525.Az

Dağlıq Qarabağ problemi “Tokio” qəzetində


 

Dağlıq Qarabağ problemi “Tokio” qəzetində<b style="color:red"></b>

Bu gün Yaponiyanın böyük oxucu auditoriyasına malik olan “Tokio” qəzetində Azərbaycanla bağlı yazı dərc olunub.

Həmyerlimiz, Yaponiyanın dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorant tələbəsi, konfliktologiya elmi üzrə araşdırmaçı Əlibəy Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Rusiya-Yaponiya, Cənubi Kuril münaqişələri ilə bağlı nəşrə müsahibə verib.

Müsahibədə əsas diqqət Dağlıq Qarabağ münaqişəsi zəminində aprel ayında baş vermiş dördgünlük müharibə, azərbaycanlı ziyalıların, məcburi köçkünlərin problemlə bağlı düşüncələri, eyni zamanda Kuril adalarından qovulmuş yaponiyalı keçmiş ada sakinləri ilə bağlı həmyerlimizin araşdırmalarının nəticələri üzərində cəmləşib.

Yaponiyanın Hokkaydo Universitetində Dağlıq Qarabağ problemi ilə Kuril adalarının müqayisəli elmi təhlilini aparan Əlibəy Məmmədov hər iki problemin həllində Rusiyanın aparıcı rol oynaya biləcəyinə əminliyini ifadə edib: “Cənubi Kuril adaları məsələsində Rusiya birbaşa tərəfdir. Dağlıq Qarabağ münaqişəsində isə Rusiya rəsmi tərəf olmasa belə, Ermənistan tərəfini açıq və fəal şəkildə dəstəkləyən dövlətdir.”

Müsahibədə qeyd olunub ki, Əlibəy Məmmədov özü uşaqlıqda təxminən 7 ilə yaxın məcburi köçkün düşərgəsində yaşayıb, köçkünlərin ağrı-acılarını görüb, hiss edərək böyüyüb: “Ə.Məmmədov Cənubi Kuril adaları problemi və oranın yaponiyalı ada sakinləri haqqında biliklər əldə etdikdən sonra yaponların da azərbaycanlılar kimi öz yurd-yuvalarından qovulduqlarının fərqinə varıb. Bu onda dərin təəssürat yaradıb”.

Həmyerlimiz müsahibəsində Cənubi Kuril adaları və Dağlıq Qarabağ münaqişəsinin oxşar və fərqli cəhətlərindən söhbət açaraq onu da vurğulayıb ki, Yaponiya və Azərbaycan əraziləri işğal olunmuş tərəflərdir, Rusiya və Ermənistan isə əksinə bu əraziləri güc yolu ilə ələ keçirmiş dövlətlərdir: “Hər iki münaqişədə Rusiya faktoru önəmli rol oynayır. Əsas fərq isə müharibənin miqyası və nəticələri olub. Azərbaycanda 2015-ci ilin rəsmi rəqəmlərinə görə 620 mindən çox məcburi köçkün var. Bundan əlavə Ermənistandan güc yolu ilə qovulmuş, deportasiya edilmiş azərbaycanlıları da nəzərə aldıqda bu rəqəm 1 milyonu ötür”.

Müsahibədə o da qeyd olunub ki, həmyerlimiz 2015-ci ilin sentyabr ayında Azərbaycanda məcburi köçkünlər və ziyalılar arasında araşdırmalar aparıb, elmi sorğular keçirib: “O, Azərbaycanın ziyalıları arasında müharibə tərəfdarlarının az olmadığı qənaətinə gəlib”.

Həmyerlimizin yaponiyalı keçmiş ada sakinləri ilə apardığı sorğunun nəticələrinə görə isə yaponların 78 faizi ruslarla birgə yaşamağa normal yanaşırlar: “Azərbaycanlı məcburi köçkünlərdə isə bu rəqəm aşağı olub.

Aradan keçən zaman fərqi insanların düşüncə tərzinə təsir göstərir”.

Əlibəy Məmmədov müsahibəsində xüsusilə vurğulayıb ki, müharibələrdən birbaşa əziyyət çəkən, onun şahidi olmuş insanların düşüncələrindən məsələyə yanaşmaqla ən ağıllı həll yolu tapmaq olar: “Bu insanlar birbaşa müharibəni təcrübədən keçirtmiş, onun dəhşətlərini bilən, bu məsələ ilə ilgili ən yaxından maraqlanan, qarşı tərəfi daha yaxşı tanıyanlardır. Çalışmaq lazımdır ki, müharibəni təcrübədən keçirtmiş insanların yaşadığı dövrdə məsələ həllini tapsın. İkinci nəsildə nifrət hissi daha güclü olduğundan konstruktiv həll yolunun tapılacağına şübhə ilə yanaşılır”.

Qəzetdə Azərbaycanın xəritəsi ilə yanaşı Ermənistan tərəfindən işğal olunan ərazilər də göstərilib.

Müsahibədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatına sürükləndiyi qeyd edilib.

Müsahibə ilə bağlı Əlibəy Məmmədov “525”ə bildirib ki, Tokioda belə bir qəzetdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağla bağlı geniş materialın yer alması bütün dünya azərbaycanlılarının uğuru kimi qiymətləndirilməlidir.

Ə.Məmmədov bildirib ki, bundan sonra da ən ali səviyyələrdə Azərbaycanın haqq səsinin elmi yolla yaponiyalıların diqqətinə çatdırmağa davam edəcək.

Qeyd edək ki, “Tokio” qəzeti gündəlik təxminən 700 min tirajla (Səhər buraxılışı 510,994, axşam buraxılışı 192,095 tiraj) çap olunur.

Xatırladaq ki, noyabrın 17-də isə Yaponiyanın nüfuzlu “Hokkaydo” qəzetində
hər iki münaqişə ilə bağlı həmyerlimizin məqaləsi dərc edilmiş və geniş oxucu kütləsinin marağına səbəb olmuşdu.

Ceyhun ABASOV

 





16.12.2016    çap et  çap et