525.Az

Məhəmməd Əmin Rəsulzadə- Əsərləri


 

Məhəmməd Əmin Rəsulzadə-<b style="color:red"> Əsərləri</b>

IV cild 
(1917-aprel 1918)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV
Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

General Kuropatkinin hürriyyəti 

Tazə Rusiyanın böyük bir qismini təşkil edən Türkistandan hürriyyətin ilk günlərində xəbərlər az gəlirdi. Bura əhvalının nə yolda getdigini bilmək, o xüsusda aşkar və aydın bir fikir edinmək müşkül idi. Bizim kibi məmləkətin bu başında oturanlar degil, paytaxtda nəşr olunan qəzetələr dəxi Türkistan idarəsinə şübhələr, əndişələrlə baxmaqdadırlar. “Russkaya volya” qəzetəsində Kuropatkin idarəsi “köhnə dəridə tazə şərab” cümləsi ilə  tərif olunuyordu. Bu köhnə dərinin tazə şərabı nə cür saxlayacağı, saxlaya biləcəyi heç şübhəsiz ki, şübhəli idi. Bilxassə ki, Kuropatkinin hökm elədigi vilayət əksəriyyətlə sabiqdə “inorodist” denilən xəlqdən ibarətdir. Köhnə idarənin mahir müdirlərindən olan Kuropatkinlərin inorodistlər həqqindəki nəzərləri isə gizli bir şey degildir. Bunlar ən səmimi olmaq istədikləri zamanlarda belə inorodistlərə “kiçik oğul”luqdan artıq məqam gözləməmişlərdir. Çar hökumətinin müftinanə bir surətdə bütün Türkistanı cəbrən üsyanə qaldırdığı nəticəsində Almaniya səhnəyi-hərbindən alınıb da Türkistan meydani-siyasətinə atılan Kuropatkinin Türkistan nümayəndələrinə xitabən söylədigi nitqində böyük oğullar naminə bu “ağ valideyn” olan kiçik oğulları qanlar, atəşlərlə təhdid ediyor. Sözdə adlarına kiçik oğul diyor idisə də, işdə onlarla kiçik qul kibi rəftar ediyordu. Bir damla rus qanı tökülən yerlər yerlilərin əlindən alınırdı.

Bu, Kuropatkinin müharibə zamanındakı “üsyan” əsnasındakı hərəkəti idi. Daha adi zamanlardakı hərəkət və siyasətini isə həqqində söylənən mənqəbələrdən bilmək olar. Bu mənqəbələrdən birisi məsələn, söylüyor ki, keçən zamanlarda Türkistan valii-ümumi-əskəriyyəsi bulunduğu zaman Kuropatkin Türkistan şəhərlərindəki söyüdləri kəsdirib yerinə “akasiya” ağacı əkdiriyor. Bununla Türkistan şəhərlərini “ruslaşdırıyormuş”. İştə, inorodistlərin ağaclarını belə görmək istəməyən bu “dahiyi-təmsil” imdi yeni hökumətin ruslaşdırmaq degil, rusiyalılaşdırmaq siyasətini ifa etmək üzrə Türkistan vilayətinin başında qalmış və haman “islahatə” başlamışdır. Fəqət necə başlamışdır?

Qəzetələrin xəbər verdiginə görə general Kuropatkin əmr etmişdir ki, bütün Türkistan şəhərlərində 1872-ci il qanununa görə bələdiyyələr seçilsin və hər şəhərdə seçiləcək qlasnıların ancaq yarısı yerlilərdən ibarət olsun, qalan yarısı isə avropalılardan (yəni xristianlardan) olsun.

Məlum olduğu üzrə bu bildigimiz köhnə şəhər qərardadının 44-cü maddəsidir. Yeni hökumətin inorodistlərə aid məhdudluqların qaldırılması həqqində sadir elədigi fərmandan sonra bu maddənin hökmü saqit olmuş, şəhər dumalarının seçkisi bütün vətəndaşlardan ötrü müsavi olmuşdur.

Hürriyyət, ədalət və müsavatın elan olunduğu qardaşlıq və vətəndaşlıq əsasının paydar edildigi böylə bir zamanda Kuropatkin əcəba, hanki məntiq və səlahiyyətlə yerli türkistanlıları yenə kiçik oğul və yainki qul mənziləsində görmək istiyor?

Qəzetələrin izahına görə Kuropatkin bərabər və bəradərlik elan olunduğu böylə bir zamanda ruhi-zaman ilə daban-dabana zidd olan qərarını onunla izah ediyormuş ki, yerlilər “ən müqəddəs və ən ağır vəzifəyi ifa etmiyorlarmış”. Bunu hər kəsin anlayacağı dillə tərcümə etdikdə çıxar ki, türküstanlılar əskər getmədiklərindən əskər gedən qeyri-türküstanlılarla hüquqda müsavi olamazlar. İştə, köhnə dərinin tazə şəraba verdigi təm. Bu söz Nikolay İkinci ilə Rasputin zamanında bəlkə də məntiqli görünüyor, kimi isə iqna edə bilərdi. Fəqət imdi, insan və vətəndaşlıq hüququnun mütəntən bir surətdə elan olunduğu zaman, bu kibi dəlillərin qiyməti bir çürük qozdan artıq degildir. Çünki bu dəlilin yalan və göz bağlayıcı olduğu meydanda olub hər kəsdən ötrü aşkardır.

Kuropatkinlər öz təsəvvür və məntiqlərinə sadiq qalsaydılar “ən müqəddəs və ağır vəzifəyi-vətəniyyəyi” ifa edən yəhudi vətəndaşlara tarixi-aləmdə misli az görülən məzalimi rəva görməz və yenə haman türkistanlıların irq və din qardaşları olan tatarların əskər getdiklərinə baxmayaraq şəhər dumalarında hüquqları əksidilməz və Türkistanda – bu baba yurdunda – yer və yurd almaq həqləri paymal edilməzdi.

Türküstanlılar “ən müqəddəs və ağır vəzifəyi-vətəniyyəyi” ifa etmiyorlarsa, bunun günahı kəndilərində degil, gözləri “akasiya”dan başqa ağac görmək istəməyən köhnə bürokratlarda, rusiyəliligi kor-koranə “ağ padşah”a baş əgmək kibi təbliğ edən kuropatkinlərdədir.

“Ağ padşah” təxti-mütalimindən rədd edildikdən sonra qara fikirli hampaları bilməlidir ki, bu kibi yabançı məntiqlərlə köhnə əsasları saxlaya bilməzlər.

Hər növ ikiüzlülükdən ari olan Rusiya demokratiyası ümidvardır ki, bu kibi yabançı məntiqlə hərəkət edən idarə adamlarına yol verməz ki, tazə üsuli-idarəni də köhnəsi kibi səmimilikdən ari göstərsinlər. Burasını nəzərə alıb da bütün irqdaş və dindaşları ilə bərabər türkistanlı qardaşlarımız dəxi birləşib Rusiya demokratiyasını qüvvətləndirməgə çalışmalı, bilməlidirlər ki, yalnız bu qüvvədir onları adı “ağ”, özü “qanlı” çardan qurtardığı kibi, köhnə idarənin qara-qırmızı ideoloqlarının yabancı məntiqlərindən də xilas edər.

Yaşasın millətlərin bilaşərt və qeydi-bərabər və bəradərligini təmin edən Rusiya demokratiyası!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 30 mart 1917, №437

 

Mənqəbə – təriflənəsi xidmət

Saqit – etibardan düşmüş

Hamil – yüklənmiş, daşıyan

 

Cümhuriyyəti-ənam şüarı, Kadet firqəsi və müsəlmanlar

Cümhuriyyəti-ənam şüarı artıq Rusiya hürriyyətpərvərlərindən ötrü ixtilaf götürməz siyasi bir ideal halını alıyor. Rusiya hürriyyətpərvər partiyalarından hürriyyəti-milliyyə Kadet firqəsi idi ki, məşrutəli padşah üsuli-idarəsinə tərəfdar idi. Son firqə ictimaində bu partiya dəxi özünün cümhuriyyəti-ənam tərəfdarı olduğunu ittihadla elan eləmiş və məmləkət üsuli-idarəsinə aid olan proqram maddəsini aşağıdakı vəchlə təbdil eləmişdir.

“Rusiya parlaman üsuli və cümhuriyyəti-ənam əsasilə idarə olunmalıdır. Qüvvəyi-icraətin başında müəyyən bir zaman üçün cəmaət nümayəndələri tərəfindən seçilmiş cümhur rəisi bulunmalıdır ki, bu rəis də məmləkəti məsuliyyətli heyəti-vüzəra vasitəsilə idarə eləməlidir”.

Günün ən mühüm qüvvətini və inqilabın ən dəyanətli istinadgahını təşkil edən fəhlə firqələrilə soldat təşkilatının cümhuriyyəti-ənam fikri həqqindəki rəyləri aşkar idi. Onlar başqa dürlü üsuli-idarəyə məhəl və imkan belə buraxmaq niyyətində olmadıqlarını bəyan edib duruyorlardı. Həm başqa dürlü də olamazdı. Çünki bu əksərən sosialist və sol firqələrdən təşəkkül edən təşkilatlar bu gün degil, ta “qalübəla”dan cümhuriyyəti-ənam tərəfdarı olmuşdur və şübhəsiz ki, bu gün ələ keçən fürsəti qaçıramazlardı.

Yalnız ehtiyat olunuyordu ki, Rusiyanın mərkəzi firqəsini təşkil edən və əksərən Rusiya intelligensiyasından ibarət olan mötədil kadetlər bəlkə bu şüarla barışmazlar və bu surətlə hürriyyətpərvərlər arasında üsuli-idarə həqqindəki siyasi bir nəzər ixtilafi hadis olar. Kadet firqəsinin son qərarı isə bu ehtiyatı tamamilə zail edib göstərmişdir ki, Rusiya hürriyyətpərvərlərinin sağından ötüb soluna qədər artıq hamısı cümhuriyyəti-ənam tərəfdarıdır. Və imdidən demək də olar ki, Rusiyanın Məclisi-Müəssisanca qəbul olunacaq yeni üsuli-idarəsi haman “cümhuriyyəti-ənam”dan ibarət olacaqdır.

Şübhəsiz ki, bütün Rusiya demokratiyası ilə bərabər müsəlmanların da amalı, mənafei-milliyyələri ilə müvafiq gördükləri bir üsuli-idarə varsa, haman cümhuriyyəti-ənamdır. Cümhuriyyəti-ənam tələbimiz Məclisi-Müəssisanda lehinə rəy verəcəgimiz müqəddəs şüarımızdır. Fəqət yalnız bir bu əsas bütün ehtiyacati-milliyyəmizi izalə edər, bütün diləklərimizi razı sala bilərmi?

Əlbəttə, yox. Əlbəttə ki, kəndi milliyyətimizin tamamilə təmini-bəqası və milli qüvvətlərimizin meydan alıb da hər növ maddi və mənəvi təsirlərdən azad qalaraq müstəqilən böyüyüb artması üçün başqa nəzərlər və başqa tələblərimiz də vardır. Fəqət üsuli-hərəkət iqtizası olaraq bu tələblərimizi zamani-axirə təliq ediyoruz.

Bu tələblər qəbilindən olaraq “hürriyyəti-milliyyə” firqəsi ictimaində hazır bulunan Ukrayna nümayəndələri Rusiyanın yalnız cümhuriyyəti-ənamla qalmayıb “cümhuriyyəti-müctəmeə” əsası üzərinə qurulması tələbində israr eləmişlərdir ki, Rusiya müsəlmanları naminə məclisdə bulunan orenburqlu Mənsurov cənabları da bu fikrə iştirak eləmişdir.

Böylə bir fikrə iştirak etdigi üçün Mənsurov cənabları əlbəttə ki, müaxizə olunamaz. Fəqət Mənsurov – teleqraflardan anlaşıldığına görə – daha iləri getmiş, demiş ki, “bütün Rusiya müsəlmanları hürriyyəti-milliyyə firqəsinin idealı üçün sinə sipər elər və hanki tərəfdən olsa da, cəmaətin azadlığını təhdid edən qüvvətlərə qarşı mübarizə edərlər”.

Millətin azadlığını, Rusiyanın hürriyyətini və cümhuriyyəti-ənam əsasını müdafiə üçün şübhəsiz ki, müsəlmanlar sinə sipər elər, lazım olursa ölər, məqsəddən dönməzlər. Fəqət bu fədakarlığı Kadet denilən “hürriyyəti-milliyyə” firqəsinin idealı naminə edərlər – demək, bütün müsəlmanların ancaq bu firqəyə mənsub və ya tərəfdar olmasını iddia etməkdir. Böylə bir iddia səlahiyyətini Mənsurov millətdaşımıza əcəba, kim vermiş və böylə qəti bir bəyanda bulunmaq cəsarətini haradan almışdır?

Hər şeydən əvvəl Mənsurov bilməz degildir ki, hər bir mədəni millət kibi müsəlmanlar arasında müxtəlif cərəyanlar, müxtəlif siyasi və ictimai nəzəriyyələr vardır: yalnız bir burası mülahizəyə alınsaydı, bütün müsəlmanların kadetlər müridi olduqlarını iddia etmək mümkün olmadığı özü-özündən anlaşılardı. İctimai nəzəriyyələr, sinfi mənfəətlər kənarə qoyulub da sırf milli-siyasi nöqteyi-nəzərdən baxılsa belə, müxtəlif müsəlman cərəyanları “hürriyyəti-milliyyə” firqəsinin ideallarını kəndi milli idealları ilə müvafiq görəməzlər. Bəzilərincə müvafiq görülsə belə, bütün Rusiya müsəlmanlarının “Milyukov şöbəsi” olduğu fikrini əqldən belə keçirmək olmaz.

Biz biliyoruz ki, daxilən bütün millətlərin hürriyyətini, mədəni və milli istiqlalını o partiyalar təmin edərlər ki, onlar hər növ imperializm ruh və siyasətindən uzaqdırlar. Rusiyanın əzəmətini, azadlığını, səadətini xaricdə bir taqım nüfuzlar, istilalar və qazanclarda görən firqələr nə qədər özlərinə hürriyyətpərvər desələr də, daxilən bütün millətlərin hüququnu, azadlığını təmin edəməzlər.

1905-ci ildəki müsəlman syezdləri “hürriyyəti-milliyyə” firqəsinə yaxın bir proqram qəbul eləmiş və bu firqə ilə bərabər getməyə meyl göstərmişdi. Fəqət o zaman belə bu tərzi-hərəkətin bütün müsəlmanlar naminə qəbulunu protesto edənlər bulunmuş və Rusiya müsəlmanlarının mənafeini səmimiyyəti şübhələr altında olan kadetlərlə degil, sol firqələrlə bərabər olmaqla görmüşlərdi.

1917-ci il 1905-ci ilə nisbət çox böyümüşdür. 12 illik təcrübə bütün Rusiya əfkari-amməsində olduğu kibi müsəlman əfkari-amməsində də külli təbəddülat əmələ gətirmişdir. Bu təcrübələri ilə müsəlmanlar çox vədləri qovmuş, firqələri təcrübədən keçirmişlərdir. Böyük aləm vüquatı qarşısında, bilxassə Kadet firqəsinin verdigi imtahan, izhar elədigi sima müsəlmanları, ən ciddi kadet tərəfdarı olan cəmaət xadimlərimizi belə düşündürmüş, tamamilə başqa xətti-hərəkət ittixazinə məcbur eləmişdir.

Hürriyyəti-milliyyə firqəsinin ən parlaq nümayəndəsi, bütün ruhi, canı bir əməl kibi bəslədigi siyasətinin müvərrici bu günün xariciyyə vəziri Milyukovdur. Milyukov siyasətinin demokratiya siyasətinə – Rusiya millətlərinin mənafeinə ən uyğun gələn bu siyasətə – qarşı müarizligi gün kibi aşkardır. Bu böylə ikən müsəlmanlar əcəba, hanki məntiqlə özlərini Milyukov şiəsi elan edər, özlərinə məxsus ideal və nəzəriyyədən əl çəkib də Kadet firqəsi üçün sinə sipər edərlər!? Yox, müsəlmanların sipər edəcəkləri sinələri varsa, bu sinə yalnız Rusiya hürriyyətini mühafizə edər və yalnız kəndi milli əməlini müdafiə üçün hər bir bəlaya açılar.

Rusiyanın hürriyyəti ilə amali-milliyyəmizin təmininə Rusiya hürriyyət firqələrindən hansılarının daha ziyadə ümidli olduğunu kəsdirmək lazım gəlirsə, bunun üçün hər halda sabiq məşrutəli padşah firqəsindən sola baxmalıdır.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 31 mart 1917, №438

Qalübəla – lap əvvəldən, köhnədən

Hadis – baş verən, üz verən

Müctəmeə – birləşmiş

Müaxizə – məzəmmət etmə,

töhmətləndirmə

Müariz – etiraz edən, qarşı çıxan

Şiə – tərəfdar

Təliq – təxir etmək, yubatmaq

Müvərric – yayan, rəvac verən,

intişar edən

 

Kadet firqəsi və müsəlmanlar 

Keçəndə Məqsudovun Kadet firqəsi syezdində bütün müsəlmanların Kadet firqəsi tərəfində olduqları həqqində bir bəyanda bulunmuş idi. “Açıq söz” Məqsudovun bu cəsarətinə heyrət edərək müsəlmanların mənafeyini “imperialist” kadetlərlə bərabər getməkdə degil, təbiətlərilə demokrat və hürriyyətpərvər olan firqələrdə olduğunu söyləmişdi.

Bu dəfə alınan “Utro Rossii” qəzetəsində müsəlman fraksiyası nəzdindəki müsəlman Bürosunun bu xüsusda nəşr elədigi bəyannaməsi gəlmişdir. Bəyannamə “Açıq söz”də izhar olunan fikirləri daha kəskin və daha mətin bir surətdə ortaya ataraq müsəlmanların Kadet firqəsi ilə bərabər olamıyacağını qüvvətli ibarələrlə elan ediyor. Bəyannamədə denilir ki:

“Biz Rusiyanın hər tərəfindən gəlmiş və aşağıda imza atmış müsəlman Bürosu əzası bütün Rusiya cəmaətinə elan etmək məcburiyyətindəyiz ki, vətəndaş Məqsudovun kadetlər syezdində bütün müsəlmanların keçmişdə kadetlərlə getdikləri və gələcəkdə də onlarla gedəcəkləri həqqində olan bəyanından ancaq o özü məsuldur.

Biz inandırıyoruz ki, naqis seçki nizamnaməsi bütün Dövlət Duması nümayəndəligindən məhrum olunan demokrat müsəlmanlar heç bir zaman Kadet firqəsinə öz siyasi nəzəriyyələrinin tərcümanı kibi baxmamışlardır. Əlavə bərin cəsarətlə deyə biləriz ki, hal-hazırda degil, demokratlar müsəlman burjua və feodal siniflərinin başçıları belə nə qədər ustalıq və əcələ ilə başqa rənglərə boyanmış olsa da Kadet bayrağı altına yığılmaq meylində olmazlar. Böyük aləm müharibəsi zamanında, gərək qara istibdad zamanında və gərək işıqlı hürriyyət günlərində Kadet firqəsinin namidar fəalları ağzından eşidilən cahangiranə (imperialist) sözlər ucundan bu firqənin müsəlmanlar nəzərində heç bir ixtiyarı olmamışdır.

Əksərən məmləkətin kənar bucaqlarında yaşayan müsəlmanlar dövlətin təqib etdigi cahangirlik politikasından hamıdan çox zərər görmüş və ona görə də hər kəsdən az hazırdırlar ki, nə şəkildə olsa da bu cahangirlik siyasətinə tərəfdar olsunlar. Kadet firqəsinin dəstə başçısı, imdiki müvəqqəti hökumətin xariciyyə vəziri olan Milyukov keçəndə müharibənin məqsədləri həqqində elan etmiş olduğu bəyannaməsi müsəlmanların protestosunu mucib buluyor. Biz cəsarət edib söyləyə biləriz ki, müsəlmanlar İstanbul ilə boğazları alacaq bir qələbə ardından gedə bilməzlər. Millətlərin müqəddəs azadlığı ilə böylə bir şüar qətiyyən düz gəlməz. Bu şüar göstəriyor ki, kadet Avropa millətləri üçün bir, Asiya millətlərini və bilxassə Türkiyəni ölçmək üçün digər bir ölçü istəniyor.

Rusiya müsəlmanları böyük Rusiya milləti ilə qardaş olaraq müharibə meydanlarında vətən müdafiəsində qanlarını axıtdılar. Bundan sonra ümumi azadlıqlarını müdafiə etmək üçün yenə qanlarını müzayiqə etməzlər. Azad millətlərin azad Rusiyası müsəlmanlara bir ruh veriyor və gələcəkdə işıqlı istiqlal uğrunda qəhrəmanlıqları göstərməyə susadıyor. Fəqət Rusiyanın hürriyyətini müdafiə etdikləri halda müsəlmanlar başqa millətlərə – bu millətlər Asiyada olsun, Afrikada olsun, həqarət və məğlubiyyət gətirmək istəməzlər. Buna görə də biz cəsarət edib deyə biləriz ki, bizim fikrimiz haman Rusiya müsəlmanlarının fikridir. Rusiya müsəlmanları gərək xarici və gərək daxili məsələlərdə ancaq o firqələrlə bərabər gedərlər ki, onlar həqiqi demokrat fikirlərinin sahibi olub Avropada olsun, Asiyada və Afrikada olsun, bilafərq milliyyət, din, cins, rəng və irq bütün qövm və millətlərin azadlığını gözlər, hamı millətlərin izzəti-nəfsinə ehtiram edərlər”.

“Açıq söz”, 3 aprel 1917, №440

 

Müzayiqə – əsirgəmə

Milyukov həqqində 

Yeni hökumətdə xariciyyə vəziri mənsəbini tutan Milyukovun siyasəti və tərzi-hərəkəti Rusiyada cəmaət və mətbuat arasında bəzilərinin narazılığına bais oluyor. Milyukov məlum olduğu üzrə məşrutəçi demokrat Kadet firqəsinin, yəni Rusiyada ən böyük siyasi partinin rəisi olub onun sözü və fikrinə böyük əhəmiyyət veriliyor. Ona görədir ki, Milyukovdan hər çıxışının firqə tərəfindən olması və özünün degil, firqəsinin fikrini söyləməsi tələb olunuyor. Fəqət məlum oluyor ki, Milyukov bəzi vəqt partinin degil, özünün şəxsi fikir və mülahizəsini bəyan ediyormuş.

İştə, bu münasibətlə “Den” qəzetəsi böylə bir məqalə yazıyor:

“Diyorlar ki, bizdə əfkari-ümumiyyə Əskər və Fəhlə Vəkilləri Şurası – vəzarəti var. Fəqət heç şübhəsiz bizdə əfkari-şəxsiyyə vəzarəti, daha doğrusu, vəziri var. Milyukov özünəməxsus siyasi taktika ilə naibüssəltənəlik məsələsi qaldırdıqda sonradan məlum oldu ki, onun təsəvvür etdigi üsuli-idarə özünün şəxsi mülahizəsi imiş. İnqilab həqqində “hamıya” verdigi simsiz teleqraf xəbərləri də onun öz şəxsi nöqteyi-nəzərini bildirmiş olsa gərəkdir. Nəhayət, xarici siyasət məsələlərində də Milyukovun tutduğu vəziyyət əfkari-ümumiyyənin degil, özünün şəxsi fikir və mülahizəsinin tələb etdigi bir vəziyyət imiş. Xülasə, zamanın ümdə məsələlərinin hamısında Milyukovun özünəməxsus şəxsi fikri və mülahizəsi vardır. Fəqət hal-hazırda Rusiyadakı müttəhid hökumətdir. Və zaman o qədər ciddi və məsuliyyətlidir ki, hökumət “şəxsi fikir” sahibi olan vəzirlərə öz başına çıxışlarda bulunmaq ixtiyarı verə bilməz. Bu ya o səbəblərə görə müvəqqəti hökumət dava məqsədləri həqqində özünün xüsusi proqramını bildirə bilmiyor, yainki bildirmək istəmiyorsa barı öz heyətində bulunan vəzirini vadar edə bilər ki, demokratiyayı həyəcana gətirən və hökumətin özünün belə razı olamadığı bəyanatda bulunmasın.

Əgər Milyukov buna söz verə bilmiyorsa bir əlacı qalıyor ki: vəzarətdən çıxsın, iş başından çəkilsin. İmdi bizim xariciyyə vəzirimizin bir çarəsi var. Tabe olmaq, yainki iş başından çəkilmək”.

 “Açıq söz”, 3 aprel 1917, №440

 

Naibussəltənə-hökmdarı əvəz edən, opekun Məqsudovun faciəsi 

Rusiya müsəlmanları arasında məşhur Məqsudov cənabları əski “İttifaqi-müslimin” ənənəsinə sadiq qalaraq “Kadet” firqəsi ilə əlaqəsini kəsməmiş və bu firqənin bir əzası olmaq sifətilə yaxında iclas edən Petroqrad kadet syezdində iştirak eləmişdir.

Syezdin birinci günlərində Məqsudov cənabları bütün müsəlmanları da özü kibi təsəvvür edərək “Rusiya müsəlmanları bu vəqtə qədər Kadet firqəsi ilə getmiş və bundan sonra da onunla gedəcəklərdir” – deyə bəyanatda bulunmuşdur.

Həqiqəti-əhvalə başdan-başa zidd olan bu bəyan çox həqli olaraq müsəlman Bürosunun protestosuna düçar olmuş, iştə syezdin digər bir iclasında Məqsudov haman “təshihi-xəta” olmaq üzrə Kadet firqəsinin təhsinini mucib olan “İstanbul və boğazları almaq” şüarına müsəlmanların tərəfdar olmadığını bildirmiş və əlavə etmişdir ki: “heç olmasa Rusiya müsəlmanlarının hissiyyati-diniyyələrini rəayət olsa da Kadet firqəsi öz proqramından “İstanbul ilə boğazları almaq” fəqərəsini çıxarmalıydı. Məqsudov “ruhi və ruhülmüslimin ləkum fəda” məfadində olan birinci bəyanını alqışlar ilə qarşılayan syezd İstanbul həqqindəki “hissiyyatını” nəzəri-etinayə almamış, “zəlaləti-fikriyyə”də olduğunu, müsəlmanlar arasında ittihadi-əfkar bulunmadığını, İstanbulun türklərdən degil, almanlardan alınacağını kəndisinə söyləmiş, siyasətdə hissiyyat olmaz – deyə başına əql qoymuşlardır.

Bir müsəlman siyasət xadimindən ötrü çəkilməz bir faciə degilmidir?

İstanbul ilə boğazlar tələbi şübhəsiz ki, Rusiya siyasətinə daxil olmamalıdır. Fəqət bu barə hissiyyati-diniyyə hökmü ilə degil, Kakuşkin dedigi əqli-səlim iqtizasilə ortadan qaldırılmalıdır.

Haman Kadet firqəsi, haman Milyukov özü, haman Rusiya, İngiltərə və Fransa hürriyyətpərvərləri bu müharibənin millətlərin azadlığı üçün edildigini iddia ediyorlar. Rusiya müsəlmanları bütün Rusiya demokratiyası ilə bərabər bu şüarı qəbul ediyorlar. Fəqət bunu, müsəlman Bürosunun dünki sayımızda dərc olunan bəyannaməsində denildigi kibi yalnız Avropa milllətləri və yalnız xristianlar üçün degil, Türkiyə də daxil olduğu halda bütün dünya millətlərindən ötrü qəbul edərlər.

Öz vətəninə xəcalət, məğlubiyyət və şərəfsiz bir sülh istəməyən Rusiya cəmaəti razı olmamalıdır ki, Rusiyanın qələbəsi başqalarına şərəfsizlik gətirsin. Kakuşkin nə kibi sifətlərlə fikrini bəyan edərsə-etsin, həqiqət həqiqətligində baqidir. İstanbulu türklərdən almaq cahangirlik siyasətini davam etdirmək deməkdir. Rusiya cahangirligindən, bu imperializm siyasətindən qanlar yutmuş olan Rusiya müsəlmanlığı, Rusiya demokratiyası ilə bərabər böylə bir bayraq altına yığılamaz, bu bayrağın tazə rənglərə boyanmasına aldananlar bulunursa qismətləri Məqsudov cənabları kibi ən əziz hislərində pərt olmaqdan başqa bir şey olamaz.

M.Ə.

“Açıq söz”, 4 aprel 1917, №441

 

Rusiya müsəlman ictimai harada olmalıdır 

Petroqradda müsəlman fraksiyası yanındakı Büro böylə tarixi mühüm bir zamanda çağrılması vacib olan ümumrusiya müsəlman ictimainin dəvətinə hazırlaşmaqdadır. Bunun üçün kəndisinə hər tərəfdən kömək göndərmək və bu zəhmətindən ötrü kəndisinə təşəkkür eləmək boynumuza vəzifədir.

Bu zamanda ilk dəfə olaraq yığılacaq ictima harada yığılmalıdır?

Bu xüsus Büro ilə bəzi Volqaboyu məhfilləri arasında ixtilafı mucib olmuşdur. Bu xüsusda əvvəlcə Xarkovdan bir teleqraf gəlmişdi. Bu teleqraf təklif ediyordu ki, Rusiya müsəlman ictimainin Kazanda çağrılmasına himmət edilsin və bu xüsusda Büroya teleqraf çəkilsin. Bu təklifə teleqrafla dəlil istənildikdə cavab alındı ki, Kazan Rusiya müsəlmanlarının tarixdə böyük və qüvvətli bir mərkəzi-siyasi olmuşdur. Buna görə də Rusiya istibdadından qurtaran müsəlmanlar ilk ictimailərini orada Sevim Bikə minarəsi yanında açmalıdırlar. Xarkovluların bu hissiyyatı, əlbəttə, xatiri sayılar hissiyyatdandır. Buna iştirak eləmək, onun dəlillərini anlamaq mümkündür. Fəqət Bakı müsəlman komitəsi Petroqrad Bürosu tərəfindən bir kərə təyin olunmuş məsələyi pozmamaq üçün ictimain Moskvada toplanması əleyhinə çıxmamaya qərar verdi. Və bu məsələdə Xarkova teleqraf çəkdi.

Dün Büro rəisi Salehov tərəfindən müsəlman qəzetələrinə çəkilən teleqrafdan anlaşıldığına görə görülüyor ki, ictimai Kazanda qurmaq fikrinin tərəfdarları haman Büroya müraciət eləyib, Moskvada yığılmaq qərarından Büroyu daşındırmaq istəmişlərdir. Fəqət Büro fikrində sabitdir. Dəlili də odur ki, Moskva Rusiya siyasət aləminin mərkəzidir. Müsəlman ictimai kəndi mövcudi və qərarnamələrilə bütün müsəlmanların tələb və arzularını Rusiya cəmaətinə hiss etdirməlidir. İctima Moskvada olursa bu nöqteyi-nəzərdən böyük təsiri olur. Müvəqqət hökumət ilə inqilab heyətləri dəxi hər növ böyük ictimaların paytaxtlarda olmasını mətlub görüyorlarmış. Buna görə də Büro bütün millətdaşlardan xahiş ediyor ki, ictimain Moskvada yığılacağına qane olub bu xüsusda Büroya teleqraflar göndərməyib, işin təbii surətdə getməsinə kömək eləsinlər.

Büronun bu teleqrafını mütəaqib bugünki sayımızda xüsusi bir teleqram dərc ediyoruz. Bu teleqraf Kazan müsəlman komitəsi tərəfindən gəliyor. Burada bakılılara təklif olunuyor ki, haman ictimanın Kazanda olmasını Bürodan tələb eləsinlər.

Bu hal göstəriyor ki, Kazan ilə Moskva məsələsi ciddiyyət peyda ediyor, əsasilik şəklini alıyor.

Kazan təklifinin özünə, Moskva təklifinin də özünəməxsus dəlilləri yox degildir. Fəqət ortada bir dərəcəyə qədər bütün Rusiya müsəlmanlarının ümumi bir mərkəzi hökmündə olan və hər tərəfdə adamları bulunan Büronun qərarını qəbul etmək işin yubanmaması üçün bizə daha müvafiq gəliyor. Yaxşı olardı ki, kazanlı qardaşlarımız dəxi bu xüsusda çox israr etməyib, bu babda Büroya güzəşt edə idilər.

Vəqt azdır, yığışmaq, danışmaq, sözü birləşdirmək, təşkilat qurmaq zamanıdır. Fürsət azdır. Aylar, günlər saət hökmündədir. İctimain yeri həqqində bu qədər barışmaz israrlarda bulunsaq bu israr əhəmiyyəti-zəmanə uymaz. Nə olur, birinci olmasa, ikinci ictima Kazanda olur.

İmdi vəqt ötürmədən yığışmalıdır. Bunun üçün də Petroqrad Bürosuna qulaq asmalıdır.

M.Ə.

“Açıq söz”, 5 aprel 1917, №442
Cud – comərdlik, əliaçıqlıq

(Ardı var)

 





18.03.2013    çap et  çap et