525.Az

"Peyğəmbərlər" - yeni nəsil üçün mənəvi tərbiyə qaynağı


 

"Peyğəmbərlər" - yeni nəsil üçün mənəvi tərbiyə qaynağı<b style="color:red"></b>

Bugünlərdə gənc yazar Çinarə Köçəriyevanın  "Peyğəmbərlər" kitabı işıq üzü görüb.

"Şərq-Qərb" mətbəəsində çapdan çıxan kitabda peyğəmbərlərlə bağlı ibrətamiz hadisələr aydın bir üslubda hekayə şəklində təqdim edilib. Hekayələr peyğəmbərlərin yaşadığı dövrə və qarşılaşdıqları hadisələrə əsasən xronoloji ardıcıllıqla düzülüb. 

Kitabda xüsusi peşəkarlıqla çəkilmiş rəsmlər nəql olunan hadisələri daha yaxşı dərk etməyə, peyğəmbərlərin həyatının  dolğun təsəvvürünə imkan yaradır. Peyğəmbərlərin həyatını özündə əks etdirən şeirlər isə hekayələri tamamlayır. Hadisələrin yaddaşda daha yaxşı möhkəmlənməsi üçün krossvord və tapmacalardan istifadə edilib. Balalarımızın söz xəzinəsini artırmaq üçün kitabın sonunda təqdim edilən lüğət də çox faydalıdır. Kitab yazılarkən Qurani-Kərimdə yer alan peyğəmbərlərlə bağlı rəvayətlər mənbə olaraq götürülüb.

Peyğəmbərlərin həyatını hekayə və şeirlərdə rəngli illüstrasiyalarla öyrədən bu kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  təqdim etdiyi xüsusi holoqramla çap olunub.

Balacalar kitabı oxuyarkən İbrahim peyğəmbərdən inamı, Əyyub peyğəmbərdən səbri, Süleyman peyğəmbərdən təvazökarlığı, Musa peyğəmbərdən əzmkarlığı, İsa peyğəmbərdən imanı öyrənə bilərlər.

Bugünkü kitab bolluğunda Çinarə Köçəriyevanın bu kitabının faydası mənəvi tərbiyədir. Onun yazdığı kitablardakı hekayələr nikbinlik və həyat sevgisi ilə doludur. Gənc yazarın kitabında gəncliyi haqqa və ədalətə çağırış missiyası ümdə yer tutur. Qeyd edək ki, "Peyğəmbərlər" Ç.Köçəriyevanın  uşaqlar üçün yazdığı dördüncü kitabıdır. Bundan öncə də gənc yazarın iman, dini motivlər əsasında müqəddəs kitablara, islam tarixinə istinadən qələmə aldığı kitabları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Bu səbəbdən də onun kitabları bir neçə dəfə yüksək tirajla nəşr edilib.

Uşaqlar üçün ədəbi əsərlərin yaradılması sahəsində durğunluğun müşahidə olunduğunu nəzərə alsaq, gənc yazarın bu uğuru diqqətəlayiqdir.

CƏMİLƏ

 





08.06.2016    çap et  çap et