Almaniyada quşla, heyvanla bağlantılı isimlər çoxdur. Məsələn, Kölnün ən böyük və qədim küçələrindən birinin ismi Vogelsangdır.Yəni oxuyan quş...Yenə Berlində Məhəmməd Əsəd Bəyin qaldığı evin küçəsinin ismi də Fassanenstrassedir. Yəni Sülün küçəsi. Orada əvvəllər bəzəkli və rəngli, quyruqlu, nazlı sülünlərin yaşadığı bilinməz. Amma mən oraya hər gedişimdə xəyalımda sülünləri də o küçədə gəzdirirdim.
Bakıda ən çox getdiyim yerlərdən birisi də Bülbül küçəsiydi. Bizim oraların bülbülünü, kəkliyini atam mənə uşaqlığımda tanıtmışdı. Atam tez – tez ova çıxar, kəklik ovlardı, amma bülbülə əsla toxunmazdı. “Onlar quşların şərqi söyləyənləridir,” – deyərdi. Sonra da məşhur bülbül şərqisindən də bir nəqarət oxuyardı mənə:
Ötmə, bülbül, ötmə, şən deyil bağım
Dost sənin dərdindən mən yana – yana...
Necə də yanıq səsliydi atam! Səsi də, özü də, bülbülləri də çəkib getdilər bu vəfasız dünyadan!
Nə isə, mənim Bakıda sıx – sıx getdiyim Bülbül küçəsinin bizim bülbüllərlə əlaqəsi olmadığını bilirdim. Orası Azərbaycanın ünlü sənətçisi Bülbül adına verilmiş bir küçədir. Nə zaman oraya getsəm dilimə Qul Himmətin bu sətirləri gəlirdi:
Sıratı, mizanı bunda geçmişler,
Varlık, benlik kafasını yıkmışlar
Al giymişler, yas donundan çıkmışlar
Gece kadir, gündüz bayram günleri.
Niyə Qul Himmət, niyə varlıq, mənlik, onu da yazacağam. O küçədə Prof.Dr. Səlahəddin Xəlilovun heç yoxdan yaratdığı “Fəlsəfə Dünyası” vardı və mən nə zaman Səlahəddin bəyin yumşaq, dəvətedici səsini duysam, tez hazırlanır və oraya qaçardım.
Orada kimləri tanımadım ki... Duyğulu və kamil insan Cahangir Məmmədlini, Aida Qasımovanı, Könül Bünyadzadəni , Əbülfəz Süleymanlını, Eltac Yüzbaşovu, borçalıların önəmli isimlərindən Asif Ozan Barsellini, Asif Rüstəmlini və oranın vasitəsiylə “Kitabi Dədə Qorqud”umuzun və neçə belə türk dünyasının baş tacı əsərlərini dilimizə tərcümə edərək yorumlayan, çalışqan alim Prof. Dr.Ramiz Əsgəri...
Onlarla söhbət Azərbaycanla söhbət, türk dünyası ilə söhbət deməkdi...Hələ Cahangir Məmmədlinin “525 – ci qəzet”də rəhmətlik həyat yoldaşına yönəlik eşqini, həsrətini , yəni 63 qızıl gülün hekayəsini oxuduqdan sonra ora ilə könül bağım daha da artdı. Çünki bu torpaqların vəfasını, yox olmaz eşqini, insana olan həsrətini yazan Cahangir Məmmədli kimiləri kamilləşdirən, dilə gətirən önəmli mövzular vardı orada.
”Fəlsəfə Dünyası”na getmək sadəcə söhbət demək deyildi əlbəttə. Divarlardakı rəflərdə düzülən bir – birindən maraqlı kitablar və oraya gələnlərin mistik duruşları insanı istər – istəməz fəlsəfəyə, hikmətə, irfana, varlığa, yoxluğa, mənliyə yönəlik sualların içinə atardı. O an ağlınıza niyə var olduğunuz sualı və ya həyatınızın nələrdən ibarət olduğu mövzusu gəlirdi. Bu sualları da Səlahəddin müəllim də deşdikcə deşərdi. Müəllimin Bakıdakı türk dünyası filosofları toplantısında ortaya atdığı bir sual hələ də yadımdan çıxmır. Orada bir türk elm adamının əxlaqı insanın toplumdan aldığını söyləməsi üzərinə Səlahəddin müəllim maraqlı bir sual atmışdı ortaya...O, əxlaq cəmiyyətdə yoxsa haradan almalı? Hər kəs bir cavab vermişdi, amma heç cür gerçək cavab tapılmamışdı. Fəlsəfənin özü bir az da həyatı anlamaq üçün min bir cavablar ortaya çıxaran suallar deyilmi?
Bir dəfə də “Fəlsəfə Dünyası”na gələn Prof.Dr. Aida Qasımova insan taleyi ilə maraqlı bir sual vermişdi. Səlahəddin müəllim bu suala Əbu Turxan fəlsəfəsindən sadəcə bir sözlə cavab vermişdi: ”Bəzən biz yolu seçərik, bəzən də yol bizi...”
İnsanların çoxu nə seçdikləri yoldan məmnundurlar, nə də onlar üçün seçilən yoldan...Elə hey bir gəl-get hadisəsi hamımızın beynini gəmirib durur. Günahkar bizikmi, yoxsa bizi günaha itələyənlərmi? Bunlar insanı yoran suallar. Amma nə qədər yorulsaq da “mənlik” sualının ətrafında dönüb durmuşuq.
Qərb fəlsəfəsində də “mənlik” məsələsi davamlı mübahisəli bir mövzu olmuşdur. Onlara görə bu mövzu, yəni “mənlik” (Self) mövzusu fəlsəfənin ən naməlum qavramlarından biriydi. Sadəcə Descartes o məşhur sözüylə, (‘cogito, ergo sum : “Düşünürəm, deməli varam.”) mənliyə bir don geyindirməyə çalışmış və mənliyin düşünən, yalın və ölümsüz bir ruh olduğunu, bunun da hisslərlə qavrana biləcəyini irəli sürmüşdü.
Halbuki İslam təfəkküründə “mənlik” məsələsi iki anlamda ələ alınmışdır. Biri, nəfsi – əmmarə deyilən və davamlı mücadilə edilməsi lazım olan anlamıyla, o biri isə insanı var edən anlamıyla bilinmişdir. İnsanı var edən mənliyin qaynağı isə eşqə bağlanmışdı. İnsan aşiq olunca həm var olduğunu hiss edər, həm də eşqdə yox olardı.
Bu cür sualların verildiyi yer olan “Fəlsəfə Dünyası”nda Səlahəddin müəllim tam girişdə oturur, arxasını yaxşıca kresloya dayayar, gözlərini qıyar və bir mövzu haqqında qısa bir cümlə və ya bir kəlmə söylərdi. Məsələn, gözəllik, məsələn, mənəviyyat, məsələn, müdriklik... Müəllim ilə birlikdə bütün gün müxtəlif mövzularda fikir alış – verişində olan şərqşünas Prof.Dr Könül Bünyadzadə eynəyinin arxasından mənalı baxışlarla ortaya atılan bir sözə həm Qərbdən, həm də Şərqdən tutarlı cavablar verməyə çalışırdı.
Bir gün Şah İsmayıl Səlahəddin Əyyubidən bəhs edərkən onların milli kimlikləri haqqında ortaya atılan sözləri xatırlatmış və 1160 – cı illərdə Əbu Munkız adlı ərəb bir yazar tərəfindən yazılmış “İbrətlər Kitabı”ndan bəhs etmişdim. Ertəsi gün Könül Bünyadzadə o kitabın orijinalından anlatdığım məsələləri oxuduğunu söyləmişdi. Elm adamı olmaq budur əslində! Zəhmət çəkən, araşdıran, yorumlayan... Bəlkə də Səlahəddin müəllim bir az da bu “elm” ortaya çıxsın deyə belə bir yer açmışdı. Ora müraciət yeri olsun, insanlar çəkinmədən oraya gəlib fikirlərini söyləsinlər və ya suallarını versinlər... İçimizdə belə düşünən və bu cür zəhmətlərə girən neçə insan vardır əcaba?
Bülbül küçəsindən indi kimlər keçər, orada sadəcə sənətkar Bülbülü deyil, atamın mənə tanıtdığı bülbülü kimlər anar və türküsünü söylər, bilmirəm. Mən indi bu sətirləri bir qış günü, minlərcə kilometr uzaqda – Almaniyada yazarkən o küçədən yüzlərcə insan keçməkdədir. Amma görəsən neçəsi dönüb oralarda bir yerlərdə olan “Fəlsəfə Dünyası”na baxır? Bir də görəsən o evdən içəri girərək ikinci mərtəbəyə çıxıb o kitabların arasında oturan Səlahəddin müəllimə kim, hansı sualı verməkdədir? Mən nə qədər orada olmasam da və həyatda hər sualın da cavabının olmadığını bilsəm də, suallara veriləcək daha çox cavablar vardır deyə düşünməkdəyəm.