525.Az

Əsrə bərabər 54 gün


 

Əsrə bərabər 54 gün<b style="color:red"></b>

(Əli Əliyevin “Əlli dörd gün mühasirədə” adlı kitabı haqqında)

Onu 2004-cü ildən tanıyıram. Bir yerdə işlədiyimiz vaxtlarda isə daha yaxından tanıdım. Nə qədər bacarıqlı və qabiliyyətli olduğunun şahidi oldum.   Doğulub boya-başa çatdığım Quzanlı kəndi ilə qohumluq əlaqəsini biləndə isə İmdad Əlizadəyə olan münasibətim, sözün doğrusu, yaxşı mənada bir xeyli dəyişdi...

Bu günlərdə öyrəndim ki, Oğuldərənin tanınmış ziyalıları olmuş Müseyib və Zülfüqar İlyasov qardaşlarına  Şuşa seminariyasında ana dili  fənini əslən Quzanlı kəndindən olan, Üzeyir Hacıbəyovun da müəllimi olmuş Molla Mehdi Məşədi İsgəndər oğlu tədris etmişdi...

On ilə yaxın bir müddətdə tanısam da, özünün və ailəsinin  Birinci Qarabağ  müharibəsi illərində bu qədər  əzab-əziyyət  çəkməsindən, atasının mühasirədə qalmasından xəbərsiz idim. Müəllifi tanınmış  jurnalist Vəsilə Vahidqızı olan eyni adlı sənədli filmin təqdimatında iştirak etməsəydim,  yəqin ki, atasının  “komandir”  seçildiyi  19 nəfərilk heyyətlə 54 gün erməni  mühasirəsində qalması barədə məlumatım olmayacaqdı...

Bu günlərdə isə vaxt tapıb atası Əli müəllimin  müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində”  kitabını oxudum...  

54 gün mühasirədə qalmaq  bu gün ola bilər bir çox adamlara,  xüsusəndə gənclərimizə qəribə gələ bilər. Bir gündə  üç dəfə dağ aşaraq doğma kəndi Oğuldərəyə gəlmək üçün insanda torpağına, Vətəninə sevgi hissi və ürəyində təpər olmalıdı. Müəllif çox ustalıqla özüdə daxil on doqquz nəfərin başına  əlli dörd gün ərzində gələn müsibətləri, onların torpağa olan sevigisini bədii dildə verə bilib. Hər cümləsində Moskvada və Bakıda aldığı təhsilin hədər yerə getmədiyinin şahidi olursan.

Müəllif  Əli Əliyev bəy nəslindən olan qohumu Kərim bəyin və öz mənzilində tənha qalmış qoca qarının Vətən sevgisini, Murov dağın, habelə Oğuldərənin ətrafında olan dağlardakı təbiət mənzərəsini peşəkar qələm sahibi kimi göstərir. Xatirələrdə həmin dövrün siyasi mənzərəsi də yer alır...

Əhalinin evlərinin dolu vəziyyətdə qoyub  erməni silahlılarından canını qurtarması  ilə bağlı səhnələri həyəcansız oxumaq olmur. Birinci dəfə üçaylıq didərgin düşmüş əhalinin xeyli hissəsinin doğma kəndlərinə qayıtmaları, ev itlərinin belə sahiblərini tapması, bu itlərini öz sahiblərinə sədaqət hissini göstərmələri isə real faktlara söykənir. Diqqətimi çəkən məqamlardan bir də sahibini görən itin səhəri günü sevincindən ürəyi partlaması idi...

Çox gözəl bədii üslublardan istifadə edən müəllif bütün məqamları ardıcılıqla verməyi də unutmur.  Müəllifin ən böyük uğuru isə onun ən çətin məqamlarda belə ümidinin itirməməsidi. Bütün atılan addımlara  BÖYÜK ALLAHA sığınan müəllif və onun 19 nəfərlik komandası sonucda sağ-salamat  mühasirəni yarıb çıxırlar...

Bu kitabda danışılanlar mənə yad deyil. Mən də o köçkünlük həyatının , döyüşlərin, itkilərin  nə demək olduğunu  yaxşı bilirəm...

Belə bir kitabı ərsəyə gətirdiyinə görə müəllifə yalnız təşəkkürlər düşür...

Biz iyirmi ilimizi Qarabağsız  yaşadıq.  Bundan sonra nə qədər yaşayacağıq bilmirəm. Amma o doğma yurdumuzun hər qarışının, hər metrinin gözəlliyini indiki böyüməkdə olan nəslllərə çatdırmalıyıq, təbliğ etməliyik...

Ölkəmizə milyardlarla manat ziyan dəyib, həm maddi, həm də mənəvi. Yeraltı və yerüstü sərvətlərimiz talan edilib. Minlərlə soydaşımız döyüşlərdə həlak olub. Yüz minlərlə həmvətənimiz doğma yurd yuvalarından didərgin düşüb. Gəlin razılaşaq ki, ətrafında dostdan çox düşməni olan bir xalq üçün bunlar təbii prosesdi  və itkilərin bərpa olunması realdır. Amma ən böyük itkimiz məncə Azərbaycan mədəniyyətinin əsas istinadlarından olan Qarabağ ənənələrinin qırılmasıdır. Böyüklərə hörmətdən başlamış, adi ləhcəyədək olan məqamlar artıq deformasiyaya uğramaqdadır...

Gənclərimiz üçün dəyərli bir vasitə olan kitabın sonunda müəllif tərəfindən mühasirədən çıxmış on doqquz nəfərin taleyi barədə məlumat daxil edilib. Dörd nəfərdən başqa mühasirədə olmuş on beş nəfər laçınlı  ölkəmizin on beş  yerinə pənah aparıb. Bax əsil faciə budur. Əsrlər boyu formalaşmış xarakter, münasibət, hətta ləhcə artıq dəyişməkdədir...

Hörmətli millət vəkilimiz Qənirə xanım Paşayevanın dəstəyi ilə işıq üzü görən kitab əsasında yaxın illərdə samballı  ssenarilərin yazılacağı və filmlərin çəkiləcəyi gün yəqin uzaqda deyil...

Bu gün Bakımızın az qala  hər küçəsinə beş dəfəyədək asfalt saldığımız,  iki dəfə işıq dirəklərini dəyişdiyimiz  halda Qarabağ yolları asfaltsız və işıqsız qalıb. “QARABAĞ” adlı mənəvi dəyərimizi itirməmək üçün ilk növbədə maddi və mənəvi saflığımıza aparan yolların “abadlaşdırılmasına” başlamalıyıq...

Müəllif qarışıq, bütün LAÇINLILAR, QARABAĞLILAR və BÜTÜN AZƏRBAYCANLIAR bu günü  səbrsizliklə gözləyir.

 





22.02.2013    çap et  çap et