525.Az

Aqil Abbas: el adamının portret cizgiləri


 

Aqil Abbas: el adamının portret cizgiləri<b style="color:red"></b>

Bizim hər birimizin böyük Azərbaycanımızda doğulduğumuz, böyüdüyümüz, bəzən xatirələri ilə yaşadığımız bir mikrovətənimiz də var. Kim nə deyir desin, o mikrovətəndən uzaqlaşmaq, nəyinsə xatirinə paytaxt deyilən səsli-küylü bir məkana sığınmaq yaşlanandan sonra qəribə bir peşimançılıq hissi, nostalji ovqat gətirir insana. Amma o mikrovətən – ələlxüsus doğulduğun, böyüdüyün, ilk dəfə məktəbə qədəm basdığın o məkan ekzotik bir kənd yeridirsə, xatirələr daha kövrək olur, hətta insanı yandıran, içində ağrıya çevrilən bir dərd səviyyəsinə çatır. Belə anlarda nədənsə, hansısa bir olandan təsəlli almaq, özünü ovutmaq keçər adamın qəlbindən. Bu anlardan biri- sənin haçansa qoyub getdiyin o mikrovətəni Azərbaycan içində, Böyük Vətəndə tanıdan- həm də bu tanıtmağı ilə sənin qürur yerinə çevrilən insanlar olur. Mən bu gün erməni tapdağı altında qalan o kəndimizi, onun əziz xatirələrini yada salanda haçansa ilk dəfə əlimə qələm aldığım o birmərtəbəli kənd məktəbindən çıxıb Novruzlunu Azərbaycanlaşdıran Xudu Məmmədovu və ona bənzər neçə-neçə kəndçimdən təsəlli tapıram. Sonra bütöv Ağdama, onun ətraf rayonlarına- Qarabağa baxıram, təsəlli tapmağa nə qədər adam görürəm. Aqil Abbas da o məkanda doğuldu. Mən onun Ağcabədidə doğulduğu kəndi də  tanıyıram, atası Məhəmməd kişinin yarı Ağdamlı, yarı Ağcabədili- ümumənsə həqiqi bir Azərbaycan kişisi olduğunu yaxşı bilirəm. Amma Aqil Abbasın doğulduğu o kəndin adını çəkmirəm. Çünki Aqil, mənim zənnimcə, tipik bir Azərbaycan kəndində doğulub. O kənd Qazaxda da, Qusarda da, Lənkəranda da... ola bilərdi, o kəndin təbiəti, dağı, dərəsi, yolları, aşırımları çox müxtəlif ola bilərdi, amma Aqil bir az böyüyən kimi o kəndi hər nöqtəsindən Azərbaycana yaraşan tipik bir kəndə çevirəcəkdi. Çünki lap uşaq çağından harda doğulduğundan asılı olmayaraq Tanrı ona bir Azərbaycan sevgisi, bütöv Vətənə bağlı vətəndaşlıq duyğuları verib.

Aqili çoxdan tanıyıram. Hətta o qədər çoxdan ki, elə bil Aqil doğulandan yüz il qabaq. Olur belə şeylər. İnsan o qədər aydın, o qədər şəffaf, o qədər səmimi bir ömür yaşayır ki, bu aydınlıq, bu şəffaflıq, bu səmimiyyət sənə o qədər doğma olur ki, sən onu öz yaşından və onun yaşından yüz illər əvvəl tanıdığın gümanına gəlirsən. Mən Aqili rəsmən universitetin filologiya fakültəsində oxuyan illərdən tanımışam. Mərhum şairimiz, publisistimiz Famil Mehdi bir gün mənə filfakın bir ağdamlı (ağcabədilimi, ağdamlımı...) haqqında ürəkdolusu danışdı. Famil müəllim bir tərəfdən onun təzəcə özünü göstərən bədii  yaradıcılığına vurulmuşdu, o biri tərəfdən xarakterindəki kəskinliyi, ipə-sapa yatmazlığını, öz sözü olan və bu sözdən dönməzliyini qiymətləndirirdi. Mən o zaman Aqili- filfakın ipə-sapa yatmaz o çılğın, amma elə lap gənc yaşlarından hamıya mehriban tələbəsini yaxından tanıdım. Amma indiyə qədər anlaya bilmirəm-Aqilin saçları nə vaxtsa qara rəngdə olubmu? Axı, bu filfak tələbəsinin saçları o zaman qara olmalıydı. Xatırlaya bilmirəm. Mənə elə gəlir ki, Aqilin saçları elə uşaqlıq çağından ağarıb. Hamıya həm də optimist, şən, şux ovqatlı bir insan kimi görünən Aqilin, əslində “ağlar güləyən” bir iç dünyası var. Telekanallardan birinin efirində tamam başqa bir mövzuda- xoşəhvallı bir tematika anında jurnalistin “özünüzü xoşbəxt hesab edirsinizmi?” basmaqəlib sualına Aqilin cavabı: “Əgər mən Qarağacı qəbirstanlığında dəfn olunmayacağamsa, mənim haram xoşbəxtdir?”. Qarağacı Ağdam şəhərinin qədim, çox qədim qəbirstanlığıdır və o qəbristanlıq  neçə vaxtdır düşmən əlindədir. İşğalın faciəsini bu qədər orijinal ifadə ancaq Aqilə məxsusdur: “Əgər mən Qarağacı qəbristanlığında dəfn olunmayacağamsa...”. Bu dərdin sahibinin saçı indi ağarmayıb. Aqilin saçını sovet dönəminin müstəmləkəsi olan Azərbaycan dərdi, azad sözə senzura qadağaları ağardıb...

Bir neçə il bundan əvvəl Azərbaycanın cənubu ilə şimalını sərhədləndirən bir nöqtədə-Araz çayının Azərbaycanı ikiyə böldüyü yerdəydik. Bu məkanda müəyyən bir sərhəd nöqtəsi və o nöqtəni keçmək qadağası vardı. Aqil Abbas irəli yeridi: “Qoy, məni güllələsinlər” deyib iri addımlarla irəli getdi. Elə bil sərhəddin hər iki tərəfi bu ağsaçlı, dəliqanlı adamın dərdini anladı və Aqil heç nəyə məhəl qoymadan istədiyi yerə qədər irəlilədi. Belə bir səhnəni sonralar telekanallardan birinin Aqil Abbas haqqında çəkdiyi portretdə gördüm: Filmin sonunda Aqil Ağdamın cəbhə xəttindəki qadağa nöqtəsində dayanır və yazıq, çarəsiz bir görkəmlə Ağdama aparan əsir yollara baxır. Bir az keçəcək və Aqil Abbasın “Dolu” filmindəki müqəddəs ruhlar bu sərhəddi keçib gedəcək və Azərbaycan insanında haçansa bu sərhəddi mütləq keçəcəyi inamını yaradacaq...

“Ağlar güləyən” Aqil Abbas dərd adamıdır. Haçansa, uzaqda qalan illərdə bir ögey şairin şeirini oxumuşdum. Məzmunu beləydi: şair lap kiçik yaşlı nəvəsinin kirimək bilməyən ağlamağına baxır və “sən niyə ağlayırsan-deyir- qoy mən ağlayım ki, bu dünyanın müharibəsindən keçmişəm, aclıq, səfalət görmüşəm... Mən ağlamalıyam, sən niyə ağlayırsan?”. Nəvə cavab verir ki, sən o faciələri keçib getmisən, amma mənim faciələrim hələ qabaqdadır, ona ağlayıram. Aqil lap uşaq çağından Qarabağın faciələr yaşayacağını bilirmiş kimi elə saçları ağ doğulub...

Bəzən fikirləşirəm ki, birdən Aqil fizikaya, biologiyaya meyl edəydi, görəsən biz onun Vətən məhəbbətilə dolu “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Saçın ucun hörməzlər”, “Qiyamət gecəsi”, “Qarda açan qan çiçəyi”, “Allahı qatil edənlər” və nəhayət, “Dolu” kimi əsərlərindən məhrum olmazdıq ki?  Və sonra Aqil Abbasın bədii sözə Tanrı vergisi olan istedadını, Azərbaycana bağlı ürəyini düşünürəm və onda əmin oluram ki, Aqil təhsil bazasından asılı olmayaraq, bu əsərləri mütləq yazacaqdı. Amma nə yaxşı ki, Aqil elə filoloq oldu- yazıçılığa, bədii sözə elmi yöndən də bələd oldu və öz əsərlərində giley-güzara yer qoymadı.

Yaradıcılığına və dostumuz kimi şəxsiyyətinə çox hörmət etdiyim  tənqidçi  Vaqif  Yusifli bu yaxınlarda qələmə aldığı “Sözün Aqil Abbas rəngi” adlı yazısında onun bədii əsərlərinin mükəmməl təhlilini vermişdi. Bu təhlillərdə Aqil Abbas öz üslubu, orijinal dəsti-xətti olan bir yazıçı kimi, publisist kimi təqdim olunur. Tənqidçi doğru qeyd edir ki, “doxsanıncı illər Azərbaycanın ictimai-siyasi, mənəvi həyatında yeni bir dövrün başlanması ilə xarakterizə olunur. Dəyişilən zəmanə, ictimai quruluş və sistem yeni insan və qəhrəman tipini yaratmalıydı və proses nə qədər çətin və mürəkkəb başa gəlsə də, hər halda öz axarını tapdı.  Aqil Abbas bu mənada, müstəqillik dövrünün bütün atributlarını özündə əks etdirən ilk yazıçılardan oldu. Əgər belə demək mümkünsə, Aqil Abbas doxsanıncı illərə qədərki romantik həyat axarını dəyişdi, sırf realist, özü də sərt realizm yolunu tutdu”. V.Yusiflinin xüsusi qeyd etdiyi bu “sərt realizm” istiqamətini Aqil Abbas yaradıcılığına zaman özü gətirdi: ictimai dərdi yumşaq səslə, lirik tonda demək olmur. Qarabağ dərdini hayqıraraq, əsəbi deməkdən başqa çarə yoxdur. Xüsusilə yazıçının son illərdə qələmə aldığı “Dolu” romanı bu ruhdadır. Bu yerdə V.Yusiflinin “Dolu” romanı barədə Nizami Cəfərovdan gətirdiyi bir fikrindən mən də yan keçə bilmədim: “Qarabağ müharibəsi ilə bağlı bu günə qədər oxuduğum və say etibarilə çox olmayan əsərlərin içərisində mən “Dolu” romanı qədər həqiqətən dolu və əhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu ilk növbədə, onunla bağlıdır ki, Aqil Abbas ümumiyyətlə, Qarabağ bölgəsinin ictimai-siyasi, sosial-coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var. Aqil Abbas Qarabağın ən böyük intellektlərindən tutmuş, belə deyək ki, ən xuliqan gənclərinə qədər hamısını yaxşı tanıdığından romanında yaşatdığı sosial-etnoqrafik mənzərə həddindən artıq dəqiqdir və həddindən artıq da analitikdir”.

 Dəqiq qeydlərdir və “Dolu”nu xarakterizə edən maraqlı fikirlərdir.

“Dolu”nu hələlik qoyaq bir yana və Nizami Cəfərovun Aqil Abbasın Qarabağı, “onun intellektlərindən tutmuş... xuliqan gənclərinə qədər hər kəsi yaxşı tanıması” həqiqəti göstərən dəqiq müşahidədir. Əlbəttə, Aqil Abbas bu gün Ağcabədi dairəsindən Milli Məclisə seçilən bir xalq elçisidir. Ancaq onun çevik fəaliyyəti və Qarabağ dərdinə doğmalığı Aqili bir dairənin yox, külli-Qarabağın deputatı kimi tanıtdırır. Habelə Qarabağın Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Tahir Rzayev kimi elçiləri ilə birgə fəaliyyəti və səmimi dostluğu, cəbhə xəttindəki kəndlərə onlarla birgə səfərləri, əsgərlərlə müntəzəm görüşləri Aqili hamıya, hər kəsə dost edir. Hərdən belə bir sual da keçir ağlımdan: Aqil deputat olmasaydı necə, bu yerlərə bu qədər tez-tez səfər edərdimi? Doğrusu, Aqili yaxından tanıyanlar, onun Qarabağnamələrinə bələd olanlar yaxşı bilirlər ki, adi bir vətəndaş kimi də Qarabağ Aqil üçün Azərbaycan deməkdir. Amma millət vəkili Aqil Abbas vəkillikdən çox-çox əvvəl də Qarabağın problemləri ilə yaşamış bir vətəndaşdır. O Cəlil Məmmədquluzadə, Həmidə xanımın yadigarı olan Kəhrizlidə xeyirxah işlər görüb, Ağcabədinin Bayat kəndində möhtəşəm bir kitabxana tikdirib. Millət vəkili dövründə isə bu kənddə müasir məktəbin ərsəyə gəlməsi də onun fəaliyyəti ilə bağlıdır.

Aqil Abbas üçün deputat kürsüsü xalqın problemlərini dilə gətirmək, ölkədə dövlətin iradəsi ilə həyata keçirilən demokratik dəyərlərin formalaşmasına dəstək vasitəsidir. Bütün bunlar belədir, amma Aqil Abbas hər yerdə, hər anda daha çox söz adamı, söz ustasıdır. Bu anda onun sözdən yaranıb romana, romandan isə çox böyük sənət əsərinə çevrilən “Dolu”su haqqında bir az da ədəbiyyatşünas kimi danışmaq istərdim.

Sənət əsəri insana təsir gücünü real həyat hadisəsinə bədii münasibətin nisbətindən alır. Yaradıcı sənətkarın bu nisbətə ölçülü yanaşmasını isə çox zaman hadisənin miqyası və cəmiyyətdə doğurduğu rezonans müəyyən edir. Real həyat hadisələrindən uzaq, yalnız təxəyyülə söykənən “sənət əsəri” nə qədər təsirsizdirsə, yalnız real həyat həqiqətini əks etdirən və bədii təxəyyüldən məhrum əsər də o qədər gücsüz və cılız görünəcək. Daha çox gerçək hadisələri, gerçək faktları əks etdirən publisistika şüura ünvanlandığı kimi, bədii təxəyyülə güvənən əsər də daha çox duyğulara ünvanlanır. Lakin sənət əsərinin böyüklüyü onda baş verir ki, o həm şüurlara, həm də duyğulara – ikisinə də eyni zamanda ünvanlanır. Sənətin bu anında reallıqla bədiiliyin harmoniyası kimi vacib bir hadisə baş verir və bu hadisəni yaşayan format sənət əsəri kimi dəyərləndirilir. Mən bütün bu hissləri Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyni adlı filmə ictimai baxış zamanı elə o kinoteatrın salonundaca keçirdim. Bu hissləri keçirməyimi isə üç əsas amil şərtləndirirdi: birincisi, Qarabağ uğrunda gərgin xalq mübarizəsinin ağır günlərini az-çox yaşamış bir insan kimi, ikincisi, bu döyüşlərin bir çox cəhətlərini özündə əks etdirən “Dolu” romanını oxumuş adam kimi, üçüncüsü, həmin hadisələrin vizual səhnələrinin ekrana köçürülmüş variantından riqqətə gələn bir tamaşaçı kimi.  Mən “Dolu” romanının nə adi oxucusuyam, nə də “Dolu” filminin adi tamaşaçısı. Mən bu romanda və bu filmdəki hadisələrin nə qədər gerçək olduğunu bir qarabağlı şahid kimi, kəndi, kəsəyi, doğmalarının qəbri düşmən tapdağında olan bir insan kimi içindən keçirən minlərin biriyəm. O biri tərəfdən mən əsərin nə zaman sənət səviyyəsinə yüksəldiyini az-çox bilən, hiss edənlərdən biriyəm. Mən o günlərin ağırlığını özündə əks etdirən onlarca publisistik, bədii əsər oxumuşam, şahidlərin nağıllarına qulaq asmışam, onlarca teleproqrama baxmışam. Lakin etiraf edim ki, “Dolu” romanının və roman əsasında çəkilmiş “Dolu” filminin şüura və duyğulara təsir gücü qədər bir güc görməmişəm.

Aqil Abbas o bölgələrdə gördüklərini bir gün “Dolu” adlı o romanda qələmə aldı. Qələmə aldı və möhtəşəm bir əsər yaratdı. Sonra Elxan Cəfərov bu romandan bir “Dolu” filmi yaratdı. Bu “dolu”lar rusun ölüm saçan “qrad” silahından doğub, bir romanın və bir filmin zaman ağrısı, Qarabağ ağrısı, xalq zilləti ilə dolu bir sənətkarlıq keyfiyyətini ortaya qoydu. Bu filmə baxışdan sonra ürəyində azacıq da olsa, Vətən, torpaq, millət qeyrəti olan hər kəs elə kinoteatrın o salonundanca Qarabağ uğrunda ölüm-dirim savaşına yollanmaq istəyir. Tamaşaçını bu istəyə, bu cəsarətə sövq edən bir film ancaq Aqil Abbasın “Dolu” romanından yarana bilərdi.

Aqil Abbas özü bir xarakterdir. Bu adam cəsarətli və mərddir, sözü birbaşa deyəndir. Aqil adi vaxtda bir cür, məsələn, tribunada, kamera qarşısında başqa cür danışanlardan deyil. Onun rəhbərlik etdiyi “Ədalət” qəzetinin və özünün publisistikasının tənqidinə, kinayə ilə üzə dediyi sərt həqiqətlərinə heç kim ağız büzə bilməz. Çünki Aqil ictimai rəydə, hakimiyyət dairələrində, ən radikal müxalifət qüvvələrində belə boğazdan yuxarı danışa bilməyən  adam kimi qəbul olunub. Aqilin televiziyada on dəqiqəlik bir çıxışına bizim kafedramızın əməkdaşlarından biri, fəlsəfə doktoru Könül Niftəliyeva bütöv bir məqalə yazıb dərc etdirmişdi. O yazıda belə bir həqiqət vardı: “İşğal olunmuş rayonlarımızın bəxtigətirməzliyi bir də ondadır ki, bu işğalların çoxunun ildönümü yay aylarına düşür. Yay aylarında isə televiziya kanalları  bir qayda olaraq, məzuniyyətə gedirlər. İyulun 23-ü Azərbaycanın gözü olan Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 19-cu ildönümüdür. Həmişə milli təəssüf və milli kədər hissi ilə qarşıladığımız bu ağır tarixin TV kanallarda necə ifadə olunacağı hər kəsin maraq dairəsindədir. Telekanalların əsas yaradıcı proqramlarının yay məzuniyyətində olduğunu bilə-bilə yenə də qəribə bir ümidlə əlimdəki pultu müxtəlif telekanalların səhər proqramları üzərində gəzdirdim. Adamı içindən silkələyən, cəbhə xəttinə səsləyən verilişlərə rast gələ bilmədim. Nəhayət, düyməni İctimai teleradionun “Yeni gün” proqramına köklədim. İctimai teleradio Ağdam ziyalılarından bir qrupunu “Yeni gün” proqramının geniş studiyasına toplamışdı, proqramı bütövlükdə Ağdamın süqutu gününə həsr etmişdi. Xalq artisti, Qarabağın dərdini müsiqisində yaşadan Arif Babayev, millət vəkili, Ağdamın bu günkü problemlərinin həllində önəmli rol oynayan, doğma Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev və studiya auditoriyası bu işğalın günahkarları, ağdamlıların mübarizə əzmi, Ağdamın bu dar macalda belə sürətli inkişafı haqqında maraqlı söhbətlər etdilər. Və birdən aparıcılar “Yeni gün”ün növbəti qonağını studiyada salamladılar. Etiraf edim ki, mən Aqil Abbası-böyük yazıçı, millət vəkili Aqil Abbası hər dəfə efirdə görəndə, yaxud saytda, qəzet səhifəsində imzasına rast gələndə bütün diqqətimi ona yönəldirəm. Təzə söz, cəsarətli fikir sahibidir. Ağdamın işğalını çoxları kimi göz yaşı tökməklə xatırlamır, iş görür, publisistikası, bədii yaradıcılığı ilə iş görür. Təkcə “Dolu” romanına bələd olmaq kifayətdir ki, Aqil Abbasın iç dünyasını, Vətən, torpaq yanğısını anlaya biləsən. “Dolu”nun personajları Aqil müəllimin təxəyyülündən çox, Qarabağ uğrunda döyüş anlarında həndəvərində olan Azərbaycan oğullarıdır. Bir sözlə, iyulun 23-də – Ağdamın işğal günündə İctimai teleradionun efirində sözü və əməli ilə, cəsarəti və bütün gücü ilə ağdamlı olan bir insan – Aqil Abbas göründü. Onun təxminən 10 dəqiqəlik söhbəti hadisəyə çevrildi. Elə bir hadisəyə ki, Vətən, torpaq qədri bilən hər kəsin qəlbində özünə yer tapdı. Aqil Abbas rəsmi dəftərxana üslubundan, millət vəkili imicindən, hətta ədəbi dilə sahib bir yazıçıdan daha çox ürəyi dərdlə dolu bir vətəndaş kimi danışdı. Bu vətəndaşın “Ağdamda döyüş zamanı şəhid olmuş bakılının da, şəkilinin də, gəncəlinin də – hamısının ağdamlı olması” fikri tamaşaçını riqqətə gətirdi. Onun “Ağdamsız türk dünyası yoxdur” kimi yeni fikri və haqq səsi türk dünyasını silkələyə bilər. Onun Ağdamın məşhur Qarağacı qəbristanlığında ölə bilmək arzusu vətəndaşın torpaq uğrunda ölməyinin şərəfini yaşatdı bizə. Onun  Ağdamın tarixi ilə bağlı bəsit fikirlərə qarşı söylədiyi “Ağdamın tarixi  Qarağacı qəbristanlığında yaşı iki min ili ötən qəbirlərdən başlayır” həqiqəti bizi tariximizlə bir daha ehtiyatlı olmağa səslədi. Onun Şuşada vandalların güllələdiyi heykəllərin – Bülbülün, Natəvanın, Pənah xanın büstlərinin Bakıya gətirilməsi, ancaq İncəsənət Muzeyinin dərin bir guşəsində etinasızlıqla saxlanmasına hiddəti bizi də düşünməyə çağırdı. Aqil Abbasın güllələnmiş o heykəllərin şəhərin ən gur yerlərinə köçürülməsi kimi ekspromt bir təklifi bu insanın necə güclü düşüncəyə malik olduğun göstərdi. Onun Ağdamda Əfətli deyilən bir kəndin hündür təpəsində, cəbhə xəttinin lap yanında Azərbaycan bayrağının ucaldılması təklifi də bir ziyalı mesajı kimi səsləndi”.

Aqil Abbas emosional adamdır. Həqiqi sənətkarlar elə emosional olurlar. Pasternakdan tutmuş Şukşinədək, Sartrdan tutmuş Kortasaradək, Markesdən tutmuş Ramiz Rövşənədək... hamısında sənət emosionallığı var. Aqil Abbas həm xaraktercə, həm də əsərlərində emosionaldır. Ən çox kövrəldiyi an tələbə adı gələndə olur. Xüsusilə jurnalistika təhsili alan tələbələrə münasibəti çox kövrək olur. Vaxt olub ki, şəxsən mən jurnalist tələbələr arasında publisist yazı müsabiqəsi keçirmək barədə şərtləri elan edəndən sonra heç soruşmadan mükafatların Aqildən gələcəyini bildirmişəm. Aqil o müsabiqədə təkcə qaliblərə deyil, bütün iştirakçılara mükafat təqdim etdi. BDU-nun jurnalistika fakültəsi tələbələrinin nəşr etdikləri “Jurnalist” tədris qəzetindəki imzalara onun dəfələrlə qonorar verdiyinin şahidi olmuşuq.

Qarabağ dərdini içində yaşadan bu adamın bəxti onda gətirib ki, yazılarını ilk dəfə oxuduğu və bəzən tənqidi ilə üzləşdiyi bir adam var. Bu da onun ömür-gün yoldaşı, yazıçı-publisist İradə xanım İbrahimova-Tuncaydır. Aqilin evində bir tərəfdən Qarabağ ruhu, o biri tərəfdən İradə xanımın atası, Azərbaycan dərdi ilə bu dünyadan köç edən şairimiz Məmməd Araz ruhu yaşayır. İradə xanımın-İradə Tuncayın-Aqil Abbasın uşaqlarının anasının “Sarı odalar” kitabı da masamın üstündədir. Bu publisistik yazılar Aqil Abbas dünyasına necə yaxındır! İradə Tuncay hələ İbrahimovaykən universitetin jurnalistika fakültəsində mənim tələbəm olub. Goranboyda tələbələrin pambıq yığımında o pambıq tarlasındakı söhbətlərimizdə mən bu cavan tələbə qızın Məmməd Araz boyda ruhunu, sözə, yaradıcılığa təmiz arzularla dolu münasibətinin şahidi olmuşam. İndi mən onun “Sarı odalar”ına baxıram. Nə qədər doğma mövzuların publisistik ifadəsi var. Təkcə Rəşad Məcidə- bu ailənin ən yaxın dostu Rəşadın 45 yaşına həsr etdiyi “Beş” adlı esse məni çox duyğulandırdı. İradənin bu yazısını oxuduğum günün səhərisi Aqil deyəndə ki, mən yazılarımı söhbətlərdə, oturduğum, durduğum bütün məqamlarda yazıram, məsələn “Dolu” romanımı az qala Rəşad Məcidlə bir yerdə yazmışam”-deyəndə mən bu ailənin dosta, sirdaşa sədaqətinin də şahidi oldum.

Aqilin yaşı altmışa çatdı. Bu müdrik adam ömrünün daha müdrik çağına qədəm qoydu. Aprelin 1-i xalq arasında aldatma günü kimi də yad edilir. Uzaqda qalan altmış ilin bir  aprelində Məhəmməd kişinin evində bir oğlan uşağının dünyaya gəlməsini qohum-əqrəbalardan bəzilərinin zarafat sandığı da olub yəqin. Amma aldatma günündə dünyaya göz açan Aqil elə bu dünyanın ən böyük həqiqətidir! Həqiqətin uğur olsun, Aqil Abbas!

 





01.04.2013    çap et  çap et