525.Az

Oralarda kimlər var: Aqil Abbas-60


 

Oralarda kimlər var:<b style="color:red"> Aqil Abbas-60</b>

[email protected]
tofigabdin.com

Çox hörmətli Rəşad Məcid əsl qəzet patronları kimi hərəkət eləyir son vaxtlar.Çox az yazı yazır və bununla da hələ yazmağa davam etdiyini sübut edir.Əsl qəzet patronları dedikdə, mən məsələn, Aydın Doğan kimi qəzet maqnatlarını nəzərdə tuturam ki,  çox az vaxt yazılar yazar.Əlində neçə qəzet olsa da. Rəşad Məcid də əlində  olan hüquqdan və artıq dünyanın başqa bir səmtinə yönəldiyindən istifadə edərək dostu,  yazar, millət vəkili  və  (o biri çinləri  saymaq səhifəmizə yerləşməz) Aqil Abbas haqqında  keçən  ilin martın 31-də bir yazı yazdı. Yazıda xəbər verilirdi  ki, bəs bir il sonra Aqil Abbasın 60 yaşı tamam olacaq.

 Aqil Abbasın  həqiqətən aprelin 1-də  doğulduğunu mən deyə bilmərəm. Bu yazar indiki  məqamlardan baxsaq, çox uğursuz gündə doğulub: yəni aprelin birində- Dünyanın yalan günü. Artıq dünyanın yalan günü məsələsi öz əhəmiyyətini itirib, çünki həyatımız bütün yalan içində keçdiyindən artıq adamların bir-birini  aldatmağı qalıb arxa planda.Bu qədər yalan içində yaşayan insanlara daha hansı yalanı danışmaq olar?

Və düşünürəm: dünyanın nə gözəl çağları olub. İnsanlar bir-birini aldatmaq üçün darıxdığından ilin bir gününü xüsusi olaraq bu məsələyə həsr ediblər.İlahi, nə bəxtəvər zamanlar varmış!!!!!!!!!!!!

Nə bəxtəvər günlər varmış!!!!!!!!!!!!!!!.

Bu belə.

Və aprelin 1- Azərbaycanın böyük şairi  Rəsul Rzanın  dünyasını dəyişdiyi bir gündür ki,bu da bizim ədəbiyyatımız üçün ağır itkidi. Amma bir təsəlli var: bir gözəl şair dünyasını dəyişib və GƏLƏCƏYİN BAŞQA BİR YAZIÇISI VƏ İCTİMAİYİ XADİMİ doğulub.

Rəşad Məcid Aqil Abbasın 60 illik yubileyinə düz bir il əvvəl bir yazı yazmışdı və orada inadla deyirdi ki, O HEÇ DƏYİŞMƏYİB ( Ayrıntı bizimdir).

Rəşad bəyin yazısı dostanə bir yazı idi  və bir çox insan bu yazını bəyənsə də mənim  bir neçə şəxsi düşüncələrim də var ki, bunları tam açıqlamasam da deyə bilərəm ki,Aqil Abbas necə də olsa bir az dəyişib və bu dəyişiklik yalnız mənim zərərimə işlədiyi üçün demirəm və həm də elə məsələlər var ki, bunun aydınlatılması zor işdi, hələlik bəzi şeylərin heç məqamı da deyil.Bəzən ən böyük həqiqətlər çox narahat qarşılanır, xoşumuza gəlmir və biz bu həqiqətlərdən intiqam almaq üçün çalışmayaq.

Mən də Aqil haqqında bir neçə dəfə yazmışam və inanın ki,indiki məqamda həqiqətləri yazmağa gücüm çatmadığı üçün, baxdım ki, bu orijinal addımı nəylə mübarək edə bilərəm.

BİRİNCİ YAZI OLARAQ ARXİVİMDƏN ALDIĞIM YAZINI TƏQDİM ETMƏYİ DÜŞÜNDÜM.

Və bir də mən bilən bizim ədəbi camiəmizdə müasirimiz olan bir yaradıcının bir il öncədən yubiley tədbirlərinə başlamaq məsələsi ilk dəfədi ki, baş verirdi.  Adamların yubileyi (DOĞUM GÜNÜ YOX HA,MƏHZ YUBİLEYİ) hər zaman gecikir və ya heç olmur. Amma Rəşad çox böyük ürəkaçıqlığı ilə bunu diqqətə çatdırırdı və güman edirəm ki,diqqətdə oldu.Nədən də olmasın?

Yazar son illər böyük ictimai  işlər müqabilində həm də son dərəcə məhsuldar işləyib.Əlini hara atıbsa ordan bir maraqlı ədəbi hadisə ola biləcək yazılar çıxarıb və bütün yazıları uğurlu yazılar və mübahisə doğuran yazılardı ki,alimindən tutmuş mənim kimi sıravi oxucu da bu qədər işin içində onun bu yazıları nə vaxt yazdığından baş çıxara bilmir.  Və bu qədər iş məsələsində bir dost jurnalistin Aqil haqqında yazısından bir məqam bu sözləri yazanda boy verdi içimdən.

Millət vəkillərinin  xalqa görüşlərindən və çox işləməsindən söhbət düşəndə həmin jurnalist çox gözəl bir şey demişdi : Məsələn, Aqil Abbas daima işləyir: O SƏHƏR TEZDƏN NƏŞRİYYATA GƏLİR VƏ BİR DƏ AXŞAM ORDAN GEDİR.

Bu fikrin bir sarkazm və ya ədalətli-ədalətsiz deyilişindən  mən bir türlü baş çıxara bilmədim.

Hər halda mənə ön söz olaraq bu qeydləri yazdıran Rəşad Məcidin orijinal addımıdır ki, bir il öncədən bir yazarın 60 illiyini  xəbərdarlıq etdi. Və yazdı : “Gələn il aprelin 1-i Aqil Abbasın 60 yaşı tamam olacaq. Amma Aqillə bağlı ürək sözlərini demək, haqqında yazmaq üçün bir il gözləməyə nə hacət? Aqil elə adamdı ki, ən az görüb tanıyan kəs də onun barəsində məmnunluqla, ağızdolusu danışa bilər. O da olaydı mən – az qala otuz il Aqili tanıyan, onu ən müxtəlif ovqatlarda görən, duyan, müşahidə edən adam. Bütün sözlərin, müşahidələrin cəmini, toplusunu bir yerə yığıb, ən müxtəlif məqamlarda – kədərin adamın cızdağını çıxardığı, sevincin qanadlarını döyəcləyib şahə qalxdığı vaxtlarda, ən sakit anlarda, ən çətin situasiyalarda onun elədiklərini, davranışını beynimdən keçirib bir fikrin üzərində dayanıram – AQİL UNİKAL ADAMDI”.

MƏNİMSƏ YAZIMIN ADI BELƏYDİ: XALQ ADAMI AQİL ABBAS... 

Onu tanıtmağa və onun vəkili olmağa gərək yox.Zatən onu tanımayan yox  və əlimizdə olan bilgilərə görə yazar və naşir Aqil Abbas başını başlara qatıb millət vəkili olmaq istəyir.Bu xəbər artıq reallaşıb və Aqil Abbas bu yolun müəyyən bir hissəni keçmiş durumda və mənə elə gəlir ki, o bu yolun  o başına qədər gedə biləcək. Mən bunu arzu edirəm bir dost kimi, bir həmkar kimi və düşünürəm ki, Milli Məclisimizin indiki durumuna baxanda,orada görünən bir neçə ziyalı, ədəbiyyat insanları daha çox qabarıqdır, nəinki adını-familini hələ də bilmədiyimiz bir çox insan. Təbii ki, aşağıda mənim Aqil Abbas haqqında qeydlərimi oxuyacaqsınız, amma mən bu yazını yazmamışdan qabaq bir neçə ədəbiyyat adamından onun haqqında soruşdum və onlardan  biri Lətif Mustafaoğlu mənə əl yazmasında onun haqqında fikirlərini yazıb verdi və mən eynən onu yazımın başlanğıcına alıram:

Bu günün prizmasından baxanda yazar və naşir Aqil Abbas bizim yeni ədəbi qüvvələrə hüquq qəzeti olan “Ədalət”də (məhz buna görə də qəzetin üstündə bir yazı var: hüquq qəzetidir) ədəbiyyata bu qədər meydan verəndə, gənc idi, deyək ki, qırx yaşı vardı ya yoxdu.Amma onun üz-gözünə baxan heç zaman ona bu yaşı verməzdi, daha yaşlı görünür : saçlarının ağlarına baxanda (buna görə də vaxtilə  bir tənqidçi onun haqqında yazısını “AĞ SAÇLARIN İŞIĞINDA”, başqa bir yazar isə “NEÇƏ YAŞIN VAR, AQİL ABBAS?” deyə yazdılar) və oturuşuna-duruşuna baxanda. Və onun ədəbiyyata bu qədər deyək ki, qeyri-normal yer ayırması heç zaman bir mənalı qarşılanmayıb və necə də ki, qarşılanmır.Bu da çox təbiidir və bir şeyi deyim ki, bunu aparıb hər hansı demokratiya ilə bağlamağa heç bir lüzüm yox, çünki Aqil Abbas da bizim kimi bu Azərbaycan adlı kiçik bir məmləkətdə yaşayır və Azərbaycan mühitini də bizim hər birimizdən daha yaxşı tanıyır, çünki qəzeti elə bir qəzetdi ki, hər zaman başının üstündə qorxu var: sataşdığı adamlar və toxunduğu mövzular hər azman ona təhlükə  imkanı yardır.

Aqil Abbasın naşirliyi ortada, bunu danmaq olmaz və ədəbiyyata da bu qədər yer ayırmasını hərə bir cür qarşılayır: nə bilim qəzeti satılmırdı, nə bilim Aqil Abbas unudulmuşdu, nə bilim nəsə var bunun içində... Bütün bu arqumentlərin nə dərəcədə doğru vəya yalan olduğunu mən bilmirəm, bilmək də istəmirəm: mız qoymaq bizim əski adətimiz.

Bu gün ortada bu var: Aqil Abbas bu ədəbiyyata meydan verəndə bəlkə də işin bu dərəcədə şişib partlayacağını da,bu qədər səs-küy vəya inciklik yaradacağını da bilmirdi, amma bilməmiş olmazdı...

Bütün bunlardan sonra bu gün Aqil Abbas özünü millət vəkili kimi görmək istəyir və buna haqqı da  var.Güman ki, onun haqqında yazılar yazılacaq.Amma mən onu tanıyan bir çox ədəbiyyatçı və qəzetçilərlə bu barədə söhbət edəndə, onlar bütün qeyri-obyektivlikləriylə, yenə də Aqilin bu adı qazanacağını rədd edə bilmirlər və hətta öz yaxın dostlarının adı bu məsələdə keçsə də, üstünlüyü Aqil Abbasa verirlər.

Aqil Abbas demokratiyası bəzən öz əndazəsindən çıxır.Belə ki,onun qəzetində ədəbiyat səhifəsi aparan yazarlardan biri dedi: mən Aqil Abbasın filan povestini tənqid eləmək istəyirəm. Öz qəzetində.

Baxdım... baxdım... və deyəcək bir şey tapa bilmədiyim üçün dedim: nədir ajiotajmı yaratmaq istəyirsən, yoxsa Aqil Abbasın demokratiyası qıcqırtdı bəzi şeyləri.

Baxın,Aqil Abbası da tənqid eləmək olar və tənqid olunası şeyləri varsa, tənqid eləmək olar ( VƏ ELƏDİLƏR DƏ ), amma daha bunu adamın öz qəzetində eləyib adamı pis vəziyyətə qoymaq nə demək və nə dərəcədə etikaya uyğundur.Bax, burası zor bir iş...

Məsələ bunlarda deyil, yazar Aqil Abbas indi zamanın bu çətin vaxtında,millətin bir çox şeyə və şəxslərə inamını itirdiyi bir vaxtda   millət vəkili olmaq istəyir və bu çətinliklərə baxmayaraq artıq onun xeyli təcrübəsi var bu işi qaldırmağa. Seçilsə də, seçilməsə də, bundan sonra Aqil Abbas heç bir şey eləməsə və heç bir şey yazmasa da bizim ƏDƏBİYYATIMIZDA onun elədikləri (qəzetçilik, naşirlik və yazıçılıq baxımından ) gələcək nəsillər tərəfindən xatırlanacaq və hətta gələcək ədəbi nəsil tərəfindən rəğbətlə anılacaq, adı çəkiləcək bir məqama gəlib çıxıb. Və məhz buna görə də Aqil bəy daha çox şeylər görmək istəyir bu millət və bu xalq adına. Bunu danmaq çox çətindir. Bəlkə bu ajiotaj dünyasında seçilsə heç bir iş də görə bilməyəcək,amma iş görəcək bir təpərdədir və gücdədir.Buna onun mədəniyyəti də, əxlaqı da çatır.

Susmaq məqamında susa bilir.

Söymək məqamında söyə bilir.

Qışqırmaq məqamında qışqıra bilir və sairə... 

Biz adətən elə öyrənmişik ki, mütləq gərək adamın  ağzından dürr tökülə. Var təbii ki, bu cür insanlar. Amma o dürr heç nəyə yaramır. Yalnız dürr olaraq qalır.Aqil bir ziyalı və bir yazar olaraq bütün bunların fövqündə durur.Təbii insandır və bir çox zaman da tutduğunu buraxan deyil.Taki öz məqsədinə nail olmayınca.

Aqil Abbas sosralizmin bizə bəxş etdiyi bir çox məqamlardan qopa biləmiş nadir yazarlardan və naşirlərdən biridir. Bəlkə də yeganəsidir. Biz bəzən  ZOPA ƏSƏRLƏR,ZOPA ROMANLAR,ZOPA POVESTLƏR ilhaqından qopa bilmirik.Bu zopa şeyləri yazanları XALQ YAZARI görürük.Halbu ki,bütün dünyada mən bilən qəribə bir naşirlik haqqı deyilən haqq var ki, bir yazarın üstündə mübarizə, əsl ədəbi mübarizə aparılır və hətta bunu böyük bir xəbər-reklam kimi yazırlar.Aqil Abbas işin bu tərəfini də gözəl duyur.

Aqil Abbas bir yazar olaraq yox, bir nasir olaraq yox ( təbii işin içində bunlar da var) məhz bir NAŞİR olaraq bunun dəyərini verir,öz qəzetində ƏDƏBİYYAT əlavələrinə bu qədər yer ayırır və baxıram ki, hətta ədəbiyyat səhifələrindən qırağa bir də hər bir şair üçün  ÖZƏL SƏHİFƏ ayırır.Təəssüflər ki, Aqil Abbas şairlərə daha çox üstünlük verir.Halbu ki, nasirlar və hətta başqa janrlarda (təbii dramaturgiya xaric) yazanlar da bura daxil ola bilər (ədəbiyat əlavələrində çox zaman hətta dram əsərləri də çap  olunur, əcnəbi yazarların dram əsərlərinə də yer ayrılır,Azad Yaşarın tərcümələrini bura aid etmək olar).

Yoldaşlar, bunlar az iş deyil!!!!!!!!!! (Nida işarətləri korrektura səhvi deyil).

Aqil Abbas istedadlı yazardır, amma vallah, artıq bu sözün şiti çıxdığından bunu da bəlkə daha başqa bir sözlə əvəz etməyin məqamı gəlib.Aqil həqiqətən daha başqa keyfiyyətə malik istedad sahib olmasını ifadə edəcək sözü bu gün bəlkə də tapmaq zordur, amma bu var ki,Aqilin qəzeti bir çox qəzetlərin yoxa çıxdığı zaman kəsiyində hələ də ayaqdadır,ayaqda durmaqda davam edir,nəinki davam edir,Aqil Abbas onu birincilər sırasına çıxarmağı başarıb. Halbuki, Aqil Abbasın nəşr etdiyi qəzetin,yuxarıda dediyim kimi bir  sahə qəzeti olması da bəlli, hüquq qəzetidir, amma YENİ DÜNYA DÜZƏNİin ona verdiyi haqqı çox istedadla dəyərləndirərək o qəzeti HÜQUQ QƏZETİ olaraq çıxarmaqla,həm də günün ən çox danışılan qəzetlərindən birinə çevirdi...Olanlar  ortada.

Mən bir səs eşidirəm: Aqil Abbas yalnız öz populyarlığını güdür.

Mən bunu danmıram.Aqil bəy həqiqətən qısqanılacaq dərəcədə tanınır və bir neçə dəfə yol yoldaşlığı məqamında mən onun bu populyarlığının və təpərli danışıqlarının, hərəkətlərinin şahidi olmuşam. 

Baxın, bu da olsun, kim populyar olmaq istəmir və üstəlik də Aqil öz imkanı daxilində neçə adama qonorar verir və bu gənclər çoxusu işsizdir və yaxud işi elədir ki, onların aldığı maaş çay içmək imkanını ödəmir.Biz bu incə bir məqamı da unuduruq. Halbu ki, bu qədər qəzet içində bir neçə qəzetin adını çəkmək olar ki, yazarın əməyini, lap min manat olsun belə, dəyərləndirir və Aqil bunu hansı yollarla eləyir, bu da az iş deyil.Bunun üçün də bir təşkilatçılıq lazımdır.Düşünürəm ki, Aqilin “Ədalət” qəzetinin əlavələrini buraxanlar da onun kimi adamlardır, amma Aqil onlardan bir-baş yuxarı olmalı ki, bu işi eləyir və mən heç şübhə etmirəm, bu uzun sürməyə də bilər,amma o zaman Aqilə düşmən kəsiləcək dostlara indidən xəbərdarlıq edirəm: amandı, bunu düşünməyin.Hər şeyin bir sonu olduğu kimi, Aqilin də ədəbiyyata bu qədər meydan verməsinin bir sonu ola bilər. O zaman düşmən kəsilmək gərək deyil.Bu həyat davam edir, bu həyat davam edəcək.Bu baxımdan, heç bir şey əbədi deyil və bir gün indi düşmən bir məbədə çevrilən bir qurum da sona ərəcək və o zaman bir çox insanın mübarizəsi də öz axarını dəyişəcək və son çatacaq.

İndiki  məqamda xalq və ədəbi camiədə böyük hörmət sahibi olan bir yazarın necə olursa olsun, bu millətin ali məclisində oturmaq haqqı daha çoxdur. Bunu təbii ki,Aqil Abbasın seçicilərinin insafına buraxıram və onlara inanıram. Onun o yerlər üçün elədiyini yaddan çıxarmamışlar məncə.

Aqil Abbasın özünün seçilmək haqqında bir yazısını xatırladım və orada haqlı olaraq seçiləcəyi yerdən olmayan  insanların cibi  və arxası zoruna seçilmənin daha az şansı olduğunu deyir ki, bu məntiq məhz onu millət vəkili eləmək yolunda bir addımdır.

Mizahı, esprisi və qələminin gücü qədər, naşirliyi ilə də  Mirzə Cəlili xatırladan bir ziyalı öz işinin başındadır və nəinki işinin başındadır və bu qədər zorluqların içindən sıyrılıb “BATMAN QILINC”, “ÇADIRDA ÜZEYİR BƏY DOĞULA BİLMƏZ”, “QİYAMƏT GECƏSİ”  kimi samballı  əsərlər yazmağa da zaman tapır və yaşamağa da  zaman ayırır.

Və millət vəkili olmaq istəyir.Olsun, onu da görək.

lll

Not: Böyük və unudulmaz yazıçımız Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr etdiyim ikinci yazı önümüzdəki həftənin şənbə günü çap olunacaq.  

 





01.04.2013    çap et  çap et