525.Az

Budapeştdə Azərbaycan rəssamlarının sərgisi


 

Budapeştdə Azərbaycan rəssamlarının sərgisi<b style="color:red"></b>

İyunun 20-dən Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

Budapeştin mərkəzindəki “Helia” otelinin foyesində təşkil olunan sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə təşkil edilən sərgi  “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” adlı layihə çərçivəsində reallaşdırılır.

Sərginin rəsmi təqdimat mərasimində çıxış edən səfir Vilayət Quliyev belə mədəniyyət tədbirlərinin iki xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib, gənc rəssamlarımızın əsərlərinin Avropanın mədəniyyət paytaxtlarından biri olan Budapeştdə keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb.

Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva nümayiş olunan rəsmlərin məziyyətlərindən danışıb, “Qarabağ atları”, “Xudafərin körpüsü” kimi əsərlər haqqında, eləcə də Nizaminin, Natəvanın və Üzeyir Hacıbəylinin portretləri və şəxsiyyətləri haqqında söhbət açaraq bu adların bu günkü Azərbaycan üçün nə demək olduğu barədə ətraflı məlumat verib. 

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin məramı haqqında söhbət açaraq, qonaqları Azərbaycan mədəniyyəti və incəsənəti ilə, eləcə də sərgidə təqdim olunan kitab və broşürlar vasitəsi ilə bütövlükdə ölkəmizlə yaxından tanış olmağa çağırıb.

Gənc rəssam Şəhla Qəhrəmanlı, eləcə də gənc rəssam Nərminə Vəliyevanın anası Yeganə Vəliyeva çıxış edərək qonaqları salamlayıblar.

Sonda Macarıstanda təhsil alan soydaşımız Əziz Əbilzadə gitaranın müşaiyəti ilə “Sarı gəlin”i və bir neçə vətənəpvərlik mahnısını ifa edib.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun müxtəlif Avropa dillərində nəşr etdirdiyi kitablarla, o cümlədən tariximiz, mədəniyyətimiz və musiqimiz barədə, eləcə də Xocalı faciəsi ilə bağlı kitab və foto-albomlarla maraqla tanış olublar.

Sərginin rəsmi təqdimat mərasimində Türkiyə Cumhuriyyətinin Macarıstandakı böyük elçisi Şakir Fakılı, habelə ABŞ-ın və Pakistanın Macarıstandakı səfirliyinin əməkdaşları, Budapeştdə yaşayan soydaşlarımız, bu ölkənin incəsənət xadimləri və sadə vətəndaşları iştirak edib.

Tədbir iştirakçılarına Bakıdan aparılan milli şirniyyat nümunələrimiz də təqdim olunub.

Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə belə mədəniyyət tədbirlərini bundan əvvəl Vaşinqton, Melburn, Roma, Berlin və Lüksemburq kimi şəhərlərdə də təşkil edib.

Cavid QƏDİR

 





23.06.2016    çap et  çap et