525.Az

Qaranlıqdan aydınlığa


 

Qaranlıqdan aydınlığa<b style="color:red"></b>

Paytaxtdan, ayrı-ayrı bölgələrdən, lap elə rayon mərkəzi Masallıdan da bura yolu düşənlər özlərini sanki başqa bir aləmdə, başqa bir məmləkətdə hiss edərdilər. Onun saldığı kənd, qurduğu sovxoz yamyaşıl bir adaya bənzəyirdi, adı da – “Qızılavar adası...”

Torpağa, əkin-biçinə, tarlalara, bağ-bağata bağlılıq, adamların biri-birinə olan sevgisi, isti, doğma münasibəti, səmimiyyəti kənar adama mehriban bir ailəni xatırladardı... Toy şənliklərində, hüzr mərasimlərində bir nəfər də olsun özünü kimsəsiz, arxasız hiss etməzdi. Bütün qızılavarlıların hamılıqca bir dayağı, bir arxası vardı- evdə də, çöldə-rizdə də, Ağa deyə çağırdıqları İsmayıl oğlu Xalıq Qurbanov.

Özündə mənəvi, əxlaqı dəyərləri, ağalığı yaşadan, bu gün şirin nağıla, dastana dönmüş, şərəfli bir ömür yaşamış Qurban kişinin nəvəsi, İsmayılın oğlu Xalıq Qurbanova həsr etdiyim bu roman poemanın bir parçasını oxuculara təqdim edirəm. Qloballaşan dünyanın sinəsində günü-gündən əriyən, itib-batan dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında hər kəsin bir mənəvi borcu var. Yoxsa ki, bir millət kimi, toplum kimi yer üzündən silinib yox olmamıza nə müharibə, nə də atom bombası gərək... Çox gəzdim, çox dolaşdım, – heç bir ölkədə, heç bir millət içində bizim xalqda olan keyfiyyətləri ( narazı olduğumuz hallar olsa da) – biri-birinə olan sevgini, səmimiyyəti, doğmalığı, yıxılana əl tutmaq istəyini, arxasıza arxa durmaq xislətini görmədim, hiss etmədim... Hər bir xalqın mədəniyyəti, incəsənəti, ədəbiyyatı onun güzgüsüdür. Bütün milli dəyərlərin, adət-ənənələrin yaşamasında, qorunub saxlanılmasında ədəbiyyat qədər gücü olan ikinci bir güc görmürəm. Hər bir xalqı yaşadan onun ana dilidirsə – dil və ədəbiyyat əkizdi, özü də bir beşikdə...

 lll

 Telefon açıb şəxsi sürücüsünü çağırdı, – sür sahələrə... 1992-ci ildən ərizə verib işdən çıxmışdısa da, ürəyi, fikri-zikri bu yerlərdəydi... Plantasiyanın yanında maşını saxlatdırıb yerə düşdü. Kol-kosu xatırladan çay kollarına baxdı, içi göyüm-göyüm göynədi... Bu çay kollarını yetişdirmək on beş-iyirmi ilə başa gəlir... Yaxın keçmişdə buralarda göz oxşayan yamyaşıl çay plantasiyaları vardı, dörd tərəf tərəvəz sahələri, taxıl, çəltik zəmiləriydi. Çox heyif, baxımsızlıqdan, təcrübəsizlikdən, bəzən də naşılıqdan hər şey qısa zaman kəsiyində məhv olub getdi. Otuz ildən çox bu təsərrüfata, bu kəndə rəhbərlik etmişdi Xalıq kişi, indi necə yanmasın... Evə döndü. Köhnə kişilərdə bir adət idi, – hər sübh yuxudan oyanıb, çay-çörəkdən sonra çöl-biyabana işə yollanmazdan öncə, ailəylə, arvad-uşaqla halallaşıb sonra qapıdan çıxardılar. Bilmək olmazdı, bəlkə qədərləri bu günəcəndi, bəlkə geri dönmədilər?.. Bunu bir Allah bilər, – deyə düşünərdilər. Ailəylə halallaşıb maşına oturdu:

– Sür Astaraya, yolçu yolda gərək. A bala, o radionu da aç görək, – Xalıq kişi sürücüsünə dedi.

Elə bil ki, duyuq düşüb verilişi Xalıq kişi üçün hazırlamışdılar. Bir neçə Kərkük bayatısından sonra aşıq yanıqlı-yanıqlı Yunus İmrədən oxumağa başladı...

Sən bura qəribmi gəldin,

Neçin ağlarsan, bülbül, hey?

Yorulub izmi yanıldın

Neçin ağlarsan, bülbül, hey?

 

Qalan, şəhrinmi yıxıldı?

Namu arınmı yox oldu?

Qürbətdə yarınmı qaldı?

Neçin ağlarsan, bülbül, hey!

Uyğudan gözüm oynadı,

Oyandı, qana boyandı,

Yandı, bu ürəyim yandı,

Neçin ağlarsan, bülbül, hey!

Ruhu sızıldadı, ürəyi göynədi Xalıq kişinin... İşə bir bax, elə bil, Yunus İmrə, son illər çəkdiklərini görüb bu dərdli şeirini Xalıq kişiyə həsr etmişdi. Doğrudan da, tikdiyi qalası, qurduğu şəhəri yıxılmışdı Xalıq kişinin. Və uyğudan oyanan gözləri qana boyanardı Xalıq kişinin – kol-kos basmış, viran qalmış tarlaları, zəmiləri görəndə...

Astaradan tərpənən, içi zəvvar dolu “Mersedes” markalı avtobus İran ərazisiylə İraqa, Kərbəlaya yol aldı. Ziyarətə gedənlərin əksəriyyəti ilk dəfə idi ki, xarici səfərə çıxırdı. Bunu avtobusun pəncərələrindən asılmış qəhvəyi rəngli pərdələri aralayıb maraqla sağa-sola boylanan zəvvarların gözlərindən, üzlərindəki ifadədən də duymaq çətin deyildi. Onların arasında ayrı-ayrı rayonlardan və eyni kənddən olanlar da vardı. Xalıq kişi ilə ziyarətə gedənlərin bir neçəsi doğulduğu, uzun illər rəhbərlik etdiyi doğma Qızılavar kəndindən idi. Xeyli müddət lal-dinməz yol gedəndən sonra arxa cərgədə oturanlardan kimsə, axır ki, darıxdırıcı sükutu pozdu:

– “Kərbəla” sözü “kərbəl” adlı bitkidən götürülüb.

– “Kərbəla” sözü eyni zamanda “kərb və bəla” sözündəndi, mənası da “bəlalı və dərdli yer” deməkdi,- deyə yanındakı zəvvar dilləndi.

Bir başqası isə “Kərbəla” sözünün Arami dilində “Kuver Babil” sözündən götürülüb, “Babil ətrafı” mənasını daşıdığını, dedi. Söhbətə qoşulan avtobus sürücüsü (o, bu ziyarətə bir neçə dəfə gedib-gəlmişdi) “Kərbəla” sözünün “Kərb” və “Ala” sözündən yarandığını, “Allaha yaxın olmaq” mənasını daşıdığını dedi.

Bu qısamüddətli polemikadan sonra, yenə araya sükut çökdü. Yol boyu kiçik daxmalardan, ara-sıra daş evlərdən ibarət yaşayış məntəqələri və cərgə ilə, səliqəylə əkilmiş bostan, tərəvəz sahələri gözə dəyirdi.

– İrandan Azərbaycana gələn tərəvəzin, soğanın, nə də kartofun düz-əməlli dadı-tamı yoxdu. Soğanları elə bil ki, snikersdi... – deyə, kimsə ucadan dilləndi.

– Bunların almasında da alma dadı yoxdu, heyif deyil bizim Quba alması, – deyə onun sözünə qüvvət verən tapıldı, – Lənkəranda, Masallıda, Astarada yetişən tərəvəzin dadından olmaz...

Ağsaqqallardan biri söhbətin mövzusunu dəyişdi:

– İllər boyu məscidləri anbar etmişdilər, amma günün günorta çağı Bakıda da, başqa yerlərdə də erməni kilsəsi öz işindəydi. Şükürlər olsun bu müstəqilliyə ki, camaatın dinini-imanını özünə qaytardı, hər yerdə məscidlər tikildi, camaat azad ibadət edir, ziyarətgahlara gedib-gəlir. Qabaqlar yas düşəndə “Yasin” oxumağa, fatihə deməyə də çoxlarının cürəti çatmırdı. Allah Xalıq müəllimə can sağlığı versin, ölənlərinə min rəhmət! Onun rəhbər olduğu dövrlərdə Qızılavarda “Qurana”, müqəddəs kitabımıza hörmət- izzət varıydı. Xalıq müəllimin qardaşı, molla Cəbrayılın mükəmməl dini savadı vardı, ruhani idi, gənclər “Quran”ı ondan öyrənərdilər, söz-söhbətindən doymaq olmurdu. Bizim Qızılavarda həmişə bol ruzi də vardı, bərəkət də. Allah, Xalıq müəllimin atasına – elimizin, obamızın ağsaqqalı olmuş İsmayıl kişiyə rəhmət eləsin.

Zəvvarlar üzlərini Xalıq kişiyə tərəf çevirib razılıqlarını bildirdilər. Bu söhbətdən sonra ortaya sükut çökdü deyə, avtobusun sürücüsü radionu açdı, hamı eşitsin deyə bir az səsini də artırdı.

Rübabə Muradova oxuyurdu...

Heydərbaba, Qaraçəmən caddası,

Çovuşların gələr səsi, sədası,

Kərbəlaya gedənlərin qadası

Düşsün bu ac yolsuzların gözünə,

Təməddünün uyduq yalan sözünə.

 

lll

Heydərbaba, dünya yalan dünyadı,

Süleymandan, Nuhdan qalan dünyadı,

Oğul doğan, dərdə salan dünyadı,

Hər kimsəyə hər nə verib alıbdı,

Əflatundan bir quru ad qalıbdı.

 

Sürücü əyləci basıb maşını yavaşıtdı və yolun kənarındakı yeməkxananın yanında saxladı:

– Camaat, düşüb bir çay içək, bir az yorğunluğumuz çıxsın, yol uzun yoldu...

Çay-çörəkdən sonra avtobus tərpəndi. Bir az getmiş yenə söz Kərbəladan düşdü. Zəvvarlardan biri Kərbəlanın tarixindən söz açdı. Hiss olunurdu ki, mükəmməl tarixi bilgiyə sahibdi.

– Kərbəlada ilk tikinti işini məşhur Abbasi xəlifəsi Harun-ər-Rəşid aparıb. İmam Hüseynin (ə.) qəbri üstündə ilk dəfə zəvvarlar üçün bir kölgəlik tikdirib. Onun oğlu Əminə tikinti işlərini davam etdirib. Amma ki, Abbasi xəlifəsi Mütəvəkkil tərəfindən dağıldılaraq yerlə-yeksan edilib, ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Əhli-beytə qarşı öz qəddarlığı ilə seçilən xəlifə Mütəvəkkil üst-üstə on yeddi dəfə Kərbəlanı dağıdıb. Kərbəla Səlcuqlar dövründə təmir və bərpa edilib. Səlcuq imperatoru Məlikşah Kərbəla və Nəcəfi ziyarət edib. Nizamülmülk və Əl Qəzali onun vəzirləri olublar. Rəvayətə görə, Elxani hökmdarı Qazan xan Kərbəlanın su problemini həll etmək üçün Fərat çayından ora su kanalı çəkdirib. Bu günümüzədək Hüseyniyyə adıyla tanınan bu kanal məhz Qazan Xan tərəfindən çəkilib. İnşallah, özünüz görəcəksiniz. Bağdada yürüş edib onu dağıdan Əmir Teymur Kərbəlaya toxunmayıb... 1508-ci ildə Bağdadı zəbt edən Şah İsmayıl Kərbəlaya gedərək oranı yenidən təmir, bərpa etdirib və Şah İsmayıl Xətai Kərbəlaya 12 ədəd qızıl qəndil qoydurub. Böyük hökmdarımızın ruhu şad olsun deyə, onun məşhur bir qəzəlini yada salmaq istəyirəm, özü də İran çöllərində...

Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.

Gövhərin yekdanəsindən illəri pərgar idim.

lll

Gah Hüseynilən belə pustimi soydu qadilər,

Gah o Mənsur donuna girdim, “ənəlhaqdar” idim.

lll

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,

Mən bu Beytullah içində ta əzəldən var idim.

lll

Dünyasından mən onun sirin bilirdim, ol mənim,

Dəryanın altındakı sac qızdıran ənnar idim.

lll

Mən Xətaiyəm, həqi həq tanımışam bigüman,

Onun üçün ol yaratdı, mən ona dərgar idim.

Artıq avtobus İraq ərazisinə daxil olmuşdu. Sübhə yaxın, zəvvarlar mənzil başına, Kərbəlaya yetişdilər.

Yerbəyer olandan sonra hamılıqla ziyarətə başladılar.

Kərbəlanı məşhur edən məhz İmam Hüseynin (ə) türbəsinin burada yerləşməsidi. Türbənin ətrafı məsciddən və eyvanlardan ibarətdir. Hər iki tərəfindəki minarə qızılla bəzədilib. İmamın (ə) və oğlu Əli Əkbərin sandığı yerləşən yer gümüşlə, üst tərəfi isə qızılla işlənib.

Minarədən ucalan azanın möhtəşəmliyi adamın ruhunu əlindən alıb, ayaqlarını yerdən qoparır, sanki başqa bir dünyadasan... göylərə ucalan azan səsində sülhə, birliyə, eyni zamanda dünyanın faniliyinə bir çağırış var, tərki-dünyalıqdan sonra əbədi bir dünyanın varlığına bir işarə var... Görünür, klassik Şərq poeziyasının mayasını təşkil edən ayrılıq, qəm-qüssə, nakam sevgi notları məhz burdan qaynaqlanır – son ucu ölüm olan bu dünyada mənası insana tam aydın olmayan “xoşbaxtlıqdan”, “xoş gün-güzərandan”, bol-bol “sevincdən” danışmağın anlamı nədir?

İnsan adicə bir şey itirir (əşya, pul) və bu itkiyə yanıb-yaxılır, unuda bilmir, gözləri daim itirdiyini axtarır, acı təəssüfə, qüssəyə qərq olur. Amma hər yeni gün ömürdən bir gün itirir, buna nə təəssüflənir, nə də acıyırsan... Əslində ən böyük itki hər gün ömürdən itirdiyin gündür, onu nə qaytarmaq olar, nə də nə iləsə əvəz etmək...

Otuz il ərzində ömründən itirə-itirə min bir əzab-əziyyətlə tikib-qurduğu, yaratdığı, mehriban bir ailə təsiri bağışlayan “Qızılavar nağılı”nın acı sonluğundan sonra bu ziyarət Xalıq kişinin içinə işıq salıb, ruhunu rahat edəcəkdi. Belə də oldu...

Bura gələrkən yolboyu eşitdiyi söhbətlər Xalıq kişiyə təsirsiz ötüşməmişdi. Doğrudan da, qüdrətli xaqanların, sultanların, şahların qurduğu Kərbəla neçə dəfə yerlə-yeksan olub və dəfələrlə bərpa edilib. Və sabahı gün nələr olacağını bir Allah bilir.

İmamı (ə) ziyarətdən sonra soraq edə-edə böyük Füzulinin qəbrini tapdı Xalıq kişi. Füzuli aşiqiydi, onun tərcümeyi-halını, yaradıcılığını mükəmməl bilirdi. Füzulinin bu yerdə dəfn olunması üçün etdiyi vəsiyyəti də bilirdi: “Məni elə bir yerdə basdırın ki, İmamın (ə) baş daşının kölgəsi qəbrimə düşsün, adamlar mənim üstümdən keçib İmamı (ə) ziyarətə getsinlər”.

Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən,

Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.

lll

Məzarım üstə mil qoymun, əgər kuyində can versəm,

Qoyun bir saya düşsün qəbrimə ol sərvqamətdən.

 

lll

Qiyamətdə hesabı olmayanlardandır ol-qafil

Ki, fərq eylər fəraqın şamını sübhi-qiyamətdən.

lll

Füzuli, keç səlamət küçəsindən, səbr kuyundan,

Fəraqat olmayan yerdə səfər yeydir iqamətdən.

Onu da bilirdi ki, İmam Hüseynin (ə) qəbrini silib süpürərmiş Mövlana Füzuli... Balaca günbəzi xatırladan qəbrin qapısı çox zaman bağlı olsa da, bu gün açıq idi Xalıq kişinin üzünə... İçəri keçib salavat çevirdi Xalıq kişi. Gözləri baş daşına zilləndi. Yadına Füzulinin misraları düşdü; –

Tərəşşüh qəbrimin daşından etmiş

çeşminin yaşı,

Xəyal eylər görən kim, ləldəndir qəbrimin daşı.

 

Bağdaddan keçəndə də yadına ilk düşən

Füzuli olmuşdu,.. –

 

lll

Füzuli eylədi ahəngi-eyş xaneyi-Rum,

Əsiri-möhnəti – Bağdad gördüyün könlüm.

Axı necə ola bilər ki, M.F.Axundov kimi bir mütəfəkkir bu nəhənglikdə şairin əleyhinə çıxsın, onu bəyənməsin, – deyə, düşündü Xalıq. Ola bilməz, yalan yazıblar. Olsa-olsa Füzulini təqlid etməyin əleyhinə olub Mirzə Fətəli.

Rəhbərlik etdiyi sovxoz M.F.Axundovun adını daşıyırdı. Qızılavarın ən görkəmli yerində Mirzə Fətəlinin heykəlini qoydurmuşdu Xalıq kişi, Mirzə Fətəlini də çox sevirdi.

Diksinən kimi oldu, minbərdən ucalan azan səsi onu ovsunlayıb riqqətə gətirdi və əllərindən tutub uzaq keçmişə, ağır müharibə illərinə apardı Xalıq kişini. Alman faşistləriylə qanlı döyüşdə ölümcül yaralanan, ağ ciyərinin biri parçalanmış Xalıq kişini ağlagəlməz bir təsadüf xilas etmişdi. Ora-bura səpələnmiş əsgər meyitlərinin arasıyla gəzən tibb bacısı hər ölmüş əsgərin yanında ayaq saxlayıb, əyilib qulağını sinəsinə qoyub bir-bir yoxlayırmış ki, bəlkə aralarında sağ qalanı var. Hər dəfə də – götürün, ölüb – deyirmiş.

Ölmüş əsgərləri ayrı-ayrılıqda basdırmağa nə vaxt, nə də imkan olmadığından, dərin quyu qazıb hamısını bir yerdə basdırırmışlar. Xalıqın sinəsinə qulaq dayayan tibb bacısı “umer”, – deyib, başını qaldırmaq istəyəndə, uzun saçları onun yaxasındakı düyməyə dolaşır. Dolaşmış tükləri açmaq üçün başını Xalıqın sinəsinə dayayan tibb bacısı əsgər ürəyinin ağır-ağır vurduğunu görür. Saçlarını açıb – “jiv, jiv, on jiv” deyə xərək çağırır. Və həmin gün Xalıqı hərbi təyyarə ilə hospitala aparırlar. Çox ağır yaralı olsa da, 9 aya sağalır Xalıq və müharibə əlili kimi doğma Azərbaycana, Vətənə dönür.

“Düymə” Xalıqın xilaskarı olur və o gündən radioda, televiziyada “Yaxan düymələ, düymələ” mahnısını hər dəfə dinləyəndə xəyalən o uzaq müharibə illərinə qayıdır Xalıq kişi...

Və indicə Xalıq kişiyə elə gəldi ki, minbərdən ucalan azanın o tibb bacısının saçlarıyla, o saçların ilişdiyi düyməylə sirli bir bağlılığı var...

Füzulinin dərdli, qərib baş daşına dikilmiş gözləri yaşarmışdı Xalıq kişinin. Doğrudan da, Füzuliyə qədər də, ondan sonra da neçə-neçə “Leyli-Məcnun”lar yazıldı. Ən canlısı, ən şahı isə “Füzulinin “Leyli-Məcnun”u oldu. Şair özü də boş yerə yazmamışdı ki:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

lll

Xalıq kişinin içindəki, ruhundakı qatı dumanlar çəkilməyə, buzlar əriməyə başlamışdı. İlahi, bundan öncə Məşhəd, indi də Kərbəla ziyarəti Xalıq kişini qaranlıq aləmdən işıqlı bir dünyaya çıxartmışdı. Xalıq kişi düşdüyü qaranlıq qəfəsdən azad olmuşdu, sarsıntılardan, çəkdiyi acılardan qurtulmuşdu. Füzuli necə də yerində deyib:

lll

Ruzi hicrindir, sevin, ey mürgü-ruhun kim, bu gün

Bu qəfəsdən mən səni, əlbəttə azad eylərəm.

lll

Masallıya çatanda saat 11-i ötmüşdü.

Rayondan keçib Yardımlı yoluna çıxdıq, bir az gedəndən sonra yol ayrıcına yetişdik. Üzü sağa, dağlara tərəf aparan yol Yardımlıya, sola, kəndlərin kənarıyla uzanan düz yol isə Lənkərana aparır. Qızılavara çatar-çatmaz bir quş göz qırpımındaca göydən sürətlə aşağıya şığıyıb özünü maşının qabaq hissəsinə çırpdı. Saxlayıb, düşdük. Quş ölmüşdü...

– Görünür, quş xəstə imiş, ona görə də intihar etdi, ya da ki ... – deyib, Vidadi Qocaoğlu gözlərini mənə zillədi.

– Ya da ki, deyəndə nəyi nəzərdə tutursan?

Hər ikimiz bu hadisədən sarsılmışdıq və quşun ölümü bir insan ölümü kimi ağır gəldi bizə. Vidadi də ha çalışsa da, quşun bu cür ölümünün yozumunu tapa bilmədi... Elə quş kimi çırpınan ürəyimi sakitləşdirmək üçün başımı göylərə qaldırıb:

– İlahi, özün şahidsən, varsa da keç günahımızdan, – deyib sükan arxasına keçdim.

Səhv etmirəmsə, 2003-cü il mart ayının ya 23-ü, ya da 24-ü idi. O da yadımdadı ki, mərhumun 7-si mərasiminə də gəlmişdik deyə (fevral ayının sonları), Qızılavara aparan yolu tanıyırdıq, amma kəndi ötüb sonradan geri qayıtdıq.

Yol kənarında çoxlu sayda maşın vardı, nömrə nişanlarının müxtəlif baş rəqəmləri onların Bakıdan, başqa-başqa rayonlardan gəldiyini xəbər verirdi. Bizi dostumuz, rəhmətlik Xalıq kişinin oğlu Sübahir qarşıladı. Onunla tanışlığım Vidadi Qocaoğlunun vasitəçiliyi ilə olub. Böyük, geniş həyətdə on beş addım bir-birindən aralı, ikimərtəbəli, müasir dəbdə tikilmiş yaşayış evləri var. Onlardan biri Sübahirindi, – ata yurdunda öz ailəsi üçün tikdirib, olduqca təqdirəlayiq haldı... hara gedirsənsə-get, harda yaşayırsansa-yaşa, ata yurdundan isti, doğma, rahat yer, ocaq tapa bilməzsən.

Qəbir üstünə yollandıq, Xalıq kişini, Tahiri ziyarət etdik. Məzar başında “Yasin” oxuyan cavan axundun ürəkyaxan səsi (bir növ Şeyx Adul Basitin səsinə oxşarı vardı) hələ də qulaqlarımdadı, ilahi  səslə oxuyurdu...

Yas mağarı həyətdəki böyük, uzun talvarın altındaydı. Mağarda bizi rəhmətlik Hacı Müzəffər (Xalıqın qardaşı, molla Cəbrayılın oğlu) qarşıladı. Hacı olduqca gözəl, nurlu bir insan, mükəmməl təhsilli, kamil bir din xadimi idi. Bir neçə il respublikamızda islamçılara rəhbərlik də etmişdi.

Mağarın baş tərəfində, camaat oturan yerdən xeyli hündürdə (hamı görsün deyə) dəyirmi masanı xatırladan taxt qurulmuşdu. Biri-birinə yaxın döşəkçələrin üstündə, yan-yana oturmuş axundlar, din adamları aydınca görünürdü. Növbə ilə Qurandan ayələr, hədislər, hikmətli sözlər söylənirdi, kimlərdən söhbət açmırdılar ki?.. İbrahim peyğəmbərdən (s.ə), Musa peyğəmdərdən (ə.s.), Həzrəti İsadan (s.ə.), Mövlana Rumidən, Nizami Gəncəvidən, Füzulidən, Sədi və Hafiz Şirazidən tutmuş müasir şair və yazıçılara, görkəmli din və elm xadimlərinə qədər hamıdan seçmələr, misallar çəkilirdi. Bu məclis yas mərasimindən daha çox sufi məclislərinə bənzəyirdi. İslam və xristian dinləri arasında nifaq toxumu səpənlərdən, onların məqsəd və məramlarından, dünyada baş verən mürəkkəb siyasi proseslərdən şərh edə-edə nizamlı şəkildə söhbət açan din adamları biri-birinə ağa deyə müraciət edir, söz verilməmiş – ağa, zəhmət olmasa, siz buyurun, deyilməmiş səbrlə, təmkinlə öz növbələrini gözləyir, bir-birilərinə hörmətlə qulaq asırdılar. İlk dəfəydi bu cür məclis görürdüm... Bu Tahirin yas mərasimiydi, Xalıq kişinin böyük oğlu Tahirin. Həkim idi, eyni zamanda çox istedadlı bir şair idi, dövri mətbuatda – “Azərbaycan”, “Ulduz”, “Literaturnaya uçeba” jurnallarında bir zamanlar tez-tez dərc olunardı. Çox heyif ki, sonralar şairliyi həkimliyə qurban verdi. Mətbuatda Tahir Qurban imzasıyla tanınırdı.

Bir isti yaratək açılır səhər,

Meşə ağrıların, gileylərindir.

Soyuq qəbirlərdən qalxıb ölülər

Uzaq obaların ocaqlarında

Donmuş əllərini isidir indi.

 

Yumsan gözlərini, titrəyər ürək,

Güllələr açılar hardasa min-min.

Yaralı igidlər nar ağacıtək,

Gözünün içində çiçəklər sənin ...

Bu şeir misraları Tahir Qurbanın (Xalıqoğlu) 70-ci illərdə yazdığı “Buhenvald... Salapsis” şeirindəndi.

Gözlərim yol çəkir gecə həmişə,

Qar yağır... göynədir neçə yaranı.

Oğlumun səsiylə oxuyur meşə,

Tənha ağacların mahnılarını.

Bu misralar da həmin illər Tahirin qələmindən çıxıb...

Dostlarından birinin söylədikləri: “Tahir son dərəcə səmimi, çox danışmağı, öz duyğularını hər dəqiqə açıb-ağartmağı xoşlamayan, ciddi, təvazökar, şəxsiyyətini qoruyan, oturub-duruşuyla elə ilk görüşdəcə ətrafındakıların diqqətini cəlb edən bir gənc idi. Haqsızlığa və ədalətsizliyə dözməzdi. Bütün şeirlər orijinal, poetik idi. Onu gələcəyin sevilən, ədəbiyyatımızda yer tutan bir istedad kimi görürdük. Təəssüf ki, az yazırdı, həkimlik  vaxtını alardı, həm də yazdıqlarını üzə çıxarmağı xoşlamırdı”.

Ay səma, sinəmdə bir ulduz batır,

Ay dəniz, qayalar axır qum kimi.

Ay torpaq, qoynunda bir igid yatır,

Yatır, bərəkətli bir toxum kimi...

 

... Payızı çiyninə alıb küləklər,

Ötür bulaqlar da hardasa dil-dil.

Qanlı şinelini soyunan əsgər,

Torpağı əyninə geyib elə bil...

Bu şeir parçası da Tahirin “Naməlum əsgər” şeirindəndi...

Hüzr yerindən çıxıb maşını üzü yol ayrıcına tərəf sürürəm, sola burulub Yardımlı yoluna çıxıram, bir neçə kilometr üzü aşağı gedəndən sonra çayın üzərindəki körpünü keçib, sağa-sola burula-burula dikdirdə- yolun kənarındakı yeməkxanaya çatıb saxlayıram. Nahar edib Bakıya dönməliyik. Yeməkxanadan aşağıda, dərədə Viləş çayının qabağını iri daşlarla kəsib süni də olsa balaca bir göl yaradıblar. Gözoxşayan bu gözəl, yaşıl vadi adamın ruhuna bir sərinlik gətirir.

–Elə bil ki, əkiz qardaşdı, Toğanadan Kəlbəcərə qalxan yolun oxşarıdı bura, eyni mənzərədi, elə bil bir almanı iki bölmüsən... – Vidadi dillənir.

Dərə aşağı sürətlə axan Viləş çayına baxa-baxa çay içirik. Gündüz də olsa, hardansa rəhmətlik Tahir Qurbanın illər öncəsi dərc olunmuş “Gecə” adlı şeiri düşür yadıma...

Göydə topa bulud yanar zər kimi,

Kimsə iş üstündə silər tərini.

Günəş də yuxulu körpələr kimi,

Endirər qızılı kirpiklərini.

 

Ulduzlar bağrına çökər Viləşin,

Gecə həzin-həzin sızar qanıma.

Anam gözlərindən alıb günəşi,

Bükər duz ətirli dəstərxanına.

               

Min ətir çiləyər gözlərə yuxu,

Quz kimi çırpınar burda baxışlar.

Gecə – analara yuxusuzluğu,

Gecə – körpələrə yuxu bağışlar.

– Söz sahibi körpə uşaq kimi olur, – Vidadiyə deyirəm, – körpəyə şeir yazan Tahir özü də bir körpə kimi əbədi yuxuya getdi, Haqq tərəfindən bağışlanan əbədi yuxuya... Və Tahirin kəfəni də elə Söz oldu...

Atası Xalıq kişiyə həsr elədiyi bir şeiri də var Tahirin:

Bir aylı gecədən çıxıb gəlmişəm,

Saçımda, gözümdə qalıb işığı.

Bir aylı küçədən keçib gəlmişəm.

İndi də gedirəm küçə aşağı,

Baş alıb gedirəm gecə aşağı.

 

Bu aylı gecədən de, mənə nə var?

Bir nağıl istədim, indi yox o da...

Aylı gecələrdə körpə balalar,

Ağ atlı oğlanlar görür yuxuda.

 

Kiminsə səsində donur gülüşü,

Dünya dağlarının güney yeri ağ...

Yanan ocaqların odu gümüşü,

Sönmüş ocaqların kösövləri ağ.

 

Ulduzlar döyünür pəncərələrdə,

Baxışın, baxışın üşüyür bir az...

Aylı gecələrdə, ağ gecələrdə

Dünya ağ yalana oxşayır bir az.

 

Elə bil bu gecə aydan düşmüşəm,

Ay ata, elə bil göydən düşmüşəm...

Sinəmdə döyünən aylı ürəklə,

Vuruşa-vuruşa heydən düşmüşəm.

 

Ot olub qayada bitə bilmirəm,

Apara bilmirəm dünyanı burdan.

Burda da saxlayıb gedə bilmirəm,

Günəşin işığı düşür barıdan.

 

Bir aylı gecədə bir ağ bulud var,

Yağışı sevincə, dərdə yağası.

Dəyməmiş alça tək turş bir umud var,

Bir də bir hamilə gəlin yuxusu...

 

Dünya mürgüləyə bilir bir təhər,

Dünyanı yolundan saxlamaq olmur...

... Köhnə qəzetlərə oxşayır səhər,

Köhnə qəzetləri oxumaq olmur.

 

Ovcuma sığınıb, qızınır dəniz,

Zülmətlə işığın qarışığında...

Dayanıb durmuşuq gün-günorta biz

Dünya – gün işığında

Ürəyim – ay işığında.

 

 





01.04.2013    çap et  çap et