525.Az

İmperiyalar və onların süquta sürüklənməsi


 

İmperiyalar və onların süquta sürüklənməsi <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

“Diktə olunan sülhdə” qəzəblənən yeni Almaniya hökuməti müqaviləni qəbul etməkdənsə, ona müqavimət göstərməyə and içdi, lakin o, heç bir real alternativə malik deyildi. Müqaviləni rədd etmək müharibənin bərpa edilməsi demək idi və bu, artıq mümkün deyildi.

Əvvəlkindən fərqli yeni ərazidə yaranan Avstriya dövlətinin müstəqilliyi tanındı. Artıq əvvəlki imperiyadan əsər-əlamət yox idi.

Əsrlərlə yaşı olan Osmanlı imperiyası müharibədən sonrakı sülh razılaşması ilə parçalandı. Müttəfiqlər Osmanlı imperiyasının Orta Şərqdəki ərəb dövlətlərinin müstəqilliyini tanıyacaqlarını vəd etdilər. Lakin avropalıların imperialist adətləri çətinliklə ölürdü. Müharibədən sonra Fransa Livan və Suriya üzərində nəzarəti ələ keçirdi. Britaniya isə İraqı və Palestinanı aldı. Hər iki qazanılan səlahiyyətlər mandatlar adlanırdı. Müstəmləkə ərazilərinin Müttəfiqlər tərəfindən haqsız olaraq anneksiyasına Vudro Vilson zidd çıxdıqda, sülh razılaşması mandatlar sistemini yaratdı. Bu yolla bir millət rəsmi cəhətdən Millətlər Liqasının xeyrinə ərazini idarə etməli idi. Bu, bir daha onu göstərdi ki, öz müqəddəratını həll etmə prinsipi əsasən avropalılar üçündür.

10 avqust 1920-ci ildə Fransada bağlanan Sevr müqaviləsinə görə isə türklər əcnəbi hakimiyyət altında olan ərazilərə iddiasından əl çəkməli idi. Bunlar Misir, Liviya, Tunis, Kipr, Dadekanlar, Lemnos, Samofrakiya, Lesbos, Xios və İkariya idi. Bu müqaviləyə görə, Ermənistan müstəqil olmalı, Kürdüstana isə muxtariyyət verilməli idi. Lakin Mustafa Kamal və Türkiyə hökuməti Sevr müqaviləsinə tabe olmaqdan imtina etdi. Ona görə də bu müqavilənin ömrü qısa oldu, bəzi cəhətlərinə görə həyata keçmədi və 1923-cü ildəki Lozanna Konfransında ləğv edildi.

Parisdə danışıqlarının aparıldığı sülh razılaşması da tezliklə hücuma məruz qaldı, özü də təkcə məğlub edilmiş Mərkəzi Dövlətlər tərəfindən deyil, həm də sülh yaradanların uzağı görə bilməmələrini hiss edən digərləri tərəfindən. Bəzi xalqlar bunu qəbul edirdilər ki, razılıq həmin şəraitlərdə nail oluna bilmənin ən yaxşısıdır. Onlar inanırdılar ki, öz müqəddəratını həll etmə, mərkəzi təşkil olunma prinsiplərinə ağıllı qaydada xidmət edir və Millətlər Liqasının yaradılması gələcək münaqişələri dinc yolla həll ediləcəyinə müəyyən ümid verir. Lakin 20 ilin içində Avropa yenidən məhvedici münaqişəyə cəlb edildi. Bəzi tarixçilərin güman etdiyi kimi, 1919-cu il sülhünün uğursuzluğu razılığın strukturundan daha çox, ona məcbur edilmənin yoxluğu ilə izah edilə bilərdi.

Sülhə uğurlu qaydada məcbur edilməsi onun prinsipial arxitekturasına fəal qaydada müdaxiləni zəruri edirdi, xüsusən yeni alman dövlətinin sülhsevər və demokratik respublika kimi imkanlarına köməklik göstərilməsində bu hiss olunurdu. Birləşmiş Ştatlar Senatının Versal sülhünü ratifikasiya etməkdə uğursuzluğa düçar olması ancaq o demək idi ki, Birləşmiş Ştatlar heç vaxt Millətlər Liqasına qoşulmayacaqdır. Senat həmçinin Böyük Britaniya və Fransa ilə Vilsonun müdafiə ittifaqını rədd etdi. Artıq 1919-cu ilin sonundan Birləşmiş Ştatlar elə bir siyasət götürmüşdü ki, o, gələcək Avropa müharibələrinə birbaşa qoşulmağı məhdudlaşdırmaq niyyətini güdürdü.

Bu geri çəkilmə dəhşətli nəticələrə səbəb oldu. Amerikanın Britaniya və Fransa ilə müdafiə yönlü ittifaqdan geri çəkilməsi, Britaniyanın da ondan geri çəkilməsinə yol açdı. Özünü Avropa işlərindən uzaqlaşdıran Birləşmiş Ştatlar Fransanı məcbur etdi ki, köhnə düşməni ilə təkbaşına üz-üzə gəlsin, bu qəzəblənmiş milləti Almaniyaya qarşı güclü hərəkətlər etməyə aparmaqla, yalnız Almaniyanın hiddətini artırırdı. 1919-cu ilin sonundan bu da üzə çıxdı ki, bir neçə ay əvvəl bağlanmış sülh artıq çözələnməyə başlamışdır.

I Dünya müharibəsinin başa çatması ilə Avropanın və Asiyanın xəritəsində mühüm dəyişikliklərin meydana gəlməsi isə daha ehtiyatlı hərəkət edilməsini, bu sülhü möhkəmləndirmək tədbirləri görülməsini tələb edirdi.

Rusiyada baş verən inqilablar 300 illik Romanovlar sülaləsinin hökmranlığına və imperiyanın mövcudluğuna son qoymuşdu. Polşa və Finlandiya Rusiyadan ayrılaraq öz müstəqil dövlətlərini qurmuşdu. İmperiyanın geniş ərazisində sonralar SSRİ kimi nəhəng totalitar dövlət yarandı. II Dünya müharibəsində çox sayda məğlubiyyətlərə məruz qalan Sovet ordusu, Hitler nasizmi üzərində qələbəyə nail olunmasında mühüm rol oynamışdı. Bu, ona Şərqi Avropada sosializm sistemini qurmağa imkan vermişdi.

Almaniya I Dünya müharibəsində məğlub olsa da, öz torpaqlarına düşmən əsgərinin ayaq basmasını görməmişdi, ona görə də müharibədən əvvəlki ərazisinin əsas özəyini saxlaya bildi. Lakin Paris Sülh konfransındakı qərarlarında Almaniya kəskin qaydada alçaldığı qənaətinə gəldi. Onun Afrikadakı müstəmləkə torpaqları, Çindəki təsir zonaları, həmçinin özünün əraziləri əlindən çıxmışdı. Hərbi qüvvələrinə vurulan zərbə ilə yanaşı, ixtisar edilməsi və bəzi növlərdən imtina edilməli, həmçinin iri məbləğdə təzminat ödəməyə məcbur edilməsi başqa niyyətlər güdən Almaniyanı ağır vəziyyətə salmışdı. Bir qədər sonra noyabrda ölkədə inqilab baş verdi və doqquz ay sonra, 1919-cu ilin iyulunda Veymar Respublikası yarandı.

Avstriya-Macarıstan imperiyası imperator I Frants-İosifin imzası ilə I Dünya müharibəsinə girsə də, bu imza dörd il sonra imperiyanın məhv olması barədəki bir hökmə çevrildi. Onun özü müharibənin sonunu, imperiyanın dağılmasını görmədən, 1916-cı ildə həyatdan getdi. İmperiyadan olan Avstriya və Macarıstanın hər ikisi xeyli ərazi itkiləri ilə yanaşı, özlərini dövlət kimi qoruyub saxladı, imperiyanın bəzi ərazilərində isə müstəqil dövlətlər meydana gəldi.

Osmanlı imperiyasının ləğv olunması ilə Avropanın bu “Xəstə adamının” aqoniyasına birdəfəlik son qoyuldu. Onun müstəmləkə şəbəkəsi kart evciyi kimi sürətlə dağıldı. Onsuz da 1908-ci ildəki Gənc Türklər inqilabından sonra Osmanlı imperiyası koma vəziyyətində idi. 1914-1915-ci illərin qışında Türkiyənin Qafqazlara və Sinay səhrasına hücumları uğursuzluqla nəticələnmişdi. Bu əməliyyatlar əslində Rusiya və Britaniya qüvvələrini oraya cəlb etməklə, onların Avropa müharibə teatrından yayındırılması məqsədini güdən alman strategiyasına xidmət edirdi. Britaniya buna Qallipolidə cavab verməyə cəhd etdikdə, ağır məğlubiyyətlə üzləşməli oldu. İngilislər yarımadadan geri qayıtmağa məcbur oldular. Ruslar isə 1916-cı ilin yanvarında Şərqi Türkiyədə hücuma keçib, Ərzurumu, bir qədər sonra isə Trabzonu, Ərzincanı götürdülər.

Heç də sirr deyildir ki, ABŞ-ın Müttəfiqlər tərəfdə müharibəyə qoşulması təkcə pat vəziyyətinə deyil, ümumiyyətlə, ona bütünlüklə son qoymağı mümkün etdi. Alman sualtı qayıqlarının əməl gətirdiyi bəlalarla yanaşı, Almaniyanın Mərkəzi Amerikada da özünə dayaq nöqtəsi yaratmaq məqsədi bu məsələdə az rol oynamadı. Almaniya, Meksika sahillərində özünə hərbi-dəniz bazası yaratmaq barədə Meksika hökumətinə təklif irəli sürdü və bildirdi ki, əgər ABŞ müharibəyə girsə, Meksika Almaniyanın müttəfiqinə çevrilməklə Texası, Nyu-Meksikonu və Arizonanı ABŞ-dan geri alacaqdır. Axı XIX əsrin ortalarınadək bu ərazilər Meksikaya məxsus olmuşdu. Bu xəbər prezident Vilsona, sonra isə mətbuata çatdı. Bu vaxt amerikalılar Almaniyaya qarşı müharibə tələb etməyə başladılar. Həm də 18 mart 1917-ci ildə alman sualtı qayığı ABŞ-ın üç ticarət gəmisini batırdı və iki gün sonra Vilson qərara gəldi ki, Birləşmiş Ştatlar Almaniyaya müharibə elan etməlidir. Konqres xüsusi sessiyaya yığıldı və aprelin 6-da müharibə barədə prezidentin bilavasitə bəyanatı səsləndi. Bundan hələ bir il əvvəl isə ABŞ Antantaya maddi ehtiyat təchizatı və kredit verməklə, onun geniş kömək göstərmək niyyəti özünü büruzə vermişdi. 1917-ci ildən müharibə başa çatana qədər Müttəfiqlər Birləşmiş Ştatlardan 7 milyard dollar məbləğində borc almışdı.

Türklər ərəb ölkələrini itirmələri ilə məğlubiyyətlərinə görə barışsalar da, Türkiyənin Avropadan kənarlaşdırılması barədəki göstərişlərə dözə bilmədilər. Bu vaxt Yunanıstan 1919-cu ilin mayında İzmiri işğal etmək səlahiyyətinə yiyələndi, Britaniya baş naziri Lloyd Corc hökumətinin təhriki ilə yunanlar yeni hücumlara başladılar. Onlar İzmirlə millətçilərin paytaxtı olan Ankara arasındakı böyük ərazinin yarısına bərabər məsafədə hərəkət etdilər.

Yunanlarla türklər arasında döyüş davam edirdi - türklər 1921-ci ilin sentyabrında Sakarya çayı üstündə yunanlar üzərində qələbə çaldılar və oktyabrda isə Fransa Türkiyə ilə separat sülh bağladı. 1921-ci ilin martında isə Millətçi Türkiyə Sovet Rusiyası ilə, sonra Zaqafqaziya Sovet respublikaları ilə, 1922-ci ilin yanvarında isə Sovet Ukraynası ilə dostluq müqavilələri bağladı.

1922-ci ilin avqustunda türklərin yunanları darmadağın edən qələbəsindən sonra onlar İzmiri azad etdilər. Türklər Boğazlar zonasının beynəlmiləlləşdirilməsi məsələsinə dönəndə, fransız və italyan qüvvələri geri çağrıldılar. Britaniyalılar, nəhayət, Sevr müqaviləsinin ölü bir sənəd olduğunu qəbul etdilər. 1922-ci il oktyabrın 11-də Mudaniyada Müttəfiqlərlə (həm də Yunanıstanla) Türkiyə Millətçiləri arasında barışıq imzalandı. 1923-cü ilin iyulunda isə Lozanna sazişi imzalandı. Beləliklə, yunan işğalı ideyası unuduldu, onun da taleyi Sevr müqaviləsinə oxşadı.  

11. İmperiyaların dağılmasına gedən yol  

1875-1877-ci illərdə davam edən Balkan böhranı Fransa-Prussiya müharibəsindən sonra Avropada stabilliyin pozulması üçün detonator rolunu oynadı. Böyük dövlətlər Osmanlı imperiyasını parçalamaq üçün istənilən imkandan istifadə etməyə çalışırdılar. 1876-cı ilin mayında üç imperatorun Rusiya çarı II Alenksandrın, Avstriya imperatoru I Frants-İosifin və Almaniya kayzeri I Vilhelmin imzaladıqları memorandumda belə bir şey də var idi ki, ona görə Osmanlı imperiyasında “xristianlar da müsəlmanlar kimi silah saxlayacaqlar”. Memorandum əslində Balkanlarda qeyri-stabil vəziyyəti daha da gərginləşdirirdi.

Böyük Britaniya baş naziri Bencamin Dizraeli Balkan torpaqlarının azad olunmasını və Balkanlarda rusların təsirinin güclənməsini istəmirdi. Rusiya isə Balkanlarla Türkiyə paytaxtına təhlükə törədə bilərdi, Türkiyə və bütün Şərqdə Britaniyanın aparıcı təsirini əvəz etməyə iddia etməklə onun rəqibi rolunda çıxış edə bilərdi. Dizraeli həm də rusların Orta Asiyada irəliləməsindən qorxurdu və ona görə də türklərin və avstriyalıların əli ilə Balkanlarda müharibə başlanılması vasitəsilə onları dayandırmaq istəyirdi. Dizraelidən əvvəl və sonra növbələşməklə, bütövlükdə dörd dəfə və ondan daha uzun müddətə baş nazir olmuş Uilyam Qladston isə türk dövlətini barbarlıqda ittiham edirdi və Rusiya ilə mübarizə aparmaq istəmirdi. Qladston “Bolqarıstan dəhşətləri və Şərq məsələsi” adlı məşhur pamfletini dərc etdirdi. Orada tələb edilirdi ki, türk qaydasızlığı özünü yarımadadan “birdəfəlik və həmişəlik” kənarlaşdıracaqdır. Lakin London cəmiyyəti onun mövqeyinin əleyhinə idi.

Dizraeli isə deyirdi ki, “Konstantinopol müvafiq rayonları ilə birlikdə neytrallaşdırılmalı və İon dənizi adaları İngiltərənin müdafiəsi və himayəsi altında olmalıdır”. Bu, əslində faktiki olaraq Türkiyənin parçalanması idi, həm də belə bir rəvayət də mövcud idi ki, Dizraeli onun ərazi bütövlüyünün axırıncı mühafizəçisidir. Dizraeli bircə şeyə - İngiltərənin Yaxın Şərqdə ağalığını qorumağa çalışırdı. O, öz sələfi Lord Palmerstonun Britaniyanın yalnız daimi mənafelərinin olması barədəki prinsipinə ciddi riayət edirdi və Qara dənizdə hərbi baza əldə etmək məsələsi barədə düşünürdü.

Rus çarı II Aleksandr “vicdanla söz” vermişdi ki, onun Konstintinopola sahib olmaq niyyəti yoxdur: “Rusiyanın adına gələcəkdə Hindistanı işğal etmək və Konstintinopola yiyələnmək istəkləri yazılır. Bunlardan birincisi qətiyyən həyata keçirilən deyil, ikincisinə gəldikdə isə, mən bir daha ən təntənəli qaydada təsdiq edirəm ki, bu barədə mənim nə həvəsim, nə də istəyim vardır”.

1876-cı ilin oktyabrında Dizraeli Avropada sülhü müdafiə etmək barədə İngiltərənin cəhdlərinə toxunaraq qeyd etdi ki, “bu sülhün əsasında müqavilələrə hörmət, Türkiyənin müstəqilliyinə və ərazi bütövlüyünə riayət olunması durur. Sülh İngiltərənin siyasətinin mahiyyətini təşkil edir və əgər İngiltərə müharibəyə girişsə, bunu yalnız haqq işinə görə edəcəkdir və əlbəttə ki, haqq zəfər çalmayana qədər onu dayandırmayacaqdır”.

1877-ci ilin aprelində çar II Aleksandr Türkiyəyə müharibə elan etmək barədə manifest imzaladı. Həmin ili Rusiyanın Türkiyə ərazisinə müdaxiləsi, paytaxt İstanbula xeyli yaxınlaşması İngiltərənin maraqlarına toxunurdu. Bu maraqlara Süveyş kanalı, Misir, İstanbulun Bosfor və Dardanel boğazları, Persiya körfəzi daxil idi. İngiltərənin xarici işlər naziri lord Derbi Rusiya kansleri Qorçakova, Rusiyanın hərəkətlərini kəskin tənqid edən nota göndərdi. Qorçakov depeşaya cavab verməyəndə lord Derbi öz notasına müsbət cavab verilməsini tələb etdi. Qorçakov ciddi surətdə qorxuya düşdü. Rus-ingilis müharibəsi başlasaydı, Almaniya gecikmədən Fransaya hücum edərdi və Bismark Avropanın ağasına çevrilərdi, bundan isə İngiltərə hər şeydən çox qorxurdu.

(Ardı var)

 





01.08.2016    çap et  çap et