525.Az

Afaq Məsud dünyası - (on beşinci yazı)


 

Afaq Məsud dünyası - <b style="color:red">(on beşinci yazı)</b>

“Azadlıq” romanı Afaq Məsudun ən çox müzakirələr obyekti olmuş əsəridir ki, bunu, ümumiyyətlə, təbii saymaq olar.

Və yazıçının özü də bu romanı vaxtaşırı şərh etmiş, ən müxtəlif xarakterli suallara cavab vermiş, məsələlərə  mümkün qədər aydınlıq gətirməyə  həmişə ehtiyac duymuşdur.

“Son dövrlər “Azadlıq” romanınız xeyli səs-küyə səbəb oldu. Əlbəttə ki, bu romanda toxunduğunuz hadisələrin demək olar ki, böyük hissəsi cəmiyyətin gözü qarşısında baş verib. Bunu hamı bilir.  İnanırdınızmı ki, yazdıqlarınız təfəkkürlərdə,  yaddaşlarda hansısa dönüş nöqtəsinin yaranmasına səbəb olacaq?” sualına müəllif belə cavab verir:

“Əslində, bu əsərlə mən “Azadlıq” məfhumunu həm fəlsəfi, həm bəşəri, həm də sətri mənada açıqlamağa cəhd  eləmişəm. Cəmiyyətdə hay- küyə səbəb, olsun ki, bayaq dediyimiz həmin o gerçəkliklərlə bağlı azadlıqlara münasibətimdir. Keçmiş sovetlər məkanından ayrılıb, öz müstəqilliyinə qədəm qoymuş bir ölkənin vətəndaşları daha  hansı azadlığı istəyirdilər?.. Bunu özləri anlayırdılarmı?.. Roman - o illər Azərbaycanda baş verənlər, ölkəni başına  bürümüş kütləvi çaşqınlıqlar, xaos və mitinqlər dönəminin  iştirakçısı olmuş ayrı- ayrı fərdlərin azadlığına varır. Dünya  yaranandan bəri şirin azadlıq sevdasıyla yaşayan insan son  nəticədə azad ola bilirmi?.. Dərinə gedəndə, görürsən ki, böyük mənada, yox”...

... “Azadlıq” romanında heç bir yazıçının  toxunmadığı, cəsarət tələb edən bir mövzuya toxunmusunuz. Bu əsər nədən yarandı və bu əsərdən sonra rəsmi dairələrin  reaksiyası və yaxud hər hansı təzyiq, ya təsirlə  qarşılaşmamısınız ki” sualına isə müəllifin cavabı bundan ibarətdir:

“Belə bir əsəri yazmaq arzusu - yuxuların insanın təkcə fizioloji halı yox, onun ruh aləminin, başqa sözlə desək, özünün özündə yaşadığı real həyatı olduğunu  anladığım müəyyən bir zaman kəsiyindən sonra yarandı. İndi çoxları əsəri siyasi roman kimi  qiymətləndirir... Əsər isə psixoloji- mistik faciədir... Düzdür, roman son illər ölkənin ictimai- siyasi həyatını, bir formasiyadan o birinə keçid mərhələsində baş verən hadisələri və  şəxsiyyətləri kifayət qədər əhatə edir. Lakin bu, heç də siyasi ədəbiyyat deyil”...

“Azadlıq” romanının zahiri strukturu nə qədər sadədirsə, “batini”  strukturu o qədər mürəkkəbdir... Və bəri başdan deyək ki, “Azadlığ”a ön söz kimi “Romanı yazmağım barədə”ki qeydlər, fikrimizcə, “Azadlığ”ı daha dərindən anlamaq üçün, demək olar ki, heç bir informasiya vermir. Və bu izahat, görünür, yazıçının istənilən hekayəsinə, romanına,  dramına (bütövlükdə yaradıcılığına!) emosional ön söz ola bilərdi.

Birinci fəsil keçən əsrin 80- ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycanda gedən mürəkkəb ictimai-siyasi (və sosialpsixoloji) vəziyyətin mükəmməl bir mənzərəsini yaradır...

Cəmiyyətin hər zümrəsi öz “mövqey”ini (variantını) irəli sürür... Bir tərəfdən də mitinqlər...

Və bu mitinqlər sosial olduğu qədər də psixoloji zərurətdən yaranmışdı...

“Hərəkat” öz prezidentini “seçir”...

“... İndi əgər məsələlər gəlib bu yerdə beləcə  yoğunlaşmışdısa, onda belə çıxırdı ki, prezident çaşıb atalar demişkən, “eşşəyə minmişdi”. Odu ki, indi istəsə də, istəməsə də, Allahın bu yazıq, tərs bəndəsini harasa sürməliydi. Lakin hara?..”

Xalqın yox, prezidentin taleyi ictimai müzakirə obyektinə çevrilir...

“...- Bütün bu söhbətlərdən adamın başının tükləri biz- biz durur... - camaat deyirdi, - bu necə adam imiş, ilahi?!. Onun haqqında hərə bir söz deyir və işin qəribəsi də odu ki, bütün deyilənlərin hamısı da həqiqətdi. Bütün bu deyilənlərə və danışılanlara görə belə çıxırdı ki, prezident - vicdanlı, qorxaq, simasız, təvazökar, riyakar, mənəviyyatlı, xudbin, millətini dəlicəsinə sevən xəstəhal, lakin cəsur adamdı.

Prezidentə ürəyi yananlarsa deyirdilər ki, gərək o,  xalqının azadlığı, vətəninin müstəqilliyi uğrunda apardığı İlahi missiyasının başa çatdığını, hakimiyyət xalqın özünə veriləndə anlayaydı”...

Belə bir qənaət formalaşır ki, prezident hələ də “inqilabçılığ”ından əl çəkə bilmir.

“...Deyirdilər, ölkə müstəqillik qazanandan, xalq öz tale yoluna qədəm qoyandan çox-çox sonralar da, qəribə idi ki,  prezident artıq müstəqil yaşayan ölkəsinin müstəqilliyi, azad xalqının azadlığı haqqında yenə əvvəlki qaydada - on beş- iyirmi il əvvəl universitetdə təşkil etdiyi gizli dərnəklərdə danışan tək, coşqun əzmlə danışıb kövrəlir, yenə yanındakılardan kimisə stulun, ya stolun üstünə çıxartdırıb: “Yaşasın azadlıq!” - çığırmağa məcbur edir, özü isə əlləri ilə üzünü qapayıb, səssiz- səssiz ağlayırdı”...

Şaiyələr cəmiyyəti ağzına alır...

Və “hərəkat”ın - “inqilab”ın sonu...

“...Devrilməkdə olan əldəqayırma iqtidar barədə söz- söhbət saatbasaat  artır, yeni- yeni xəbərlər, ağlasığmaz şaiyələr mayası qıcqırmaqda olan xəmir kimi aşıb- daşır, bir ucdan  yeni- yeni “xoruz səsi eşitməyən” xəbərlər dalğası axıb gəlir, xəbər çeşidi artıb çoxaldıqca, son aylar ölkədə baş verənlərdən onsuz da başlarını itirmiş paytaxt əhlinin çaşqınlığı bir az da artırdı...  Axşamlarsa, hava qaralar- qaralmaz şəhərin canına kütləvi xof yeriməyə başlayır, qapısız- bacasız ölkəni bürüməkdə  olan acı yiyəsizlik qoxusu tutqun duman kimi məmləkətin başının üstünü alırdı”...

“Azadlıq” romanının birinci fəslindəki sosiologizmi ikinci fəsildə psixologizm əvəz edir...

Fəslin qəhrəmanı isə ona nəyisə təlqin edən yuxuların əlində əsir- yesir qalmış psixatriya professorudur...

“...Belə yuxulardan sonra ala-bula xırdaçılıqlardan bezib zinhara gəldiyi yeknəsəq həyatı professor üçün təzələnir, hər bir şeyin rəngi, dadı dəyişir, qəribə, sirli mənalar kəsb etməyə başlayırdı... Son vaxtlarsa, professor özünü artıq günortadan  gecə yuxusuna hazırladığını duyur, bu ucsuz- bucaqsız yuxu  ərazisindən ötrü darıxdığını, işinin ən qızmar məqamlarında  belə, yaxud evləri ilə üzbəüzdəki yaşıl xiyabanda gəzdiyi  yerdə qəfildən qəribsəyib, gecədən- gecəyə dəyişə- dəyişə, təzələnən yuxu həyatına tezcə qovuşmaqdan ötrü səbirsizliklə gecənin düşməyini gözlədiyini hiss edir, hava qaralar- qaralmaz, özünü evə çatdırıb şam yeməyini tələm- tələsik başa vurur, iş otağına çəkilib orda saatlarla qədim kitabların arasında eşələnə- eşələnə, yuxular və ruhlarla bağlı qərq olduğu ədəbiyyatları çarpayısının içində, stolüstü lampanın zəif işığında oxumağa başlayır və eləcə oxuya- oxuya da, kitab sinəsində, eynəyi burnunda, sirli  yollarla, yarıqaranlıq, dumanlı cığırlarla, asta- asta yuxuya gedirdi”...

Çoxlu passientləri arasında biri də peyda olur... Akademik...

“- Başa düşürəm, - professor dedi və anladı ki, heç nə başa düşmür.

Akademikin yuxuları onun yuxularına qarışıb anlaşılmaz və vahiməli olan hansısa sirli aləmin mövcudluğundan xəbər verirdisə də, bu mövcudluğun hansı şəkildə, ha tərəfdə  olduğunu təsəvvürə gətirmək, professora mümkünsüz gəlirdi”...

Professor özünə “yoldaş” tapdığını hiss edir...

“...Fikirləri yenə bir- birinə qarışdı. Aydın olan bir bu idi ki, o heç kimə dəyib- dolaşmadan, öz yoluyla gedib- gəldiyi yerdə, öz evindəcə, yorğan- döşəyindəcə sirli, çıxılmaz yuxu quyusuna düşmüşdü və həmin o quyuda  ondan savayı bir adam da vardı. O da həmin bu mavi gözlü, kövrək akademik idi”...

Hiss edir ki, onu izləyirlər...

“...Professor xəstəxanadan çıxanda yağış yağırdı... Tramvay dayanacağı həmişəki kimi adamla dolu idi deyə, professor bir kənarda - qəzet köşkünün yanında dayanmışdı.

Çox keçmədi ki, necəsə, gözünün, yoxsa üzünün ha tərəfiyləsə bir qədər aralıda - adamların sıx yerində qaralan gödəkçənin tanış ala- bulalığından ürək döyüntülərinin tezləşdiyini hiss elədi”...

Professoru izləyən kimdirsə, yuxu ilə oyaqlıq arasındadır...

Və akademikin ölüm xəbəri gəlir...

“...Akademiki yuxuda öldürmüşdülər. Dəqiq olanı, hələ ki, bu idi. Digər müəmma - bu amansız qətlin həm də necəsə, onun yuxusunda baş verməsi, yaxud onun hansı möcüzəyləsə akademikin yuxusuna düşməsiydi.

Bütün bu anlaşılmaz qarmaqarışıqlığa aydınlıq gətirməyin  vaxtı çatmışdı, hələ, bəlkə də, ötmüşdü... Bu gecəki hadisə yuxu kimi qavradığı o ələgəlməz görüntülərin sadəcə yuxu yox, hər döngəsi insan həyatı üçün təhlükə saçan sirli ərazidə baş verməkdə olan reallıqlar olduğunu təsdiq edirdi”...

Fikrimizcə, romanın birinci və ikinci fəsillərindən fərqli olaraq üçüncü, dördüncü və  beşinci fəsillərində “təfərrüat”a o qədər varılır ki, mətləb “unudulur”... Yalnız müəyyən məqamlarda yada düşür:

“...Bu gecəki yuxusunu qətiyyən xatırlamırdı...

Bu gecəki yuxusunu onun yaddaşından qəsdən silmişdilər. Hələ ola bilsin, bu gecə onunla nə isə eləmişdilər.

Hə, dəqiq nə isə eləmişdilər, - professor nəbzi ləngiyə- ləngiyə fikirləşdi, - yaddaşını dəyişmişdilər... ya da ruhunu oğurlamışdılar...

Ya da olsun ki, bu gecə boz gödəkcəli, axır ki, özünü ona yetirmişdi, qapılarının ağzına çatıb orda Allah bilə nələr eləmişdi?!. Bəlkə də, artıq öldürmüşdü onu?!.

Bu fikirdən ürəyi sıxıldı... Çaydanın altını yandırıb üzbəüzdəki pəncərənin şüşəsinə düşən əksinə baxdı.

...Pəncərənin tozlu şüşəsindən ona yastı burnu, qalın, çal bığları və girdə gözlüklü eynəyi ilə qoca boz bayquş baxırdı”...

Vaqif Yusifli yazır:

“Afaqın “Azadlıq” romanı həm janr xüsusiyyətinə, həm də üslubi yönünə görə  ilk baxışda qəribə təsir bağışlayır. Yəni roman publisistik bir ahənglə, templə başlayır, sonra sırf psixoloji səpgidə davam edir, sonda yenə publisistik  ton qabarıq görünür. Çox maraqlıdır ki, Afaqın digər nəsr əsərlərinə xas olan və ümumilikdə onun fərdi üslubunu səciyyələndirən bir çox cizgilər romanda  sanki qeyb olur, əvvəlki sakit, hətta çoxlarına darıxdırıcı təsir bağışlayan təhkiyə tərzi itilik, sürəklilik kəsb edir, hətta Afaqın nəsr leksikonu sürətlə  yeni sözlər hesabına zənginləşir. Başqa bir məqamı da nəzərdən qaçırmayaq. “Azadlıq” A.Məsudun insandan cəmiyyətə, fərdin daxili dünyasından ictimai- siyasi hadisələrə sıçrayışını tam şəkildə açıqlayır. Əslində, onun “dörd divar arasında” təsvir etdiyi gerçəkliyin özü də cəmiyyətin mikromodeli təsiri bağışlayırdı, ancaq “Azadlıq”da cəmiyyət, konkret ifadə etsək, Azərbaycan gerçəkliyi bütün reallığı ilə əks olunur”.

Və görünür, “Azadlığ”a hər cəhətdən bütöv (və normativ) romandan daha çox çarpazlaşan romanlar kimi baxmaq daha doğru olardı. Bitəni də var, bitməyəni də... Hətta bitib-bitməyəcəyi bilinməyəni də... Ancaq  şübhəsiz ki, usta işidir...

 





08.08.2016    çap et  çap et