525.Az

Əlimərdan bəy Topçubaşovun təvəllüd tarixi haqda


 

Əlimərdan bəy Topçubaşovun təvəllüd tarixi haqda<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim və dövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd ediləcək.
 
Şübhəsiz, həmişə olduğu kimi bu dəfə də dövlət başçısının sərəncamı tarixi şəxsiyyətlərimizi və irsimizi daha dərindən öyrənmək, daha geniş  təbliğ etmək üçün istiqamətləndirici rol oynayır. İnanmaq istərdim ki, bu sərəncam tarixçi və politoloqlarımıza bütün həyatını doğma xalqına həsr etmiş, bu yolda sonsuz məhrumiyyətlərə qatlaşmış Əlimərdan bəy haqqında yeni, tutarlı və əhatəli tədqiqatlar aparmaq baxımından stimul verəcək, onun həyatı, şəxsiyyəti, mübarizəsi haqqında naməlum həqiqətlərin üzə çıxarılmasına yardım edəcək. Fikrimcə, bu yubiley işığında görüləcək ən mühüm işlərdən biri Ə. Topçubaşovun zəngin siyasi-publisistik və epistolyar irsinin toplanması və nəşri olardı. Çünki bu həm də milli dövlətçiliyimizin və XX yüzillikdə pərvəriş tapan Azərbaycan diplomatiyasının tarixi olacaq...

Əlimərdan bəy Topçubaşov milli müstəqillik və dövlətçiliyimiz üçün borclu olduğumuz  tarixi şəxsiyyətlərdəndir. Azərbaycan cəmiyyətinə “Yox millətimin xətti bu imzalar içində!” əhval-ruhiyyəsinin hakim kəsildiyi bir dövrdə o, təkcə doğma xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalinin liderlərindən biri kimi siyasət və ictimai fəaliyyət meydanına atılmışdı. Rusiya müsəlmanlarının ilk siyasi təşkilatının – “İttifaqi-müslim” partiyasının qurulmasında, biri-birinin ardınca üç türk qurultayının keçirilməsində, I-IV Dövlət dumalarında Müsəlman fraksiyasının yaradılmasında və fəaliyyətinə rəhbərlikdə onun müstəsna xidmətləri olmuşdu. Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizə Ə.Topçubaşovu məntiqi şəkildə müstəqil milli dövlətin – Azərbaycan Cümhuriyyətinin qurucuları sırasına gətirmişdi. O, ən çətin sahəyə – xarici siyasətə rəhbərlik etmişdi. Nüfuz, bilik və təcrübəsinə ehtiram duyan mübarizə yoldaşları onu qiyabi surətdə ali qanunverici orqanın – ölkə Parlamentinin sədri seçmişdilər. Əlimərdan bəy Paris Sülh konfransında gənc Azərbaycan Cümhuriyyətinin dünya gücləri tərəfindən de-fakto tanınması kimi böyük qələbəyə imza atmışdı. 1919-cu ildə Versal Sülh konfransında bu beynəlxalq siyasi etiraf baş verməsəydi, bolşevik işğalından sonra Azərbaycanın müttəfiq respublika statusu alması çox böyük sual altında qalacaqdı.

lll

Təəssüf ki, XX yüzilliyin əvvəllərindəki bir sıra tanınmış ictimai-siyasi xadimlərimiz kimi Əlimərdan bəy Topçubaşov da yetərincə öyrənilməmişdir. Əsərlərinin nəşri, ictimai-siyasi fəaliyyətinin geniş tədqiqi bir yana qalsın, indiyə qədər onun doğum tarixi ilə bağlı fərqli məlumatlara da tam dəqiqlik və aydınlıq gətirilməmişdir. Təvəllüd tarixi ilə bağlı qarmaqarışıqlıq Əlimərdan bəyin vəfatından dərhal sonra başlanmışdı və artıq səksən ilə yaxın müddət ərzində davam etməkdədir. Onlardan bəzilərini burada diqqətə çatdırmaq istərdim.

Əlimərdan bəy Topçubaşovun  vəfatı münasibəti ilə xüsusi sayını buraxan və üz qabığında onun portretini yerləşdirən “Promethee. Organe de Defense Nationle des Peuples du Caucase, de l`Ukraine et du Turkestan” məcmuəsində (Paris, noyabr, 1934, sayı 96) azərbaycanlı siyasi xadimin doğum tarixi 1859-cu il (seçmələr hər yerdə mənimdir – V.Q.)  kimi göstərilmişdi. Və təəssüf ki, bu rəqəmin haradan götürülməsi barəsində heç bir məlumat verməmişdi.

Azərbaycan siyasi mühacirətinin Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə Berlində nəşr olunan “Qurtuluş” məcmuəsi də özünün 1934-cü ilin dekabrında çıxan 2-ci sayında Əlimərdan bəyin foto-şəklini üz qabığında yerləşdirmiş,  tərcümeyi-halında isə 1862-ci ildə  doğulduğunu qeyd etmişdi.

Şimali Qafqaz və Azərbaycan siyasi mühacirlərinin Varşavada nəşr etdikləri “Şimali Qafqasiya-Severnıy Kavkaz” jurnalının 1935-ci il 8-ci sayında (s.2-7) dərc olunan materiallarda (buraya Ə.Topçubaşovun əhatəli bioqrafiyası, dəfn mərasimi haqqında məlumat və Qafqaz Dağlıları Xalq Partiyasının təmsilçisi Tau Sultan Çakmanın dəfn mərasimindəki çıxışı daxil idi) doğum tarixi kimi 1862-ci il may ayının 4-ü göstərilmişdi.

Əlimərdan bəy Topçubaşovun Parisin Sent Klu məzarlığındakı məzarının baş daşında onun 1863-cü ildə doğulduğu göstərilmişdir. Azərbaycan MEA Tarix İnstitutu tərəfindən hazırlanan və Xalq Cümhuriyyətinə həsr edilən iki cildlik soraq kitabçası – ensiklopediyada da eyni rəqəmə üstünlük verilmişdir. Çox güman ki, Ə.Topçubaşovun 150 illik yubileyi ilə əlaqədar sərəncam hazırlanan zaman da ən mötəbər qaynaq kimi bu ensiklopediyadakı məlumat əsas götürülmüşdür.

Amerikalı azərbaycanşünas professor Tadeus Svientoxovski özünün 1996-cı ildə Miçiqan universitetinin nəşriyyatında çap olunan “Transcaucasia: Nationalism and Social Change” məcmuəsindəki “National Consciousness and Political Orientations in Azerbaijan. 1905-1920) adlı tədqiqatında (s.211 – 234)  öndə gedən müsəlman lideri Ə.Topçubaşovun 1869-cu ildə dünyaya göz açdığını iddia edir.

Başqa tarix də mövcuddur. Azərbaycanlı tədqiqatçı Vüqar İmanov 2003-cü ildə İstanbulda, Boğaziçi Universiteti nəşriyyatında çap etdirdiyi “Ali Merdan Topçubaşi: Lider Bir Aydın və Azerbaycan Cümhuriyyetinin Temsili” kitabında (s. 21) Əlimərdan bəyin doğum tarixi kimi 1865-ci ili göstərir. Tanınmış tarixçi-alim, professor Dilarə Seyidzadə özünün Azərbaycan təmsilçilərinin Rusiya Dövlət dumasının I-IV çağırışlarındakı  fəaliyyətini işıqlandıran “Azerbaydjanskie deputatı v Qosudarstvennoy dume Rossii” kitabında (Bakı, 1991, s.50) 1907-ci ildə Əlimərdan bəyin 42 yaşında olduğunu qeyd etməklə 1865-ci il tarixinin həqiqətə uyğunluğunu  bir daha təsdiq etmiş olur.

Bizdən təxminən əsr yarımlıq zaman kəsimi ilə ayrılan görkəmli şəxsiyyətin təvəllüd  tarixi ilə bağlı bu cür fərqli versiyaların mövcudluğu təəccüb doğurmaya bilməz. Yəqin ki, Ə.Topçubaşovun bitirdiyi I Tiflis gimnaziyasının yaxud Peterburq universitetinin, habelə onun üzvü olduğu I Dövlət dumasının arxivi ilə ötəri tanışlıq böyük qarmaqarışıqlığa gətirib çıxaran bu suala aydın və birmənalı cavab tapmağa kömək edə bilərdi.

Bəri başdan qeyd edim ki, bu sətirlərin müəllifi də Əlimərdan bəyin 1865-ci ildə doğulması fikrini daha inandırıcı və əsaslı sayır. Təəssüf ki, indiki halda Tiflis, Peterburq və Moskva arxivlərində işləmək imkanım olmadığımdan tərəfdar çıxdığım versiyanı əlimin altında olan digər qaynaqlarla əsaslandırmağa çalışacağam. Aşağıda görəcəyimiz kimi, həmin qaynaqlar da dəqiq sənədlərə əsaslanır və kifayət qədər inandırıcı səslənir.

1905-ci ildə Rusiya Dövlət dumasına keçirilən ilk seçkilərdə Ə.Topçubaşov Bakı şəhərinin azərbaycanlı əhalisi tərəfindən imperiyanın ali qanunverici orqanının üzvlüyünə namizəd göstərilmişdi. Bu münasibətlə seçiciləri, eləcə də şəhər əhalisini üzvlüyə namizədin həyatı, şəxsiyyəti, təhsili və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış etmək məqsədi ilə onun tərcümeyi-halı özünün baş redaktor olduğu “Kaspi” qəzetinin 2 iyun 1905-ci il tarixli 117-ci sayında verilmişdi. Əlimərdan bəyin həyatı ilə bağlı bir sıra mühüm faktları əks etdirdiyini nəzərə alaraq həmin materialı Azərbaycan dilinə tərcümədə tam şəkildə təqdim edirəm. Buradan məqsəd təkcə təvəllüd tarixi ilə deyil, bütünlükdə Ə.Topçubaşovun həyat yolu və mübarizələri, eləcə də müasirlərinin ona münasibəti ilə əlaqədar əksəriyyəti elmi-ədəbi ictimaiyyətə bəlli olmayan məqamlara diqqəti çəkməkdir. Beləliklə, “Kaspi” yazırdı:

“Əli Mərdan bəy Topçubaşov Tiflis şəhərinin sakinidir. 1865-ci ildə doğulmuşdur. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı birincilər sırasında başa vurmuşdu. Həmin il Peterburq universitetinin tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Bu ixtisası dil və ədəbiyyat sahəsindəki xüsusi qabiliyyətinə görə Tiflis gimnaziyasının pedaqoji şurasının zəmanəti ilə seçmişdi. Pedaqoji şura eyni zamanda onun Qafqaz təqaüdçüləri sırasına daxil edilməsinə nail olmuşdu. Lakin cənab Topçubaşov ilk semestrdən sonra tarix-filologiya fakültəsindən çıxmış, Qafqaz təqaüdündən isə imtina etmişdi. O, eyni ildə hüquq fakültəsinin tələbələri sırasına keçmiş və 1888-ci ildə bu fakültəni hüquq elmləri namizədi dərəcəsi ilə başa vurmuşdu.

Mülki hüquqla bağlı (daşınan əmlak haqqında) dissertasiyasına görə hüquq fakültəsi cənab Topçubaşovun gələcəkdə mülki hüquq kafedrasında professor vəzifəsini tutması üçün universitetdə saxlanması barəsində qərar qəbul etmişdi.

Qeyri-xristianların professor vəzifəsi tutmasına əngəl olan 1884-cü il universitet nizamnaməsi bu niyyətin həyata keçməsinə imkan verməmişdi.

Universitet kursunu başa vurduqdan sonra cənab Topçubaşov Qafqaza qayıtmış, Tiflis dairə məhkəməsində məhkəmə qulluqçuluğuna namizəd kimi fəaliyyətə başlamışdı. Burada o, barışıq məhkəməsi hakiminin köməkçisi və dairə məhkəməsinin katibi vəzifəsini tuturdu. Eyni zamanda Tiflis əkinçilik məktəbində qanunçuluğun əsaslarını tədris edirdi. Bunlardan başqa Qafqaz Hüquq cəmiyyətinin kitabxanaçısı və katibi idi. Cənab Topçubaşov Tiflis müsəlmanlarının ictimai işlərində yaxından iştirakı ilə seçilirdi, yerli və paytaxt qəzetlərində ardıcıl şəkildə  məqalələri çap olunurdu.

Beş illik xidməti staj topladıqdan sonra Ə.M.Topçubaşov 1895-ci ildə andlı iclasçı-vəkil  statusu qazandı. Bir il sonra isə Bakıya köçdü və iki il ərzində burada sərbəst vəkillik fəaliyyəti ilə məşğul oldu. Cənab Topçubaşov Staroselskinin qətli ilə əlaqədar prosesdən sonra yerli əhali arasında xüsusi ilə böyük populyarlıq qazandı. Həmin prosesdə məhkəmənin təyinatına əsasən vəkil kimi çıxış edən cənab Topçubaşov dairə məhkəməsi prokurorunun əleyhinə söylədiyi kəskin və alovlu nitqi ilə yadda qaldı. Çünki prokuror şəriətin yalançı şahidlik etmələrinə yol vermədiyi müsəlmanlar əleyhinə dediyi haqsız sözlərlə diqqəti çəkmişdi.

1897-ci ildən cənab Topçubaşov vəkillik fəaliyyətini faktiki olaraq dayandırdı. Çünki “Kaspi” qəzetinin redaktorluğu və Bakı şəhərinin ictimai işləri onun bütün vaxtını alırdı. Bakı Dumasının qlasnısı seçildikdən sonra o, əhəmiyyət dərəcəsindən asılı olmayaraq bütün komissiyaların işində iştirak edirdi. Təhsil komissiyasının üzvü idi; Mariinck gimnaziyası, kommersiya məktəbi, rus-müsəlman qız məktəbi himayəçilər şurasının üzvləri sırasına daxil idi. Müəyyən vaxtlar Bakı Dumasına sədrlik etmişdi. 1905-ci ilin martında Bakı şəhər başçısı ilə birlikdə Peterburqa getmiş və şəhər nümayəndələrinin Dövlət Dumasında təmsilçiliyi ilə əlaqədar məsələ qaldırmışdı. Həmin dövrdə Qafqazın müsəlman əhalisinin nümayəndə heyətinin tərkibində müsəlmanların ehtiyacları barəsində özünün hazırladığı tələbnamənin ali rəhbərliyə təqdim olunmasında iştirak etmişdi. Bu arada “Həyat” qəzetinin nəşrinə icazə almışdı. 1905-ci ilin iyununda cənab Topçubaşov müsəlman icmasının digər nümayəndələri ilə birlikdə yuxarıda xatırladılan tələbnamənin əlahəzrət Qafqaz canişininə təqdiminə nail olmuşdu. Həmin ilin avqust ayında Rusiya müsəlmanlarının Nijni-Novqorod şəhərində keçirilən ilk qurultayının işinə qatılmış, oktyabrda isə Peterburqda neft işlərinə dair müşavirədə iştirak etmişdi. Müşavirə zamanı neft sənayesində çalışan müsəlman fəhlələrin vəziyyəti ilə əlaqədar hazırladığı xüsusi məruzəni cənab maliyyə nazirinə təqdim etmişdi. 1906-cı ilin yanvar ayında Rusiya müsəlmanlarının ikinci qurultayının, fevralda isə erməni-müsəlman barışdırıcı qurultayının iştirakçısı olmuşdu. Həmin qurultayda Qafqaz canişini yanında fəaliyyət göstərən erməni-müsəlman məsələləri üzrə xüsusi komissiyanın tərkibinə seçilən cənab Topçubaşov əsas etibarı ilə Tiflisdə yaşamalı olmuşdu. Ümumiyyətlə, keçən ildən etibarən ictimai fəaliyyətə görə o, çox vaxt Bakıdan kənarda olmuş və “Kaspi” qəzetinin redaktəsində kifayət qədər yaxından iştirak edə bilməmişdi. Cənab Əlimərdan bəy Topçubaşov özünün siyasi və ictimai-mədəni baxışlarını dəfələrlə məqalə və nitqlərində bəyan etdiyindən, habelə gündəlik fəaliyyəti ilə göstərdiyindən biz burada yalnız bioqrafiya səciyyəli qısa məlumatı çatdırmaqla kifayətlənirik”.

Bizim burada ən çox diqqətimizi çəkən məqam təvəllüd tarixi ilə bağlı rəqəmdir. Təbii ki, Əlimərdan bəy  redaktor olduğu qəzetdə özü barəsində yanlış məlumatın getməsinə yol verməzdi. Üstəlik nəzərə alsaq ki, həmin məlumat Duma üzvlüyünə rəsmi namizəd barəsində idi, burada doğum tarixinin yanlış göstərilməsi saxtalaşdırma faktı kimi dəyərləndirilə bilərdi. Nəhayət, iddiaçının öz yaşını artırması, yaxud azaltması onun rəqiblərinin əlində antitəbliğat üçün güclü vasitəyə çevrilə bilərdi. Kifayət qədər güclü ənənələrə malik olan çar bürokratiyası belə məsələlərə (xüsusən də, söhbət müsəlmanların təmsilçisindən gedirdisə!) heç zaman yol verməzdi. Nəhayət, Əlimərdan bəy özü də bu cür yanlışlıqların hansı hüquqi nəticələr doğurduğunu yaxşı bilən mütəxəssis kimi etiraz bildirmək imkanını əldən verməzdi. Bunların heç biri baş vermədiyindən 1865-ci il tarixini Ə.Topçubaşovun dəqiq doğum tarixi kimi qəbul etmək mümkündür.

Lakin bu dövrün mətbuatında getmiş yeganə təsdiqedici material deyil.

“Molla Nəsrəddin” jurnalı 1906-cı il iyunun 9-da çap olunan 10-cu sayında “Bakı şəhərindən və quberniyasından intixab olunan üzvlərin tərcümeyi-halları. Əlimərdan bəy Topçubaşov” adlı bioqrafik səciyyəli materialda yazırdı: “Əlimərdan bəy Tiflis şəhərində, 1865-ci ildə təvəllüd tapıbdır. İbtida təhsili-elmi əvvəlinci Tiflis gimnaziyasında olub. 1884-cü sənədə pək səyli və hafizəli mütəllimlər cümləsində burada itmami-təhsili-elm edibdir, sonra həmin sənədə Peterburq Darülfünunun hüquqiyyə şöbəsinə (yuridiçeski fakultet) daxil olub 1888-ci sənədə hüquq fənlərində növbətçi mərtəbəsi ilə ikmali-təhsil qılmışdır.

1897-ci sənədən dəxi dava-spor vəkilliyindən qəti-nəzər edib bilmərrə əl çəkir. “Kaspi” qəzetini nəşr etməyə və Bakı şəhərinin ümumi işlərinə məşğul olmağa mumileyh (adı çəkilən şəxs – V.Q.)  var-yox vaxtını sərf edir. Keçən sənədən bəri həməvəqt Əlimərdan bəy orada-burada camaat işlərinə məşğul olmaqda olubdur. Belə ki, “Kaspi” qəzetinin müdirliyini əksər övqat müvəqqət müdirə tapşırır idi. Əlimərdan bəy Topçubaşov öz nöqteyi-nəzəri siyasiyyəsini keçən mayın 26-da Tiflisdə qurulan ruhani məclisində izhar etdi. Belə ki, hər bir molla ağzını açmamış Əlimərdan bəy “bəli-bəli” deyib heç bir kəsi özündən bir tük qədər də incitmədi”.

Sondakı “Molla Nəsrəddin”ə xas ironik qeydi çıxmaq şərti ilə bioqrafiyanın “Kaspi” qəzetindən götürüldüyü şübhə doğurmur. Bu isə həmin materialın təkzib edilmədiyini və gətirilən faktların dəqiqliyini bir daha sübut edir.

Məlum olduğu kimi, Ə.Topçubaşov qısa müddətdə I Dövlət Dumasının fəal üzvlərindən biri kimi tanınmışdı. Burada öz sıralarında əsasən türk əsilli 25 nəfərdən çox deputatı birləşdirən Müsəlman fraksiyasını qurmuş və onun işinə rəhbərlik etmişdi. Eyni zamanda milli ucqarlara özünüidarə hüququ verilməsini tələb edən Muxtariyyətçilər İttifaqının sədr müavini seçilmişdi. 1906-cı il iyulun 8-də imperator II Nikolay öz fərmanı ilə Rusiyada ilk qanunverici orqanın fəaliyyətini dayandıranda bu özbaşınalığa qarşı çıxanlardan biri də Əlimərdan bəy Topçubaşov olmuşdu. O, Dumanın 180 nəfər üzvü ilə birlikdə tarixə “Vıborq bəyannaməsi” kimi daxil olan və vətəndaşları passiv itaətsizliyə çağıran “Xalqa xalq təmsilçilərindən” adlı sənədi imzalamışdı.

Sənədi imzalayanların əksəriyyəti kimi Ə.Topçubaşov da məhkəmə önünə çıxarılmış, üç aylıq həbs cəzasına məhkum olunmuş və seçib-seçilmək də daxil bütün siyasi hüquqlardan məhrum edilmişdi. Cəzasını 1908-ci ildə Peterburqdakı məşhur Krestı həbsxanasında çəkmişdi. (o, həbsdən avqustun 6-da çıxmış və Peterburq müsəlmanları tərəfindən böyük ehtiramla qarşılanmışdı). Orenburqda nəşr olunan, Rusiya müsəlmanları arasında geniş yayılan “Şura” jurnalının əməkdaşı həbsxanada Əlimərdan bəyi ziyarət etmişdi. Öz təəssüratlarını “Şura”nın 1908-ci il  1 iyun  tarixli sayında  oxucularla bölüşmüşdü. Jurnalın həmin sayında Rusiya müsəlmanlarının lideri kimi Ə.Topçubaşovun portreti də verilmişdi.

Bakıda Haşım bəy Vəzirovun redaktorluğu ilə çıxan “Tazə həyat” qəzeti  həmin materialı özünün 1908-ci il 16 iyun tarixli 136-cı sayında aşağıdakı redaksiya qeydi ilə vermişdi:

“Orenburqda nəşr olunan “Şura” məcmuəsi ən səmimi və ciddi mühərrirlərimizdən və millət xadimlərimizdən hesab olunan Əlimərdan bəy Topçubaşovun Vıborq dəvətnaməsini imza etməkdən ötrü bu yaxınlarda toqif olunduğuna görə təsvirini çəkib tərcümeyi-halını da bu növlə yazır:

Daha sona “Şura” jurnalından götürülmüş material gəlirdi:

“Əlimərdan bəy Topçubaşov cənabları Rusiya müsəlmanlarının ən ziyalı və münəvvər zatlarından biri olub fəzl və kamali-himməti-milliyyəsi, elm və ürfanı ilə onu tanıyan adamların cümləsinə məlumdur.

Əlimərdan bəy 1865-ci ildə təvəllüd edib. Tiflisdə Birinci gimnaziyanı ikmal etdikdən sonra 1888 –ci sənədə Peterburq Darülfünunun hüquq şöbəsinə ən parlaq bir surətdə tamam edib şəhadətnamə alıb və heyəti-təlimiyyənin qərarına binaən darülfünunda professor mövqeyində qalmağı lazım görülsə də, müsəlman olmayan adamlara bu hüququn verilməməsi səbəbindən qala bilməyibdir. Bundan sonra Tiflisə qayıdıb oranın palata məhkəməsində sekretarlıq vəzifəsini daşımaqdan maəda ədliyyə şurasında sərkatiblik və mühəndislik məktəbində hüquq müəllimliyi vəzifəsini icra edirdi. Sonraları Bakıya gəlib prisyajni poverennilik, “Kaspi” qəzetində müdirlik və “Həyat” qəzetində naşirlik edirdi. Bakı şəhərindən 1-ci Dumaya vəkil seçilmişdi. 1-ci Dumada müsəlman fraksiyası təşkil edib ona rəislik və rəhbərlik etdi. Müsəlman İttifaqını təsis etmək xüsusunda ən ziyadə qeyrət edənlərdən biri Əlimərdan bəy idi. İttifaqa ustav (qanunnnamə) və proqramlar düzəltdi. Onları hökumətə təsdiq etdirmək yolunda çox qeyrətlər göstərdi. 2-ci və 3-cü Dumada Müsəlman fraksiyası yanındakı Büroda rəis kimi rəhbərlik edib öz xidmətləri və yol göstərməklikləri ilə müsəlman deputatlarını  minnətdar elədi.

Əlimərdan bəy qayət səbrli, təhəmmüli-mütəəddəl, açıq fikirli, artıq tərəqqipərvər bir zat olub ümum və camaat işinə ən ciddi və ürəkdən özünü verən və bu yolda özünün xüsusi rahat və məişətini fəda edən möhtərəm bir zatdır. 1-ci Duma boğulandan sonra Vıborq xitabına qol qoymaq səbəbinə haman 1-ci Dumadakı başqa deputatlar ilə birlikdə Əlimərdan bəy Topçubaşov da hazırda Peterburqdakı Kresti həbsxanasında distaqdır.

Əlimərdan bəy kimi ciddi və xalis camaat və millət xadimlərinin əsl qədir - qiymətlərinin bu gün olmasa da, sabah bilinəcəyinə və adı millət tərəfindən təqdis ediləcəyinə biz əminik”.

“Şura” jurnalından  materialı olduğu kimi alıb dərc edən “Tazə həyat” qəzeti sonda özünün redaksiya qeydində yazırdı: “Biz də belə biqərəz və xalis niyyətlərlə millətimizə xidmət edənlərə Allah-taaladan tülu ümür arzu edib, əmsalının artmağını arzu edirik”.

Heç şübhəsiz, tatar müəllifi Ə.Topçubaşovun doğum tarixini 1865-ci il kimi göstərərkən ya rəsmi mənbələrə (ilk növbədə Dövlət Duması qaynaqlarına), ya da Əlimərdan bəyin öz sözlərinə əsaslanmışdı.

Başqa bir sənəd. Tiflis Dairə Məhkəməsi tərəfindən sədr Y.Bıkovun imzası ilə məhkəmənin keçmiş katibi, kollegiya asessoru (mülki rütbə idi; çar Rusiyasının ranqlar tabelində təxminən mayor hərbi rütbəsinə uyğun gəlirdi – V.Q.) Əli Mərdan bəy Topçubaşova 21 may 1896-cı il tarixdə verilən və Bakıda notarius A.A.Vişnevski tərəfindən 30 may 1902-ci il tarixdə 4184 saylı reyestrlə təsdiq olunan attestatda barəsindəki digər bioqrafik məlumatlarla birlikdə hazırda (yəni 1896-cı ildə – V.Q.) 32 yaşında olduğu bildirilirdi. Əgər Əlimərdan bəyin mayın 4-də doğulduğunu diqqətə alsaq, sənədin verildiyi vaxt o, artıq 32 yaşına keçmişdi və bu da 1865-ci il tarixinin həqiqətə uyğunluğunu bir daha ortaya qoymaqdadır.

1865-ci ilin dəqiq təvəllüd tarixi olduğunu göstərən digər qaynaqlar da mövcuddur. Azərbaycan Respublikasının Dövlət Arxivində (fond 1044, təsvir 1, saxlama vahidi 656, s.45; s.v.658, s.89; s.v.713, s.112)  Əlimərdan bəy və Pəri xanım Topçubaşovların övladlarının doğum şəhadətnamələri mühafizə edilir. Bakı şəhərindəki Hacı Qasım bəy və Gilək məscidləri tərəfindən verilən və şahid ifadələri ilə təsdiqlənən həmin şəhadətnamələrdən ailənin böyük qızı Saranın doğulduğu 1899-cu ildə Əlimərdan bəyin 34, Pəri xanımın 23, oğlu Rəşid bəyin doğulduğu 1901-ci ildə valideynlərin müvafiq surətdə 36 və 25, ikinci qızı Sevər xanımın doğulduğu 1903-cü ildə 38 və 27 yaşlarında olduğu qeyd edilir və möhürlə təsdiqlənir. Göründüyü kimi, hər üç halda dini idarə Əlimərdan bəy Topçubaşovun 1865-ci il təvəllüd olduğunu israrla qeyd edir.

Mülahizələrimi konkret faktlar üzərində qurmağa çalışsam da, təbii ki, yazdıqlarımın son instansiya həqiqət olması iddiasında deyiləm. Ola bilsin, Ə.Topçubaşovun məhz 1863-cü ildə doğulduğu fikrini irəli sürənlərin əlində daha tutarlı, necə deyərlər, daşdan keçən dəlil-sübutlar var. Əgər belədirsə, Əlimərdan bəyin təvəllüd tarixi ilə bağlı indiyə qədər həllini tapmayan anlaşılmazlıqlara son qoymaq üçün həmin qaynaqları açıqlamaq, elmi ictimaiyyətə təqdim etmək lazımdır. Çünki qədim latın ifadəsində də deyildiyi kimi, “Super omnia veritas” – yəni “Həqiqət hər şeydən yüksəkdir!”

Eyni zamanda başqa bir həqiqət də mövcuddur: bu da yuxarıda qeyd etdiyim kimi, Prezident sərəncamının Ə.Topçubaşov şəxsiyyətini və irsini öyrənmək baxımından geniş imkanlar yaratmasıdır. İnanmaq istərdim ki, tarixçilərimiz bu imkandan yararlanacaq və hələ də açıq qalmaqda olan təvəllüd tarixi ilə bir sırada digər məsələlərə də aydınlıq gətirəcəklər.

 





15.04.2013    çap et  çap et