525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)
 

(Əvvəli ötən şənbə sayımızda) 

Lənkəranda olan əhvalat 

Lənkəran şəhərində xərabə və paymal olmuyan bir ev mövcud degil. Lənkəranın vəziyyətini mülahizə edən insanın ürəgi ya gərək erməni ürəgi və ya xaxol ürəgi, yainki gərək daş olsun. Şəhərin özündə bilmərrə xərabə olub əsər qalmayan ev yoxdur. Biçarə Yusif bəy Bayraməlibəyov ki məktəbi-ibtida ali müəllimidir. “Müsavat” firqəsinə mənsub olmaq cəhətinə evi xərabə və cəmi malı paymal və qarət edilib, əhli-əyalı, uşaqları onun-bunun qapılarında kəndlərdə səfil-sərkərdan, ac-yalavac dolanır. Dəfəhlərlə istəyib şəhərə gəlsin onun üçün mümkün degildir.

Şəhərimizin ulu zənginlərindən Əskər xan Talışinski kimi şəxs İran guşələrində qalıb öldü. Evi və həyəti və imarətləri tamamən qarət olub, hətta evin pəncərələri, qapıları, pol və təmasası da bilmərrə yanıb kül oldu. Buna da iktifa etməyib əvvəllərdə ermənilər, sonra da xaxollar o gözəl imarətləri at və heyvan yatağı qərar verdilər. Habelə İsa bəy Əlibəyovun da evi bilmərrə zirüzəbər. Əgər bu təriqə ilə adbaad Lənkəran şəhərinin xərabələrini siyahı eləsəm lazımdır ki, hamı əhalinin adlarını bir-bir zikr edəm. Lənkəran deməli ikinci Şirvandır. Amma bu qədər deyə bilərəm ki, qələdə Tuğra xanımın imarətindən başqa cəmi erməni, rus, yəhudi evləri abad və avadanlıqları səlamətdir. Lənkəranda məşhur Əkbərovların cəmi mülk, evləri xərabə və yainki erməni və xaxol mənzilidir. Qələdə soldat mənzili, yəni əskərə lazım olan mənzillər mövcud ola-ola genə də şəhərin içində Əkbərovların öz arvad-uşağına məxsus olan xaxollar əgləşib bu qışın şiddət vəqtində onların əhlü-əyalları bunun-onun qapısındadırlar.

Şəhərimizin fəqir-yetim və dul arvadları əlsiz-ayaqsızların xəzinəsi və söykənəgi və pənahgahı olan Abdullayevlər, Kərimovlar, Kazımovlar, Ağayevlər, Nəsirovlar, Qurbanovlar, Daşdəmirovlar bilmərrə talan və qarət olub fəlakət və üsrətlə qürbətdə, kəndlərdə gün keçirirlər. Lənkəranın füqəra və məsakin və əlsiz-ayaqsızlarının da cangüdaz və cigər yandıran olan aclıqda, susuzluqda ah və oylası şəhərin fəlakətdə olan tüccar və əyan və əşrəfi üçün daha bir artıq cigər parçalayan müsibətdir. Şəhərin xaxol hökuməti gündə bir bəhanə gətirib şəhərin zənginlərini cürbəcür əziyyət və möhnətlərlə incidib qismbəqism vergilər adlandıraraq növbənöv xərclər alıyorlar.

Xaxollar buna da iktifa etməyib gecələr hər bir şəxs ki qədimdə varlı idi, onun evinə gedib təhdid və təxriflərlə hər şey istiyorlar. Olmazın bəlaları ev sahibinin başına gətirirlər, hətta namuslara təcavüz edirlər.

Xaxollar əvvəl özlərini Muğan əski respublika adı ilə adlandırıb sonra bilmirəm hansı tək səbr gəlibsə Muğan əksi respublikasını məsləhət görməyib özlərini Rusiya hissəsi sayıb Ufa hökumətinə tabe edirlər. Xaxollar aşkar diyorlar ki, biz Azərbaycan hökumətini bilmək istəmiyoruz və ingilisi də tanımıyoruz.

Keçən həftə Muğan xaxolları şura əzası və hökumət əzası düzəltmək üçün syezd tərtib vermişdilər. Bu ünvan ilə ki: 5 min 5 yüz nəfər müsəlman bir nəfər nümayəndə və hər əlli nəfər xaxol da bir nəfər nümayəndə təyin edib 120 ədəd üzv dürüst olandan sonra hökumət təşkil etsinlər.

Bu hökumətlə bərabər yanvarın 4-cü gecəsi xaxollar Məhəmməd Ağa qəssabın evinə tökülüb Məhəmməd Ağanın gəlinini iki nəfər balaca uşaqlarilə bərabər qoyun kibi başlarını kəsib evlərində olan nəqdiyyə 10 min manatdan başqa lazım olan şeylərin də qarət ediblər. Genə haman gecə Dərigli Məşhədi İsmayıl uşaqlarının evlərini də bittəmam oğurlayıblar. Lakin bura şəhərin bir miqdar içərisi olduğu üçün adam öldürməgə fürsət tapmamışlardır. Lənkəranın hadisatı saya gəlməz. Səlyan sərhəddindən tutmuş Xaxol təkləsindən 100-cü başından tutmuş Prim Biləcən ki, iki böyük pristav mahalı biri Sepidaşt, birisi də Əzgüvan uçastkasıdır. Nə qədər müsəlman kəndləri var isə bittəmam xərabəzar evlər və köylər hamı yanıb və yerlərinə də xaxollar malik olub əkiblər. Məgər Qızıl Ağac kəndi ki, həqiqətdə Qızıl Ağac cəmaəti namuslu cəmaət olduğu üçün xaxollar da əlbir olub sair müsəlmanları qətl və qarət etməkdən xaxollarla bərabər heç bir zərrə qədəri olsa da müzayiqə etməyiblər. (Səslər: eyb olsun).

Axundzadənin nitqindən sonra sorğu səsə qoyularaq qəbul ediliyor. 

Ermənilərin qətli məsələsi 

Bədə sosialistlər tərəfindən idxal edilmiş zeyldəki sorğu oxunuyor:

Azərbaycan Məclisi-Məbusan rəisi cənablarına

Hökumət naminə Sosialistlər fraksiyonu tərəfindən işbu sorğuyu (istizah) Məclisi-Məbusanın əvəlinci cələsəsində qoymanızı rica ediyorum:

“Qəzetələrdə dərc olunan xəbərlərə görə Azərbaycan dəmiryolu Hacıqabul stasyonunda vaqondan Sarkizyan namində bir erməni əskərlər tərəfindən çıxarılmış və nərəyə göndərildigi məlum degildir. Həqiqətdə böylə bir hadisənin vaqe olduğu hökumətə məlumdurmu və əgər məlum isə böylə təhəmmül olunmaz hadisələrin bir daha təkrar etməməsi və günahkarların qəti tənbehi üçün nə yolda tədbirlər görmüşdür”.

Sosialist fraksiyonu katibi: Abbas Atamalıyev 

Əhməd Cövdət - Sosialistlər fraksiyonu tərəfindən sorğuyu müdafiə edərək çox hərarətli bir nitq söyləyərək böylə hərəkətlər sağdan hücum edən bolşeviklərin vətəni Azərbaycanı, Azərbaycan istiqlalını baltalayan qaragüruhların əməli olduğunu qeydlə cəhan mühakiməsindən böylə əməllərin ancaq 3-5 müqəssirlərə degil, bütün millət öhdəsinə atılacağını, millət hesabına yazılacağını, millətimiz, hökumətimiz və istiqlalımızı qaralayacağını, ləkədar edəcəgini qeydlə soldan gələn qırmızı bolşevik kibi sağdakı bolşeviklərlə də mübarizə edilməsini tələb ediyor. Diyor ki:

Azərbaycan məmləkətində millətlər arasına nifaq salan bu cür hərəkətlərə yer verilməz. Millətlər münasibatı gərgin olan böylə bir zamanda erməninin vaqondan çıxarılmasına laqeyd baxmaq olmaz. Hökumətimiz böylə hərəkətlər müqabilinə qəti tədbirlər görüb müqəssirlərə şiddətli cəzalar verməlidir.

Fətəli Xan Xoyski - Sorğuya Rəisi-Vükəla Fətəli Xan Xoyski həzrətləri cavab verərək bəyan ediyorlar ki, guya Sərkisyan nam bir şəxsin vaqondan çıxarılıb aparılması həqqində verilən bəyanat əsassızdır. Qəzetələr yazıyordular ki, guya Sərkisyanın aparılmasında Azərbaycan əskərləri də iştirak etmişlərdir. Bu xəbəri eşitcək bən Hacıqabulda duran əskərlərimizin komandanına teleqraf çəkərək istizah etdim. Cavab aldım ki, əskərlər tərəfindən heç vəqt böylə iş görülməmişdir. Hətta Hacıqabulda böylə iş olduğu ona məlum degildir. Sonra bizə xəbər verdilər ki, Sərkisyan adlı bir erməni zabiti raqi aparırmış. Özünü də, malını da vaqondan düşürmüşlər, protokol yazıb raqiyi saxlamışlar, Sərkisyan isə o biri qatar ilə yola düşmüşdür. Son zamanlar bəzi bədxahlar hökuməti ləkələməgə çalışdıqlarından bən bu işə ciddən baxdım. Qəzetələrdə bir xəbər də var idi ki, Hacıqabulda 13 erməniyi vaqondan çıxarıb güllələmişlər. Ancaq Qriqoryan adlı birisi qaçıb qurtarmışdır. Və Qriqoryan haman güllələyən adamları tanıyormuş. General Tomson da bunu bənə yazmışdı. Dərhal daxiliyyə naziri, qubernatoru, erməni Milli Şurası nümayəndəsi və haman Qriqoryan ilə bərabər təhqiqat üçün Hacıqabula göndərdi. Orada bütün əskərləri, zabitləri və sair şəxsləri Qriqoryana göstərmişlər, amma qatil dedigi adamları tanıya bilməmişdir. Bununla bərabər qubernator təhqiqat icra edib bütün dəmiryol qulluqçularını, xüsusən müsəlman olmayanları danışdırmışdır. Məlum olmuşdur ki, bu şayiə qətiyyən yalan imiş. Hacıqabulda böylə bir şey olsaydı əmin olunuz ki, qatilləri tapıb cəzalandırardıq. Bu xəbərləri bədxahlar Azərbaycan hökumətini ləkələndirmək üçün buraxırlar. Hökumətimiz bütün caniləri təqib ediyor və hökumət nəzərində hamı millət, hamı Azərbaycan vətəndaşı bərabərdir.

Rəisi-Vükəlanın nitqindən sonra sosialistlər tərəfindən verilmiş zeyldəki formula oxunuyor.

Sosialistlər fraksiyonu tərəfindən hökumətə Hacıqabul stasyonunda Sərkisyan adlı şəxsin vaqondan çıxarılması həqqində hökumətə verdigi sorğu xüsusunda hökumət rəisinin verdigi bəyanatı dinlənilib və hökumətin gördügü tədbirləri təqdir edib növbədəki məsələlərin müzakirəsinə keçiyor.

“Azərbaycan”, 13 yanvar 1919, № 86 

Zəhir - köməkçi, arxa
Üsrət - çətinlik, sıxıntı
Şəqi - quldur, yolkəsən
Təsəllüt - çox incitmə
Zərüzəbər - alt-üst, darmadağın
Məsakin - miskinlər, yazıqlar
Əcza - hissələri 

Azərbaycan Məclisi-Məbusanında “Əhrar” fraksiyası bəyannaməsi 

Fraksiyanın üzvü Abdulla bəy Əfəndizadə oxuyur:

1914-cü sənədə alovlanmış və get-gedə bütün yer üzünü əhatə etmiş millətlər müharibəsi hənuz tamamilə qurtarmıyıbsa - da, fəqət qurtarmağa üz qoyubdur. Bu aləmşümul müharibə tarixi-bəşəriyyətdə misli görülməyən və ölçüyə-çəkiyə yerləşməyən can, mal və pul tələfatına səbəb olmuşsa da, digər tərəfdən mənhus istibdadın və qaniçici militarizmin əsaslarını dağıtdı, üsuli-idarələrin mahiyyətini dəgişdi, yüz sənələrcə demokratizm kəlməsindən qorxan və həmişə onun əleyhinə qalxışan cəmaət siniflərini bu gün istər-istəməz demokratizm tərəfdarı etdi. “Hər millət öz müqəddəratını təmin etməgə həqlidir” kibi müqəddəs və ali fikirlər doğurub meydanə gətirdi. Həyati-bəşəriyyəni əsarət zəncirindən qurtarıb təbii yoluna qoydu. Daha bu gündən sonra millətlərin təkamülü onların diriligindən və fədakarlığından asılıdır, daha xırda millətlər istiqlaliyyəti-tammə ilə kəndini keçindirmək imkanına malik olacaqdırlar. Bu xüsusda fraksiyamızın imanı kamildir, lakin fraksiya burasını da yəqin bilir ki, “hüquq alınar, verilməz”, hüquqi-bəşəriyyəyə ancaq ləyaqəti olan, onun yolunda qurbanlar verən və hava, su kibi onun qədir-qiymətini bilən millətlər malik olacaqlar; əks surətdə, yəni azadlıq yolunda heç bir fədakarlıqda bulunmayan millətlər yenidən qəyyum altında yaşamaya məcbur olacaqlar, hüquqi-bəşəriyyədən məhrum qalacaqlar, keçmişdən daha şiddətli bir əsarətə giriftar olacaqlar. Xoş o millətlərin halına ki müəzzəm və mədəni millətlərlə həmhüquq olmaq şərtilə onların sırasında məqam tutmağa müvəffəq olacaqlar. Vay o millətlərin halına ki bu səadətdən, bu xoşbəxtlikdən məhrum qalacaqlar.

Tarixi-bəşəriyyətdə parlaq ad qazanmış türk milləti-nəcibeyi-əziməsinin bir kütləsini təşkil edən Azərbaycan türkləri bu axırıncı vüquati-tarixiyyədə azacıq olsa kəndi diriligini və diriligi sayəsində hər hüquqa malik ola biləcəgini kərrat ilə isbat etmişdir. Deməli, bu millət hər bir cəhətdən müstəqil yaşamaya layiq millətlərdəndir. Binayi-bərin millət pişrovları və millət ziyalıları millətin əhvali-ruhiyyəsini ögrənərsə, onun ayəndəsi üçün heç bir fədakarlıqdan geri durmazsa, onun xəstəliyini tədqiq və müayinə edib müalicəsinə səmimiyyətlə çalışarsa və həmin səmimiyyət qarşısında əhalinin etimadını qazanarsa, o surətdə demək olar ki, bizlər də yaşarız: mədəni millətlər sırasında məqam tutmağa bizim də həqqimiz vardır. Buna binaən başqa millətlərdə olduğu kibi bizim də ricali-hökumətimiz böylə adamlardan mütəşəkkil olmalı idi. Heyfa ki, altı-yeddi aylıq təcrübə azacıq olsa da bizlərə əmniyyət verəmmədi, təəssüflər olsun ki, millətimizdə gördügümüz diriligi, fədakarlığı bu ana kibi hökumətimizdə görəmmədik. Fəqət nə etməli, keçən keçibdir.

Hal-hazırımızın siyasəti böyük əhəmiyyət kəsb etməklə bərabər öylə nazik, öylə bir incə məqamlara varıb ki, həm parlaman və həm hökumət tərəfindən böyük çalışqanlıq həkimanə bir taktika istər. Daha bu gündən belə yuxulamaq qəbul edilməz bir xəyanət və cinayətdir. Əgər millət fəaliyyətsizlik ucundan bir bədbəxtliyə uğrarsa, əmin olun ki, bütün məsuliyyət parlaman əksəriyyətinin və əksəriyyət təşkil etdiyi hökumətin üzərinə gələcəkdir.

(Ardı var)

 





25.07.2016    çap et  çap et