525.Az

"Nəyə görə yaşamağa dəyər" - Mehriban Zəki-50


 

"Nəyə görə yaşamağa dəyər" - <b style="color:red">Mehriban Zəki-50</b>

Əməkdar artist, aktrisa Mehriban Zəki 50 yaşına sualla qədəm qoyur. Hamıya ünvanlanan sualla: “Nəyə görə yaşamağa dəyər”. Elə beləcə... Sual işarəsiz, nidasız filansız...

Beynəlxalq Muğam Mərkəzinin alaqaranlıq zalında oturub tədbirin başlamasını gözləyirəm. Səhnədəki böyük ekranda yazılmış suala baxıb düşünürəm: Doğrudan ha, axı nəyə görə yaşamağa dəyər... Yəqin indi dünyanın ən istedadlı filosofları, sosioloqları, psixoloqları, İNSANoloqları bir yerə yığışıb bu suala müfəssəl cavab verə bilərlər. Hətta elə cavab verərlər ki, dəqiqliyə mat qalarsan. Amma bu, mənim cavabım olmayacaq. Heç sənin, onun, o birisinin də cavabı olmayacaq! Çünki bu suala hər kəsin öz cavabı var. Hər kəsin yaşamaq üçün öz səbəbi olduğu kimi... Məncə, Mehriban Zəkinin də niyyəti öz cavabını vermək, öz səbəbləri ilə bölüşməkdi! 50 illik ömrünə, 25 ildən artıq yaradıcılığına ötəri nəzər salmaqla! Həm yaşadıqlarını, həm də yaratdıqlarını həmkarlarına, tamaşaçılarına qoşulub varaqlamaqla...

Və birdən Sevda Ələkbərzadə “Uzun, incə bir yoldayım” - deyir. Əslində məşq edir, mikrafonu yoxlayır. Amma nədənsə mən bunu 50 yaşına çatmış qadının, sənətkarın, Mehriban xanımın kövrək etirafı kimi qəbul edirəm... Axı doğrudan da yol uzundu... Amma incədimi, bilmirəm! Ona görə bütün diqqətimi ekrana yönəldib aktrisanın sənətdə hələ ilk addımlarını, rollarını, filmlərini əks etdirən kadrlara baxıram... Düşüncələri də, həyata aid arzuları da, gələcəyə ümidləri də saçları kimi qarışıq olan, gözlərindən işıq, sözündən enerji axan gənc bir xanım gəlir ekrana... Üzünün, gözlərinin ən müxtəlif ifadələri fərqli rollardan fraqmentlər əsasında göstərilir. İstedadlı rejissor, böyük müəllim Vaqif  İbrahimoğlunun xeyir-duası ilə başlanıbmış hər şey. Əlləri, səsi titrəyə-titrəyə bunları deyir Mehriban Zəki: “95-ci ildə “Manas”ın yubileyində çıxış etmək üçün bir nömrə hazırlamışdıq. Səfərə gedəndə Vaqif müəllim kiçik bir məktub verdi mənə. Üzərində “çıxış günü oxu” - yazılmışdı. Çıxış günü açıb oxudum. Və o gündən hər dəfə çıxışlarımdan qabaq bu məktubu oxuyuram”.

Və oxuyur! “Sən bunu bacaracaqsan. Çünki Tanrı bizi sevir...” Sonrasını eşidə bilmirəm. Səsi əsir, kövrəlir, ağlamaq tutur Mehriban xanımı... “Kitabi-Dədə Qorqud”du, Ramiz Rövşəni, Vaqif Səmədoğlunu oxumağa səsi çatan, gur səsiylə tamaşaçısını silkələyən aktrisanın bu iki cümləlik məktubu oxumağa səsi çatmır... Axı doğrudan da bu anın, bu məktubun fəlsəfəsini, dərinliyini hansı səs çatdıra bilər ki? Məncə bax buna görə yaşamağa dəyər. Birinci səbəb budu. Böyüklərimizin, dəyər bildiklərimizin inamı... Ən qəliz halında, ən çətin durumunda bircə dəfə “Yaxşı olacaq” deyilməsi, həyatınla çarpışdığın anda “Yaşayacaqsan!”, mübarizənin ortasında “Bacaracaqsan!”, hər şeydən əlin üzüləndə “Yanındayam!” nidası insanı həyata bağlayır! Həm də bunu sıradan biri yox, müəllim bildiyin, böyük bildiyin, BÜT bildiyin adam deyirsə... Ona görə Mehriban Zəkinin də bax bu kiçicik məktubdan belə təsirlənməsi o qədər təbiidir ki... “Kitabi- Dədə Qorqud”dan parça da bu ovqatının davamı kimi səslənir. Saz çalıb oxuyur:

Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni Tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Yad oğlunu saxlamaqla oğul olmaz, -
böyüyəndə atar-gedər, gördüm deməz...  

Yaşı min illəri keçmiş bu deyimləri nə həyəncansız oxumaq, nə də sakit dinləmək olur. Bax bunları dərk edən, elə beləcə, bu dildə deyən, min illərdi ağızdan ağıza ötürüb günümüzə çatdıran xalq niyə yaşamasın ki? Və ən əsası minillərin o tayından gələn sözləri müasir, dinamik, robotlaşan zamanda belə çatdıran aktrisa, Mehriban Zəki varsa, bu da əlavə bonusdu, qazancdı. Və mənə görə Mehriban xanımın əsas üstünlüyü hər ovqatı, xarakteri, hər tipi oynaya, yarada bilməsidi. Şıltaq bir yeniyetmə də ola bilir, yetkin qadın da... “Otel otağı”nda isə övladını itirmiş qaçqın anadı. Bir axşam Kərim Əsgəroğlunun qapısını döyüb - “Mənəm də Lətifə, tanımadın?” - deyə soruşan dərdli qadın... Anarın “Otel otağı” povesti əsasında rejissor Rasim Ocaqovun çəkdiyi eyniadlı filmin fraqmentində tamam fərqli bir Mehriban Zəki görünür... Bu ifada aktrisa təkcə torpağını yox, övladını da, xoşbəxtliyini də, hətta səsini də, gözəlliyini də İTİRMİŞ qadını yaradır. “Otel otağı” povestində Anar Lətifə haqqında - “İztiraba heykəl qoyulsa, bu qadının heykəlini yapmaq lazımdır”. - deyir. Yəqin “İztirab heykəli”ni bundan yaxşı (yəni Mehriban xanımın yapdığından yaxşı) yapmaq olmazdı...

Və bu anda Anardan Çexova, Lətifədən Yelena Andreyevnaya, Kərim Əsgəroğludan Voynitskiyə keçid...  Mehriban xanım Xalq artisti Fəxrəddin Manafovla Anton Çexovun “Vanya dayı” pyesindən bir parçanı oynayır... Voynitski ərli gənc qadın Yelena Andreyevnaya aşiqdir. Və bu ümidsiz hisslərinin əlində aciz insan həm də gileylidi. Taleyindən, zamandan, dünyadan gileyli. Fəxrəddin Manafov (Voynitski) üzünü Yelenaya (Mehriban Zəkiyə) tutub deyir: “Ən əvvəl siz məni özümlə barışdırın... Mənim əzizim... “  Yəqin bütün böyük adamların ara-sıra belə dərdi olur... Özündən küsür! Özündən gileylənir... Və onu özüylə barışdıracaq ADAM axtarır... Mehriban Zəkinin də həyatında bu cür adamlardan biri və bəlkə kim bilir, birincisi Fəxrəddin Manafovdu. O, “Mehriban Zəki şəxsiyyətdir” - deyir. Bunu hökm kimi deyir, müzakirəyə çıxarmır, sadəcə öz fikrini demir... Deyir ki, belədi, vəssalam! Axı doğrudan da belədi... Bu qədər sözü, sənəti ruhundan, içindən, ürəyindən keçirən insan ayrı necə ola bilər?!

Bu qarışıq düşüncələrin içərisində qədim türk aləti xomusun səsi adamı harasa çöllərə aparır... Çölün, ucu-bucağı görünməyən sonsuz çölün səsidi bu! Mehriban xanım xomusda ifasıyla o çöllərə dəvət edir hamını... Uzun, incə bir yolla getməyə! Sevda Ələkbərzadə ilə duet oxuyur... Aşıq Veysəlin “Yetişmək üçün mənzilə, gediyorum gündüz-gecə” reseptini bölüşür! Yəqin ayrı cür getməyin mənası da yoxdu heç... Məhz gündüz-gecə getməlisən! Yoruldum demədən, arxaya baxmadan... Çünki Ramiz Rövşən demiş - “Baxma, dönüb dala baxma... Baxsan daşa dönərsən!”

Xalq artisti Şükufə Yusupovanın - müdrik, dünyagörmüş bir qadının Mehriban Zəkiyə - yeniyetməyə öyüdü kimi səslənir bu şeir. Bu duetin təsirindən ayılmağa imkan verməyən Mehriban xanım birdən etiraf edir ki, Buninin yaradıcılığını heç vaxt sevməyib. Daha doğrusu bunu Fransada yaşayan azərbaycanlı yazıçı Banin etiraf edir. Və Bunin - Fuad Poladov səhnəyə çıxıb soruşur: Niyə? Bunin-Banin, Mehriban Zəki - Fuad Poladov dialoqu o qədər idealdı ki... Sadəcə nəfəs çəkmədən, sonsuzacan baxmaq, dinləmək istəyir adam. Bir az soyuq, bir az biganə Banin öz doğma dilində, Azərbaycan dilində “Faytonçuyam, atım qara...” - deyib oxuyur, Bunin dərin düşüncələrə dalıb... Elə biz də onun kimi... Aman Allah bu “duyulmaq” dərdinin neçə yaşı var görən? Faytonçu da “Duy” deyir... Duyulmadığı üçün “atım qara, bəxtim qara” - deyir. Fuad Poladov kiçik bir pauzası ilə bu dərdi, ağrını o qədər dəqiq, gözəl çatdırır ki... Düşünürəm indi bu ovqatdan sadəcə istedadlı həmkarını təbrik intonasiyasına necə keçəcək görən! Heç intonasiyanı dəyişməyə ehtiyac da olmur. Elə Buninin heyranlığı ilə danışır Fuad Poladov: “Yaxşı tərəf müqabili aktyor üçün uduşdur. Tərəf müqabili var ki, sənə tamaşanı çox sevdirə bilər və ya əksinə. Səni roldan bezdirər, yorar. Mehriban Zəki məni heç vaxt rolumu istədiyim kimi oynamağa qoymayıb. Mən,  bu xanımla səhnəyə çıxanda həmişə qarışıq hisslər yaşamışam. Həm əsəbləşmişəm, həm sevinmişəm, qəzəblənmişəm, həm də zövq almışam. Mehriban xanım, gözlənilməzliklərlə dolu aktrisadır. Onunla səhnədə olanda gərək bıçağın tiyəsinin üzərində yeriyən kimi gəzəsən. Çünki birdən sözaltı məna, gözlənilməz baxış, qeyri-adi intonasiya eşidə bilərsən və  bıçaq səni kəsən kimi yaralanarsan”. Və birdən Fuad Poladov tamamilə gözlənilməz və qeyri-adi bir təbrik gətirir dilinə. Deyir -  “Mehriban xanım, sizinlə o bıçağın üzərində yeriyib, kəsilməyə razıyam”. Mehriban Zəkinin xoş sözlərdən, tərifdən utanmağı, təvazökar siması bu anlarda o qədər qeyri-adidir ki... Həm də bu zəmanədə qeyri-adi. Bilmirəm, bəlkə bu yaşın, bəlkə mənəvi zənginliyin, bəlkə dünyanı dərk etməyin göstəricisidi... Bəlkə çox şey bacarıb, iddiasını idarə etməyin! Ya da həyatın faniliyini anlamağın!

Mehriban Zəki Kamal Abdullanın “Soldu nar çiçəkləri” şeirini oxuyur. Əvvəlində ağrı, ümidsizlik olan şeiri elə ağrıyla başlayır, sonra isə deyir ki:

Bütün yaralarımız yenidən bitişəcək.
Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə,
Soldu nar çiçəkləri - indi nar yetişəcək.

Hə, əgər sonra “nar yetişəcəksə” qoy solsun nar çiçəkləri... Mehriban xanımın seçdiyi şeirlər, ifa etdiyi parçalar hər biri onun özünün dünyaya baxışını, düşüncəsini əks etdirir. Doğrusu tədbirin əvvəlində aktrisanın xanım-xatın, yaraşıqlı, şıq görkəmi məndə şübhə yaratmışdı. Yəni doğrudanmı onun əlli yaşı var? Axı daha gənc görünür!  Tədbirin sonuna doğru isə bu şübhələrim daha da artdı... Yəni doğrudanmı onun əlli yaşı var? Bütün bunları anlamaq, dərk etmək, içindən keçirməyə 50 il bəs edərmi? Bəlkə yaşı çoxdu, hə?

Sol əlimlə sağ əlimin
Arasında donub vaxt...
Hansı əlim qürbətdədir,
Hansı ölü, hansı sağ...

Vaqif Səmədoğlunun bu şeirini sadəcə oxumur, sızlayaraq, hayqıraraq deyir... Düşünürəm axı sol əllə sağ əlin arasında elə insan özüdü... Belə çıxır ki, əslində sufizmdən gələn “MƏNƏM” yanaşması, fəlsəfəsidi bu... Sol əllə sağ əl arasındakı - Duman da, Dağ da, Çay da, Qar da, Yağış da insandı... Bu halda Mehriban Zəkidi! Və əslində bunların hamısının ÖZÜ olduğunu bilsə də, əslində heç nə bilmir... Yəni hansı əl nədi, hardadı, bunu bilmir! 

Bütün bu dərindən dərin düşüncələrdən, fəlsəfələrdən danışa-danışa, “Nəyə görə yaşamağa dəyər” sualına cavab axtara-axtara tədbirin sonuna yetişirik. Səbəbkar əməyi keçən insanlara bir-bir təşəkkür edir... Başda Günel Anarqızı olmaqla. Çünki gecənin əsas təşkilatçısı, ssenaristi, düzən verəni odur. Bu məqamda xüsusi vurğulamaq istərdim ki, Günel Anarqızının belə tədbirlərin quruluşunda özünün dəsti-xətti var və elə bu yubiley gecəsində də həmin üslub, səviyyə, peşəkarlıq hər an duyulurdu...

Mehriban xanım qoyduğu suala həm də böyük türk şairi Nazım Hikmətin dilindən cavab verir. Konservatoriyanın tələbələriylə birgə “Yaşamaq şakaya gəlməz” - deyir...

insanlar için ölebileceksin,
hem de yüzünü bile görmediğin
insanlar için,
hem de hiç kimse seni buna
zorlamamışken,
hem de en güzel en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde.

Tədbir bitir... Güllər-çiçəklər 50 yaşlı aktrisaya “hücum” çəkir... Bir az aralıdan baxıram. Düşünürəm görəsən ömrünü, gəncliyini, illərini sənətə həsr etmək “üzünü belə görmədiyin insanlar üçün ölmək”, daha doğrusu, YAŞAMAQ deyilmi? Və elə buna görə yaşamağa dəyməzmi? DƏYƏR! 50 il də, 100 il də!

 





23.12.2016    çap et  çap et