525.Az

Məmmədxanlılar (davamı)


 

Məmmədxanlılar <b style="color:red">(davamı)</b>

Az qala iyirmi il ərzində – keçən əsrin  90-cı illərindən bəri- üzərində işlədiyim “Əsrim,əslim,nəslim” adlı anılar, düşüncələr romanını bitirmişəm. Bu roman beş kitabdan ibarət olan “Keçən keçdi,olan oldu” silsiləsinin birinci kitabıdır. Silsilənin o biri hissələri “Mübarizə bu gün də var”, “Sizsiz”, “Həyatım ağrıyır”  artıq çap edilib və  oxuculara tanışdır. Silsilənin beşinci kitabını  “Yaşamaq zamanı,yazmaq zamanı”  anılar-düşüncələr romanını bu yay tamamlamaq niyyətindəyəm.

“525-ci qəzet”in oxucularına “Əsrim, əslim, nəslim” kitabından bir fəsli  – “Məmmədxanlılar” fəslini təqdim etmək istəyirəm.

(əvvəli var)

Əlbəttə, bu süjetlərdən dediyim kimi  “ədəbiyyatbazlıq” (“literaturşina”) qoxusu gəlir, amma rəvayət rəvayətdir, bu janrın da öz xüsusiyyətləri var .Hər halda real hadisələr dildən-dilə keçərək sonrakı nəsillərə məhz bu şəkildə gəlib çatır.

Soyadımızı bəzəməyən bu əhvalatı böyüklərdən eşitdiyim,yadda saxladığım kimi qələmə alıram. Bəlkə də bunu etməməliydim,amma düşünürəm ki, bunun məsuliyyətini üzərimə götürməsəydim, bu həqiqətlər (ya rəvayətlər) də məndən sonra unudulub, silinib gedəcək, çünki bunları məndən başqa bilən və xatırlayan daha heç kəs qalmayıb. Həm də nə gizlədim,ulu babamızla fəxr də edirəm. Əlbəttə  arvadını  vəhşicəsinə qətl etdiyinə görə yox, belə qüvvətli ehtiraslara malik olan, qeyri-adi hisslərlə yaşayan  şəxsiyyət kimi. “Otello”nun nəvə-nəticəsi olmağın da öz dilxoşluğu varmış.

Məmmədxanla bağlı rəvayətlər haqda atamla söhbətim yadıma gəlmir.Amma  hansısa xırdaca insafsızlıq etdiyim zaman anam ərkyana zarafatla: “dərin getmiş Məmmədxanın nəvəsi xasiyyətini göstərdi” – deyərdi.

Rəsul Rzanın Məmmədxana münasibəti yazılarında əks olunub və bu münasibət yetərincə sərtdir. Avtobioqrafiyasında yazır: “Bizim ulu babamız Məmmədxan...o zamanın xırda feodallarından biri olmuşdur.Onun təbiətən çox sərt,zalım adam olduğu və yalnız başqalarına qarşı deyil, öz ailəsinə,avrad—uşaqlarına qarşı da çox amansız olduğu haqqında kənd qocaları arasında müxtəlif rəvayətlər vardır.Bəlkə də bunlar əsasən həqiqət olan faktların ağızdan-ağıza bəzənib inkişaf etmiş şəklidir.Mən ilk yazıçılıq təcrübəsinə başladığım illərdə “Dilarə” hekayəsində bu zalım babamın obrazını vermişəm”.

1928-ci ildə yazdığı  “Dilarə” hekayəsi 18 yaşlı qələm sahibinin ilk nəsr təcrübəsidir və ədəbi təcrübəsizliyin bütün əlamətlərini əks etdirir. Hekayədə komsomol ruhlu bir cavanın xanlara-bəylərə qəzəbli sinfi münasibəti də duyulmaqdadır. Bəlkə Rəsul Rzanın inqilabçılıq əqidəli gənclik çağında xan soyadından imtina edib kommunist dayısı Məhəmmədhüseyn Rzayevin familiyasını qəbul etməsi yalnız altı yaşında atasız qalmış yetimin ona atalıq  etmiş dayısına ehtiram əlaməti deyil,həm də mənsub olduğu silklə bağları büsbütün qırmaq istəyindən irəli gəlirdi.

Anamın məhəbbəti

Məni aldı qoynuna

Sonra da dayım oldu

Sevib saxlayan bizi

Yekə ailəmizi.

Onun tərbiyəsində

yaşa doldum,boy atdım

Onun adından qaldı

Rəsul Rza – soyadım.  

Əlyazması məndə olan “Avtobioqrafiya”sında Rəsul Rza qeyd edir: “Atamın ölümündən sonra bir neçə il bizim ailəmizi Qaffar əmim saxlamışdır. Ən çox ailəmizin və şəxsən mənim qayğıma qalan dayım olub”

Dayısı Məmmdhüseyn Rzayev  ancaq ibtidai təhsil almasına baxmayaraq geniş biliklərə malik adam imiş.Fars, rus və fransız dillərini bilirmiş.Uşaqlıqdan özü yetim qalmış Məmmədhüseyn 20 yaşından böyük bacısını- dul qalmış Məryəmi və onun dörd uşağını saxlamaq üçün özünü oda-közə vururmuş.Təhsilini davam etdirə bilməmiş,müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışmışdır: hərbi komissar, rayon partiya komitəsinin katibi, sovxoz direktoru və başqa məsul vəzifələrdə işləyib. Musavatçı yeznəsi Qaffardan fərqli olaraq Məmmədhüseyn gənc yaşlarından Kommunist firqəsinə daxil olub. Bir dəfə Həbibədən xəbər aldım: Yaxşı, Qaffar əmi musavatçı, Məmmədhüseyn dayı–kommunist, bəs bu yeznə-qayın münasibətlərində necə əks olunurdu. Araları necəydi? Həbibə:- Əla-dedi . Bir-birinə çox hörmət edirdilər.

Əgər bu həqiqətən beləymişsə deməli sovet vaxtında  çoxpartiyalı sistemin ilk rüşeymləri bizim ailədə cücərməyə başlayıb.Zarafat bir yana dursun,böyüklərə,yaşlılara verməli o qədər sualım qaldı ki, heyf vaxtında bunları soruşmadım.

Məmmədhüseyn dayının xeyli şeirləri də var.Şeirlərini ənənəvi formalarda,əruz vəznində,o vaxtki ədəbi dilə uyğun olaraq ərəb-fars sözlərindən bol-bol istifadə edərək yaradan Məmmədhüseyn Rəsul Rzanın sərbəst şeirlərinə necə münasibət bəsləyirmiş? İctimai fəaliyyətini necə qəbul edirmiş?Cavabsız suallardır.Amma ailə söhbətlərindən o yadımda qalıb ki, gəncliyində kommunist ideyalarına aludə olmuş Məmmədhüseyn dayı ömrünün son illərində ciddi xəyal qırıqlığına uğramış, Stalin rejiminin bütün naqisliklərini ayıq başla dərk edirmiş.Sovet ordusunda paqonlar haqqında qanun çıxanda Məmmədhüseyn dayı: –görəcəksiniz, deyirmiş – Stalin öz çiyinlərinə paqon  taxmaq üçün  verib bu qərarı.   

Məmmədhüseynin iki cins atı varmış:Ceyran və Qaragöz.Bu atların belinə sıçramaq yeniyetmə Rəsulun da, ondan üç yaş kiçik Ənvərin də əlçatmaz arzuları imiş.

Qəribədir, Məmmədhüseynin dünya görüşündə ortodoksal kommunistə xas olmayan nisgil, kədər – Rəsul Rzanın  30-cu illərdə dayısına həsr etdiyi  “Kəhər” şeirində dolayı yolla əks edilib:

Bəzən gecələrin dərinliyində

Yayılan səsində bir kədər ağlar

Yoxsa xəyalında canlanır yenə

Sıldırım qayalar,oyuqlu dağlar.

O əziz günlərin xatirəsiylə

Həyəcanların gəlirmi dilə

İçində həsrətin yanırmı,söylə!

Kəhərim,kəhərim, fağır kəhərim!

Kədəri dağlardan ağır kəhərim.

 

(ŞƏKİL: Rəsul dayısı Məmmədhüseyn Rzayevlə)

Vaxtilə Məmmədhüseyn Rzayevin “Molla Nəsrəddin” jurnalında   “Daş oğlu” imzasıyla yazıları dərc olunub.Bu məlumatı atamdan eşitmişdim.Dediyinə görə özünün də çox gənc yaşlarında “Molla Nəsrəddin”də eyni “Daş oğlu” imzasıyla bir yazısı çıxıbmış. Bakıda Mirzə Cəlilin yanına  gedib qonorar almağa.Özünü nişan verəndə Mirzə Cəlil: –Bu sənin yazındır?-deyə xəbər alıb . Bəli.-Lap yaxşı,onda səndən qonorar almayacağıq. Beləliklə zarafata salıb mənə qonorar vermədi- deyirdi atam.

“Molla Nəsrəddin”in əlimdə olan nömrələrində(o cümlədən axır illər latın əlifbasıyla çıxan çoxcildliklərində) “Daş oğlu” imzalı yazılara  hələ ki, rast gəlmədim.Amma Məmmədhüseyn dayının atamın arxivində  saxlanmış qovluğunda onun  Sabirin böyük təsiri  duyulan satirik şeirləri də var:

Əfəndim,iş dalınca gəzmə

avarə, dur! Dinmə!

Nəyin varsa yesin varlı,

yapışma karə, dur! Dinmə!

Nə haqqın var, deyirsən

sən də insansan, danışma,sus!

Olar insan pul ilə, bil bunu,

təkrarə dur! Dinmə!

Çalış dinmə! Vuruş dinmə!

Alış dinmə! Tutuş dinmə!

Müfəssəl bil lüzumu yox,

bunu iqrarə dur! Dinmə!

Qənilər eyşdə, sən tapma əkmək,

səbr qıl,dinmə!

Fəqir ol,bihəyalılıqla

gətirmə zarə, dur! Dinmə!

Nəzakət bəylərin, zillət səninçün

olmağın vird et,

Olarçün cənnətə səbr et,

səninçün – narə, dur! Dinmə!

Şərqin,İranın,Türkiyənin ümumi taleyini düşünmək, dərdinə qalmaq da Sabirdən gələn  ənənədir.

Molla, nə gərəkdir sənə Balkanlar alıbdır

Türkün vətənin,milləti bu dərdə salıbdı

Çək dərdini, öz fikrində qal, kişi, sən allah!

Bizlərə nə, İran belə başsız ki,qalıbdır.

Avropalılar türk vətənin eylədi viran

Bir kimsə bu əhvalata

bir zərrə yanıbdı?

Biri var onun adını sən yaxşı bilirsən

Fürsət tapıb İstanbula o göz-qaş atıbdı.

 

Sonuncu beyt senzuraya görə adını açıq  çəkə bilmədiyi rus çarının  İstanbula tamah salmasına işarədir.Məmmədhüseyn dayının başqa bir şeirində Sabirdən başqa M.Hadinin də təsiri duyulur:

Fəlakət quclayıb ərzi, zəminü

asiman ağlar

Üzün dərgahı-həqqə döndərib

xəlqi cahan ağlar.

Nə vəhşətdir, nə zülmətdir,

nə alçaqlıq edər insan

Qırır qardaş qardaşı, istəyir

gücsüz aman, ağlar.

Dənidir,sərsəridir,

vəhşidir dünyada insanlar

Baxıb insanə cümlə kainat

eylər fəcan ağlar.

Nə vicdanü nə ünsiyyət,

nə insafü ədalət var

Dəni zövqi-səfada,

əhli-vicdan biiman ağlar

Təcavüz eyləyir gücsüzlərin

həqqina alçaqlar

Özü öz qanına batmışdır,

inlər, hər zaman ağlar.

Kəsər qardaşını qardaş,

etməz zərrəcə insaf

Əzilmiş eyləyir halını qəhr ilə

bəyan, ağlar

Dağılmış şəhrlər, sönmüş ocaqlar,

 batmış insanlar,

Fənaya uğramış canlar,

edər nifrin hər an ağlar.

Oğulsuz annələr,

xırdaca məsum uşaqlar, həp

Deyər: eylə özün divan,

ey rəbi-cahan! Ağlar!

Məhəbbət yox, üxüvvət yox da

nifrin hökmfərmadır.

Pulemyotlar ilə toplarla

şrapnel həmzəban ağlar!.

 

(Ərəb əlifbasıyla yazılmış bu şeirləri mənim xahişimlə yeni əlifbaya köçürən Rafael Hüseynova təşəkkürümü bildirirəm.)

30-cu illərdə şair “dostlarından” biri  M.C.Bağırova çatdırmışdı ki, Rəsul əsl  familiyasını gizlədir,əsl soyadı Məmmədxanlıdır. Guya Bağırov bunu bilmirmiş,güya Rəsul özü bütün anket və tərcümeyi-hallarında bunu yazmırmış,guya doğma bacıları Məm-mədxanlı familiyasını daşımırmış. Məmmədxanlı familiyasıyla bağlı söhbət,nə qədər qəribə görünsə də 1973-cü ildə ABŞ-da düşdü. Bu barədə yerində yazacam.

Soyadından asılı olmayaraq xan babasının kabusu ömrü boyu, illah da gənclik illərində, Rəsul Rzanı təqib edib.

Xan nəvəsi ola-ola

Ərizə verəsən komsomola?

 

Bu sətirlər 1962-1965-ci illərdə yazdığı “Ömürdən səhifələr” şeirindəndir.Amma bundan otuz il qabaq yazdığı “Kəmiklər” şeirində ilk cavanlıq illərindən  bəri rastlaşdığı haqsızlıqlar, ədalətsizliklər, incikliklər haqqında da  acı etiraflar var.Şeir 1934-cü il nəşrində “Kəmiklər” adlanır.O vaxtlar biz də Türkiyə türkləri kimi  “sümüklər” yox, “kəmiklər” deyirdik.Türkiyə türkcəsində “sümük” tamam  başqa şeydir.Odur ki, şeirin sonrakı nəşrlərində Rəsul Rza artıq dilimizdən çıxmış “kəmik” sözünü  “sümük” sözüylə əvəz edir.Amma şeirin ağrılı şikayəti bununla dəyişmir:

Sümüklər bəndləndi/sümüklər kəməndləndi/sümüklər qoymadı irəli/.Sümüklər sıxdı məni sıxdıqca/ Mən gördüyümdən/yeddi qat artıq/iş görərdim/qəlbimdə gəzdirdiyimdən/ yeddi qat az olardı/ qayğım,möhnətim,dərdim/Neçə yolun başında/neçə günün, ayın/neçə ilin savaşında/sümüklər bəndlənməsəydi/sümüklər kəməndlənməsəydi /sümüklər çıxmasaydı qarşıma /amansız bir qərar kimi/Sümüklər bağlamasaydı yollıramı/ kərpicləri ağır/quru divar kimi/Dönə-dönə varaqladılar günlərin, illərin/ sarı yarpaq kitabını.../ bəsdir,yetər!/ Nədən,neçin verməliyəm/torpaq olmuş sümüklərin hesabını?!

Deyildiyi kimi Məmmədxanın böyük və istəkli oğlu Mahmud ağaymış. “Otello”yla analogiyanı davam etdirsək o dəhşətli qısqanclıq faciəsinin günahsız səbəbkarı Kassio rolunu oynamış Mahmud ağa atasından fərqli olaraq son dərəcə mülayim,rəhmdil, insaflı adam imiş. Hər halda nəsildən nəslə,ağızdan ağıza keçən şifahi ailə tariximizdə o belə səciyyələndirilir.Bu “tarixdə” o da   əks olunub ki, atasının  vəfatından sonra  Mahmud ağa kəndlilərinə azadlıq verib. Fikirləşirmiş ki,bəlkə oğlanları onun özünə yox,babaları Məmmədxana çəkdilər, onun təkin əzazil oldular, kəndlilərə zülm etdilər.Belə görünür ki,bir növ maarifçi mülkədar imiş Mahmud ağa.    Məmmədxanın qətlindən, tifaqının dağılmasından sonra onun altı oğlu İrana qaçır, tək bir böyük oğlu Mahmud ağa Quzey Azərbaycanda,dədə-baba yurdunda qalır və bu taydakı bütün Məmmədxanlılar nəsli onun törəmələridir.

Hərdən düşünürəm:işdi-şayət Mahmud ağa da İrana qaçsaydı və  fantastik bir fərziyyəylə sonrakı nəsillər də eyni ardıcıllıqla dünyaya gəlsəydi, növbə mənə çatanda mən də bəlkə indi saqqallı, əbalı, çalmalı bir molla olacaqdım.Doğma dilimdə olsa-olsa evdə, bazarda danışardım,yazı-pozumdakı (əgər yazı-pozuya meyl etsəydim) yalnız farsca...Bu zarafatın ciddi tərəfi də var.XIX əsrin rus istilasından sonra Şimali və Cənubi Azərbaycanın inkişaf istiqamətlərinə, maarifin, mədəniyyətin, mətbuatın, ədəbiyyatın ordakı və burdakı səviyyələrinə nəzər salmaq kifayətdir. Müstəmləkəçi çar siyasətini heç cür bağışlamamaqla bərabər, rus mədəniyyəti və rus dili vasitəsiylə qərb mədəniyyətiylə təmaslarımızın müsbət nəticələri göz qabağındadır. Ən azı doğma dilimizi itirmədik,əksinə saflaşdırdıq, cilaladıq,çağdaş dünyanın bütün anlayışlarını ifadə etməyə  qadir olan   ünsiyyət vasitəsi kimi,zamanla ayaqlaşan  zəngin sərvət kimi  yaşatdıq.

Əlbəttə bu sözlərlə mən Güney Azərbaycanda indi də öz doğma azəri-türk dilində yazıb yaradan,bu dili qoruyub saxlamaq yolunda çeşid-çeşid müqavimətə sinə gərən, min cür əzab-əziyyətə qatlaşan, ruhları,mənəviyyatları etibarıyla milli dəyərlərimizin daşıyıcıları yüzlərcə,minlərcə ziyalımızın – qan qardaşlarımızın üstünə kölgə salmaq istəməzdim.Qətiyyən.İntəhası bu ciddi və çətin yazıda hərdən zarafata da ehtiyac duyuram.İstəmirəm ki,oxucum mütaliənin gərginliyindən yorulsun. Buna nə dərəcədə nail olduğumu bilmirəm.

Görünür Məmmədxan bu nəslin bütün zalımlıq ehtiyatını, qəddarlıq potensialını sonunacan sıpqırıb qurtarıb.Çünki  böyük oğlu da,nəvəsi- nəticəsi də, nəslin bir çox sonrakı nümayəndələri də həddən ziyadə  yumşaq təbiətli,həssas qəlbli insanlar olub.Mahmud ağanın oğlu Məmməd ağa da xasiyyətcə zalım babasına yox,həlim təbiətli atasına çəkib,onun kimi insaflı, səxavətli adam olub. Xan nəvəsi Məmməd ağa manufaktura alveriylə məşğul olan tacir imiş. Bibim Sarə xanım yaşlılardan eşitdiklərini əks etdirən xatirələrində yazır ki, “babamız Məmməd ağa varını-yoxunu ona-buna (əsasən bəhayilərə) paylayıb.”

Bəlkə bəhayilərə səbəbi mənə məlum olmayan bu xüsusi rəğbəti nəslin  sonrakı nümayəndələrini –bəhayi olmasalar da – bəhalikdə ittiham olunmaları üçün əsas verib.(Böyüklərimiz danışırdılar ki, Rəsulun kiçik əmisi Hidayətin bəhayilərlə yaxın əlaqəsi varmış).

Məmməd ağanın birinci arvadı Səriyyə deyilənə görə çox gözəl imiş.Məmməd ağanın və Səriyyə xanımın beş övladı olub.Böyük oğlu Mahmud (onun qızı Tutu xanım yazıçı Hüseyn Abbaszadənin qayınanasıdır) Rəsulun atası, babam İbrahim, Ədil və iki qızları Camal və Xədicənisə Səriyyənin vəfatından sonra Məmməd ağa ikinci dəfə evlənib, Umleyla adlı bir qızı alıb.Bu nikahdan da iki oğlu-  Qaffar(Ənvər Məmmədxanlının atası), Hidayət və iki qızı- Havvanisə və Leyla  olub.

Bu məqamdan şifahi ailə tariximizdə səciyyələrin bir növ ikitirəliyi başlayır.Bibilərimin dediklərinə görə analarını itirmiş Mahmuda, İbrahimə,Ədilə ögey anaları Umleyla göz verib işıq vermirmiş. Mahmudla İbrahim çox gənc yaşlarından ata evini tərk etməyə məcbur olublar, müstəqil həyata başlayıblar, kiçik qardaşları Ədili də saxlayıblar. Ənvərgil üçünsə Umleyla doğma nənələri idi,onun haqqında mənfi yox, məzəli xatirələri vardı. Gözəl Səriyyədən fərqli olaraq Umleyla deyilənə görə çox çirkin imiş, yekə burnu varmış. Hətta bir az erməniyə bənzəyirmiş. Ənvər danışırdı ki, 18-ci ildə türklər Göyçaya gələndə arvadı  erməni biliblər və yalnız qadın “Kəlmeyi şəhadətini” oxumağa başlayandan sonra onu rahat buraxıblar.

Cijim də ögey qayınanasını yaxşı xatırlayırdı, bəzən onu yamsılayaraq burnunda danışardı- Umleyla bir az tıntın imiş. Kiçik oğlu Hidayət kefcil, şux, zarafatcıl bir adam olub.  Anası ondan həyətdəki odunları yarmağı xahiş edəndə Hidayət: – tapşırmışam – deyərmiş – Gindenburqla Vilson gəlib yaracaqlar. (Alman generalı Gindenburqun, ABŞ prezidenti Vilsonun adları o vaxt tez-tez çəkilərmiş). Umleyla arvadın tıntın danışığını yamsılayan nənəm onun sözlərini təkrar edərdi: Nə oldu bu köpək oğlu Gindenburq, neçə gündü deyirsən gələcək, gələcək, gəlib çıxmır.

Hidayət:- Bir az başı qarışıqdır Gindenburqun, Vilsonla dava eləyib, amma cümə günü  mütləq gələcək- deyə anasını sakitləşdirirmiş.

Cijim Hidayət əmiylə, Ədil əmiylə bağlı  əhvalatlar da danışardı. O dövrün məşhur pəhləvanı Eldar Göyçaya gələndə Hidayət əminin evində gecələyibmiş. Səhər tezdən Hidayət əmi pəhləvanın sinəsinə çıxır: Hə, deyirsən, mənim kürəyimi yerə vuran olmayıb, indi neçədi?

“Ədil bir dəfə bizə sərxoş gəlmişdi. Qabağına çay qoydum, götürüb bütün qəndqabını əndərdi stəkanın içinə. İbrahim gözücu baxıb:

–Get bir az da iç – dedi. Ədil o gedən getdi,bir də heç vaxt bizə sərxoş halda gəlmədi. İbrahimin yaman zəhmi vardı.”

Ədil əmi kimi Qaffar əminin də Hidayət əminin də içkiyə, kefə, qumara bir az  meyilləri varmış.Amma uşaqlıqdan ehtiyac içində çabalayan, öz əlinin ağır zəhmətiylə yaşamağa alışmış İbrahim  kiçik qardaşlarına təsir göstərərək onları belə yollardan vaxtında çəkindirib.

Bu qardaşların hamısı qəribə bir qanunauyğunluqla 40-42 yaşlarında vəfat ediblər.Bircə deyəsən Hidayət əmi bu xatalı yaş həddini ötüb keçib. Hidayət əmini mən də görmüşdüm. Bizə gələndə mənimlə zarafat edərdi. O yadımda qalıb ki, saçlarını Üzeyir bəy sayağı ortadan ayırardı. Ağ parusun kostyumu vardı. Səliqəli geyinərdi, oturanda şalvarının dizlərindən tutub yuxarı dartardı ki, qırışmasın.

Göyçayda Müsavat partiyasının təmsilçisi olan, 1918-1920-ci illərdə bu mahalda Pristav vəzifəsini daşıyan Qaffar  əminin sovet dövründəki dramatik həyatı haqqında “Həyatım ağrıyır” sənədli povestimdə ətraflı yazmışam. Bu yazım çıxandan sonra “525-ci qəzet” də Xalq yazıçısı Hüseyn Abbaszadənin “ Tutu xanım danışırdı ki...” adlı xatirələri dərc olundu. Həmin yazıdan Qaffar əminin taleyiylə bağlı əlavə təfərrüatları öyrəndim.Sovet cəza orqanı tərəfindən axtarılan Qaffar əmi bir müddət  Tutu bacıgildə gizlənib.Tutu bacı atamın böyük əmisi Mahmudun qızı, yazıçı Hüseyn Abbaszadənin arvadı Solmaz xanımın anasıdır. Mənim də yaxşı xatırladığım bu mehriban qadına atamgil Tutu bacı deyərdilər. Tutu bacı böyük risk bahasına əmisi Qaffarı evlərində gizlədib. Onu milisə çuğullayan qonşuları Növrəstə adlı bir arvad olduğunu da Hüseyn müəllimin yazısından öyrəndim.

Nənəmin danışdığı bir məzəli əhvalat da yadıma düşür.Göyçayda evləri dolaşan,muzdla xırda-para məişət işlərini görən bir arvad varmış, ağıldan bir az seyrək, ağzını Allah yoluna qoyub danışan axvayı bir adammış. Bolşeviklər hökumət olandan sonra bu arvad bir gün gəlib: “Ay Məryəm bacı deyib- məni çağırmışdılar ÇK-ya, hər məhəllənin bir şifyonu(şpionu,xəbərçisi) olmalıdır-dedilər, sizin məhəllədən kimi məsləhət bilirsən? Dedim özümə nə gəlib, ölmüşəm ki, başqası olsun, öz məhəlləmizin şifyonu elə özüm olacam”.

Bunu zarafat kimi deyil, öhdəsinə götürdüyü ciddi vəzifə haqqında məlumat kimi deyirmiş.     

Həmin arvadla ya başqasıyla, indi yadımda qalmayıb bağlı  bir  əhvalatı da yenə cijimdən eşitmişdim. Nənəm danışardı ki, evimizə gedib –gələn bir arvad vardı,qatı şiə idi, sünnülərdən zənd-zəhləsi gedərdi. Hətta yüz faiz inanırdı ki, sünnilərin quyruğu olur. Heç cür onu bu  fikrindən döndərə bilmirdik. Axır qonşumuzun sünni arvadını öyrətdik ki, tumanının altından süpürgə bağlasın və həmin o sünnü düşməni olan qadının yanında bir dəfə guya fərqinə varmadan ətəyini çirmələsin. Belə də edib.Sünnü düşməni  qaça-qaça bizə gəldi, gözü- başı qaynayırdı :-Gördüm,ay Məryəm bacı, Allah haqqı öz gözümlə gördüm,filan arvadın quyruğunu öz gözümlə gördüm.

“Xatirələrində”   Sarə xanım yazır:

“Atam çox fərasətli idi, az bir zamanda Göyçayın adlı-sanlı adamlarından biri olub. Atamın beş qızı vardı-Kubra,Sarə, Surə, Turə. İkinci qızı Sarə körpə yaşında qızılçadan ölüb, onun adını mənə qoyublar. Məndən sonra bir oğlu olub Rəsul.Ana tərəfdən babamla  nənəm məni çox istəyirdilər, deyirdilər ki,sənin ayağın uğurlu oldu, dalınca oğlan (Rəsulu) gətirmisən”.

Cijim danışardı ki, balaca Sarə öləndə böyük bacısı Kubra yaman xiffət eləyirdi. Sonra yenə qızım oldu, adını Sarə qoyduq və Kubraya dedik ki, bu elə sənin həmin Sarə bacındır. Üz-gözünü turşutdu: “Buy, bu niyə belə balacalaşıb bu günə düşüb?”

Rəsul atasını dumanlı xatırlayırdı. Avtobioqrafiyasında yazır:

“Atam ziyalı idi, rusca təhsil almışdı. O mənim xatirimdə üzərini tül örtmüş surət kimi gah görünən, gah da xəfif dumanlara qarışıb itən xəyal kimi qalmışdır.Yəqin ki, foto şəkilləri olmasaydı, atamın surətini xəyalımda yarada bilməzdim. Mənim kimi onun da göy gözləri varmış, boyu ortadan bir az hündür adam imiş. Savadlı olduğundan və uzun illər kənddə mirzəlik elədiyindən onun adına bir mirzə əlavə edərək Mirzə İbrahim çağırarmışlar. Beş qardaş içərisində öz işgüzarlığı, biliyi, səyi və bacarığı ilə seçilən İbrahim atasının zamanına görə varlı adam olduğuna baxmayaraq çətin bir həyat yolu keçmişdir. O zaman azərbaycanlı ailələri üçün xarakterik olan bir şəraitə düşmüş, anasının ölümü və atasının yeni arvad  alması ilə rahatlıq və səadətini itirmiş, iki qardaşıyla bərabər doğma evlərindən çıxıb getməyə məcbur olmuş, müstəqil həyata başlamışdır. Öz əlinin zəhməti ilə özünə ruzi qazanan gənc İbrahim gündüzlər oxuyar, axşamlar su daşıyar, yük daşıyarmış.Təhsilə və elmə olan böyük həvəsi onun ağır bir şəraitdə oxumasını davam etdirməyə səbəb olmuşdur. Savad kəsb etdiyində  özü və kiçik qardaşı üçün çörək pulunu həmyerlilərinə məktub və ərizə yazmaqla qazanmışdır. O zaman geridə qalmış bir qəsəbə şəraitində böyük müvəffəqiyyət sayılan yeddi illik təhsilini bitirərək kargüzarlıq və dilmanclıq vəzifələrində çalışmağa başlamışdır. Atam açıq fikirli adam olmuşdur.O zaman Göyçay qəzasında ilk dəfə o böyük bacımı (Kubra xanımı-A.məktəbə qoymuş və hətta təhsilini davam etdirmək üçün 1913-cü ildə onu Tiflisə göndərmişdir. İkinci bacımı (Sarə xanımı-A.) yeni tipli məktəbdə  oxutdurmağa başlamışdır. Mənim bacılarım çadrasız gəzirdilər. Evimizə “Molla Nəsrəddin” jurnalını, rus dilində çıxan “Niva” və “Probujdenie” jurnallarını yazdırmışdı. Bu hərəkətləri, zamanına görə proqressiv fikirləri üçün Göyçay cəhalətpərəstləri və ruhaniləri  bizim ailəmizə dinindən dönmüş, bəhayi ləqəb vermişdilər, o zamanın ən dəhşətli sözü ilə “babi” adı ilə damğalamışdılar” Rəsul Rza. Avtobioqrafiya.

(Məndə hifz olunmuş əlyazmasından gətirdiyim bu parçalar nəşr olunmuş variantda bir qədər ixtisar edilmişdir- A.)

Cahillərin Mirzə İbrahimə vurduqları “babi” damğası  Sabirin məşhur şeirindəki “b abi” damğasına uyğundur:  

Bu isə o ləinin də işi qullabıdır

Dini, imanı danıb, yoldan azıbdır, babıdır. 

(Ardı var)

 





06.03.2013    çap et  çap et