525.Az

Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının əsası qoyuldu


 

HOKKAYDO UNİVERSİTETİNİN DOKTORANTI ƏLİBƏY MƏMMƏDOV QURUMA PREZİDENT SEÇİLDİ

Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının əsası qoyuldu<b style="color:red"></b>

İyunun 16-da Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının yaradılması haqqında rəsmi bəyanat verilib.

İdeya müəllifi, Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti Əlibəy Məmmədov quruma sədr seçilib.

Həmvətənimiz bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, iki ölkənin şəhərləri, xüsusilə Naxçıvan və Miyakojima arasında qardaşlaşmaq istiqamətində atılmış inamlı addımlar, qarşılıqlı səfərlər, insan mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir.

Ə.Məmmədov qeyd edib ki, Yaponiya-Azərbaycan arasında olan potensial inkişafa dəstək vermək məqsədilə Azərbaycanın diaspora təşkilatının yaradılmasının vacibliyi yaponiyalı biznesmen və elm adamları ilə görüşlərdə dəfələrlə vurğulanıb, müzakirə mövzusuna çevrilib.

Assosiasiyanın prezidenti bildirib ki, diaspora təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycan adını tanıtmaq və onun haqqında müsbət rəy yaratmaqdan ibarətdi. O qeyd edib ki, Azərbaycanı tanıyan yaponlar ölkəmizə böyük rəğbət bəsləyirlər: “Amma Azərbaycanı tanımayan yaponların sayı olduqca çoxdur. Onlara Azərbaycanla bağlı məlumat verdikdə, mədəniyyətimiz, tariximiz, insanlarımız haqqında söhbət açdıqda, əksəriyyət heç olmasa bir dəfə səfər etmək istədiyini və azərbaycanlı dostlarının olmasını, Azərbaycan mətbəxinin dadına baxmaq istədiklərini, muğamı dinləmək istədiklərini, ölkəmizlə bağlı mədəniyyət gecələrinin təşkilini arzu etdiklərini ifadə edirlər”.

Qeyd edək ki, Yaponiyada Azərbaycanın diaspora təşkilatının yaradılmasında ölkəmizdə dəfələrlə səfərdə olmuş yaponiyalı biznesmenlər İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto,Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digərləri yaxından iştirak ediblər.

Ceyhun ABASOV

 





18.06.2016    çap et  çap et