525.Az

Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi


 

Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi <b style="color:red"></b>

Azərbaycanda tarixi fikrin, Şərqşünaslığın kökü, qaynaqları əsrlərin dərinliklərinə gedib çıxır, onun çağdaş tarixi isə keçən əsrin ilk onilliklərindən hesablanır.

Tarixi düşüncədə, Vətən tarix elmində yaddaşın son yüz ili özündə xeyli təkrarsız adı, imzanı və ünvanı daşıyır. Azərbaycan şərqşünaslıq və tarix elmində gördüyü işin mahiyyəti, əhatə və təsir dairəsi, elmi fəaliyyətinin gerçək nəticələri artıq zamanın sınağından çıxmış, milli tarixi fikrin tarixini yazıb-yaratdığı qədər özü də tarixiləşmiş müstəsna adlar sırasında Oqtay Əfəndiyevin (1926-2013) xüsusi yeri vardır.

Görkəmli tarixçi-şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyev Vətən tarix elmində bənzərsiz mövqeyi olan tədqiqatçılardandır. O.Ə.Əfəndiyev respublikamızda Azərbaycanın orta əsrlər tarixi üzrə ən kamil mütəxəssislərdən biri idi. O, Azərbaycanda Səfəvişünaslığın əsaslarını qoymuş tarixçilərdəndir. Azərbaycanda tarix elminin təqribən son 60 illik dövrünün kardinal problemlərinin həllində, aktual və perspektiv təmayüllərinin müəyyənləşməsində, çağdaş nəzəri ölçü və məna kəsb etməsində O.Ə.Əfəndiyevin elmi yaradıcılığının aparıcı mövqeyi danılmaz gerçəklikdir. Böyük alim, gözəl insan olan Oqtay Əfəndiyev mənalı, yeni tarixçilər nəsli üçün örnək olacaq bir həyat yolunu keçib.

Oqtay Əbdülkərim oğlu Əfəndiyev 1926-cı ilin mart ayının 26-da Bakı şəhərində, tanınmış ziyalı ailəsində anadan olub. Onun atası Əbdülkərim Yusif oğlu XX əsrin əvvəllərində Qafqazın qabaqcıl maarif və elm ocağı sayılan Qori müəllimlər seminariyasını bitirib, bir neçə il ərzində doğma yurdu Göyçay bölgəsində müəllimlik etmiş, xalq maarifi sahəsində böyük xidmətlər göstərib. Tarix elminə, Şərq dillərinə daha dərindən yiyələnmək arzusunda olan gənc müəllim tezliklə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olub, bu ali təhsil müəssisəsini uğurla bitirmiş, Azərbaycan Pedaqoji İnstitutunda tarix və coğrafiya elmləri üzrə mühazirələr oxuyub. Ölkəmizin bir çox tanınmış alimləri (akademik Ə.S.Sumbatzadə, tarix elmləri doktoru, professor M.X.Şərifli və b.) vaxtilə Əbdülkərim Yusif oğlunun tələbələri olublar. Əbdülkərim Yusif oğlu 38 yaşında vəfat edib. Atası dünyasını dəyişərkən Oqtay Əfəndiyevin cəmi 8 yaşı vardı. Oqtay Əfəndiyev anası Kübra xanımın, dayısı Rəsul Rzanın böyük qayğısı sayəsində mükəmməl tərbiyə və təhsil alıb, dünyadan erkən köçmüş atasının nəcib əməllərini davam etdirib. Oqtay Əfəndiyevin anası Kübra xanımın Azərbaycanda tibb elminin, səhiyyənin inkişafı prosesində mühüm rolu olub.

O.Ə.Əfəndiyev ilk təhsilini Bakı şəhərində almış, atasının yolunu seçərək 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. Lakin o, burada cəmi bir il təhsil alıb, sonrakı təhsilini Moskva Şərqşünaslıq İnstitutunda davam etdirmiş, bu mötəbər elm ocağındakı təhsilini uğurla başa çatdırıb.

O.Ə.Əfəndiyev hələ tələbə ikən Azərbaycanın zəngin qədim və orta əsrlər tarixinə böyük maraq göstərib, Şərq və Avropa dillərində olan əski qaynaqları diqqətlə öyrənməyə başlayıb. Həyatını elmi fəaliyyətlə bağlamaq istəyi 1951-ci ildə onu Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına gətirdi. Aspiranturaya daxil olmuş O.Ə.Əfəndiyev tezliklə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olundu. Aspiranturada təhsil aldığı müddət ərzində Oqtay Əfəndiyevin başlıca araşdırma obyekti Şərqin (o cümlədən, Azərbaycanın) feodal dövlətlərinin və dövlət birliklərinin təşəkkülü, inkişafı, tənəzzülü və süqutu problemləri ilə bağlı olmuşdur. Səfəvilər dövlətinin (1501-1736-cı illər) tarixi gənc alimin diqqətini daha çox cəlb edirdi. O.Ə.Əfəndiyev müxtəlif dillərdə olan qaynaqlar, ilk dəfə aşkara çıxarılmış nadir əlyazmalar üzərində gərgin axtarışları nəticəsində Vətən tarix elmində Səfəvilər dövləti haqqında ilk monoqrafiyanı yazaraq elmi ictimaiyyətin nəzərinə çatdırdı. O.Əfəndiyevin bu əsəri azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə, milli mənafelərə üzvi bağlılığın gözəl, orijinal nümunəsi idi. Onun həmin əsəri Səfəvilər dövləti tarixinə əski, ənənəvi baxış tərzinin sonunun başlanğıcı hesab oluna bilər. O.Əfəndiyev bu mövzuda olan dissertasiyanı hələ 1955-ci ildə Moskvada böyük uğurla müdafiə etmiş, təkzibolunmaz elmi dəlillərlə, dövrün ilkin qaynaqlarında olan faktlarla "Səfəvilər dövlətinin İrana məxsus olması" haqqında uzun müddət tarix elmində, şərqşünaslıqda hökm sürmüş müddəanın əsassızlığını sübut etmiş, bu dövlətin yaranmasında və inkişafında Azərbaycan türklərinin həlledici rolunu müəyyənləşdirmişdi.

Sabitlik, ardıcıllıq və məqsədyönlülük O.Ə.Əfəndiyevin alim fərdiyyətinin başlıca xüsusiyyətlərindən olmuşdur. Onun ömür yolu, elmi yaradıcılığı, pedaqoji fəaliyyəti Azərbaycanda tarix elminin, şərqşünaslığın inkişaf stixiyası (təbiəti) ilə üzvi şəkildə bağlanmışdı.

O.Əfəndiyev hələ gənc çağlarından Azərbaycan tarixi problemlərinin qoyuluşu tərzində və həlli təcrübəsində özünəqədərki, mövcud fikir və mövqelərə baxmayaraq, köklü dəyişikliklər etmiş, yeni metodoloji prinsiplər hazırlamışdır.

O.Ə.Əfəndiyev namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra taleyini Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamış, bu elm ocağında kiçik elmi işçidən şöbə müdiri vəzifəsinədək ucalmışdı. O, doktorluq dissertasiyasını 1969-cu ildə müdafiə etmiş, Azərbaycan Səfəvilər dövləti tarixinin mühüm problemlərinin daha dərindən araşdırılması faktını ortaya qoymuşdu. Keçən əsrin 70-ci illərindən 2013-cü ilədək Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinə rəhbərlik etmiş O.Ə.Əfəndiyevin milli ruhlu tarixçi kadrların yetişməsində həlledici rolu olmuşdur. Respublikada Azərbaycan tarixinin orta çağlarının tədqiqi ilə məşğul olan alimlərin əksəriyyəti onun xeyirxah münasibətini görmüş, zəngin elmi təcrübəsindən faydalanmışdır.

O.Ə.Əfəndiyev bir neçə monoqrafiyanın, yüzdən artıq elmi məqalənin müəllifidir. O, 1993-cü ildə professor adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

"XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması" O.Ə.Əfəndiyevin ilk monoqrafiyasıdır və 1961-ci ildə rus dilində nəşr olunmuşdur. O, Səfəvilər dövlətinə yeni baxışın başlıca müddəalarını 1981-ci ildə rus dilində nəşr olunmuş "Azərbaycan Səfəvilər dövləti XVI əsrdə" adlı monoqrafiyasında daha geniş surətdə izhar etdi. 1991-ci ilin sonlarına doğru Azərbaycan xalqı yenidən siyasi müstəqillik qazandıqdan sonra ölkədə milli ruhla bağlı olan tarixi əsərlərin doğma dildə nəşri zərurəti yarandı. 1993-cü ildə O.Ə.Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti" monoqrafiyası doğma dilimizdə işıq üzü gördü. Həmin monoqrafiya 2007-ci ildə yenidən, daha böyük tirajla nəşr edildi. Monoqrafiyada tədqiqat obyekti kimi seçilmiş problemin nəzəri əsasları nəzərdən keçirilmiş, XVI əsrin Azərbaycan gerçəkliklərini əks etdirən ilkin qaynaqlar tənqidi surətdə təhlil olunmuş, Azərbaycan Səfəvilər dövlətinin təşəkkülü, onun XVI əsr ərzində inkişafı məsələləri araşdırılmış, dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji mənzərəsi müəyyənləşdirilmiş, Azərbaycan Səfəvilər dövlətinin inzibati-idarə sistemi, dövrün beynəlxalq münasibətlər sisteminin Azərbaycanla bağlı olmuş məqamları diqqət mərkəzində olmuşdur. "Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı etnik konsolidasiyası ilə üzvi şəkildə bağlıdır" müddəası O.Ə.Əfəndiyevin bu monoqrafiyasının aparıcı ideyasıdır.

Tədqiqatçı monoqrafiyanın "Giriş" qismində qeyd edir ki, "bu əsər XVI əsrdə Səfəvilər dövlətinə dair Şərq və Avropa mənbələrinin hərtərəfli tədqiqi, sistemli şəkildə şərh olunması və ümumiləşdirilməsi, göstərilən dövrdə Azərbaycanın siyasi və sosial-iqtisadi həyatının işıqlandırılması istiqamətində ilk cəhddir". Səfəvilər dövlətinin yaranması və inkişafında Azərbaycan türklərinin həlledici rolunun elmi surətdə əsaslandırılması O.Ə.Əfəndiyevin bu tədqiqat əsərinin mühüm məqsədlərindən biri olmuşdur. Azərbaycanın Səfəvi dövrü ilə bağlı olan ilkin qaynaqların ilk dəfə elmi dövriyyəyə daxil olunması monoqrafiyanın diqqəti cəlb edən cəhətlərindəndir.

"Səfəvi sülaləsinin etnik mənşəyinin xüsusi, ətraflı tədqiqat tələb edən, yeni problem olmadığını" qeyd edən müəllif tədqiq etdiyi dövrün ilkin qaynaqlarına, mötəbər və obyektiv, elmi mövqedə olan araşdırıcıların (xüsusilə V.V.Bartoldun və J.P.Petruşevskinin) müddəalarına əsaslanaraq XVI əsrin əvvəlində Azərbaycanın ictimai-iqtisadi, siyasi, mədəni potensialına arxalanmış və yeni dövlət qurmuş sülalənin türk (Azərbaycan) mənşəli olduğunu təsdiqləmişdir. O.Əfəndiyev təkzibolunmaz dəlillərlə sübut etmişdir ki, Səfəvilər dövlətinin təşəkkülü, təkamülü prosesində aparıcı və həlledici rol Azərbaycan türklərinə məxsus olmuşdur.

"Azərbaycan Səfəvilər dövləti" monoqrafiyası oxucuda araşdırma obyekti olmuş dövlətin əzəməti haqqında dolğun təsəvvür yaradır. Bu əsər obyektiv olan həqiqəti bir daha sübut edir: Azərbaycan həmişə türk dünyasında baş vermiş qlobal ictimai-iqtisadi, siyasi, mədəni-mənəvi, dini-ideoloji proseslərin mərkəzində olmuş, Şərqin və Qərbin diqqətindən kənarda qalmamışdır. O.Əfəndiyev ilkin qaynaqlar əsasında sübuta yetirdi ki, XVI yüzillikdə də Azərbaycan xalqı zəngin və ziddiyyətli tarixi prosesin obyekti deyil, subyekti olmuşdur. Nümunəvi azərbaycanlı kimi çıxış edən tədqiqatçı İran və əski Türkiyə tarix elmində Azərbaycanın tarixi dəyərlərini, zəngin keçmişini "ümumtürk mədəniyyəti", "İran, İslam mədəni sistemi" kontekstində "əritməyə" can atan araşdırıcıların qeyri-obyektiv müddəalarını haqlı tənqidə məruz qoymuşdur. Onun fikrincə, Azərbaycan xalqı özəl, çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin əzəmətinə arxalanmalı və şanlı tarixi, böyük mədəni potensialı ilə fəxr etməlidir. Onun bu monoqrafiyasında xeyli "təşəbbüs məqamı" vardır və həmin "məqamlar" onun məktəbini keçmiş bir çox araşdırıcılar (Ş.Fərzəlibəyli, F.Hüseyn, T.Cəfiyev, S.Əhmədov, E.Mirzəyeva, Ş.Məmmədova, X.Qasımov, T.Nəcəfli, R.Ağayev, Ə.Quliyev, N.Musalı, D.Əzimli, N.F.Axundova, N.Məmmədova, M.Ağalarlı və b.) üçün yeni tədqiqat qaynaqları rolunu oynamışdır.

Görkəmli alim Oqtay Əfəndiyev Azərbaycan tarixi ilə az və ya çox dərəcədə bağlı olan bütün qaynaqlara həssaslıqla yanaşmış, bu qaynaqların tərcümə olunması sahəsində xüsusi fəallıq göstərmişdir. Fəzlullah ibn Ruzbihan Xuncinin "Tarixi-aləmarayi Əmini" əsərinin 1987-ci ildə Azərbaycan tədqiqatçılarının, oxucularının ixtiyarına verilməsində O.Ə.Əfəndiyevin böyük rolu olmuşdur. Sultan Yaqub Ağqoyunlunun (1478-1490) hakimiyyəti tarixi üzrə nadir mənbə olan bu əsərdə Şirvanda, Qarabağda, Cənubi Azərbaycanda baş vermiş tarixi hadisələr haqqında mühüm məlumatlar vardır. O.Ə.Əfəndiyev 1988-ci ildə A.Fərzəliyevlə birgə Azərbaycan türkü olan Oruc bəy Bayatın mənbə səciyyəsi daşıyan əsərini ingilis dilindən ruscaya çevirib, onu kitab şəklində elmi ictimaiyyətə təqdim edib. O, N.S.Musalı ilə birgə İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi Abbasi" ("Abbasın dünyanı bəzəyən tarixi") əsərinin I cildinin tərcümə və nəşrini gerçəkləşdirib.

(Ardı var)

Xeyirbəy QASIMOV
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru

 





07.06.2016    çap et  çap et