525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)

(Əvvəli ötən şənbə sayımızda)

“Müsavat”ın Parlaman fraksiyasında 

Yekşənbə günü yanvarın 12-də Məhəmməd Əmin Rəsulzadə cənablarının təhti-sədarətində “Müsavat”ın parlaman fraksiyasının iclası vaqe olmuşdur.

Parlaman üzvlərinin qulluqlar qəbul etmələrinin qeyri-mümkün olduğu barəsində parlamana daxil etmək üçün bir layihə qəbul edilmişdir. Bu layihəyə görə parlaman üzvləri dövlət qulluğunda ola bilməzlər. Fəqət vəzir ola bilərlər. Sonra şəhər qanunu və şəhər intixabı barəsində qanun tərtibi xüsusi bir komissiyaya mühəvvəl edilmişdir. Nəhayət, parlaman kvorumu məsələsi müzakirə edilmişdir. Müntəxəb üzvlərin yarısı kvorum hesab olunması təsvib edilmişdir.

Məclisin axırında sədr “Əhrar” firqəsinin “Müsavat” ilə birlikdə ittifaq təşkili həqqindəki təklifini bildirmiş. İclas üzvləri bu təklifi təqdir edərək bu məsələnin parlaman “Əhrar” və “Müsavat” fraksiyaları müttəhid iclasında müzakirə olunmasını lazım görüb böylə bir iclas çağrılmasını istəmişlərdir.

“Azərbaycan”, 15 yanvar 1919, №88
Mühəvvəl - həvalə edilmiş, tapşırılmış
Təsvib - təsdiqetmə, bəyənmə 

Azərbaycan Məclisi-Məbusanında 8-ci iclas

Cümə axşamı qanuni-saninin 16-da Azərbaycan Məclisi-Məbusanının 8-ci iclası təyin edilmişdi.

İclas saat 12:40 dəqiqədə açılıyor.

Sədr - Həsən bəy Ağayev, katib Əhməd Cövdət

Ruznameyi-müzakirat elan edildikdən sonra.

Qarayev - Növbədən xaric səs alaraq sosialistlərin fraksiyası tərəfindən bəyan edir ki, bir neçə müddətdir ki, Tağıyev fabrikasının bəzi fəhlələri müdiriyyət tərəfindən çıxarılmışlardır. Məsai naziri burada bəyan etmişdir ki, məzkur fəhlələrin 7 günədək geri qəbul edilmələri barəsində binagüzarlıq etmişdir. Şimdi 7 gün qurtarmış, amma fəhlələr geri qəbul olunmamışlardır. Topladığımız məlumatdan anlaşılıyor ki, bu fəhlələr sırf siyasi məsələdən dolayı xaric edilmişlərdir. Böylə işlər fəhlə məsələsində bizə böyük zərbə vura bilər. Biz razı olmarız ki, fəhlə nahaq yerə mütəzərrər olsun. Sizə məlumdur ki, fəhlələrin halı həqqində keçən iclasda məsai nazirinə xitabən istizah verilmişdi. (“Müsavat” tərəfindən) Fəhlə işsiz qalmışdır, çalışmalıdır ki, tətil olmasın. Əgər tezliklə ciddi tədbirlər görülməsə biz sosialistlər məsuliyyəti öz öhdəmizdən atıyoruz. 

Etibarnamə komisyonu məruzəsi 

Bundan sonra etibarnamə komisyonu sədri Şəfi bəy Rüstəmbəyli - bəzi məbuslar həqqində məlumat veriyor, diyor ki:

Məlum olduğu üzrə parlamanın keçən iclaslarından birisində məbusların etibarnaməsi məsələsi müzakirə edilərkən bəzi məbuslara möhlət verilmişdi ki, bir ay zərfində düzgün etibarnamə təqdim etməgə çalışsınlar. Şimdi bir ay bitmiş, fəqət bu xüsusda komisyona məlumat varid olmamışdır. Ona görə etibarnamə komisyonu təvəqqe ediyor ki, bu məbuslara tazədən 3 həftə möhlət verilsin. Bundan əlavə Şuşa qəzasından seçilmiş olan Zeynal bəy Vəzirov ilə Əhməd bəy Ağayevin etibarnamələri düzgün və qanuna müvafiq olduğundan komisyon bunların təsdiqini təklif ediyor. Əhməd bəy imtina etmişdir. Qalıyor Vəzirov cənabları. Həmçinin Zaqatala nahiyəsindən Bayram Niyazi Kiçikxanov və Kabulov cənablarının etibarnamələrini təsdiq etməlidir.

Səsə qoyularaq etibarnamə komisyonunun məruzəsi ittifaqi-ara ilə təsdiq olunur. 

Kvorum 

Sədr - Bəyan ediyor ki, nizamnamə komisyonu tərəfindən bu vəqtədək kvorum həqqində bir qanun verilməmiş olduğundan Heyəti-rüəsa təklif ediyor bu gün kvorum təyin olunsun.

Cəmo bəy Hacınski - (sosialist) Məlum olduğu üzrə parlaman məbuslarının bir qismi hökumətə daxil olub, bir qismi də Avropaya getmişdir. Ona görə də sosialistlər fraksiyonu təklif ediyor kvorum hazır məbusların yarısı, yəni 33 təyin olunsun.

M.Ə.Rəsulzadə - (Müsavat) Yerindən təklif ediyor ki, parlamana nə qədər məbus seçilmiş və hazır olduğu göstərilsin.

Sədr - Bəyan ediyor ki, bu vəqtədək 82 məbus seçilmişdir.

Rəsulzadə - Təklif ediyor ki, bu surətdə kvorum seçilmiş əzanın yarısı, (yəni 41) qərar qəbul olunur.

Səsə qoyulduqda əksəriyyəti-ara ilə ikinci təklifi qəbul olunur.

Cəmo bəy - Bu surətdə çünki şimdi kvorum yoxdur, ona görə də iclas davam edəməz.

(Səs-küy qalxıyor: məbusları sayırlar, məlum oluyor ki, kvorum varmış, iclas davam ediyor.)

Parlamanda hazır olmayan məbuslar həqqində qanun layihəsi 

Türk Ədəmi Mərkəziyyət “Müsavat” firqəsi tərəfindən parlamana idxal edilmiş olan zeyldəki qanun layihəsini katib oxuyur:

1- 1918 sənəsi dekabr ayının 7-dən, yəni parlaman açılan gündən etibarən bir ay yarım zərfində parlamana gəlməyib də səbəbini də bildirməyən məbuslar parlamandan xaric ediliyorlar.

2- Parlamandan gedib də bir ay zərfində Heyəti-rüəsayə bu xüsusda məlumat verməyən məbuslar parlamandan çıxmış hesab ediliyorlar.

3- Bu surətlə parlamandan kənar olan məbusların yerinə onu seçmiş olan firqə, yaxud təşkilat tərəfindən yeni məbus intixab ediləcəkdir.

M.Ə.Rəsulzadə - Layiheyi-qanuniyyəyi müdafiə edərək diyor ki:

Bən elə bilirəm layiheyi-qanuniyyənin məqsədi möhtərəm məbuslara aydındır və bu xüsusda öylə ciddi və müfəssəl bəyanata ehtiyac yoxdur. Məbuslardan bir qismi firqə siyahıları üzərinə sabiq Məclisi-Müəssisanə, digər qismi də yenə siyahı üzərinə Zaqafqasiya Seyminə, daha sonra seçilərək sonra Azərbaycan Məclisi-Məbusanına daxil olmuşlardır. Bunlardan bir çoxları Bakıya gələ bilmiyorlar. Görüyorsunuz imdi az qalmışdı kvorum düzəlməyib iclas qapansın. Madam ki, onlar siyahı üzərinə seçki üsulilə məbus seçilmişlərdir, yəqindir ki, siyahıyı verən firqə kənar olan məbusunun yerinə başqa namizəd göstərə bilər. Siyahı ilə keçən məbusların bəziləri əsla Bakıya gələ bilmiyorlar. Binaənileyh də siyahı məbussuz qalıyor. Ona görə bən bu qanunun qəbul olunmasını təklif ediyoram.

Qarabəyli (İttihad) - Məlumdur ki, böylə bir qanuna ehtiyac vardır. Çünki biz gözləyə bilmərik məbus nə vəqt gələcəkdir. Bəlkə heç imkanı yoxdur gəlməgə. Fəqət ikinci maddəyi bir qədər təshih etməlidir. Zira gedən əzayı bir ay gözləmək olmaz. Bu çox uzun müddət və böyük möhlətdir. Binaənileyh mən təklif edirəm möhlət az olsun - 15 gün.

Kiçikxanov (Əhrar) - Layiheyi-qanuniyyənin bəzi maddələri aydın degildir. Ona görə xahiş edərdim bundan böylə qanun yazılanda maddələri aydın olsun.

Rəsulzadə - “Parlaman açılan gündən” denildikdə yəqin ki, bu maddə əsasi-siyahı ilə parlamana seçilib də bu vəqtədək Bakıya gəlməyə imkanı olmayan məbuslara aiddir. Bir ay parlamana gəlməyib də bu xüsusda məlumat verməyən məbusların xaric hesab olunmaları həqqindəki ikinci maddəyə gəlincə biz bunu nəzərdə tutmuşduq ki, bir məbus Bakıdan gedər, lakin ola bilər ki, iki həftə müddətində məlumat verə bilməsin, yolların, post və teleqrafın halı özünüzə məlumdur. Birdən öylə olur ki, bir adam teleqraf çəkiyor. Lakin özü teleqrafdan tez gəliyor. Bu mülahizə ilədir ki, biz bir ay möhlət təyin elədik. Təshih məsələsinə gəlincə, məlumdur ki, həmin komissiya bunu icra edəcəkdir.

Cəmo bəy - Biz təklif ediyoruz bu layihəyə böylə bir maddə də əlavə edilsin:

Bakıda olub da parlaman iclasına gəlməyən məbuslara o günün maaşı verilməsin.

Qarabəyli - Bir çox yerlərdən hələ məbus gəlməmişdir. Biz bilmiyoruz o yerlər məbus seçməmişlərdir, yoxsa seçmişlərdir, ona görə təklif ediyoruz daxiliyyə nəzarətinin əliylə bir komisyon təşkil olunsun ki, o yerlərdən məbusların nə üçün gəlmədikləri barəsində təhqiqat icra edilsin. Böylə təhqiqat icra edilmədən idxal olunan qanun layihəsi qəbula keçərsə, bəzi yerləri nümayəndəlikdən məhrum qılmış oluruz. Bu cəhətə böylə qanun vermək hələ tezdir.

Rəsulzadə - Göstəriyor ki, bu məsələ ilə qanun maddəsi arasında heç bir əlaqə yoxdur. Bu müstəqil bir məsələdir. Ona görə də müstəqil müzakirə edilə bilər.

Qanun layihəsi maddəbəmaddə oxunuyor, əksəriyyət-ara ilə layihə qəbul olunur. İkinci maddə bir ay əvəzinə iki həftə möhlət verilmək üzrə təshih ediliyor.

Cəmo bəy - Sosialistlər tərəfindən təklif olunan 4-cü maddənin qəbulunu israrla tələb ediyor.

Rəsulzadə - Məclisi-Məbusan üçün daxili nizamnamə tərtib vermək, iclasları nizama salmaq, gəlməyən məbuslar həqqində qanun vermək və sairə üçün parlamanın nizamnamə komissiyası var. Bu komissiya daxili nizam həqqində müfəssəl qanun verəcəkdir. Şimdi isə böylə təfərrüatı qanuna əlavə etmək münasib degildir.

Cəmo bəy - Nizamnamə komisyonu bu vəqtədək hələ qanun verməmişdir: bəlkə bir ay, iki ayda bir iş görməyəcəkdir.

Rəsulzadə - (yerindən) Öylə isə komisyona cəza verməlidir ki, işləsin.

Səsə qoyulduqda sosialistlərin etdigi 4-cü maddə əksəriyyəti-ara ilə rədd ediliyor. 

Ədəmi-ictima 

Bundan sonra katib cənabları “Müsavat” fraksiyonu tərəfindən daxil edilmiş olan “Ədəmi-ictima” layiheyi-qanuniyyəsini oxuyur. Bu qanuna görə Məclisi-Məbusan əzası heç vəqt hökumət məmuriyyətində ola bilməzlər. Ancaq parlaman məbusları nazir ola bilərlər.

Vansovic - Fransa, Amerika və İngiltərə məşrutələrindən misal gətirərək bu məmləkətlərdə qüvveyi-təşriyyə və qüvveyi-icraiyyənin aydın və qəti bir surətdə təmin edilmiş olduqlarını göstərərək diyor ki, ədəmi-ictima məsələsinə Azərbaycanda böylə baxmaq olmaz. Məsələn, dövlət xidmətində öylə məbuslar var ki, qənun vəzinə heç xələl vermədən məbus ola bilərlər. Ona görə natiq təklif ediyor ki, bu layihə qanun vəzedici komisyona verilsin.

Vinoqradov - Sabiq natiqin rəyinə şərik olaraq böylə bir qanun cavan Azərbaycana zərər verər. Hazırda Azərbaycanda işləyən pək azdır. Şimdi onların da hüquqi təhdid edilərsə məmləkət quruluşuna suyi-təsir edər.

Əfəndizadə - Əvvəlki natiqlər layihənin komisyona verilməsini istədilər. Bəncə bu doğrudur. Məbusları təhdid edirsək böyük müşkülat çıxar: Məsələn müəllimlər var ki, 30 il xəlq içində qulluq edib nüfuz və etibar qazanmışlardır. Onları təhdid etsəniz, bu qanuna görə məbus olub parlamanda işləyə bilməzlər. Bəncə komisyon bəzi istisnalar etməlidir.

Rəsulzadə - Sabiq natiqlərə cavab verərək İngiltərə məşrutəsində qüvveyi-təşriyyənin qüvveyi-icraiyyədən tamamilə ayrılmış olduğunu göstərərək layihənin komisyona verilməsinə razı olmaqla bərabər diyor ki:

Fəqət əvvəlki natiqlərin dediklərindən anlaşıldı ki, onlar layihəyi basdırmaq üçün komisyona vermək istiyorlar. Bən isəm komisyona verilməsinə razıyam bu şərtlə ki, müəyyən bir vəqt qoyulsun, o vəqtədək layihə basdırılmayıb baxılsın və parlamana qaytarılsın. Məsələnin əsas cəhətinə gəlincə deyə bilərəm ki, Azərbaycanda qanun əsası hələ tərtib verilməmişsə də biz parlamentarizmi qəbul etmişik və qanun əsasımızın baş xəttini parlamentarizm təşkil edəcəkdir. Madam ki, böylədir biz bu üsulun məntiqi tələblərinə əməl etməliyiz. Bu üzdən sair təfərrüatda da biz parlamentarizm qəbul etmiş olan məmləkətlərin əzcümlə İngiltərənin qanunlarından kolaylıqla istifadə edə biləriz. Parlaman məbusu milləti təmsil ediyor, binaənileyh o həmişə azad olmalıdır. Bir məbus eyni zamanda hökumət məmuri olarsa heç vəqt azad danışa bilməz. Bəziləri deyirlər ki, bu xüsusda Azərbaycan müstəsna bir mövqe tutmalıdır. Çünki mədəni qüvvəmiz azdır. Bən zənn etməm Azərbaycan mədəni qüvvədən o qədər məhrum olsun ki, parlamana 60 məbus göndərdikdə artıq hökumət məmurluğuna mədəni qüvvəsi qalmasın. Əgər bunca qüvvəsiz isək onda heç bizə parlaman lazım degil. (Soldan və mərkəzdən alqış). Parlamansız məmləkətdə istibdad olar. Halbuki biz parlaman və cümhuriyyət əsasilə yaşamalı və məmləkətimizi bu əsas ilə idarə etməliyiz. Ancaq natiqlərdən birisinə cavab olaraq deyə bilərəm ki, bəzi istisnalar ola bilər. Məsələn, hökumət xidmətində olan yuriskonsult və təbiblər. Heç vəqt hökumət onlara icrayi-təsir və təzyiq edə bilməz. Biləks böylə adamlar hökumət məmuriyyətində azad işləməklə bərabər qanun vəzi işlərində səlahiyyətdar mülahizələrini bəyanla qüvveyi-təşriyyəyə müzahirət edə bilərlər. Fəqət bən digər bir natiqi anlayamam. Əgər bir öylə müəllim varsa ki, xəlqin etibar və etimadını qazanıb parlamana seçilməli olsun. Böylə müəllim heç vəqt müəllimligə geri qəbul olunmamasından qorxmaz, çünki bu kibi zəvatə böyük ehtiyacımız var. Millət həmişə böylələrinə: “gözümüz üstə yerin var” diyor. (Alqış) Təkrar diyoram layihənin komisyona verilməsinə bən də razıyam. Amma müəyyən möhlət şərtilə.

Təklif olunur ki, komisiyon layihəyə tez baxıb gələn iclasadək qaytarsın parlamana. Sair səslər bir həftə və on gün təklif ediyorlar.

Səsə qonulduqda 10 gün qəbul olunur. Bundan sonra qanunverici komisyon intixab ediliyor, seçilən əzalar bunlardır:

Məhəmməd Əmin bəy Rəsulzadə (“Müsavat”), Vinoqradov (rus-slav), Aslan bəy Qardaşov (“Əhrar”), Vansoviç (azlıqda olan millətlərdən), Qarabəyli Qara bəy (“İttihad”), Əhməd Cövdət (Sosialistlər ittifaqı), Əliheydər Qarayev (“Hümmət”), Xosrov bəy Sultanov (bitərəflər).

“Azərbaycan”, 19 yanvar 1919, №91
Mütəhəyyic - həyəcanlı
Ənzar - nəzərlər, baxışlar
Təmə - göz tikmək
Mövləm - hamı
Müzahirət - kömək edən

(Ardı var)

 





08.08.2016    çap et  çap et