525.Az

"Gündoğar ölkə"də Azərbaycan diasporu


 

YAPONİYA ÖLKƏMİZİ CƏNUBİ QAFQAZDA ƏN ƏSAS STRATEJİ TƏRƏFDAŞI HESAB EDİR

"Gündoğar ölkə"də Azərbaycan diasporu<b style="color:red"></b>

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Müstəqilliyin bərpasından sonra Azərbaycanla əməkdaşlıq əlaqələri yaradan ilk dövlətlərindən biri Yaponiyadır.

Bu ölkə Azərbaycanın müstəqilliyini cəmi iki ay sonra - 1991-ci ilin dekabrında tanıyıb. 1992-ci ildə isə iki dövlət arasında diplomatik münasibətlərin əsası qoyulub. 2000-ci ildə Yaponiya Cənubi Qafqazda ilk dəfə Azərbaycanda öz səfirliyini açıb. Bundan 9 il sonra Gürcüstanda, 15 il sonra Ermənistanda Yaponiya səfirliyi qurulub. Keçən il isə "Gündoğar ölkə"də Azərbaycan səfirliyi fəaliyyət göstərməyə başlayıb.

Diplomatik nümayəndəliyimiz iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində fəaliyyət aparır. Təsadüfi deyil ki, son dövrlər dövlət səviyyəsində qarşılıqlı səfərlərin sayında artım müşahidə olunur. Xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavini Əli Həsənov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Yaponiyaya, qarşı tərəfdən isə Baş nazirin müavini, eyni zamanda maliyyə naziri Taro Aso, sabiq iqtisadiyyat nazir Amari Akiranın və digər yüksəksəviyyəli rəsmi şəxslərin səfərləri sürətlə inkişaf edən əlaqələrin yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bütün bunlarla yanaşı iki ölkə xalqları arasında əlaqələri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə təcrübə mübadiləsi aparmaq, ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinə Yaponiya ictimaiyyətinin dəstəyini qazandırmaq üçün diaspor, qeyri-hökumət təşkilatları səviyyəsində də fəaliyyətin aparılması zəruridir. Bu missiyanı isə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse-prezidenti Əlibəy Məmmədov öz üzərinə götürərək "Gündoğar ölkə"də Azərbaycanın təbliğatı, iki ölkə xalqları arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Ə.Məmmədov bildirib ki, son illər Yaponiya-Azərbaycan münasibətləri istər siyasi-iqtisadi, istərsə də mədəni səviyyədə özünün inkişaf yolunu keçməkdədir: "Yaponiya Cənubi Qafqaz regionunda ən əsas strateji tərəfdaşı kimi məhz Azərbaycanı görür. Paytaxt Tokioda müntəzəm olaraq yaponiyalı kiçik və orta sahibkarlar tərəfindən məclislər təşkil olunur. Fəxri qonaq kimi bu tədbirlərin əksəriyyətinə dəvət olunuram. Bu məclislərdə bir daha əmin oluram ki, Azərbaycanın kənd təsərrüfatı və turizminin inkişafına böyük maraq var. Təsadüfi deyil ki, son 3 ildə Azərbaycana səfər etmiş yaponiyalı iş adamlarının sayı gözəçarpacaq dərəcədə artıb. Bundan əlavə, son illərdə Azərbaycan və Yaponiya arasında siyasi sahədə də yaxınlaşma sezilir. Dövlət rəsmilərinin qarşılıqlı olaraq həyata keçirdiyi səfərlər iki ölkə arasında siyasi sferada əlaqələrin inkişafı müsbət təsirini göstərir. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərəm ki, Azərbaycan bir dövlət olaraq Yaponiya üçün post-Sovet məkanında ən etibarlı geosiyasi partnyor rolunu oynamağa qadirdir və bu Yaponiya tərəfindən yüksək qiymətləndirilir".

Diaspor rəhbəri qeyd edib ki, şəhərlərimiz arasında dostlaşma və qardaşlaşma işləri də görülməkdədir: "Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri ilə İsmayıllı rayonu dost şəhərdir. İsmayıllıda "Yapon bağı" da salınıb. Eyni zamanda, Okinava prefekturasının Miyakojima şəhəri ilə Naxçıvan şəhəri arasında son vaxtlar yaxınlaşma hiss olunur. Bu ilin yazında Yaponiyadan Kazuyasu İşidanın rəhbərliyi altında iş adamları və deputatlarından ibarət təxminən 40 nəfər Naxçıvana səfər edib. Bundan əlavə, bu gün Azərbaycanda ən öndə gedən təhsil müəssisələrindən olan ADA universiteti də Yaponiyanın müxtəlif universitetləri ilə təhsil sahəsində əlaqələr qurmaqdadır. Bütün bunlar Yaponiyada Azərbaycanın tanıdılması və onun haqqında müsbət fikir yaradılmasında əvəzsiz rol oynayır".

Ə.Məmmədovun sözlərinə görə, Yaponiyada yeni yetişən nəsildə Azərbaycan haqqında dərin biliklərin mənimsənilməsinə nail olmağa çalışırlar: "Bu mənada, mənim əsas fəaliyyətim 4 istiqamətdədir: yaponiyalı məktəblilər, elm və iş adamları, ziyalılar və siyasi simalarla görüşlər təşkil etmək, onlara Azərbaycanla bağlı məlumatlar vermək. Hər zaman əlimizdən gələni edirik ki, ölkəmiz haqqında müsbət fikir yaradaq. Bütün bunların nəticəsi olaraq, bu gün biz yaponiyalı məktəblilərdə Azərbaycana böyük sevgi və rəğbət hissi, elm adamlarında yeni araşdırma ideyaları, iş adamlarının Azərbaycanla biznes əlaqələrində uğurlar qazanması, Azərbaycan kənd təsərrüfatı məhsullarının inamla Yaponiya bazarlarına çıxmasını, ziyalılar və iş adamlarının Azərbaycana artan səfərlərini görürük. Bu, artıq özü böyük uğurdur".

Həmyerlimiz hesab edir ki, diaspor işimizdə dövlətin dəstəyi olarsa, daha çox uğur əldə etmək olar: "Lakin hər şeyi dövlətdən də tələb etmək doğru deyil. Diaspor təşkilatları gərək özləri güclü olsun, müstəqil fəaliyyət göstərsin. Dövlət müstəvisində bizim ayrı-ayrı məsul qurumlarımız iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində işlər aparır. Biz isə diaspor olaraq tam fərqli və müstəqil fəaliyyət göstərsək daha effektiv olar. Düşünürəm ki, bu düşüncə tərzi həm də dövlət üçün faydalıdır. Ona görə ki, dövlətin güclü olması təkcə onun özündən asılı olmamalıdır. Biz ayrı-ayrı ölkələrdə hər şeyi dövlət edəcək deyib arxayın oturmamalıyıq. Bu bizim hər birimizin dövlətidir. Rəsmi səviyyədə təmsil olunub olunmamağımızdan asılı olmayaraq, cəmiyyətin hər bir fərdi ayrı-ayrılıqda istər diaspor, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində dövlətin həyata keçirdiyi fəaliyyətə dəstək verməlidir. Bu baş verərsə, biz dünya səviyyəsində daha güclü bir dövlət imici yaratmağa nail ola bilərik".

Ə.Məmmədov bildirib ki, dünya çapında daha da güclənmiş diasporumuz istənilən vacib qərarların qəbul edilməsində böyük təsir imkanlarına sahib ola bilər: "Bu çox vacib faktordur".

Azərbaycanın bir nömrəli problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin Yaponiya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən fəaliyyətdən danışan diaspor sədri qeyd edib ki, münaqişə ilə əlaqədar elmi səviyyədə 2015-ci ilin dekabrın 14-də Hokkaydo Universitetində təşkil edilmiş "Hokkaydo Mərkəzi Avrasiya elmi konfransı"nın 121-ci sessiyasında yapon dilində, 2016-cı il aprelin 16-da ABŞ-ın Nevada Ştatının Reno şəhərində 58-ci Qərb Sosial Elmləri Assosiasiyasının nəzdində təşkil edilmiş "Sərhəd Araşdırmaları Assosiasiyası"nın 33-cü sessiyasında ingilis dilində məruzələr etmişəm. Bundan başqa, Tokionun internet kanalı olan "World Investors TV"nin canlı yayımlarında dəfələrlə fəxri qonaq qismində dəvət olunaraq Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar hadisələri ilə bağlı çıxışlar etmişəm. Eyni zamanda, həmin kanalda Azərbaycanın milli bayramları - Dirçəliş günü, Konstitusiya günü, Həmrəylik günü və digər mövzularda verilişlər hazırlamışıq. Bütün bunlar Yaponiyada Azərbaycanın haqq səsinin təbliğ edilməsində mühüm rol oynayır. Ümumilikdə isə gəldiyim qənaət odur ki, "Böyük 7-lik" üzvü olan Yaponiya rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, bu dövlətin Ermənistana beynəlxalq təzyiqlər etməsi hazırda aktual deyil. Bunun əsas səbəbi isə dünya səviyyəsində elmi araşdırmalarımızın az olmasıdır. Ona görə də dayanmadan fəaliyyət göstərərək Yaponiya və digər ölkələrdə Azərbaycanın haqq səsini daha geniş və sistemli şəkildə çatdırmalıyıq. Ölkə daxilində hər kəs bu mövzudan danışır, yazır. Xaricdə isə bu, o qədər də gözə çarpmır. Dağlıq Qarabağla bağlı işi sistemli və səviyyəli formada təşkil etmək lazımdır ki, dünya ictimaiyyəti Azərbaycanın haqq səsini doğru şəkildə duya bilsin".

Bu yaxınlarda həmyerlimiz Ə.Məmmədovla bərabər Azərbaycana bir qrup  yaponiyalı iş adamı səfər edib. Yaponiyanın A.V.C Yayım İnkişafı Şirkətinin İdarə heyətinin sədri Yukihisa Ota və Beynəlxalq əlaqələr şöbəsinin meneceri Tomohora Yamasaki dövlətimiz haqqında xoş fikirlər söyləyərək iki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Y.Ota qeyd edib ki, Azərbaycanla Yaponiya arasında həm mədəni, həm də iqtisadi əlaqələrin inkişafında böyük potensial var: "Biz bu potensialı hiss edirik. Ona görə də əlaqələrin uğurla qurulucağına, daha da inkişaf edəcəyinə inanırıq. Bunun üçün Azərbaycanda müvafiq qurum və şirkətlərlə daha sıx əlaqələr qurmağa, görüşlər keçirməyə çalışacağıq".

Şirkətin Beynəlxalq əlaqələr üzrə meneceri T.Yamasaki isə bildirib ki, Yaponiyada müharibədən sonra sənaye böyük inkişaf yolu keçsə də, demoqrafik vəziyyət olduqca mənfi istiqamət alıb: "Buna görə də Yaponiya şirkətləri xarici əməkdaşlıq əlaqələrinə daha çox maraq göstərir, bu istiqamətdə biznes fəaliyyət aparırlar. Bu mənada, bizim üçün Azərbaycan iqtisadi potensialına görə olduqca cəlbedici ölkədir. Ona görə də Azərbaycana gələrək ölkənizdə Yaponiyanın tanıdılması, eyni zamanda, Yaponiyada Azərbaycanın tanıdılması, daha sonra  qarşılıqlı biznes sərgilərinin keçirilməsi istiqamətində iş aparacağıq".

Yaponiyalı qonaqlardan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir məlumatlarının olub-olmadığını soruşanda isə bildirdilər ki, əgər hər hansı bir xarici ölkədə biznes fəaliyyəti həyata keçirməyi qarşıya məqsəd qoyurlarsa, ilk olaraq həmin dövlət haqqında məlumat toplayırlar. Bu mənada, Azərbaycanda bizneslərini inkişaf etdirmək niyyətində olduqlarına işarə edən şirkət rəsmiləri ölkəmizin Ermənistanla yaşadığı konfliktdən kifayət qədər xəbərləri olduğunu bildirdilər.

Bu o deməkdir ki, siyasətin təməlini təşkil edən iqtisadiyyat, həm də diplomatik sahədə əldə olunacaq uğurların açarı rolunu oynayır. Ona görə də, münaqişədən əziyyət çəkən Azərbaycan dövlətinin 1994-cü ildə atəşkəs müqaviləsi imzalayıb problemi danışıqlar müstəvisinə çıxardıqdan dərhal sonra ölkə iqtisadiyyatını inkişaf etdirməyi qarşıya məqsəd qoymaqla ən doğru qərarı verdiyi bir daha öz təsdiqini tapır. Bunun nəticəsidir ki, indi işğal siyasətini davam etdirən Ermənistan regionda uğurlu layihələr həyata keçirən, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın iqtisadi blokadasına məruz qalıb. Zaman keçdikcə xaricdəki dayaqları zəifləyən işğalçı ölkə qüvvələr balansının Azərbaycanın xeyrinə dəyişdiyinin şahidi olur. Son aprel döyüşləri də sübut etdi ki, 90-cı illərdən fərqli olaraq indi hərbi güc də bizdədir. Ona görə də, Ermənistan vəziyyətdən çıxış yolunu Azərbaycanı bəzi himayədarlarına şikayət etməkdə görür. İşğalçı ölkə rəhbərliyi bunun heç bir nəticə vermədiyini anlayanda bəlkə də gec olacaq, Azərbaycan öz torpaqlarına qovuşacaq. Ermənistan isə tarixin ən dərin qatlarında itib batacaq.

Ceyhun ABASOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





22.11.2016    çap et  çap et