525.Az

Həminki Tofiq Abdin - Fotolar


 

Həminki Tofiq Abdin - <b style="color:red">Fotolar</b>

O, 70 yaşında 60, 60-ında 50, 50 yaşda 40 yaşlı insandan xeyli cavan görünürdü. Tükənməz həvəsiylə, çılğınlığıyla, qaynar çalışqanlığıyla, yenilikçi düşüncə və yanaşmalarıyla!

Amma o, 20-30 yaşı olanda 40-50 yaşlı, 40-50 yaşa çatanda 70-75 yaşlı, 60-na yetişəndə 80-ni adlamış ağsaqqallar kimi dərin idi.

Tofiq Abdin parlaq idi.

Bir şair kimi də, bir publisist kimi də, bir jurnalist kimi də, bir ziyalı və nəhayət, bir insan olaraq da.

O qədər parlaq idi ki, onu görməmək və dəyərləndirməmək mümkün deyildi. Lakin sanki sonacan onu əsl böyüklüyü və dəyəri ilə nə gördülər, nə qiymətləndirdilər.

Bu görməzlikdə bir qısqanclıq da vardı, həsəd də, çaşqınlıq da, təkəbbür də.

Kənddən gəlmiş bir traktorçu balasının bunca üstünlüyünü, bunca çağdaşlığını lap qabiliyyətləri, istedadları olsa da, yağ içində böyrək kimi bəslənmişlərin, həyatın sərt sifətlərini duymadan böyümüşlərin elə belə olmalıymış kimi asanca qəbul və həzm etməsi çətin idi.

Tofiq Abdin 60-cılar nəslindən idi.

Onun Azərbaycan yazı, ədəbi zövq, ötkəm düşüncə mühitinə gətirdiklərinin nə qədər faydalı, təsirgöstərən, yolaçan olduğunu ədalətli qiymət verməyi bacaranlar indi dünənlərə vaxtın hündürlüyündən nəzər salarkən təsdiqləyə bilərlər.

Tofiq Abdin qəliblərə sığan deyildi.

1960-cı illərin başlanğıcında Mirzə İbrahimovun məşhur “Gələcək gün” romanına işarə ilə “O gün nə vaxt gələcək?” kimi cəsarətli (gününə görə siyasi baxımdan həm də çox təhlükəli) bir şeiri və bu qəbil şeirlər silsiləsini yaradan Tofiq Abdin başqa cür düşünən olmaq keyfiyyətini nə qədər söyülüb-döyülsə də, qanadlarını ütmək, kəsmək, qırmaq üçün nə qədər cəhdlər və təhdidlərlə qarşılaşsa da, axıracan tərk etmədi.

1970-ci illərdə mükəmməl bir yurdçuluq, millətsevərlik, müasir yazı mədəniyyəti məktəbinə çevrilmiş “Qobustan” incəsənət toplusunda teatr, kino, musiqi şöbəsinin müdiri kimi çalışdığı illərdə həmin dərginin çöhrəsini müəyyənləşdirən əsas simalardan biri o idi.

Yazıları ilə, cəlb etdiyi müəlliflər və onlarla apardığı söhbətlərlə, redaktə demokratiyası ilə.

“Redaktə” deyəndə ki, Tofiq Abdin hər müəllifin üslubuna, yazı tərzinə sayğının ovaxtadək Azərbaycan Sovet mətbuatında kimsənin müşahidə etmədiyi adil örnəyini yaratmışdı (şəksiz, bu da hökmən ayrıca vurğulanmalıdır ki, həm Tofiqin özünün azadlığının, həm də jurnalla əməkdaşlığa dəvət etdiklərinə yaratdığı sərbəstliyin dayaq nöqtəsi Anar idi).

Bir eldə doğuldum - mərkəzdən uzaq,
Üz tutub bir böyük şəhərə gəldim.
Başımı soxmaqçün gəzdim künc-bucaq,
Nə bir soyuq bildim, nə isti bildim.
Döydüm bir qapını, dedim ki, mənəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!
Şairlik sevdası vardı başımda,
Bilmirdim dünyanın nizamı varmış.
Hardan biləydim ki, bu yolbaşında
İnsan öz-özünə bədbəxt olarmış -
Bəzən qoymadılar danışam, dinəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!

Tofiqi bütövlüyü ilə tanımaq üçün bu gün artıq onsuz qalarkən bütün yazdıqlarını başdan-sona oxumaq kafi deyil. Tofiqi mübarizələri, mahiyyəti və tam tutumu, çəkisi ilə qavramaqdan ötrü onu arxada qalmış keşməkeşli onillərin axarında izləmək gərəkdir. Bu halda Tofiq Abdinin Azərbaycan yazı və düşüncə aləmindəki əvəzsiz yeri bütün dərinliyi və genişliyi ilə görünəcək.

Həm boş qalan yeri, həm də çox işıqlı iziylə daim dopdolu qalacaq yeri!..

O, ilk şeirini yazanda 16 yaşı vardı, hələ kənddə yaşayırdı və Bakıya, redaksiyaya göndərdiyi həmin şeiri qəzet səhifəsində görəndə bunu möcüzə saymışdı. Və bəlkə, sonralar özünün ciddi qəbul edərək şeirləri sırasına daxil etmədiyi həmin dərc olunmuş yazı bir qığılcıma çevrilərək onun bütün varlığını və taleyini qələm, söz, ədəbiyyat sarı səmtləndirmişdi.

Tofiq Abdin rahat həyat yaşamadı.

Narahat zamanda, müharibənin lap başlanğıcında dünyaya gəldi.

Tofiqin doğulduğu, sıxıntılı uşaqlıq illərini yaşadığı Salyanın Xarabakəndinin adını Şura hökuməti dəyişərək Qırmızıkənd qoymuşdusa da, ora yüz cür məişət və güzəran çətinlikləri ilə dolu bir yer olaraq qalırdı.

Tofiq Bakıya gəldi, ali məktəbə daxil oldu, ədəbi aləmə qatıldı, məşhur bir jurnalda şöbə müdiri işlədi, amma dolanışığı elə ortabab səviyyədə qaldı.

Mən şahid idim ki, o, zövqünə uyğun geyim-kecim almaq, ailəsini dolandırmaq üçün nə qədər əziyyət çəkir, özünü necə oda-közə vururdu.

Elə axıracan da dolanışığı ortababdan o yana keçmədi.

Lakin yaradıcılıqda Tofiq yolunun lap başlanğıcından son nəfəsinə qədər adilikdən çox uzaq oldu.

Ortabablığa, bəsitliyə, basmaqəlibliyə, yıpranmışlığa həmişə qənim kəsildi, daim təzə söz deməyə, tam səmimi olmağa, tapdanmamış yollar açmağa can atdı.

Ona görə də naftalin təfəkkürlülər, burnundan irəliyə baxmağı bacarmayanlar ona lap gəncliyində “xunveybin” damğası vurdular.

Tofiqlə mən 1974-cü ildə, hələ tələbə ykən “Qobustan” redaksiyasında tanış oldum və aramızda xeyli yaş fərqi olmasına baxmayaraq, elə ilk təmaslarımızdan səmimi dostluq münasibətlərimiz yarandı. Lap az sonra “Qobustan”da işıq üzü görəcək birinci yazımı da Tofiqə verdim və o da təxirə salmadan xanəndə Mütəllim Mütəllimov haqda həmin məqaləmi növbəti nömrəyə daxil etdi.

O zaman mən artıq radionun ədəbiyyat redaksiyası ilə əməkdaşlığa başlamışdım və bir neçə müstəqil verilişim də efirə getmişdi.

Tofiq radio ilə əlaqə saxladığımı bilincə məni musiqi redaksiyasına da təqdim etdi.

O illərdə Tofiqin müəllifi olduğu “Melodiya” radio klubu sevilirdi və bu redaksiyaya ayaq açandan sonra mən də həm “Axşam görüşləri” verilişini, həm də davamlı olaraq ayrı-ayrı tanınmış sənətkarlar barədə ifaçıların portretləri sırasından proqramlar hazırlamağa başladım.

Tofiq Abdinin publisistikası, poeziyası ümumi axında dərhal seçilən olduğu kimi, onun radio jurnalistikası, veriliş yazma və aparma manerası da büsbütün fərqli idi. “Melodiya” radio klubunda apardığı müsahibələr canlılığı, təbiiliyi ilə fərqlənirdi. Halbuki o vaxtlar radio-televiziyada, adətən, bütün efirə gedəcək mətnlər irəlicədən qat-qat redaktor süzgəclərindən keçərək təsdiqlənmiş mətnlərdən üzünə oxunurdu. Bu isə qaçılmaz qeyri-təbiiliyə gətirib çıxarırdı.

Tofiqin səsi də, mətni çatdırmaq tərzi də, verilişində tətbiq etdiyi rubrikalar da yeniliyi, gözlənilməzliyi, orijinallığı ilə diqqəti çəkirdi.

Bütün bunların bizdə örnəyi yox idi.

Bəs jurnalistikadakı, publisistikadakı belə təsirli, cəlbedici, canayatan cəhətləri Tofiq haradan öyrənmişdi, hansı müəllimlərdən mənimsəmişdi?

Bunu ona nə Teatrşünaslıq fakültəsini bitirdiyi İncəsənət İnstitutunda, nə də qiyabi ali jurnalistika təhsili almış olduğu Bakı Dövlət Universitetində öyrətmişdilər.

Elə təzəcə tanış olduğumuz günlərdən birində öz evində mənə İlya Erenburqun “Lyudi, qodı, jizn” (“Adamlar, illər, həyat”) silsiləsindən olan kitablarını göstərərək: “Bax mənim əsl, əsas müəllimim bu kişi, bu kitablar olub”, - demişdi və əlavə də etmişdi ki, sən də bunu mütləq oxu (İlya Erenburqun həmin silsilədən olan yazıları əvvəlcə siyasi senzuranın ciddi maneələri ilə qarşılaşaraq nəşri dayandırılmışdısa da, yazıçının SSRİ rəhbəri Nikita Xruşşovla görüşündən sonra Kreml tərəfindən “yaşıl işıq” yandırılmış, bir-birinin ardınca 1960-cı illərin əvvəllərində kitabın yeni cildləri işıq üzü görmüşdü).

Oxumuşdum və mən də o müəllifdən, o əsərlərdən çox şey öyrənmişdim.

...Azərbaycan milli azadlıq hərəkatının dünənində, dilibağlı Sovet dönəmində bu xalqın susmayan sərbəst düşüncəsinin tarixində Tofiq Abdinin özünəməxsus yeri var.

Bunun bir tərəfi onun bilavasitə yaradıcılığı ilə bağlıdırsa, digər tərəfi Sovetin “qan-qan” dediyi vaxtlarda “Qaranquş” adlı antisovet gizli təşkilatına qoşularaq apardığı mübarizələrlə əlaqədar idi.

Dövlət Təhlükəsizlik Komitəsi onların izinə düşmüşdü - hələ 28 nəfər imişlər.

Nəzarətə götürülmüşdülər. 1966-cı ildə hamısı bir-bir saxlanmışdı və Tofiqin KQB zirzəmisindən yolu Sovet dövrünün qəddar ənənələrinə və cəza vərdişlərinə uyğun olaraq ya sürgünə, həbsə, ya da ən ağıllını belə bir neçə günə müvafiq iynələrlə dəliyə döndərə bilən əsəb xəstəxanalarına gedib çıxa bilərdi.

Tofiqin özündən əvvəl DTK-ya antisovet qoxu duyduqları şeirlərini aparmışdılar.

Bu yazıları elə Tofiqin oturub-durduğu yoldaşları ora çatdırmışdı.

Gizli antisovet “Qaranquş” təşkilatının proqram və nizamnaməsini də əldə etmişdilər.

Sovetlər dönəmində hətta fərdi yazı makinaları da nömrəsinə əsasən nəzarətdə idi. Və həmin proqram və nizamnaməni araşdıran xəfiyyələr asanca müəyyənləşdirmişdilər ki, bunlar Tofiqin kirayənişin qaldığı mənzildəki yazı makinasında çap edilib.

Proqram və nizamnamədə isə bu gənclərin evini dərhal yıxa biləcək qorxunc bəndlər vardı: Cənubi və Şimali Azərbaycanın birləşdirilməsi, Azərbaycanın müstəqilliyi ideyası, SSRİ-də hakimiyyətin silahlı üsyan yolu ilə devrilməsi və sair belə-belə o dövr üçün ağlasığmaz, müəyyən mənada sadəlövh, lakin Dövlət Təhlükəsizlik Komitəsi üçün ən kəskin addımları atmağa əsas verən müddəalar.

Bir sıra dindirmələrdən sonra, nəhayət ki, onları həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini olan Heydər Əliyev qəbul eləmişdi.

Təbii ki, diqqətlə araşdırmışdı fəaliyyətlərini.

Bilirdi hamısı istedadlı, dəliqanlı cavanlardır.

Rəva görməmişdi bədbəxt olsunlar.

Faktiki olaraq xilas etmişdi onları, imkan verməmişdi heç nədən məhv olsunlar. Heç birinə cinayət işi açılmamışdı (bütün bunları Tofiq özü etiraf edirdi).

Heydər Əliyev nəsihət vermişdi gənc dissidentlərə.

DTK-dakı kabinetinin pəncərəsindən onlara 9 May faşizm üzərində Qələbə bayramı münasibətilə oçağkı Lenin (indiki Azadlıq) meydanına gedən ağır hərbi texnikanı, müxtəlif qoşun növlərinin nizamla irəliləyən əsgərlərini nişan verərək təbəssümlə demisdi: “Sizsiniz o Sovet hökumətini yıxmaq istəyənlər? Görürsünüz də Sovet ordusunu?!Ağlınızı başınıza yığın, gedin təhsilinizlə, yazı-pozunuzla məşğul olun, bir də bura qayıtmayın!..”

Söz yox, nə qədər ki Sovet quruluşu yerində idi, Tofiq Abdinin də adı etibarsızlar siyahısında qalırdı, gendən nəzarət də öz yerində.

Mənə söyləyirdi ki, saxlanılmalarından bir müddət əvvəl əlavə qəpik-quruş qazanmaqçün indiki Tofiq Bəhramov, ovaxtkı V.İ.Lenin adına Respublika Stadionunda axşamlar matç boyu elanları oxumaq üçün diktor vəzifəsinə işə düzəlibmiş.

DTK-da “başına ağıl qoyulub” sərbəst buraxılandan bir neçə gün sonra növbəti dəfə işə çıxıbmış və o axşam oxumalı olduğu elanların mətnlərini səliqəyə salırmış.

Bir DTK əməkdaşı daxil olur mikrofonların quraşdırıldığı köşkə: “Abdinov, burdayıq ha, işini sahmanlı apar, mətnlərdən qırağa çıxma!”

Tofiq Abdini düşünürkən həmişə yaddaşımdan Rəsul Rzanın “Darısqallıq” şeirinin misraları keçir.

Uzun illər sıxdı məni:
gah çəkmələrim -
bəzən uzunu, bəzən eni ilə.
Gah ötüb keçən ilə təəssüfüm.
Gah ümidim yeni ilə.
Gah dünyanın dərdi, qəmi sıxdı məni,
gah corablarımın boğazı.
Gah alçaq buludların qalın pərdəsi;
Gah bir nadan qələmindən tökülən yazı.
Gah avtomat qələmin bahalığı.
Gah sözün ucuzluğu,
Gah köynəyimin yaxalığı.
Qırıb çıxmaq istədim
“olar”, “olmaz” çərçivəsindən.
Dedilər: - Yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri gözlə!
Sığallı dillə yaz!

Tofiq Abdin - içərisi gepgeniş olan bu nadir istedad sahibi həyatı uzunu mühitin doğurduğu saysız-hesabsız darısqallıqlardan, məhdudiyyətlərdən, maneələrdən aşa-aşa yazıb-yaratmalı oldu.

Və ən əsası odur ki, heç vaxt da müti olmadı, löyün-löyün darısqallıqların əsirinə çevrilmədi, özünü, sözünü hər an qoruya bildi.

Tofiq hiss adamı idi, ürək adamı idi, qəlbi onu nəyə, kimə doğru çəkirdisə, o haqda da yazırdı və kimsəyə bənzəməyən tərzdə yazırdı.

“Komsomolskaya pravda”nın məşhur müxbiri vardı - İnna Rudenko. Həmin xanımın yazılarından birini oxuyandan sonra necə riqqətə gəlmişdisə, Ukraynaya yola düşmüş, həmin yazının qəhrəmanını tapıb söhbət eləmişdi (Zavallıya orada da şübhəcil KQB əməkdaşı yaxınlaşıbmış. Ukraynaya gedəndə Abbas Abdulla ona Marçenko soyadlı bir köhnə dostunun ünvanını veribmiş ki, köməyə ehtiyacın olsa, ona müraciət et. Tofiq tapıbmış həmin ünvanı. Ancaq sən demə, antisovet fəaliyyətlərinə görə o Marçenko deyilən artıq həbsə atılıbmış.

Tofiq Ukraynadan Moskvaya yola düşür, Bolşoy Teatrın qarşısındaymış, elə fürsətkən bilet tapıb tamaşaya baxmaq istəyirmiş. Birdən arxadan kimsə əlini qoyur onun çiyninə.

Çevrilir, tanımadığı bir adamı görür. KQB əməkdaşıymış həmin şəxs: “Siz Tofiq Abdinovsunuz, biz sizi yaxşı tanıyırıq. Xeyir ola, Ukraynaya niyə getmişdiniz?”

Tofiq əsl səbəbi izah etsə də, yəqin, inanmamışdılar, onu səfərinin əvvəlindən qayıdanacan güdmüşdülər və ən azı, dolayısı ilə başa salmışdılar ki, heç arxayınlaşıb eləmə, mütəmadi nəzarətdəsən).

Böyük yazıçı və kino xadimi Vasili Şukşin dünyadan köçəndə onun yaradıcılığını çox sevən Tofiq Bakıda duruş gətirə bilməmişdi, həmin dəfn mərasiminə yola düşmüşdü və “Şukşinlə vida günü” adlı çox əks-sədalı bir esse qələmə almışdı.

...Subay vaxtlarında Xutordakı yarımzirzəmi kiçik həyət evi də, sonralar yazıçı Anarın köməyi ilə Əhmədlidə aldığı mənzili də, “Qobustan”dakı iş otağı da bir ədəbi məclis, klub kimi idi.

Tofiqin ətrafı həmişə adamlı idi, süfrəsi daim dost üzünə açıq idi.

Burada, Bakıda yaşadığı illərdə də, 8 il Türkiyədə çalışdığı dövrdə də.

Onun publisistikası da, şairliyi də, jurnalistikası da Azərbaycan ədəbi mühitinin diqqətəlayiq hadisələridir ki, yerli-yataqlı təhlilinə, öyrənilişinə ehtiyac var.

Qət eləmişəm ki, doktorantlarımdan birinə dissertasiya mövzusu olaraq Tofiq Abdin Məhərrəmoğlunun ömrü və irsini araşdırmağı təklif edim.

Bu tədqiqatı canayatan və Tofiqə layiq səviyyədə yerinə yetirməyə qadir cavanı hələ axtarıram.

...Tofiq mənə danışmışdı ki, ilk şeirini yuxuda görübmüş və sərlövhəsindən, birinci sözündən başlayaraq axırıncı kəlməsinədək həmin şeiri yuxusunda nə təhər görmüşdüsə, elə o sayaq da kağıza köçürərək qəzətə yollayıbmış.

Ədəbi yolu beləcə başlanıbmış.

...Ömür bir yuxu kimi yaşandı, bitdi...

Yuxunu danışmasan, yazmasan, yozmasan, tezcə unudulub gedir.

Tofiq unudulmuşlardan çox yazıb. Bu nisgilin nə nisgil olduğunu yaxşı anlayırdı. Və özü ölümdən çox qorxduğunu dəfələrlə boynuna alsa da, zənnimcə, ölümdən daha artıq, unudulmaqdan qorxan bir insan idi.

Bəlkə unudulmaq burada tam dəqiq yerinə düşən söz deyil. Tofiq, mənə elə gəlir ki, unudulmaqdan daha əvvəl, diqqətdən kənarda qalmaqdan, çağlayan ədəbi-mədəni həyatın axarında yetərincə gözə dəyməməkdən ehtiyat edirdi, tənha olmaqdan üşənirdi. Eyni davranış və hissiyyatı ömrünün lap son illərində müğənni Gülağa Məmmədovda da sezmişdim. Xatirimdədir ki, vəfatından az qabaq “Amerikanın səsi” radiosunun Azərbaycan redaksiyası üçün 1994-cü ilin iyununda, növbəti ad gününün ərəfəsində Gülağa müəllimdən müsahibə almağım.

Demişdim ki, 5-6 dəqiqəlik söhbətdir, elə telefonda yazaq. Razılaşmamışdı: “Niyə telefonda, saat neçədə deyirsən gəlim studiyaya!”.

Televiziyada çıxışa gəlirmiş kimi qəşəng geyinmişdi və hiss etmişdim ki, çox xoşbəxtdir, bu qısaca müsahibəyə həddən ziyadə sevinir.

Min dəfələrlə səhnəyə çıxmış, ekranlarda görünmüş bu qiymətli sənətkar ömrün xəzanında məhz diqqət umurdu, yaddan çıxa biləcəyindən xoflanırdı...).

Nə qədər ki Tofiqlə azı bircə dəfə təmasda olmuş, onun enerjisini duymuşlar var, əlbəttə ki, onun canlı surəti diri qalacaq.

Lakin bizdən sonra gələnlər var axı!

Tofiq Abdin zəngin bir irs, rəngarəng yaradıcılıq dünyasını yadigar qoyub gedib.

Yuxusuna gəlmiş ilk şeiri ilə son əbədi yuxusu arasındakı yaradıcılıq yolunun uzunluğu 57 il sürdü.

Kim Tofiq Abdin adı çəkilirkən heyranlığını, məmnunluğunu, minnətdarlığını ifadə etmirsə, demək, bu parlaq yaradıcıya və bu qiymətli irsə bələd deyil.

Heç kimi qınamıram. Gərək elə edək ki, bələd olsunlar!

Hər birimiz kimi Tofiq də mələk deyildi, onun da bir insan və dost, yoldaş olaraq elə xüsusiyyətləri vardı ki, birmənalı qəbul etmək çətin idi. Amma mən Tofiqi həmişə bütün tərəfləri ilə qəbul edib sevmişəm, bu gün də həmin istək qəlbimdədir.

Təbii, həyat boyu hansısa köhnə dostları, tanışları itirirsən, kimlərdənsə uzaq düşürsən, kimlərdənsə soyuyursan. Hərdən yeyib-içəndə Tofiq aralı düşdüyü köhnə dostları yada salaraq məşhur xalq oyunundakı bu deyimi dilə gətirərdi: “Yoldaş səni kim apardı?”.

İtirdiyi, ondan cüda düşən dostlara görə isə həmişə yalnız qarşı tərəfi günahkar sayardı. Lakin gerçək həyatda adətən belə olmur axı!..

Sərvətə biganə qalmaq, Tofiq Abdin kimi müstəsnaları unutmaq olmaz!

Bu nigaran misralar Tofiq Abdinindir:

Bəlkə... bir daha şeir yazmadım,
yazmamağımın min bir nədəni var.
Bəlkə, min birdən də çox.
Minindən biri
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox!!!


Narahat olma, mən varam, Tofiq!

Belə bir niyyətim də artıq qətiləşib ki, bu payızda Nizami muzeyində Tofiq Abdin gecəsi təşkil edim, onunla yaxın olmuş, onu yaxşı tanıyan dostları, həmkarları toplayım.

Xatirələrimizi bölüşək, şeirlərini dinləyək, özünün audio və videolentlərdə qalan səsini eşidək.

Bir neçə saat boyunca Tofiqlə birgə olaq...

Və bütün bunlar sabah üçün lentə alınsın.

...Tofiqin adı odlu cəbhələrdən gəlmişdi.

Onun doğulduğunu Krım uğrunda döyüşlərdə iştirak edən əmisinə yazmışdılar, o da cavab yollamışdı ki, qardaşının ilk övladının adı Tofiq olsun.

Sənədlərində doğum tarixi 1941-ci ilin 1 sentyabrıdır. Tofiq deyirdi ki, doğum tarixini dəqiq bilən yoxdur, 1 sentyabrı elə həmin namüəyyənliyə görə özü şərti olaraq təyin edib. Ehtimal eləyirdi ki, ya avqustda, ya noyabrda doğulub.

Sənəddə yazılacaq, sonra rəsmiləşib tərəddüdsüz elə doğru kimi qəbul ediləcək doğum tarixini özün seçə bilirsən. Ölüm tarixi ki belə deyil! Qəfildən gəlir, nə onun gəlişini ləngidə, nə də ilini, ayını, gününü redaktə edə bilirsən.

Ayrılıq günü 2014-ün 24 fevralında yetişdi.

Ömrün bitəcəyində yazdığı şeirlərindən birində Tofiq Abdin belə düşünürdü:

Öləndən sonra,
çox demirəm,
bir azacıq üşüyə bilsəydim,
qışda
canım bir azacıq isinsəydi,
yayda
öləndən sonra darıxmaya bilsəydim,
o tənhalıqda
ah... bir oyana bilsəydim,
hər sabah
oyandığım kimi dan üzü
gəlib öpə bilsəydim
balalarımın üzündən,
ruhum bir duman olub
keçsəydi Muğan düzündən,
oyana bilsəydim,
bir daha ölməzdim, düşünürəm...

Əziz Tofiq! Belə arzulayırdın.

Kim bilir, bəlkə də, bu istəyin gerçəkləşib?

Bəlkə, o səbirsiz, darıxan ruhun əbədi ayrılıqdan sonra o qəriblikdə duruş gətirə bilməyib?

Bəlkə, elə axşamlardanmı, səhərlərdənmi birində hamıdan xəbərsiz qayıdıb gəlmisən, hiss olunmadan balalarının üzündən də öpmüsən, sənsiz yetim qalmış yazılarını da seyr etmisən, uçub gedib Muğana da baş çəkmisən?

Və qəflət yuxusundan oyana bildiyindən, bəlkə, elə bu şeirində inandığın kimi daha təzədən ölməmisən.

Qalmısan burada. Qalmısan bizimlə?

Sadəcə biz görmürük səni!..

...Növbəti Tofiqsiz gündə yenə onun ömrün son illərində yazdığı şeirlərindən birini onun öz səsində dinləyirəm:

Mən on il əvvəlki Tofiq deyiləm,
heç beş il əvvəlki Tofiq deyiləm.
Çıxıb davalardan, çıxıb savaşdan,
qalıb havalara bağlı bu ömür.
Onun necəliyi buluddan gəlir,
Allaha, insana umuddan gəlir.
Mən başdan-ayağa qəmli gileyəm,
aldı öz içinə qorxular məni,
qorxutdu qorxulu yuxular məni.
Bu qorxular biri dünən vardı axı,
bu gün yox,
bu qorxular içində cəsarətim
çilik-çilik ox.
Mən on il əvvəlki Tofiq deyiləm,
Heç beş il əvvəlki Tofiq deyiləm,
gəlib dayanmışam bir ah içində,
quş kimi çırpınnam günah içində.
Sevmək cəsarəti sıfırın altda,
sevilməksə ondan bir aşağı.
Sabah duaları dilimdə şəkər,
axşam duaları sabahı çəkər.
Titrək yarpaq kimi içim əsməkdə,
bu yaşda, bu gündə, bu əsarətdə
yenə də olanlar məni üzməkdə.
Mən on il əvvəlki Tofiq deyiləm,
heç beş il əvvəlki Tofiq deyiləm,
bəzən çiçəklər də incidir məni,
yazıq böcəklər də incidir məni.
Nəymiş bu dünyanın bilinməz yeri?
Bu halla, bu günlə, bu ağrılarla
yeri, Tofiq Abdin, geriyə yeri
yeriyə bilsən,
niyə gəlmişdin ki,
niyə bezmisən?
Dünya elə buymuş,
dözüb yaşa sən...

Bu sözlər mənimçün yeni deyil. Bu şeiri 2010-cu ildə yazıb çap etdirsə də, həmin qənaətini mənimlə o duyğuları misralara döndərməzdən xeyli əvvəl bölüşüb.

Onda hələ XX əsr idi, 1990-lar, müstəqilliyimizin ilk illəri.

Tofiq Türkiyədə, İstanbuldakı Azərbaycan konsulluğunda işləyirdi.

Bir axşam konsulluğumuzun o vaxt yerləşdiyi İstiqlal caddəsi ilə Bosfora sarı gedirdik. Tofiq qayıtdı ki, heç yatanda yuxuma girməzdi ki, gün gələcək, Türkiyədə işləyəcəyəm, burada asudə gəzib-dolanacağam, burada yaşayacağam, Türkiyə qəzetlərində yazacağam. Bütün bunlardan sonra mən daha əvvəlki Tofiq deyiləm.

O zaman da Tofiqin bu fikrinə etiraz etmişdim, elə indi də şeirindəki həmin düşüncəylə şərik deyiləm. O vaxt söyləmişdim ki, axı niyyətin hara, mənzilin ora deyiblər. Sən ömrün boyu məhz belə olduğuna, bu yolda mübarizə apardığına görə Allah müstəqilliyi görməyi də, sevdiyin Türkiyəni də, burada yaşamağı da, yazıb-yaratmağı da gec-tez sənə mütləq nəsib etməli idi.

Dövrlər, siyasətlər, nəsillər, zəmanələr, ab-havalar, dəyərlər dəyişdi. Tofiqsə elə həmin Tofiq olaraq qaldı!

Saflığıyla, işığıyla, həssaslığıyla, mülayimliyiylə, hərdən kəskinliyi, bəzən codluğuyla, sözünün sərrastlığıyla!

Və həmişə də o cür qalacaq!

Həminki Tofiq Abdin kimi!

Avqust, 2016

 





05.09.2016    çap et  çap et