525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)

(Əvvəli ötən şənbə sayımızda)

Parlamanımıza baxılarsa, buna məmləkətimizdə mövcud cəmaət təbəqələrinin nümayəndələri, ictimai, müəyyən seçki qanunu mövcibincə və ədaləti-tammə ilə intixab edilmiş millət məbusları palatası deyiləmiyəcəgi ümum parlaman fraksiyalarının diqqətini cəlb etmişdir.
 
Binayi-bərin şimdiki parlamanımıza biz fəqət vəqtin təqazası mövcibincə və inqilab surətilə təşkil olunmuş parlaman - önü deyə biləriz. Böylə bir parlamanın ümdə vəzifəhləri müvəqqəti mötəbər və möhkəm bir hökumət təşkil etməkdir, cümhuriyyətin həqiqi sahibi olan Məclisi-Müəssisanı intixab üçün ədalətli bir seçki qanuni tərtib etməkdir və həmin qanun üzrə Məclisi-Müəssisan toplanıb vətənə sahib oluncaya qədər davam edib durmaqdır. Ancaq bu təriq ilə toplanmış məclis vətənin ağır vəzifəhlərini daşımağa həqlidir. Ancaq böylə bir məclis ümum vətənin havadarı, hər sinif, hər millət və hər təbəqənin mürəvvici-əfkarı və ayineyi-həyatı ola bilər. Əvət! Parlamanımızın ümdə vəzifəhləri bunlardan ibarətdir.

Hökumətimizə gəldikdə - bu təşkilatın sağlamlığının əhəmiyyətini bu gün bilməyənlər yoxdur. Hökumət parlaman əndində məsul olmalı və parlaman göstərdigi yollar ilə getməli isə də müstəqil, müttəhid, möhkəm, mötəbər və mükəmməl bir qüvveyi-icraiyyə təşkil etməsi də onun birinci vəzifəhlərindəndir. Hökumət borcludur sarsılmaz bir xətti-hərəkət götürüb vətəni adilanə və aqilanə bir surətdə idarə etsin, daxili və xarici siyasəti-vətəniyyəni sağlam bir fikir sayəsində yürüdüb hər daim millət və vətənin namusunu mühafizə etsin. Ancaq böylə bir hökumət arxasında parlamanı və onun vasitəsilə bütün vətən övladını görə biləcəkdir. Böylə olmayan hökumət vətən xaini və millət düşməni namini daşımaya müstəhəqq olacaqdır.

Cümhuriyyətimiz diri bir vücud kibi fikrimizdə mücəssəm edərsək o vücudun başı Məclisi-Məbusan, həvvası-zahirə və batinəsi və başqa əhəmiyyəti haiz əzası isə hökumətdir. Necə ki göz görmək, qulaq eşitmək, əl işləmək, dil danışmaq üçündür, bu üzvlərdən və başqalarından hər biri öz işlərində mütəxəssisdirlər və ancaq öz işlərinə müşğuldurlar, fəqət ümum üzvlərin yeganə məqsədləri yalnız bir bədənə və bir ruha xidmət etməkdir. Həmçinin hökumət üzvləri də üzərlərinə vagüzar edilmiş vəzifəhləri və hər kəs öz vəzifəsini daşımağa borcludur. Və necə ki bədən üzvləri öz vəzifəhlərindən imtina etdikdə bədənin həlakına səbəb ola bilərlər, həmçinin ricali-hökumət öz vəzifəhlərini daşımazlarsa vətəni və milləti böyük-böyük fəlakətlərə düçar edə bilərlər. Buna binaən əvvəla, nazirlərdən hər biri təhti-idarəsinə verilmiş şöbənin mütəxəssisi olmalıdır. Saniyən, hər nazir kəndi müəyyən vəzifəsini vətənin hal və övzayi-siyasiyyəyə müvafiq yürütməgə borcludur. Salisən, nazirlər öz fəaliyyətsizligini “əhvali-siyasiyyədən naşıdır” - deyə doğrultmaqdan qəti surətdə vaz keçməlidirlər, daxili işlərə məşğul olmayan nazirin daxiliyyə naziri namını daşımağa həqqi yoxdur. Məarif işlərinə məşğul olmayan nazir məarif naziri namını daşıyamaz və hakəza bunlar sabiq hökumət tərəfindən bizə verilən bəyanatın ziddinə olaraq hərəkət etməlidirlər, yəni siyasət incəldikcə hər nazir ixtisası dairəsində fəaliyyətini çoxaltmalıdır. Rabiən, ayrı-ayrı nazirlərin yürütdügü siyasət ümumi vətən siyasətinə zidd olmamaq şərtilə onların bütün heyəti, yəni Heyəti-vükəla ümum işlərdə bir vücud kibi hərəkət etməlidirlər. Belə olmazsa övzayi-vətən şimdiki halından dəxi fəna hallara düşəcəkdir. Bir baxın görün ki, biçarə vətən bu saat bir məzarıstana bənzəyir.

Yollarımız xərabəzarə dönübdür, posta teleqrafımız hənuz intizama düşməyibdir, əhalinin əlindən malı-qarası çıxıbdır, taxıl gün-gündən bahalanır, odun, kömür, neft, qənd, çay kibi ləvazimati-mühümmə bu gün dövlətlilərə məxsus olubdur, soyğunluq, rüşvətxorluq, ədalətsizlik və özbəyilik saatbasaat kəsbi-şiddət ediyor, türklər yerlərinə çəkildikcə ümumi pozğunluq yavaş-yavaş baş qaldırmaqdadır. Əskərlik üsuli əhalini bu müqəddəs vəzifədən nifrətləndirdi, varlılar rüşvət və tərəfgirlik sayəsində əskərlikdən qaçdılar, hər yerdə bu ağır vəzifə yalnız füqəranın üzərinə atıldı. Bunun ilə bərabər füqəra üçün yeməyə çörək yox, qənd, çay və libas yox, öləndə də bürünməyə kəfən yox. Müsri xəstəliklər əhalini otbiçən kibi qırıb töküyor, ölənlərin sayı yüz minləri təcavüz etdi. Dünki on, on beş candan ibarət ailənin qapısına bu gün qıfıl vuruldu. Əhalisi minləri mütəcaviz kəndlər bu gün başdan-başa bayquşlar cövlangahı olubdur. Həkim yox, dərman yox, xəstələrə yemək yox, həkim olan yerlərdə də ona rücu etməkdənsə xəstə üçün ölüb qurtarmaq daha ucuz oturur. Möhtəkirlərin təməinə və fəaliyyəti-xainanəsinə heç bir yerdə nə sərhəd var, nə əleyhinə tədbir… Hökumətimiz daxili işlərin bu cəhətlərinə böyük əhəmiyyət verməlidir, hər şeyi nizam-intizam təhtinə alıb şimdidən ümum fəlakətin və tarixi bədbəxtliyin önünü almalıdır.

İşbu mülahizələri nəzərdə tutub fraksiyamızın verdiyi qərar vətəni məsul, mötəmid və mükəmməl bir hökumətə təslim üçün yardım etməkdir, vətənin istiqlalını və cümhuriyyəti-ənam əsaslı surəti-idarəsini var qüvvəsilə müdafiə etməkdir, əqəliyyətin həqqini təmin edici və məhəllərdə məskun əhalinin nüfusuna mütənasib seçki qanunu tərtib edib vətənin həqiqi sahibi olan Məclisi-Müəssisanı ən yavuq zamanda iş başına dəvət etməkdir.

Bunun ilə bərabər bu gün biz inqilab surətilə elan edilmiş Azərbaycan istiqlalını bütün aləm qarşısında uca bir səs ilə alqışlayırız və səmimi qəlb ilə elan ediriz ki, vətənimiz övladının ədaləti-tammə ilə bilafərq din və millət, hər hüquqa malik olması qayeyi-amalımızdır. Millətimizin şərəf namusunu bir an unutmayaraq qonşu millətlər və dövlətlərlə əlaqeyi-dostanəni möhkəmləşdirməgi hökumətimizin vəzaifi-aliyyəsindən ədd ediyoruz. Vətən və millətimizin nümayəndələrini qonşu cümhuriyyətlər nümayəndələrilə müttəfiqən sülh konfransına iştirak etdirməgə və istiqlaliyyətimizi təsdiq etdirməgə var qüvvəmizlə çalışacağız. Başqa hüquqi-milliyyəyə qarşı qərarımız böylədir ki:

Hürriyyətlər qanunən başdan-başa təmin edilməlidir, amma kin və heysiyyəti-şəxsiyyə təərrüzdən məsun olmalıdır. Əkinçilərin və fəhlələrin halı lazımi dərəcələrdə yüngülləşdirilməlidir. Qanun üzrə təhti-qərarə alınmış xırda mülklərdə həqqi-təməllük olmalıdır. Miri topraqları, sabiq padşaha və onun nəslinə mənsub, böyük mülkədarlara və xüsusi maliklərə mütəəlliq topraqları xəzinəyə götürüb əkinçilərə, ailələrinin nüfusuna mütənasib məccanən paylanmalıdır. Xüsusi topraqları əvəzində onlara xəzinədən bədəl vermək məsələsini Məclisi-Müəssisanə həvalə etməlidir. Topraqlar sərvətdarlar əlinə keçməsin deyə əkinçilər aldıqları topraq paylarını satmaq ixtiyarına malik olmamalıdırlar. Fəhlə sinfinin yömiyyə zəhmətinin müddəti 8 saatdan ziyadə olmamalıdır. Onların keçinəcəgi, hifzüssihhələri, məarif işləri kassaları və başqa tələbatı adilanə bir surətdə qanunən təmin edilməlidir.

Füqərayi-kasibə sinfini bir çox xəracdan  azad etmək üçün vergilərin küllisi gəlirə görə vergi ilə əvəz edilməlidir.

Tədris ibtidai ümumi, məccani və məcburi olmalıdır. Azərbaycan Cümhuriyyətinin məarifə olan ehtiyacatı başqa ehtiyacatının fövqündədir. Ümum fəlakətlərin birinci səbəbi məarif yoxluğudur. Buna görə müəllimlərin məişətini təmin etməklə onları dilənçilik halından xilas etməlidir, müəllimlər güruhuna bacarıqlı qüvvələr soxmalıdır. İbtidai məktəblərdən başqa, darülmüəllimlər, rüşdi, edadi və hərbi məktəblər, sənaye, ticarət və ziraət məktəbləri açmalıdır. Şimdiki məktəbləri mümkün olduqca tez bir zamanda milliləşdirməlidir. Cəmaət anlayacaq şivədə də siyasi, elmi və fənni risalələr, jurnallar, üsuli-təlim və tərbiyəyə dair əsərlər tədbir edib əhvən qiymət ilə geniş bir miqyasda intişar etdirməlidir. Bunlardan əlavə cümhuriyyət daxilində bu sənədən etibarən darülfünun təsis etməlidir. Hökumət idarələrini keçindirmək üçün xüsusi kurslar açıb bütün hökumət idarələrində və şöbələrində işləməgə xidmətçilər hazırlamalıdır və həmin idarələri tez bir zamanda milliləşdirməli və bütün mürasilatı türk dilində aparmalıdır. Məhkəməyi-ədliyyələr demokratik bir üsul üzrə təsis edilib hər bir fərd bilafərq din və millət ancaq cümhuriyyət qanunu müqabilində məsul tutulmalıdır.

Təcili surətdə məhəllərə təftiş komissiyaları göndərib rüşvətxor və xain xidmətçiləri məqamlarından kənar etdirməli və divani-ədalətə verdirməlidir.

Ərzaq məsələsi möhtəkirlər və müstəbidlər əlindən xilas edilməlidir. Taxıl, çit, ağ, qənd, çay, sabun və başqa ləvazimati-həyatiyyənin imdidən tədbirinə düşməlidir.

Əski şosse yolları lazımınca təmir etməli və hər yerdə yeni yollar açılmağa sərfi-himmət etməlidir. “Orta Qafqaz” dəmiryolu namində hazırlanmış əski projeni qövldən-felə gətirməlidir. Ucuz fiyatla dava-dərman gətirdib məhəllərə göndərməlidir. Məhəllərdə parasız müalicəxanələr açmalı və hər yerə həkimlər göndərməlidir. Və bu yollar ilə külliyyətli el qırğınının önünü almalıdır. İstiqlaliyyəti-milliyyənin birinci sütunu ədd olunan sağlam və müdhiş bir orduya malik olmalıdır. Ümumumuzun məlumudur ki, yeni doğulmuş əskəri təşkilatımız adilanə bir surətdə icra edilməyilə bərabər bir çox təbii və arizi fəlakətlərə uğrayıbdır. Buna görə cəmaətimiz bu işdən mütənəffir olubdur. Əskərlik vəzifəsi vətənin ən müqəddəs vəzifəhlərindən olduğunu nəzərdə tutub, yeni təşkilati-əskəriyyəyi mükəmməl bir əskəri qanuna müvafiq düzüb qoşmalıdır. Əskərlərin yiyəcəginə, yatacağına, libasına və həkim dərmanına böyük diqqət etməlidir, dövlətliyə, fəqirə, böyüyə-kiçiyə təfavüt qoymamalıdır. Bu qədər bilməlidir ki, bizləri Azərbaycana sahib edəcək qüvvə bizim milli ordumuz olacaqdır. Ordu sağlam və möhkəm bir qüvvə təşkil edərsə hökumət də ona istinadən iş görə bilər, millət də onun sayəsində tərəqqiyə üz qoyub mədəni millətlər sırasına keçər.

Nəhayət, yeni hökumətin bugünki bəyanatının qarşısında fraksiyamızın cavabı budur ki, millətin və vətənin mənafeyinə işləmək quru sözlərdən və boş vədlərdən ibarət olub qalmamalıdır. Əgər hökumət ciddi fəaliyyət və fədakarlıq etməgə doğrudan-doğruya hazır isə, arxasında “Əhrar” fraksiyasını görəcək və onun müavinətini qazanacaqdır. Ancaq bu şərti əsas ittixaz edərək vəqtin əhəmiyyətini, siyasətin nazikliyini nəzərdə tutub yeni hökumətə fraksiyamız izhari-etimad ediyor.

“Azərbaycan”, 15 yanvar 1919, №88

Həvvas - hisslər, duyğular
Təərrüz - təcavüz
Məsun - toxunulmaz
Təməllik - yiyələnmə, sahiblik
Miri - hökumətə, xəzinəyə
Xərac - vergi, bac
Güruh - böyük dəstə
Əhvən - çox az
Mürasilə - yazışma
Himmət - cəhd, səy
Arizi - təsadüfi
Mütənəffir - nifrət edən

(Ardı var)

 





01.08.2016    çap et  çap et