525.Az

Yaponiyada Azərbaycanı ən çox sevən şəhər


 

ƏLİBƏY MƏMMƏDOV: "AZƏRBAYCANLILARIN ƏKSƏRİYYƏTİ TOYOTİMA ŞƏHƏRİNİ TANIMASALAR DA, BURANIN İNSANLARI AZƏRBAYCANA VƏ ONUN TARİXİNƏ YAXŞI BƏLƏDDİRLƏR"

Yaponiyada Azərbaycanı ən çox sevən şəhər<b style="color:red"></b>

Yaponiya yüksək inkişaf yolu keçmiş ölkə olaraq hər zaman azərbaycanlıların diqqət mərkəzində olub.

Azərbaycanda yapon işgüzarlığına, elminin inkişafına, əzmkarlığına, mədəniyyətinə, qədim tarixinə olan hörmət yüksək səviyyədədir.

Yaponiya hökuməti Azərbaycanda bir çox vacib layihələr həyata keçirib, ucqar regionlarımızda məktəblər tikdirib və xalqımızın rəğbətini qazanıb.

Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri ilə İsmayıllı rayonu arasında qardaşlaşma layihəsi də uğurla həyata keçirilib. Ötən il isə Naxçıvan şəhəri ilə Miyakojima arasında münasibətlər özünün inkişaf dövrünə qədəm qoyub. Hazırda onlarla həmyerlimiz bu ölkədə yaşayır, işləyir və təhsil alırlar.

Yaponiyada Azərbaycan diasporu da gözəçarpacaq dərəcədə uğurla fəaliyyət göstərir. Hokkaydo Universitetinin doktorantı, hökumət təqaüdçüsü, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov Yaponiyanın yerli media orqanları, iş adamları və elm adamları ilə sıx əlaqədə olmaqla, Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına böyük töhfələr verməyə davam edir. O, bugünədək ölkəmiz üçün çox əhəmiyyətli mövzulardan olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerli televiziya kanallarına, bir neçə milyon tirajlıq  qəzetlərə müsahibələr verməklə Azərbaycanın haqlı səsini Yaponiya ictimaiyyətinə çatdırmağa çalışıb.

Əlibəy Məmmədov "525"ə açıqlamasında bildirib ki, onun fəaliyyəti ərzində ən çox çalışdığı məsələ Yaponiya ilə Azərbaycanın regionları arasında münasibətlərin yaradılması və inkişaf etdirilməsidir. Bu məqsədlə araşdırmalar aparan həmyerlimiz Yaponiyada Azərbaycanı ən çox tanıyan və hörmət edən şəhəri kəşf edib. Onun sözlərinə görə, azərbaycanlıların əksəriyyəti bu şəhəri tanımasalar da, buranın insanları Azərbaycana və onun tarixinə yaxşı bələddirlər.

Bu maraqlı məsələni dərindən araşdırmaq məqsədilə Ə.Məmmədov Yaponiyanın Hokkaydo prefekturasının mərkəzi Sapporo şəhəri icra hakimiyyətinin nümayəndəsi Yoşida Hiroşi ilə birlikdə cari ilin yanvar ayının 7-dən 9-dək bu sirli şəhərə 3 günlük səfər edib. Sözügedən şəhərin adı Toyotomidir.

Ə.Məmmədov qeyd edib ki, Toyotomi çox maraqlı və olduqca sirli bir şəhərdir: "Hətta yaponiyalıların əksəriyyəti belə buranı tanımırlar. Sözügedən şəhərə yaponların köçü təxminən 148 il öncədən, Meiji erasından başlayıb. Burada 1926-cı ildə təbii qaz axtarışları zamanı qazıntılar həyata keçirilib. Nəticədə tərkibində neft elementlərinin olduğu isti bulaqlar (onsen) fontan vurmağa başlayıb. Elə həmin ildən regionda bir neçə otellər tikilib fəaliyyət göstərməyə başlayıb".

Həmyerlimizin sözlərinə görə, bu region özünün neft bulaqları (vannaları) ilə məşhurdur: "Yerli insanların dediyinə görə, dünyada sadəcə iki dövlətdə neft vannaları var: Biri Azərbaycanın Naftalan şəhərində, digəri Yaponiyanın Toyotomi şəhərində. Məhz bu səbəbdən regionda Azərbaycan adı çox məşhurdur. Yerli icra orqanlarının nümayəndələri, ziyalılar hər zaman etdikləri çıxışlar zamanı hökmən Azərbaycandan misal gətirirlər. Hətta Naftalana səfər edən yaponiyalıların sayı da az olmayıb. Səfər zamanı Toyotomi şəhərinin Toyotomi Onsen qəsəbəsində yerləşən və 90 illik qədim tarixə malik Kavaşima Ryokanın rəhbəri Haşimoto Yasuhiro, Haşimoto Miho, Toyotomi Şəhər Turizm Assosiasiyasının məsul şəxsi Naohisa Kuriyama, Toyotomi Onsen Fureai mərkəzinin məsul şəxsi Şigeru Ozaki və digərləri ilə məsləhətləşmələr aparılıb.  Toyotomi şəhərinin ali nümayəndələri səviyyəsində Azərbaycanla yüksək səviyyəli əməkdaşlığa böyük marağın olduğu qeyd edilib. Bildirilib ki, ilk olaraq Naftalanla Toyotomi arasında qardaşlaşma layihəsini həyata keçirmək böyük addım olardı. Eyni zamanda Yaponiyadan Azərbaycana səfər etməklə, bu sahədə daha qədim tarixə və dərin biliklərə malik azərbaycanlı mütəxəssislərlə fikir mübadilələri aparmağa ehtiyac var. Sapporo şəhər icra hakimiyyətinin nümayəndəsi Yoşida Hiroşi Sapporo şəhəri səviyyəsində lazım olacaq istənilən köməkliyi göstərməyə maraqlı olduqlarını vurğulayıb, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində bundan sonra da fəaliyyət göstərəcəklərini qeyd edib".

Ə.Məmmədov deyib ki, belə bir sirli məkanın Azərbaycanda tanıdılması və qarşılıqlı səfərlərin planlaşdırılması və təşkil edilməsi, nəticə etibarilə hər iki ölkənin regionları arasında inkişaf etməkdə olan müsbət əlaqələri daha da intensivləşdirəcək.

Diaspora rəhbəri sonda onu da əlavə edib ki, yaxın zamanlarda Toyotomi şəhərində Azərbaycanla bağlı elmi çıxışların və sərgilərin həyata keçirilməsi planlaşdırılır.

Ceyhun ABASOV

 





13.01.2017    çap et  çap et