525.Az

Dili su qədər lətafətli hekayə - “Su dəyirmanı”


 

Dili su qədər lətafətli hekayə - <b style="color:red">“Su dəyirmanı”</b>

Azərbaycan nəsr və dramaturgiyasında lirik-psixoloji üslubun yaradıcısı olan İlyas Əfəndiyev nəsrimizin inkişafında da böyük xidmətlər göstərib.

Görkəmli yazıçının lirik ruhlu nəsr əsərləri məhz lirik üslubda, poetik dillə qələmə alınmışdır ki, bu da ədəbiyyatımızda xüsusi bir hadisə idi. Onun əsərlərinin dili şirin, lirik, ifadəli, cazibədar bir dildir.

Ədibin məşhur hekayələrindən biri olan “Su dəyirmanı” hekayəsində bütün bu cəhətlər parlaq şəkildə öz əksini tapıb. Hekayəni mütaliə etdikcə adamın yadına dahi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misrası düşür. Belə ki, bu hekayənin də dili su kimi axıcı, lətif və saf bir dildir.

Məlumdur ki, “Su dəyirmanı” maraqlı, bir az da qəribə məzmuna malik məhəbbət hekayəsidir. Hekayənin qəhrəmanı Eyvaz dəyirmançı Musa kişinin qızı Bəyimi sevir. Bəyimin isə ona münasibəti müəyyən deyil. Eyvazla Bəyim axşamüstü görüşürlər. Bəyim Eyvazın sevgi etrafına cavab olaraq: “Kənddə iki yaxşı oğlan varsa, biri sənsən... Ancaq qoy mən bir az fikirləşim” - deyir.

Sonra hadisələr gözlənilmədən dəyişir. Eyvazgilə Humay adlı bir gənc qonaq gəlir. Məlum olur ki, Humay Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib və MTS-ə mühəndis-mexanizator təyin edilib. O, Eyvazın əmisi oğlu Hüseynin dostudur. Hüseyn məktubla xahiş edir ki, Humaya yaxşı hörmət eləsinlər. Humay Eyvazgildə qalır və həvəslə işə başlayır. Hekayədə onun fəaliyyəti ilə məhəbbəti müvazi verilir. Belə ki, o, kəndin su dəyirmanını elektriklə işlətmək təşəbbüsünü irəli sürür və onun əməlini işdə həyata keçirir. Bu isə dəyirmançı Musa kişi ilə onun arasında ciddi ixtilaf yaradır. Dədə-baba dəyirmanının uçulub-dağılması köhnə fikirli insan olan Musa kişini qəzəbləndirir. O, Humaya düşmən münasibət bəsləyir. Bu zaman həmin gərgin ictimai hadisə ilə yanaşı, gərgin maraqlı bir məhəbbət hadisəsi də baş verir. Belə ki, Musa kişinin dəyirmanını uçurub dağıdan mühəndis Humay məhz Musa kişinin qızı Bəyimi sevir və Bəyim də onu sevir.

Bu maraqlı, təsirli hekayə məhz təsirli, şairanə bir dillə verilir ki, oxucu uzun müddət onun cazibəsindən çıxa bilmir, əsl bədii zövq verir.

Hekayənin dilinin bu qədər gözəl olmasının səbəbi nədir? Şübhəsiz ki, bədii vasitələrdən, xüsusən bədii təsvir və ifadə vasitələrindən böyük sənətkarlıqla istifadə edilməsində.

Hekayədə eyni səs və sözlərin təsirləri sanki bir sistem təşkil edir. Məsələn: “Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idi. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşqunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük”.

Bu kiçik parça mənsur şeir təsiri bağışlayır. Bunun səbəbi “mən”, “biz”, “bahar” sözlərinin təkrarı, “da” bağlayıcısının təkrarı, həmçinin “m”, “a”, “ı”, “z”, “c” və digər səslərin ritmik təkrarı (yəni assonans və allitrasiyalar) ilə bağlıdır. Həmin bədii parça bütünlüklə metaforalar üzərində qurulub.

Əlbəttə, misal gətirdiyimiz hissə hekayədən xüsusi olaraq seçilməyib. Əsərin istənilən cümlələri bu cür bədii gözəlliyə malikdir. Adama elə gəlir ki, İlyas Əfəndiyev hər cümlənin, hər sözün deyil, hətta hər səsin də üzərində işləyir, onun ahəngdar, melodik olmasına xüsusi diqqət yetirir. Məsələn, yuxarıda misal gətirdiyimiz hissədən sonra belə bir cümlə gəlir: “Biz bu barədə belə düşünmürdük, lakin bu, belə idi”. Bu cümlədəki “b” səslərinin ritmik təkrarını bir yana qoyub orada işlədilən “lakin” bağlayıcısının üzərində dayanmaq istərdim. Müəllif “lakin” bağlayıcısının əvəzinə “ancaq” və “amma” bağlayıcısını da işlədə bilərdi. Lakin... “lakin” sözündə “l” səsi xüsusi melodik ahəngə malik olduğuna görə o, məhz bu məqamda həmin sözü seçib.

Maraqlıdır ki, yazıçı bəzi məqamlarda isə təsvir mühirinə uyğun olaraq “lakin” deyil, “ancaq” bağlayıcısından istifadə edib.

Haqqında bəhs elədiyimiz hekayə müəllifin sevə-sevə işlətdiyi epitetlərlə, metaforik ifadələrlə, bədii suallarla da çox zəngindir.

Əsəri oxucuya sevdirən başlıca xüsusiyyətlərdən biri də təbiət təsvirləridir.Təbiət təsviri (peyzaj) İlyas Əfəndiyev tərəfindən o qədər gözəl verilir ki, sanki müəllif təbiəti təsvir etmir, onu tərənnüm edir. Həm də bu tərənnümlər əsərdə iştirak edən obrazların daxili aləmi, psixoloji ovqatı ilə məharətlə bağlanır. Məsələn: “Mən təzətər söyüd yarpaqlarının pıçıltısında sanki qızın qəlbinin döyüntüsünü eşidirəm. Mən onun gəncliyi ilə üçgünlük ayın işıqlandırdığı bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi ki, onun aramla aldığı nəfəs bu bahar gecəsinin canı, ruhudur”.

Yaxud: “Lap qulağımın dibindən kiçik qanadlarını ilıq və ətirli bahar havasına çırparaq bir quş da uçub getdi”.

Bu bədii mənzərə, şübhəsiz, yazıçının müşahidə qabiliyyətinin nə qədər yüksək olduğunu göstərir. Bu cür bədii detallar hekayəni inci kimi bəzəyir, qiymətləndirir.

“Su dəyirmanı” hekayəsinin qəhrəmanı Eyvaz da təbiətin özü kimi gözəl oğlandır. Onun gözəlliyi daha çox mənəviyyatı ilə bağlıdır. Qonağı olan Humay eyvazın sevgilisini, demək olar ki, əlindən alır. Lakin özündə mənəvi güc tapan Eyvaz qonağı Humayla Bəyimin arasında qəflətən yaranan məhəbbətinə hörmətlə yanaşır. “Ürəyə zor etmək olmaz” qənaətinə gələn Eyvaz öz-özünə deyir: “Ancaq zərbə nə qədər güclü olur-olsun, onu mərdliklə qarşılamaq lazımdır”.

Hekayənin məzmununda bir nağıl xeyirxahlığı var. Eyvaz canı qədər sevdiyi Bəyimin Humayla məhəbbətinə nəinki mane olmağa cəhd eləyir. Hətta bir-birlərinə qovuşmaq üçün onlara kömək edir. Belə ki, öz anasını Humay üçün Bəyimgilə elçiliyə göndərir! Sonra isə onun Humaya qoşulub ZAQS-a getməsinə vasitəçilik eləyir.        

Əlbəttə bu onun üçün daxili iztirablar və əzablar hesabına başa gəlir. Məhz həssas qəlbə, gözəl əxlaqa, qürur və ləyaqətə sahib olan Eyvaz oxucu tərəfindən sevilir və onun məhəbbət hekayəsi oxucuya güclü təsir göstərir, onu kövrəldir. Lakin müəllif Eyvaz üçün də necə deyərlər işıq ucu qoyur. Dəmirçi Muradxanın qızı gözəl əsmərin Eyvaz haqqında “yaman çox danışması” Əsmərin Eyvazı sevməsinə bir işarədir.

Eyvaz kimi Bəyim də, Humay da müsbət surətlərdir. Bəyim ona görə yaxşı qızdır ki, ürəyinin hökmü ilə hərəkət eləyir, Humayı sevir. Lakin Eyvazın ona olan məhəbbətinə hörmətlə yanaşır, onu “qardaş kimi” sevir. Humay Bəyimi dərindən sevir və beləliklə, hər iki gənc məhz qarşılıqlı məhəbbt əsasında bir-birinə qovuşurlar.

Hekayədə kolxoz sədri Qədir, dəyirmançı Musa kişi, Eyvazın anası Bədirxan xala kimi də maraqlı surətlər də vardır. Kolxoz sədri Qədirin məzəli sözləri və hərəkətləri, Bədirxan xalanın kişi kimi ötkəm, kobudyana xasiyyəti, Musa kişinin ata-baba mülkünə bağlılığı oxucunun ürəyində dərin iz qoyur.

Ümumiyyətlə, “Su dəyirmanı” hekayəsinin məzmunu da, dili də çox gözəldir və bu gözəllik bütövlükdə oxucuya estetik zövq verir və onun mənəvi-ruhi aləminə güclü təsir göstərir.

Sərvər ŞİRİNOV

 





16.01.2017    çap et  çap et