525.Az

Xoca Nəsrəddinin yurdu, sultanın ordugahı, qəfil saz sədası...


 

TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ ESKİŞEHİR

Xoca Nəsrəddinin yurdu, sultanın ordugahı, qəfil saz sədası...<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasının sədri

Türkiyəyə indiyədək əlliyə yaxın səfərim olub. Doğrusu, bunların heç də hər birində getdiyim yerləri doyunca gəzib-dolaşmaq imkanı əldə etməmişəm. Açığını deyim ki, bu mənim hobbimdir. Axı, bunsuz həmin ölkə, xalq, diyar, şəhər, yer barədə bilgilərə malik olmaq qeyri-mümkündür. Eskişehirdə isə belə imkanı bizə qatılacağımız tədbirdən əvvəl yaratmışdılar. İki gün ərzində vilayəti gəzib-dolaşmaq üçün zəngin marşrut seçilmişdi. Bunun hikmətini üçüncü gün hiss etdim. Görmədən, bilmədən, nəticə çıxarmadan Eskişehirin türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin hansı zərurətdən irəli gəldiyini necə qəbul etmək mümkün idi?! İndi hafizəmdə həqiqətən zəngin keçmişə, müasir tərəqqiyə, qədim ənənələrə, özəlliklərə malik məkan barədə unudulmaz xatirələr mövcuddur. Təəssüratlarımdan da yazının sərlövhəsi boylanır: “Tanıdığımız və tanımadığımız Eskişehir”.

Etiraf edim ki, səfərədək məsələnin birinci tərəfi ilə bağlı  məlumat bazam zəngin deyildi. İnternetdəki materialları da qənaətbəxş saymaq olmazdı. Səfər çantamın biri başdan-ayağa Eskişehirə aid nümunələrdən ibarətdir. Ədəbi-bədii əsərlər, müxtəlif kitablar, broşürlar, albomlar və bir də şəhərdə işıq üzü görən qəzetlərin Novruz bayramına təsadüf edən sayları. Hərəsi oxucu ilə müxtəlif mövzularda söhbətləşmək üçün kifayət qədər mövzu mənbəyidir. Hərçənd barələrində ayrıca söhbət açmaq imkan xaricindədir. Yəqin ki, nə vaxtsa onlara da qayıdacağıq. Hələlik mövzuya baş vurmazdan əvvəl səfərin məqsədi barədə söz açmaq istərdik. 

TÜRKSOY 21 ildir ki, türkdilli ölkələri və xalqları bir araya gətirən bəşəri işlə məşğuldur. Bu kontekstdə həyata keçirilən tədbirlər sırasında hər il tarixi köklərə malik hansısa şəhərin həmin məkanda türk dünyasının mədəniyyət paytaxtı elan olunması da dayanır. 2013-cü il Eskişehirin qismətinə düşüb. Orada ölkəmizdəki şəhərlərə də göstəriləcək etimaddan da söhbət gedirdi. Eskişehir Anadolunun mərkəzində yerləşir. Coğrafi cəhətdən elə strateji məkanda bərqərar olub ki, istər-istəməz diqqəti cəlb edib. Ona görə də çiçəklənən dövrləri də olub, dağıntılara məruz qaldığı çagları da. Səfərin ilk günü vali doktor Kadir Koçdemirin Eti arxeologiya muzeyində xarici ölkələrdən dəvət edilən 50-yə yaxın jurnalistə verdiyi ziyafət də təsadüfi deyildi. Buradakı eksponatlar diqqəti minilliklərin dərinliklərinə çəkib aparırdı. İbtidai insanlar qayalıqları çaparaq özlərinə məskən yaratmışdılar, firiqlər, romalılar, bizanslılar, türklər fateh kimi gəldikləri yerlərdə özlərinəməxsus mədəniyyət nümunələri yaradılması qayğısına da qalmışlar.   

Odunpazarı türklərin Eskişehirdə qərarlaşdığı ilk yaşayış məntəqəsidir. 1097-ci ildə bizanslılara qalib gələn I Kılıç Arslan burada ordu qərargahını qurmuşdu. Elə ona görə Eskişehir uzun əsrlər boyu Sultanyügi kimi tanınırdı. Sonrakı əsrlərdə səlcuqlar və osmanlılar tərəfindən indi də əzəmətini saxlayan abidələr inşa etdirilib. Bu da vilayətə çoxsaylı turist axınını şərtləndirən cəhətlərdəndir. Yalnız Odunpazarındakı memarlıq və sənət nümunələri ilə Eskişehiri türk dünyasının mədəniyyət mərkəzi elan etmək olardı. Bir vaxtlar mövcud olmuş imarətlər, karvansaralar, məscidlər, mədrəsələr hazırda Cümhuriyyət tarix muzeyi, Lülə daş muzeyi, Cam sənətləri muzeyi, sənətçilər bazarı kimi fəaliyyət göstərir.

Türk hökmdarları fateh olduqları kimi sənəti və sənətkarı da yüksək dəyərləndiriblər. Eskişehir möhtəşəm sənətkarlar və istedadlar diyarıdır. Elə isimlər var ki, onların adları bu diyarın və ölkənin hüdudlarını əsrlərdən bəri aşaraq dünyada tanınmaqdadır. Haqq və xalq şairi Yunis Emre isə həmin şəxsiyyətlərin zirvəsi sayılır. Böyük mütəfəkkir dünyaya gəlişi ilə sanki dahi Nizaminin vəfatından sonra ədəbiyyatda yaranmış boşluğu doldurdu. Burada haşiyə çıxaq ki, Ankara-Eskişehir-İstanbul dəmiryolunun yaxınlığında yerləşən məzarın önündən keçən qatarlar bir anlığa nəfəs dərir, fit verməklə onun xatirəsinə sayğılarını nümayiş etdirirlər. Maraqlıdır ki, bu ənənə həmin yolu çəkən almaniyalı mühəndislərə məxsusdur. Bax, bəşərilik də budur.

Molla Nəsrəddinin ulaq belindəki ikinci abidəsi Eskişehirdədir. Bütün türk dünyası kimi onlar da həmin şəxsiyyətin özlərinəməxsusluğunun iddiasındadırlar. Nəsrəddin Xoca indinin özündə də ən populyar şəxslərdəndir. Vilayətdə hər hansı çıxışa məzə tonu qatmaq istədikdə Nəsrəddin Xocanın lətifələrindən misallar gətirirlər. Bizdən fərqli olaraq eskişehirlilər onun konkret bioqrafiyasını qələmə alıblar. 1208-ci ildə Eskişehirin Sivrihisar ilçəsinə bağlı, sonradan “Nəsrəddin Hoca Beldesi” kimi adı dəyişdirilən Hortu kəndində anadan olduğu göstərilir. Atası Abdullah Əfəndi, anası Siddiqə xanımdır. İlk bilgilərini din xadimi atasından alıb. Sonralar dərin biliyi, hazırcavablığı ilə tanınan şəxsiyyətə çevrilib. Düzü, başqaları kimi mən də onun mifik qəhrəman olduğunu düşünürdüm, eskisehirlilərin belə yanaşmasından sonra içimdəki tərəddüdlər qeybə çəkilməkdədir.

Türkiyənin əksər satirik yazarları Xocanı özlərinin ustadı sayırlar. Bu sırada Əziz Nesini də görmək olar, “sayğısızlıqdan, başadüşülməzlikdən” gileyli müasir Rasim Koroğlunu da. Eskişehirdə rastlaşdığım professor Tamilla Abbasxanlı həm də bu qəbildən olan şair və yazıçıların tədqiqatçısıdır. Tamella xanım uzun müddət Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasında çalışıb, 1998-ci ildən Eskişehirdədir, Osman Qazi Universitetində işləyir. Məqalələri Türkiyə ilə yanaşı Qərb ölkələrinin və ABŞ-ın nüfuzlu mətbu orqanlarında dərc edilir. Səfərimizdən bir gün əvvəl professor adına layiq görülmüşdü. Keçmiş müəllimimlə sevincimizi bölüşdük.

Diyarın inkişafı və çiçəklənməsi Balkanlardan və Qafqazdan buraya axını sürətləndirdi. Yazılıkaya kəndindəki lokanta sahibi İrfan bəy bizi çox səmimi qarşıladı. Bildirdi ki, babaları qaraçay-çərkəzdir, yeddi yüz il əvvəl buralarda məskunlaşıblar. Hazırda 6 kənddə yalnız onların törəmələri yaşayır. Qəribə də olsa kişilər adətən əlli yaşa çatmamış evlənməyiblər. Ənənə qismən qalıb. Türkiyənin hər yerində olduğu kimi, bu kəndlər də boşalmaqdadır. Fərq orasındadır ki, qaraçay-çərkəzlər ölkədaxili şəhərlərə yox, birbaşa Amerikaya üz tuturlar...

Bələdçimiz Mustafa bəy bizi oradan kəndin yaxınlığında yerləşən Yazılıkaya abidələr kompleksinə apardı. Bu abidələr təbiətlə insan zəkasının harmoniyasının vəhdətindən yaranan ecazkar əsərlərdir. Burada Midas şəhəri mövcud olub. Gordion Friqlərin siyasi, Midas isə dini paytaxtı sayılıb. Krallığın süqutundan sonra Roma və Bizans dönəmində də şəhər nüfuzunu uzun müddət saxlayıb. Məharətli əllər qayalarda naxışlar salıb, evlər düzəldib, totemləri təsvir edib, nüfuzluların məzarları üçün də yer tapılıb.

Eskişehir dəniz səviyyəsindən 1500 metrə qədər yüksəklikdə yerləşsə də heyvandarlıq, xüsusilə atçılıq üçün münbit məkan sayılır. Deyilənə görə, ilk atı da məhz türklər bura gətirib. İndi vilayətin atları bütün dünyada məşhurdur. Mahmudiyyə atcılıq müəssisəsində yetişdirilən cinslər sərt şəraitə dözümlülüyü, yüksək sürəti ilə fərqlənirlər. Müəssisənin əməkdaşı Süsən xanımın dediyinə görə, bu atlar döyüş meydanında nəyə qadir olduqlarını Atatürkün savaşlarında göstərib. İndi dinc əyyamdır, amma alıcıların artımı ilə ayaqlaşmaq üçün daha çox səy göstərmək lazım gəlir.

Eskişehirin müasir tarixindən gətiriləsi misallar kifayət qədərdir. Onlar fəxr edirlər ki, ölkədə çoxpartiyalılığın əsasını qoymaq üçün vüsət alan mitinqlərin ilki məhz burada – Çifteler bələdiyyəsində baş tutub. Bu şərəfə həmin meydanda abidə ucaldılıb, bağ-bağat salınıb. Bağdakı restoranda bizi Azərbaycan aşıq havası ilə qarşıladılar. Düşündüm ki, qonaqların arasında bizim  olduğumuzu zənn edərək sürpriz hazırlayıblar. Belə deyilmiş. Aşıq Şakirin səsi “Space” radiosundan gəlirdi. Restoranın sahibi Ərtoğrul Uğur dedi ki, burada yalnız Azərbaycan təranələri səslənir. “Biz nəslən məshəti türküyük, üç yüz ildir ki, Eskişehirdə yaşayırıq. Babam da, atam da həmişə Azərbaycan musiqisini dinləyiblər”. Xoş sürprizdən sonra necə iştaha gəlməyəsən.

Eskişehir mətbəxi də özgə aləmdir. Çiybörəkdən, tabak börəkdən, köftədən, tolga şorbasından gərək yeyəsən ki, dadını biləsən. Yəni mətbəx də yerli mədəniyyətin tərkib hissəsidir...

Şəhərə sürət qatarı ilə gəlmişdik. Təsəvvür edin ki, 250 kilometrə qədər yolu cəmi saat yarıma qət etdik. Qatar iki yerdə dayandı. Fasilə bir neçə dəqiqə oldu. Ankara-Eskişehir ölkənin ilk sürət qatarının marşrutudur. Gündəlik reyslərin sayı 10-a qədərdir. 2009-cu ilin martından fəaliyyətdədir. İndiyədək 26 mindən çox səfər gerçəkləşdirib. Yeddi milyondan artıq sərnişini mənzil başına çatdırıb. İkinci marşrut Ankara-Konyanı əhatə edir. Üçüncünün açılışı (Eskişehir-Konya) isə bizim şəhərdə olduğumuz müddətə təsadüf etdi. Yol İstanbula qədər uzanacaq. Sevinirəm ki, Azərbaycanda da bu niyyət mövcuddur. Təsəvvür edin ki, Bakıdan Qazaxa 500 kilometrədək yolu cəmi 3 saata qət edirsən. Görün ölkədaxili əlaqələr nə qədər sıxlaşır. Onda insanlar ekoloji cəhətdən daha münasib yerləri qoyub Bakıya üz tutmağa tələsməyəcəklər.

...Novruz vilayətin simasına ayrı bir büsat gətirmişdi. Bu, mədəniyyətlərimizi də tarixən birləşdirən dəyərlərdəndir. Yüksək əhval-ruhiyyə ilə üçüncü gün açılış törəninə qatıldıq. Tədbir barədə geniş yazmaq istəmirəm. Ölkənin aparıcı teleradio şirkətləri mərasimdən birbaşa reportajlar verirdi, onların sırasında yerli KİV-lər də var idi. Eskişehirin Kanal 26, ESTV və Anadolu Universiteti TV-ləri, 8 qəzeti, o cümlədən “İstiqbal”, “Anadolu”, “Sakariya”, “Sonbahar” və digər nəşrlərinin əməkdaşları da öz işlərində idi. Məlumat üçün bildirim ki, vilayətin ilk qəzeti 1908-ci ildə işıq üzü görən “Nimet”-dir. Radiolar isə sayca öncüllük təşkil edir, 40-a qədərdir. 

Yol yoldaşlarımın hər biri tədbirlərdə fəal iştirak etdi. Sözlərini dedilər, diskussiyalara qatıldılar. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə isə tanınmış yazıçı Elif Şəfəqi oxumağa həvəsləndirdiyinə görə minnətdaram. İki kitabını alıb bağışladı. Bundan sonra Türkiyədə alacağım kitablar arasında mütləq Şəfəqin da əsərləri olacaq.

Sonda belə mənalı və yaddaqalan səfərin təşkilinə görə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan bəyə təşəkkürlərimi yetirməyi özümə borc bilirəm.

Bakı-Eskişehir-Bakı

 





29.03.2013    çap et  çap et