525.Az

Yaponiyada Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu


 

ƏLİBƏY MƏMMƏDOV: "BÖYÜK DÖVLƏTLƏRİN YÜZİLLİKLƏR ƏRZİNDƏ ƏLDƏ ETDİKLƏRİNƏ AZƏRBAYCAN CƏMİ 25 İLDƏ NAİL OLUB"

Yaponiyada Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu<b style="color:red"></b>

Dünən Yaponiyanın paytaxtı Tokionun əsas mərkəzlərindən biri olan Ropponqidə kiçik və orta sahibkarların iştirakı ilə ziyafət təşkil edilib.

Ziyafətdə Azərbaycanda dəfələrlə səfərdə olan, son 3 ildə 400 nəfərə yaxın yaponiyalı biznesmeni Azərbaycana aparan, Yaponiyada Azərbaycanın təbliğat işinə böyük töhfələr verən Kazuyasu İşida və digər sahibkarlar Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, stabil siyasi həyatı, biznes mühiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Ziyafətə dəvət olunanlar arasında Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov da olub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı çıxış edən Ə. Məmmədov bildirib ki, Azərbaycan 1991-ci ilin Oktyabrın 18-də müstəqilliyini bərpa etsə də, ilk illər heç də arzuolunan hadisələrlə yadda qalmayıb: "Bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, Dağlıq Qarabağ və ətraf rayonlarda separatçı qüvvələrin özbaşınalıqları, dünyanın əsas güc mərkəzləri olan böyük dövlətlərin ermənipərəst mövqe sərgiləməsi və digər xoşagəlməz hadisələr bir-birini əvəz edirdi. Azərbaycan diasporunun işləməməsi Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə doğru çatdırılması işinə mane olurdu. Digər tərəfdən güclü erməni lobbisi Ermənistanın işğalçı siyasətini dünya miqyasında haqq işi kimi tanıtdırmaqda dəridən qabıqdan çıxırdılar. Buna müəyyən mənalarda nail də olurdular. Üstəlik Azərbaycanın daxilində hakimiyyət uğrunda mübarizə ölkəni zəiflədirdi".

Ə. Məmmədov qeyd edib ki, 1993-cü il hələ Sovet dövründə Azərbaycanı uzun illər idarə etmiş, zəngin təcrübəyə malik, xalq tərəfindən sevilən lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlamətdar olub: "1994-cü ildə isə Ermənistanla atəşkəs müqaviləsi, eyni zamanda böyük dövlətlərin də iştirakı ilə "Əsrin Müqaviləsi" adlı neft kontraktı imzalanıb. 1995-ci ildə Konstitusiya qəbul edilib. Bununla da Azərbaycanın siyasi və iqtisadi həyatı normallaşma və stabilləşmə mərhələsinə qədəm qoyub. 2000-ci illərdə Azərbaycanın zəngin neft yataqlarından ölkə iqtisadiyyatına külli miqdarda vəsait daxil olmağa başlayıb. Bunun sayəsində ölkə iqtisadiyyatı çiçəklənib, sürətli inkişaf yolu keçib, dünyanın ən öndə gedən dövlətləri belə həsəd aparacaq bir iqtisadi inkişafa nail olub".

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri azad və firəvan şəkildə yaşamaq hüququna malikdirlər: "Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevrilib. Böyük dövlətlərin bir neçə yüzilliklər ərzində əldə etdiklərini Azərbaycan cəmi 25 ildə həyata keçirməyə nail olub. Güclü iqtisadi inkişaf fonunda Ermənistanın Azərbaycana olan təcavüzi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər və qaçqınların vəziyyəti normallaşdırılır, onlara olan dövlət qayğısı artır. Bir çox məcburi köçkünlər yeni yaradılmış yaşayış məntəqələrində yüksək keyfiyyətli mənzillərlə təmin olunurlar".

Ə.Məmmədov deyib ki, bu illər ərzində Azərbaycan diasporu da böyük inkişaf yolu keçib: "Artıq bugünümüzdə dünyanın ayrı-ayrı ölkələrində təhsil alan, işləyən, yaşayan həmvətənlərimizin yaratdıqları diaspor təşkilatları dünya səviyyəsində öz sözünü deməyə başlayıb. Artıq səsimizi eşidirlər".

Ceyhun ABASOV

 





19.10.2016    çap et  çap et