525.Az

“Rənglərin səyahəti: Bakı-Budapeşt” layihəsinə yekun vurulub


 

“Rənglərin səyahəti: Bakı-Budapeşt” layihəsinə yekun vurulub<b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” layihəsinin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, İctimai Birliyin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva tədbirdə çıxış edərək layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

O qeyd edib ki, iyunun 20-dən 26-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd Budapeşt ictimaiyyətini Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, memarlq abidələri, təbiət gözəllikləri ilə daha yaxından tanış etmək, Dağlıq Qarabağ həqiqətlərindən söz açmaq, ermənilərin işğalı nəticəsində baş verən faciələr barədə məlumat vermək olub.

Ona görə də sərgi ilə yanaşı qonaqlara Heydər Əliyev Fondunun müxtəlif Avropa dillərində nəşr etdirdiyi kitablar, o cümlədən, tariximiz, mədəniyyətimiz və musiqimiz barədə, eləcə də Xocalı faciəsi ilə bağlı kitab və foto-albomlar, Azərbaycan musiqisi yazılmış disklər təqdim edilib.

Budapeştin mərkəzində yerləşən “Helia” otelinin foyesində təşkil edilən sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunub.

Şəhla Nağıyeva məlumat verib ki, sərginin rəsmi təqdimat mərasimində Azərbaycanın və Türkiyənin səfirləri, ABŞ və Pakistan səfirliklərinin nümayəndələri, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, incəsənət xadimləri, iş adamları, sadə Budapeşt sakinləri iştirak edib.

Əsərləri sərgidə nümayiş olunan rəssamlar Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlı tədbirdə çıxış edərək belə mədəniyyət tədbirlərinə dəstək olduğu üçün Azərbaycan dövlətinə minnətdarlıq ediblər.

Macarıstanda təhsil alan soydaşımız Əziz Əbilzadə gitaranın müşaiyəti ilə Budapeştdə ifa etdiyi mahnıları təkrar ifa etməklə təqdimat mərasiminə xüsusi rəng qatıb.

Layihənin yekunları barədə ətraflı məlumat verildikdən sonra Budapeştdə keçirilən sərgi barədə filmdən fraqmentlər, habelə tədbirdən Macarıstanın “M1” televiziyasının xəbərlər proqramında nümayiş olunan süjet göstərilib.

Cavid QƏDİR

 





05.07.2016    çap et  çap et