525.Az

Hər vaxtın xeyir, Aqil müəllim


 

“Bayatı-Şiraz”dan Aqil Abbasa qədər...

Hər vaxtın xeyir, Aqil müəllim<b style="color:red"></b>

... Mən uşaqlıqda rəssam idim. Əslində şəkil çəkə bilmirdim. Yəni, barmaqlarım fantaziyam bərabərində addımlaya bilmirdi. Bax, elə o zaman mən rəssam idim, çünki nə illah eləyirdimsə, düşündüyümü çəkə bilmirdim, bir qız keçirdi xəyalımdan, şəlalələr saçlarından axırdı. Bunu çəkə bilmədiyim üçün rəssam idim. İnsan nəyi bacarmırsa, əslində odur, nəyi çox yaxşı bacarırsa, əlinin altında iki dəqiqəyə muma döndərə bilirsə, demək bir çox şeylər yalandır. O vaxtlarda evimizə bir kitab gəldi, Aqil Abbasın ilk kitabı. Bundan əvvəl məşhur “Ulduz” jurnalında Aqilin “Evləri köndələn yar” povestini oxumuşdum. Qədiri çox sevdiyimdən bu əsəri də çox sevdim, indi Aqil həmin povesti yazan adamdan qat-qat professionaldır, ancaq o əsərdəki sevgi, insan taleyinin adi əhvalatlar fonunda qeyri-adi tərzdə təsviri, – bir az sadəlövh görünsə də məni özünə çəkirdi. İndi yadımdan çıxıb, bəlkə o əsərdən sonra Qədiri sevmişəm, bilmirəm, hər halda Aqil yazdığı əsərlər, dediyi ipisti sözlərlə kimisə, nəyisə sevdirən yazıçıdır, Aqil tamaşalıq (“napokaz”) adam deyil, ürəyində nədirsə, dilində, yazısında da odur. Sonra, daha sonralar “Uzun qapqara saçlar” və digər əsərləri gəldi. Əvvəldən axıra qədər bütün qələmə aldıqlarının siyahısı tərtib edilsə (əslində, mövcud siyahı var) Aqili yaxşı tanıyan adamlar burada yazılması nəzərdə tutulsa da, indiyə qədər ortada olmayan əsərlərin yerini görər. Mendeleyevin cədvəlində yeri boş saxlanılan elementlər kimi. Ola bilər ki, o əsərlərin yeri həmişəlik boş qalsın, amma yeri görünən əsər bəzən mövcud olandan daha dəyərli olur və ədəbiyyatda sözün təsiri, dünyanı dəyişdirməsi, uzun sözün qısası valentliyi də bununla ölçülür. Uşaqlıqdan televizordan izlədiyimiz gözəl bir kadr var: Qarabağ bülbülləri “Bayatı-Şiraz” oxuyur. O zaman bütün və bütöv Azərbaycana yayılan o səs altı cızılan valentliyin özüdür ki var! Qarabağ bülbülləri sonra nə oldu, o səs harda itdi, nəyin güdazına getdi, bax, bütün bunları anlamaq üçün bir az düşünmək lazımdır. Və bu “bir az” lap çox çəkə bilər. Yeri görünən səsin, mətnin... sırası sıxlaşdıqda bir çox şeylər aydınlaşa bilər.

Qarabağ müharibəsi zamanı onların kəndlərində olmuşam, bir həkimin evində. Bu kənddə, o insanların sir-sifətlərində “Batmanqılıncın” izlərini axtarmışam, Aqil yuxarıda ilk cümlələrdə vurğuladığım kimi arxeoloqdur, insan ürəyinin sevgiyə, məhrəm münasibətə susadığını bilir və bildiyi üçün də hər birimizin yanından isti külək kimi keçir, yaxamızı açırıq, dərindən nəfəs alırıq, nə qədər isti, yaxud bürkü olsa da bu istilik canımıza sinir.

“Humanitar elmlərin arxeologiyası” adlı bir məvhum var. Sözlərlə əşyaların münasibətləri haqqında.

Əsərin əvvəlində rəssam təsvir edilir. “Rəssam tablodan bir az kənarda dayanıb. Modelə baxır; olsun ki, axırıncı “mazok”u vurmalıdır, ancaq bu da ola bilər ki, hələ heç bir xətt çəkilməyib. Fırçadan yapışan əli sola, palitraya tərəf çevrilib. Bir anlığa o, rəsmlə boya arasında donub qalıb. Öz növbəsində üzülmüş, qırılmış (donmuş...) hərəkətin gizləndiyi hansısa baxış rəssamın əlini havada saxlayıb. Bütün hadisələr fırçanın incə ucu ilə kənardan gələn iti baxış arasında baş verir. Ancaq bu, gizlində qalmış bir sıra kənaraçıxmalar araya girmədən həyata keçmir”.  Burada mənim üçün çox maraqlı olan detal “havada donan əl” ifadəsi, yaxud obrazıdır, rəsmlə rəssam, yazıçı ilə mətn arasında həmişə ortadan qırılan (susan...) hərəkətin dibindən çağlayan pıçıltıların ayrıca yeri var. Hər gün sağdan sola və əksinə... yazan adamların qaraltdığı səhifələr bu qabartmaq istədiyim münasibətlərdən xalidir, yəni, havada donan əli həm də kənardan baxan baxışın perspektivi müəyyənləşdirir. Bu mənada götürdükdə, Aqilin etirafları, yarımçıq yazıları, nə yazdıqları, nə də yaza bilmədikləri haqqında küylə danışmaması həyatda çox yaxşı tanıdığımız adamın əsl obrazının son dərəcə xəsis ştrixləridir və həyatda çox yaxşı, bəlkə son ştrixinə qədər bildiyimiz adamın bilinməyən cəhətləridir. Bu, bəlkə də oğluna sərt baxışlarla baxan atanın qəlbini əzən məhəbbət, sevgi əzabıdır. Məhəbbət də, sevgi də, oğul da, elə atanın özü də o havada nəsə cızan fırçanın altından keçir. Onun indiyə qədər yazdığı bütün mətnləri oxumuşam, eləsi var ki, (məsələn “Dolu” romanı) bir neçə dəfə oxumuşam, Aqil təhkiyə axarında hara qədər qaça bilirsə, o havada donmuş əl, yazılan yazıya kənardan tuşlanan baxış mətni adi əhvalatların şirin dillə nəql edilməsinə, ustalıqla danışılan lətifəyə çevirir. Yuxarıda dediyimiz “gizlində qalan kənaraçıxmalar” Aqilin əsərlərinə, təhkiyə strukturuna xəsisliklə daxil olur, mətnin havasını pozmur, yalançı poza yaratmır. Aqil sadəcə yazmaq istədiyi mətləbin uyğun formasını tapmaq üçün o “donmuş hərəkətin” canlanmasını gözləyir, ani tərpəniş olan kimi (bu, mütləq sakitlikdə gerçəkləşən bir nəsnədir, Aqil isə bildiyimiz kimi, sakitlik tapmadığından həmişə hay-küy içində yazan adamdır) onlarla əhvalat, neçə-neçə lətifə, yüzlərlə səhifə qaralanır, yəni, Aqil həmişə nəyisə gözləyərək yazan nasirdir, bu gözlənti yoxdursa, yazıçı da yoxdur, Aqil zəif yaza bilər, yaxud kimsə onun yazdıqlarını aşağı keyfiyyətli mətn adlandıra və elan edə bilər, ancaq nə olsun – Aqil gözləntisində olmadığı şeylərin konturlarını cızan və bu cür şişirdilmiş obraz və detallarla işləyən adam deyil. Bir yazıçı kimi Aqil təsvirdə, təhkiyə axarında oxucunu ifrat şəkildə “nəzərə alan” yazıçı da deyil – insanların ürəyini ovlasın, şirin dillə danışılan əhvalatlarla kitab bağlasın. Ona qalsaydı, nəşr etdiyi kitabların sayı-hesabı olmazdı və heç zaman müsahibələrində nəyisə yaza bilmədiyini boynuna almazdı – heç buna vaxtı da qalmazdı. Aqil bizim yazıçılar arasında “yazı bicliyinə” ən az yiyələnən yazıçılarımızdandır. Onun bədii təfəkküründə daha çox mədəniyyətimizin şifahi qatı hiss edilir. Bu xüsusiyyət ümumən bizim bədii düşüncəmizin minillik tarixi boyu nəzərə çarpır. Füzulinin qəzəllərindən tutmuş Sarı Aşığa qədər şifahi qatın dominantlığı aydın sezilir.  Elə olur ki, şifahi qat bütövlüklə yazı texnikasını müəyyənləşdirir. Mətnlərdəki lətifə stixiyası burdan irəli gəlir. Böyük məharətlə danışılan lətifələrdə həmişə hiss edilmədən “buraxılan yerlər” olur, onu dinləyən insanlar bir qayda olaraq bu buraxılan yerləri hafizələrində ani canlandıraraq gülürlər və bu prosesdə hər kəs bir detalı “bərpa edir”. Ona görə də lətifə mətninin süjetini formalaşdıran birinci və əsas element həmin o “dinləmə həssaslığıdır”. Eyni qayda ilə deyə bilərik ki, Aqilin təsvirlərində və ümumən süjetlərində bu həssaslıq aparıcı mövqedədir, elə buna görədir ki, onun qurduğu əhvalatlarda keçidlər ani olur, görünən nəsnə ilə nəzərdə tutulan niyyətin ani qovuşmasını, bir xətt üstündə birləşməsini ehtiva edir.

Aqil dövrün sosial problemlərinə də son dərəcə həssas yazıçıdır. Nədən yazırsa yazsın, ilkin mövzu şaxələnir, insan taleyinin bütün künc-bucağını – görünən və görünməyən tərəflərini əhatə etməyə çalışır. Bu mənada, onun əsərlərinin forma lakonikliyi diqqəti cəlb edir. O, bəzən başqa müəlliflərin baxdığı səmtdən yeni görüntülər vermək arzusu ilə o mətləbin ixtiyari nöqtəsindən öz baxışını formalaşdırmağa çalışır. Əslində, məsələn, Mirzə Cəlilin “Ölülər”ində toxunulmayan məqam, məsələ qalmayıb – insanın gerçək həyatı, sosial vəziyyəti, düşüncəsi ilə alt şüurunda cücərən işartılar qarşılaşdırılaraq möhtəşəm bir cəhənnəm – insan cəhənnəmi təsvir edilir və bu, daha çox metod, üslub məsələsidir, nəinki sosial ziddiyyəti qabartmaq cəhdi. Şeyx Nəsrullah insanların qəlbindəki həqiqəti oğurlayıb və onun gücünə yiyələnib. Müasir yazıçı bu müstəvidə mətləbin sosial baxımdan aktuallığına vurğu salırsa, başqa sözlə desək, bu təsadüfdə mövzu sadəcə eninə genişlənirsə,  demək, bu fakt sosial tipli yazıçının (doğrudan da cəmiyyətin problemləri ilə nəfəs alan yazıçının) “mən niyə yazıram” sualına verdiyi cavabdır. Ədəbiyyat, yazı, hansı mövzudan hansı dərəcədə bəhs edilməsi əslində dünyanın dəyişdirilməsi ilə bağlı utopik, bəlkə də mifik arzusunun (missiyasının) bu günümüzə qədər uzanması klassikada qoyulan məsələlərin bədii baxımdan tam həllini tapmaması ilə həmahəngdir. Bu perspektivdən baxanda nəsrimizin inkişafındakı disharmoniya (qələm əhli tələb edilən hər şeyi edir, ancaq “özü-özünü qurub-yaratmaq” missiyasını yaddan çıxarır, indi, xüsusən 80-ci illər nəsli nasirlərinin mətnləri içində ayrılıqda götürdükdə nə qədər maraqlı detal var, ancaq bunlar uzandıqca uzanan detallar, motivlər və həm də təəssüf ki, süjetə çevrilməyən motivlərdir) ümumi qüsur kimi dəyərləndirilməlidir. Yazıçı ömrü boyu çalışır, yazır, cəmiyyətin problemləri ilə nəfəs almağa çalışır, ancaq əksər hallarda öz təyinatını, metodunu tapa bilmir. Bu baxımdan Aqil Abbas “tərəddüdsüz” yazıçıdır, həm nə demək istədiyini yaxşı bilir, həm də mətləbin bədii şəklini ifadə baxımından öz gücünü bilən yazıçı tipi kimi maraqlıdır.  “Dolu” romanında bunun əyani sübutları var.

Aqil müsahibələrinin birində deyir: “... Cibimdə 10 manat olmayıb, hamı elə bilib ki, milyonçuyam. Kasıbçılıq, maddi şeylər ağır gün deyil. Ağır gün sevdiklərini itirmək, qəbristanlığının darmadağın olmasıdır. Mən həmişə demişəm ki, xoş günüm geridədir”. Başqa bir müsahibəsində isə vaxtilə orta məktəbdə onunla bir sinifdə oxuyan (...”mən beş alırdım o  5+”), sonra Qarabağ müharibəsində tank altında qalan dostundan bəhs edir.  Jurnalistin “orta məktəb dostlarınızla görüşürsünüzmü” sualına “onların demək olar hamısı müharibədə şəhid oldu...” deməsi və onlarla, yüzlərlə bu kimi faktları araşdırdıqda (... həm də “Tacir Şahmalıoğlunu şaqqalamaq lazımdır” – !) mən onun bədii yazılarının alt qatını daha yaxşı anlamağa başladım. Bu əsərləri oxuyursan, onların pafosunu, dünyada müharibə haqqında yazılan digər bədii nümunələrlə müqayisə edirsən və ani təəssüratdan dəhşətə gəlirsən. Tərcümə elədiyim əsərlərin birində belə bir məqam var “.... deyirlər yaddaş ölmür, yalan şeydir, elə ola bilər ki, dil açıb danışdığın dili belə unuda bilərsən...”.  İndi dünya nəsrini pəltəkcəsinə təqlid edən şəxslərə bu məqamı izah etmək çox çətindir, özünü yazmaq, özünü kəşf etmək, özünü qurub-yaratmaq bir ömür boyu davam edən yazı prosesində ən önəmli cəhətdir. Düşünürəm ki, Aqil Abbas da bu yoldadır. Mənim düşüncəmə görə, Qarabağ müharibəsi haqqında bədii əsərlərlə bərabər sırf avtobioqrafik əsərlər də yazılmalıdır. Yazıçı Anarın son zamanlar bu janra müraciət etməsi təcrübəsi var ortada. Aqil də yazılarında gələcək nəsli nəzərə alan yazıçıdır.  Yəni, bu sözü sizə mən deyirəm, o sözü ki, atamdan, babalarımdan eşitmişəm. Mövlud Süleymanlının əsərindən bir məqam yadımda qalıb: ... deyərlər, öz cığırı ilə axan su döndükdə boylanıb geri baxar... Obraz o qədər mükəmməldir ki, göz önündə dərhal ən müxtəlif rənglər açılır. Yaxud Azər Abdullanın Qarabağ müharibəsindən danışan təmkinli nəsri...      

“Dolu” romanı bu günün Azərbaycan nəsrinin spesifik problemlərini çözmək baxımından da maraqlıdır. Mövzu – Qarabağ müharibəsi romanı diqqətlə oxumağı tələb edir və bu həm oxucu, həm də müəllifin üzərinə böyük məsuliyyət qoyur.

Aqilin romanında süjet xəttinin haçalanmasına, bir neçə fərqli əhvalatın qoşulmasına baxmayaraq, ümumi ovqat – müəllifin, yaxud belə deyək, müəllif obrazında bizim – o müharibənin tarixini, tüstüsünü, ağrı-acısını yadda saxlayan hər bir kəsin içində yanıb cızdağının çıxması içəridən duyulur və bu duyğu getdikcə dərinləşir. Bu proses anbaan daha dərinlərə baş vurur, hiss edilir, çünki burada əvvəlcədən nəzərdə tutulan bir mövqe yox, müxtəlif dillər, işarələr... bir-birinə calanaraq fərqli təəssüratlar doğuran münasibət və mövqelər mövcuddur. Və bunun nəticəsidir ki, əsərdə bir şəhərin timsalında bütöv Qarabağ faciəsi dolğun şəkildə göstərilə bilmişdir. Bir az əvvəl içindən daşlayıb min yerə haçalanan, dünyanı gəzib-dolanan və qayıdanbaş bütün dünyanı öz başına dolandıran çox varlı, çox hökmlü, çox ziddiyyətli... özünə sığmayan bu şəhər od tutub yanır, tüstüsü təpəsindən çıxır. Aqil Abbas ən müxtəlif hadisələri dar bir məkanda ən müxtəlif variantlarda qarışdırıb həm şəhərin, həm Qarabağın, həm də müəyyən mənada Azərbaycanın obrazını yaradır – dərdli, kədərli, faciəli – gülüş, sevinc, şadyanalıq içində də faciəli bir obrazı. Bu amili dərk etdiyinə görədir ki, nasir ayrı-ayrı personajların taleyini deyil, adını çəkdiyimiz bütöv bir obrazın taleyini bütün ziddiyyətləri, faciəyə gətirən səbəblərin çözülməsi və dinamikasında göstərmək istəyir.

 





01.04.2013    çap et  çap et