525.Az

İmperiyalar və onların süquta sürüklənməsi


 

İmperiyalar və onların süquta sürüklənməsi <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Qorçakov lord Derbiyə cavabında bildirdi ki, ruslar Süveyş kanalını nə bağlamaq, nə mühafizəyə götürmək, nə də hansısa bir yolla kanala təhlükə törətmək fikrində deyildir, kanalın ümumdünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan qurğu olduğunu tanıyır.
 
İstanbul (məktubda Konstantinopol kimi göstərilir - müəllif) məsələsi isə yalnız ümumi razılıq əsasında həll edilə bilər, ona görə də Avropa dövlətlərindən heç birinə məxsus ola bilməz. Boğazlar və onların hər iki sahilləri bir dövlətə məxsus olsa da, iki geniş dəniz üçün çıxış yolları olmaqla, onlar bütün dövlətlər üçün maraq kəsb edir. Rusiya hökuməti nə Persiya körfəzinə, nə də Hindistana gedən hansısa bir yola qorxu törədə bilməz. Misir Osmanlı imperiyasının ağalığı altında olsa da, orada həmçinin İngiltərə hökumətinin mənafeləri də vardır.

Aralıq dənizi sahillərindəki türk şəhərlərinin bombardman edilməsi Türkiyədə panika yaradardı və əzilən xalqların, məsələn, Kiprdə yunanların və Ərəbistanda ərəblərin üsyana qalxmasına səbəb olardı. Atlantik okeanında və Aralıq dənizində rus hərbi gəmilərinə əmr verildi ki, Kronştadt (Sankt-Peterburq yaxınlığında) hərbi bazasına geri qayıtsınlar.

Bu vaxt İngiltərənin özü də izolyasiya olunduğundan, Avropadakı müharibəyə təsir göstərməkdə gücsüz idi.

Türklərin Hüseyn paşanın komandanlığı altında olan hərbi gəmiləri rus gəmilərini tuturdular. Lakin türk donanması zəif idi, yalnız 14 zirehli gəmiyə malik idi. 1571-ci ildə Lepanto döyüşündəki ağır məğlubiyyətdən, darmadağın edildikdən sonra Osmanlı donanması dirçəlib, əvvəlki döyüş qabiliyyəti səviyyəsinə yüksələ bilməmişdi.

1877-ci ilin sonuna yaxın türk ordusunun darmadağın edilməsi artıq meydana çıxan bir fakt idi. 29 dekabrda türklər Bolqarıstandakı Şipka döyüşündə təslim oldular. Türklər İngiltərədən sülh vasitəçiliyini xahiş etdilər. Lakin Rusiya onun vasitəçilik missiyasını rədd etdi, İstanbula təklif etdi ki, özü, türk leksikonunda işlənən aman barədə, yəni ona aman verilməsini xahişi ilə müraciət etsin. 2-3 yanvar 1878-ci ildə ruslar Maritsa çayını keçdilər və yanvarın 5-də iki türk diviziyası məhv edildi. Ruslar Vessel paşanın ordusunu darmadağın etdilər və əsir götürdülər. Rus generalı Skobelev Adrinapola tərəf hərəkət etdi. Üç gün sonra Adrianapolun güclü istehkamları döyüşsüz tutuldu. Sultan II Əbdül Həmid çar II Aleksandra teleqram göndərib, bütün müharibə teatrlarında hərbi əməliyyatları dayandırmağı xahiş etdi. Lakin II Aleksandr buna razılıq vermədi.

Britaniya Rusiyadan tələb etdi ki, Qallipoli yarımadasını (başqa sözlə, Dardanel boğazını) tutmasın. Rusiya isə öz növbəsində Türkiyədən tələb etdi ki, 13 maddədən ibarət olan sülh şərtini qəbul etsin. Buna görə Asiyadakı Ərdahan qalası, Kars, Bayazit və öz mahalları ilə birlikdə Batum Rusiyaya keçməli idi, həm də Moldaviyaya keçən Bessarabiyanın hissələri ona verilməli idi. Türkiyənin səfirləri bu şərtlərlə tanış olduqda dəhşət hissi ilə qışqırdılar: “Bu, Türkiyənin sonudur”. Sabahısı gün rusların tələbələrinin əksər hissəsi rədd edildi.

Lakin rus qoşunlarının baş komandanı cavab verdi ki, türklər bu şərtlərə ya “hə”, ya da “yox” deməlidirlər. Bu şərtlər, xüsusilə Bolqarıstanın müstəqilliyi Türkiyənin məhvi əlaməti ola bilərdi, onun Avropadakı torpaqlarda ağalığına son qoyardı və bundan sonra isə türklərin Asiyaya geri qayıtmaqdan başqa heç bir yolu qalmırdı.

Türklər bu vaxt panikaya düşmüşdülər. Çar II Aleksandr İstanbula hücum vaxtı ucadan demişdi: “Əgər bu bir qismətdirsə, qoy Müqəddəs Sofiyanın (Aya Sofiyanın - müəllif) üzərinə xaç sancsınlar”. Həm də çar göstəriş verdi ki, britaniyalılara görə Qallipoli yarımadasını tutmasınlar, ingilislərin özləri də bunu etməyəcəklərini vəd etdilər.

Sultan Əbdül Həmid çara göndərdiyi teleqramla bildirdi ki, artıq 6 gündür ki, Porta (Avropa sənədlərində və ədəbiyyatında Osmanlı hökumətinin qəbul edilmiş adı) Rusiyanın bütün tələblərini qəbul etmişdir. Lakin rusların hücumu davam edirdi. Çar göstəriş verdi ki, barışığın bağlanılması sürətləndirilsin və Porta bizim şərtlərimizi qəbul etdiyinə görə Konstantinopola yaxınlaşmasın.

Rusiyanın Türkiyədəki hücumu britaniyalıların ciddi narazılığına səbəb olurdu. Kraliça Viktoriya öz baş naziri Bencamin Dizraeliyə yazıb, onu inandırmağa çalışırdı ki, “əgər o, kişi olsaydı, ləngimədən rusları məğlub etməyə yollanardı”.

Əbdül Həmid isə rusları sakitləşdirmək üçün bunu bir əsas kimi gətirirdi ki, ingilis gəmilərinin boğazlara gəlməsini xahiş etməmişdir, bunu etməyi isə Dizraeli çox istəyirdi. Lakin türklər artıq rusların şərtlərini qəbul etmişdilər.

Rus qoşunlarının mütləq onun paytaxtına müdaxiləsi barədə xəbər sultanı dəhşətə gətirirdi, buna görə də ingilis gəmiləri Portanın razılığı olmadan Dardanelə girdi. Sultan iki od arasında qalmışdı. Lakin müqayisədə İngiltərəyə nisbətən Rusiyadan daha çox qorxurdu.

23 yanvar 1878-ci ildə Avstriya xarici işlər naziri Andraşi Rusiya xarici işlər naziri Qorçakova təklif etdi ki, Vyanada Balkanlara dair ümumavropa konfransı çağırılsın. Lakin Bismark təşəbbüsü öz əlinə aldı və Berlində keçirilən Konqressdə Rusiya-Türkiyə münasibətləri müzakirə edildi.

19 fevral 1878-ci ildə San-Stefanoda bağlanan sülh müqaviləsi Balkan yarımadasının mənzərəsini bütünlüklə dəyişmişdi. Avropada İstanbul, Adrianapol, Epir, Fessaliya, Albaniya, Bosniya və Hersoqovina Türkiyəyə qaldı. Türkiyəyə vassal olan bütün digər dövlətlər müstəqil dövlətlərə çevrildilər.

Bismark təklif etdi ki, Konqress Berlində keçirilsin. Böyük Britaniya tələb etdi ki, böyük dövlətlərin razılığı olmadan, əvvəlki traktatlar qüvvəyə minməyəcəkdir. Bu, Rusiya üçün təhqiramiz xarakter daşıyırdı, onda Konqressdə o müttəhim qismində iştirak edəcəkdi. Avstriya-Macarıstan da həmçinin San-Stefano müqaviləsinin əleyhinə çıxış etdi.

Əbdül Həmid Rusiya ilə Böyük Britaniya arasında özünün vəziyyətini çəkiclə zindan arasındakı vəziyyətlə müqayisə etdi. İngilislərin Bosfora çıxması barədəki fikir onu dəhşətə salırdı, belə olan halda o nə edəcəkdir sualı elə bir suala bərabərdir ki, soruşasan ki, “onun başına o dünyada nə gələcəkdir?”

10 martda II Aleksandr Böyük knyaz Nikolay Nikolayeviçə yazdığı məktubda giley qaydasında soruşurdu ki, “Rusiya və bizim rəşadətli ordu sənin Konstantinopolu tutmamağın barədə nə deyəcəkdir?” Nikolay Nikolayeviç türklərin məğlub olmayacağı və həm də britaniyalılar desant çıxaracağı bir halda, özünün məsuliyyət daşıyacağından qorxurdu. Zaman türklərin xeyrinə işləyirdi və sultan artıq rusların şərtlərini yerinə yetirməkdən imtina etdi. İstanbulu işğal etmək isə  “Pandora yeşiyinə”  bənzəyərdi, qəsbkar üçün bədbəxtliklər seriyası başlayardı.

Bismark 1878-ci ildə keçirilən Berlin Konqressində Rusiya ilə İngiltərə arasında öz vasitəçiliyini təklif etdikdə, onlar buna razılıq verdilər. Berlin Konqressinin uğurlu nəticəsi müharibə təhlükəsini aradan qaldırdı.

Bismark Rusiyanın diplomatik hücumunu dayandırmaq qayğısına qalaraq demişdi: “Lakin mən Qorçakova imkan vermərəm ki, çiynimə çıxsın və məni öz pyedestalına çevirsin”.

Böyük dövlətlərin nümayəndələri Berlinə 1 iyulda yığışdılar. Bismark xristian yaşayan bütün yerlərdən müsəlman qoşunlarının çıxarılmasını zəruri hesab edirdi. Konqress həm də Türkiyəyə qarşı Rusiyanın qazandığı bütün uğurların üstündən, xırda istisnalarla birlikdə qalın xətt çəkdi. Konqresdən qayıdan Qorçakov çarla görüşdükdə kədərli şəkildə demişdi: “Berlin Konqressi mənim xidmət karyeramda ən qara səhifədir”. II Aleksandr isə ona cavab vermişdi ki, “Mənimkində də həmçinin”.

“Qurama yorğan” şəklindəki Avstriya-Macarıstan imperiyası həmin vaxt müharibədə dağıla bilərdi, lakin bu baş vermədi, ancaq 1918-ci ildə isə həmin fəlakətdən artıq qaça bilmədi.

Berlin sülhü Rusiya üçün biabırçı idi, iki min ildən sonra az qala təhqiramiz Karfagen sülhünü yada salırdı. Rusiya bu vaxt II Puniya müharibəsinin sonundakı Karfagen rolunda çıxış edirdi, bircə fərq onda idi ki, Rusiya hərbi məğlubiyyətə uğramadan belə sülh şərtlərinə təslim olmuşdu. Bəlkə də bu, Rusiyanı daha böyük bəlalardan qorudu. Çünki əgər hətta xəyalən İstanbul və boğazlar işğal edilsəydi, vaxtilə kardinal Rişilyenin köməyi ilə Fransanın ələ keçirdiyi Elzas və Lotaringiya kimi daim Rusiyaya başağrısı gətirəcək və onu müəyyən fasilələrlə müharibəyə cəlb etməklə, bəlkə də Fransadan da pis günə salacaqdı.

Axı Boğazlara sahib olmağa təkcə Rusiya can atmırdı, müxtəlif bəhanələr altında böyük dövlətlər bu strateji zonanı ələ keçirmək cəhdi edirdilər. 1895-ci ildə İstanbulda ermənilər öldürüldüyünə görə Britaniya eskadrası Mərmərə dənizinə çıxarılmışdı. Admirallığın birinci lordu Qoşen baş nazir lord Solsberinin bu qərarının əleyhinə idi, bəyan etmişdi ki, Mərmərə dənizinə daxil olan donanma siçan tələsindəki kimi fransız və rus eskadralarının arasında qalacaqdır. Baş nazir isə buna istehza qaydasında cavab vermişdi ki, əgər gəmilər şüşədən düzəlmişdirlərsə, aydındır ki, siyasəti dəyişmək lazım gələcəkdir. Baş nazirin istehzasına baxmayaraq, iyirmi il sonra Qoşenin xəbərdarlığı müəyyən qədər öz təsdiqini tapdı, fransız və rus eskadraları deyil, qəhrəman türk ordusu elə oradakı Qalliopoli yarımadasında nəhəng ingilis desantını biabırçı məğlubiyyətə uğratdı. İmperiya öz aqoniyasını keçirsə də, türk əsgərləri öz vətənpərvərliklərini bir daha bariz şəkildə nümayiş etdirdilər, sonrakı məğlubiyyətlər isə sıravi əsgərlərdən və onların döyüş qabiliyyətindən az asılı idi, onlar yalnız ağır itkilər verməyə sövq edilirdilər. Viktor Hüqonun təbirincə deyilsə, qar və səhraların qumu onların cəsədlərini kəfən kimi örtürdü.

1896-cı ildə ingilislər yenidən boğaza müdaxilə etməyə hazırlaşdı, bunun üçün yunanlara və ermənilərə divan tutulması barədə onların şikayətlərindən istifadə edildi. Keçmiş baş nazir, 86 yaşlı Qladston Liverpulda türklərə qarşı bəyanatla çıxış edib bildirdi ki, “qeyri-müəyyən xarakter daşıyan türk imperiyası “sivilizasiyanın biabırçılığı və bəşəriyyətin lənəti kimi” dünyanın xəritəsindən silinməyə layiqdir”. O, sultanı “Böyük Qatil Əbdül” kimi qələmə verdi. Ölümündən iki il əvvəl dediyi bu sözlər imperialist xadimin “qu nəğməsi” sayıla bilərdi. Məgər digər imperiyalar bəşəriyyətin lənəti deyil, şərəf simvoludurlarmı?

1896-cı ildə İngiltərəyə səfər edən çar II Nikolay Türkiyənin hansısa bir ərazisini tutmadan Boğazlar üzərində nəzarət əldə etmək barədə arzusunu bildirdi. Britaniya baş naziri Solsberi cavab verdi ki, bu yalnız “Türk imperiyasının yoxa çıxmasından sonra” həyata keçirilə bilər.

Rusiya 1896-cı ilin sonunda Bosfora desant çıxarmağa hazırlaşsa da, son anda II Nikolay desant qərarlarını ləğv etdi. Çünki ingilislər bu vaxt Dardaneli tuta bilərdilər və rus donanması Qara dənizdə qapanıb qala bilərdi. İngilis donanması həm də Krım müharibəsində olduğu kimi, Rusiya sahillərini hədələyə bilərdi. İkinci arqument isə ondan ibarət idi ki, Rusiyanın beynəlxalq izolyasiyası baş verərdi.

Rusiya Osmanlı imperiyasına öz əzələlərini nümayiş etdirən vaxt Sakit okeanda Yaponiya ilə müharibə yetişirdi. Türkiyənin özündə də vəziyyət yaxşı deyildi. 1908-ci ilin martından 1909-cu ilin aprelinədək faktiki olaraq ölkədə iki hökumət var idi: İstanbuldakı Nazirlər Kabineti və Salonikidəki inqilab komitəsi. İstanbulda gənc türklər üzərinə hücum təşkil edilmiş, qəsdçilərin öldürdüklərinin dəfni Sultan qoşunları ilə qanlı toqquşmaya çevrilmişdi. İstanbula Salonikidən Mahmud Şevket paşanın və Ənvər paşanın komandanlığı altında ordu hissələri göndərildi, onların arasında gənc qərargah rəisi Mustafa Kamal da var idi. 1909-cu ilin aprelində Gənc Türklərin qoşunları İstanbula girdilər. Bir neçə gündən sonra Milli Məclis II Əbdül Həmidi devirdi və onun qardaşını V Mehmet adı altında sultan elan etdi. Devrilən qoca sultan isə özünün yeddi ən yaxşı arvadı ilə Salonikiyə ev dustaqlığına göndərildi. Türkiyədə vəziyyət stabilləşdi. Ona görə Bosforun tutulması ideyasına rus komandanlığı bir daha yalnız 1915-ci ildə qayıtdı. 

(Ardı var)

 





08.08.2016    çap et  çap et