözüm bu oldu ki, sən istədiyini də mən istəmirəm – deyib, uşağımı da götürüb gəldim anamgilə. İndi də peşman deyiləm. Çünki onun heç bir hərəkəti mənə xoş gəlmirdi. Əvvəllər onun narkotikaya qurşandığını bilmirdim, ayrılandan sonra eşitdim. Əvvəl-əvvəl anam məni qınasa da, sonradan onun narkoman olduğunu eşidəndən sonra, mənə haqq qazandırdı. İndi özümü xoşbəxt hesab edirəm, bir oğlum var, sevdiyim peşəmlə məşğulam, gözəl kollektivdə çalışıram, bir növ sərbəstəm – işdən sonra, hara getdim, hardan gəldim, soruşan yoxdur. Ömür insana bir dəfə verilir, onu da bir narkomanla keçirdəsi deyildimki. Xəyalə, sən də ailə quranda yüz ölç, bir biç. Hər adama razılıq vermə. İndi pis zamanədir. Heç kimi tanımaq olmur.

– Mən hələ ailə həyatı qurmağa hazırlaşmıram. Nə vaxt bu qərara gəlsəm, onda ölçüb, biçmə işinə baxarıq. İndi isə yaxın əyləş çayımızı içək. Bayaq da soyuq içdin.

Mətanət həkim divandan qalxaraq, masaya yaxınlaşıb, stula əyləşdi.  Bu arada Xəyalə də çay içdiyi üçün hər ikisi susurdular. Bu susqunluğa Mətanət həkim son qoyur:

– Bilirsən bacı, mənim sözümü necə qəbul edirsən et, ancaq bir şey bil ki, bayaq dediyim kimi, ömür insana bir dəfə verilir və ömrün hər bir səhifəsinin açılmasının da, qapanmasının da öz vaxtı var. Sənin uşaqlıqda keçirdiyin şoku da, yaşadığın faciələri də, itkilərıni də anlayıram və bütün bunların sənin həyatında yaratdığı mənfi fəsadları da başa düşürəm. Ancaq keçmişdə nələrin olmasından asılı olmayaraq, insan gələcəyə nikbin nəzərlərlə baxmalıdır. Gələcəyə nikbin baxa bilməsən sən heç kimi xoşbəxt edə bilməyəcəksən. Xoşbəxt edə bilmədiyin insandan da xoşbəxtlik gözləmə...

İş yoldaşının bu sözlərini Xəyalə xəfif təbəssümlə qarşıladı. Mətanət həkim isə Xəyaləyə 28 yaşının tamam olduğu gün həyata baxışını dəyişdirmək istəyirdi. Ona görə də fikrini davam etdirdi:

– Sən gözəlsən, cazibəlisən, ancaq bu gözəlliyin həmişə olmasını istəyirsənsə sevməli və sevilməlisən.  Xanımı gözəl və cavan saxlayan sevgidir, sevgi...

Xəyalə yarı zarafat, yarı gerçək dilləndi:

– Ay bacı, bəs səni belə gözəl, şux və cavan saxlayan nədir?

– Sevgidir, canım sevgi... Mən sevməsəm və sevilməsəm, bir gün də yaşaya bilmərəm.

İş yoldaşından eşitdikləri Xəyaləni əməlli-başlı çaş-baş salmışdı. Ona görə də maraqla soruşdu:

– Necə yəni sevgi? Bəs sən axı ayrılmısan.

– Ey, ayrıldığım kişini Allah vursun. Heç onu mən zərrə qədər də sevməmişəm. Əsl sevgini indi yaşayıram.

– Necə?

Xəyalənin maraqdan gözləri böyümüşdü. Mətanət həkim isə sərbəst halda cavab verdi:

– Çox sadə... Mən birini dəlicəsinə sevirəm, o da məni lap Məcnun kimi sevir.

– O sevdiyinlə ailə həyatı quracaqsan?

– Yox, ay qız, ailə nədir? Bir dəfə ailəli olmuşam bəsimdir. Həm də sevdiyim oğlan mənim yanımda uşaqdır. 23 yaşı var, onunla evlənsəm hamı mənə gülər. Heç oğlanın ata-anası da razı olmaz. Tələbədir, atası da rayonların birində prokurordu. İkimizdə həyatımızı yaşayırıq. Oda, məndə cavanlığımızın dadın çıxardırıq.

İş yoldaşından eşitdikləri Xəyalə üçün arzuolunmaz olduğu üçün, mövzunu dəyişmək istədi. Televizorun pultunu götürərək dedi:

– Görək televiziyada maraqlı nə var – deyərək pultun düyməsin basaraq televizoru işə saldı. Televizor ekranında ölkə prezidentinin siması canlandı. Prezident çıxış edərək, xalqa müraciət edirdi:

 “Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası hazırda dünya təhlükəsizlik sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə mühüm rol oynayır. Harada baş verməsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik. Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaqdır. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.”

Prezident çıxışını qətiyyətli fikirləri ilə tamamladı:

“Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.”

Prezidentin çıxış etdiyi müddətdə nə Xəyalə, nə də Mətanət həkim bir kəlmə belə olsun dillənmədilər. Hər ikisi sükut içində çıxışı dinlədilər. Prezident xalqa müraciətini bitirdikdən sonra, Xəyalənin çöhrəsinə təbəssüm qondu. Gülüş dolu bu təbəssüm Mətanət həkimin diqqətindən yayınmadı.

– Şükür Allaha ay Xəyalə sənin də gözlərinə gülüş qonarmış...

Bayaqkı bədbin əhval-ruhiyyəsindən əsər-əlamət qalmayan Xəyalə nikbinliklə dilləndi:

– Mənin don vurmuş arzularımın çiçəklənməsınə, 20 ildir batmış günəşimin yenidən doğmasına az qalıb. Mənim belə bir qətiyyətli prezidentim və onun əmrinə hazır durmuş qüdrətli ordum var. İnanıram ki, prezidentimin bir əmri yetərlidir ki, qüdrətli Azərbaycan Ordusu ildırım sürəti ilə erməni qaniçənlərıni doğma yurd-yerlərımizdən qovsun. Onda Xocalımızda, Ağdamımızda, Şuşamızda, küllü Qarabağımızda şən və xoşbəxt həyat bərpa olunacaq. Bu gün prezidentimiz öz qətiyyətli və cəsarətli çıxışı ilə, bizlərə xoş günlərin müjdəsini verdi.

 





22.02.2013    çap et  çap et