525.Az

"Yaponiyalılarda Azərbaycana xüsusi maraq hiss olunur"


 

YAPONİYA-AZƏRBAYCAN ƏMƏKDAŞLIQ ASSOSİASİYASININ SƏDRİ ƏLİBƏY MƏMMƏDOV YERLİ "LİTTERAE POPULİ" JURNALINA MÜSAHİBƏ VERİB

"Yaponiyalılarda Azərbaycana xüsusi maraq hiss olunur"<b style="color:red"></b>

Yaponiyanın Hokkaydo Universitetinin "Litterae Populi" jurnalında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi dərc olunub.

Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti vəzifələrini icra edib. Hazırda o, qurumun fəxri prezidentidir. Sözügedən assosiasiyanın təşkilatçılığı ilə hər il iyun ayında Hokkaydo Universitetində "Beynəlxalq Yemək Festivalı" keçirilir.

İngilis dilində nəşr edilən dərgidə həmyerliymizlə müsahibə məhz "Beynəlxalq Yemək Festivalı"na həsr edilib.

Müsahibədə Ə.Məmmədov bildirib ki, insanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir: "Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunub. Bu festivalda Azərbaycan kababların satışı həyata keçirilib. Bəzi qonaqlar Azərbaycan çadırına festival ərzində bir neçə dəfə təşrif buyurublar. Festival zamanı sadəcə yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan tələbələr arasında da mübadilələr həyata keçirilib".

Həmyerlimiz bildirib ki, "Beynəlxalq Yemək Festivalı"nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır: "Festivala qədər hər həftə xarici tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və onlara tədbirin qayda-qanunları izah edilir".

Ə. Məmmədov bildirib ki, "Beynəlxalq Yemək Festivalı"nda sadəcə kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan, eyni zamanda digər ölkələr haqqında geniş məlumatlar verilir: "Qonaqları maraqlandıran suallar cavablandırılır. Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapır".

Həmyerlimiz qeyd edib ki, hər il bu festivalda orta hesabla 200-ə qədər çadır qurulur ki, onlardan 25-i xarici tələbələr, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur: "Festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün hər il tədbir zamanı yerli kanallar canlı yayımlar həyata keçirir. Bu çəkilişlərdə Azərbaycan guşəsinə hər zaman xüsusi maraq hiss olunub".

Ceyhun ABASOV

 





10.02.2017    çap et  çap et