525.Az

Qədim tarixin yeni Naxçıvan möcüzəsi - (Publisistik düşüncələr)


 

Qədim tarixin yeni Naxçıvan möcüzəsi - <b style="color:red">(Publisistik düşüncələr)</b>

Bu yaxınlarda Naxçıvan Televiziyasında istehsal olunan yeni elmi-kütləvi, sənədli filmlərə baxdım.

Naxçıvanın qədim və qüdrətli tarixini, müasir müstəqillik dövründə qazandığı misilsiz uğurları, həqiqi inkişaf, intibah mənzərələrini məmnuniyyətlə izlədim. 35 ildən artıq televiziya sahəsində işləyən ssenari müəllifi və baş redaktor, eləcə də Naxçıvan MR Əməkdar İncəsənət Xadimi kimi həmin filmlərlə bağlı təəssüratımı dilə gətirməyi özümə borc bildim.

Müəllif. 

Hər dəfə Naxçıvan haqqında fikirləşəndə tarixin ilkin çağlarından, bəşəriyyəti dünya daşqınından xilas edən Nuh Nəbinin möhtəşəm və müqəddəs türbəsi önündə dərin düşüncələrdən keçirəm, o düşüncə sellərinin təlatümlü dalğalarında ruhum təmizlənir, təzələnir, qeyri-adi bir azadlıq, özgürlük duyğusunun ana qucağında xoşbəxt oluram. Bu, doğma, əzəli tarix duyğusunun, etnogenetik olaraq heç vaxt qırılmayan neçə min illik VƏTƏN YADDAŞI BAĞLARININ diqtə, təlqin etdiyi möcüzəli bir transformasiya məqamı, canın cismdən, ruhun bədəndən baş qaldırıb zirvələrdə qərar tutduğu qürurlu bir xoşbəxtlik anlarıdır. O müqəddəs məqamın, o möcüzəli xoşbəxtlik anlarının tanrısal cazibəsində sənə üz tuturam, ULU NAXÇIVAN!

Qurani-Kərimdə adına xüsusi surə, Əl-Kəhf-Mağara surəsi göndərilən tanrı məqamı “Əshabi-Kəhfinlə, dünya daşqınından xilas yolları axtaran Nuh peyğəmbərin dadına yetişən İnandağ-İlandağ, Kəmki, Ağrıdağ, Nuhdaban zirvələrinlə, tarixin ilkin qurtuluş səhifələrinə adını yazan, möhürünü basan Gəmiqaya, Kültəpə, Oğlanqala, Çalxanqala, Köhnəqala həqiqətlərinlə, Dədə Qorqud xatirəli Göyçə gölün, Şərur düzün, Batabat yaylağınla, dünya memarlığında yeni, unikal bir səhifə açan Əcəmi qüdrətin, Mömünəxatun, Yusif Küseyiroğlu türbələrinlə, hürufi düşüncələrin, poetik möcüzələrin Fəzlullah Nəimi zirvələrinə baş əyən müqəddəs xanəgahların, ziyarətgahlarınla, Azərbaycan, bütövlükdə Türk dünyasına bəxş etdiyin Heydər Əliyev xilaskarlığınla şərəfli adını tarixlərə əbədi həkk etdin, ULU NAXÇIVAN! Sənin tarix yollarından zülmə, köləliyə dözməyən azadlıq carçısı Babəklərin, Koroğluların, Qazan xanların, öz doğma, ulu köklərindən pöhrələyib ayağa qalxan, öz dövlətini yaradan Şəmsəddin Eldəgizlərin, öz bulağından əbədi dirilik suyu içən elmi, ədəbi-bədii fikir cahangirləri Məhəmməd ağa Şahtaxtıların, Mirzə Cəlillərin, Hüseyn Cavidlərin, Bəhruz Kəngərlilərin, Yusif Məmmədəliyevlərin səsi gəlir. Sənin min illər əvvəlin bu günümüzə, sabahımıza yazılan məktublarından - sirli salnamələrindən - möcüzəli xalçalarından analarımızın bayatıları, oxşamaları, ninni çəkən nənələrimizin nağıl, dastan dünyası boylanır, qədim əlyazmalarında, miniatürlərində, neçə min yaşlı daş oymalarında, qayaüstü təsvirlərində RUHUMUZ ÇİÇƏKLƏYİR, DİLİMİZ DİL AÇIR; min bir dərdin dərmanı olan bulaqlarında, kəhrizlərində, qaynarçalarında qəlbimiz-qanımız qaynayır; bəşəri mədəniyyətin şah əsərlərindən olan Şərur yallılarında milli-mənəvi yaddaşımızın qan-gen xatirələri yazın lalələri kimi pardaqlanıb qəlb evindən çıxır, ruhumuzun səmalarına BAYRAQ QALDIRIR; bütün bu HƏQİQƏTLƏRİN müqəddəs bir möhtəşəmliklə ruhumuzu səfərbər sıra duruşuna çağırır, bir çiçəyin ləçəkləri, bir dəryanın çayları, bir günəşin zərrələri, bir əlin barmaqları kimi birləşdirir, bütövləşdirir BİZİ. Sən sivilizasiyanın ilk çağlarında, dansökülənində yola çıxan, heç vaxt dayanmayan, durmayan,daim üzü zirvələrə doğru gedən, adda-budda boş-boş hürən, hürüşən zəvzək itlərə fikir verməyən, öz əzəli və əbədi tale yoluyla inadlı və inamlı, aram-arxayın, qələbə sevdalı səfərini davam etdirən tanrı töhfəli bir tarix karvanısan, ULU NAXÇIVAN!..

Bu məqamda səkkiz il əvvəl mənim ssenarim əsasında çəkilən “Şərqdə doğan günəş” filminin simvol-çağırışını yada salmadan keçinə bilmirəm: Günəş Şərqdə doğur, Qərbdə batır, yenə Şərqdən doğmaq üçün; mədəniyyətlər də eləcə...

Həmin filmin çəkiliş günlərinin birində Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşümüzü xatırlayıram. İstedadlı telerejissor, fədakar ziyalı, hazırda təqaüddə olan, köhnəlməyən köhnə dostum Sahib Əhmədov da o görüşdə iştirak edirdi. Söhbət bu yazının ovqatında, ruhunda olduğu kimi Naxçıvan tarixinin böyük uğurlarından, mübarək məqamlarından gedirdi. Həmin filmdən əvvəl Naxçıvan haqqında on dörd sənədli filmin, ulu öndər Heydər Əliyev haqqında iyirmi iki filmin ssenari müəllifi və redaktoru olsam da, yəni Naxçıvanın qədim və qüdrətli zəngin tarix, elm, ədəbiyyat, mədəniyyət yollarını az qala əzbərdən bilsəm də, Sədrin əsl tarixçi duyğusu, ensiklopedik bilik və yanar Vətən eşqiylə danışdığı incə məqamlar ruhumu ovsunlayır, gözlərim önündə çəkdiyimiz filmin yeni-yeni üfüqlərini açır, bütöv obrazını yaradırdı. “Əlincə qalasını mütləq çəkin, o, Naxçıvanın əyilməzlik simvolu, azadlıq qapısıdır; yaxın illərdə o qalanı layiqincə tam bərpa edəcəyik, əsas turist marşrutlarına salacağıq” -  deyirdi. “Qədim Kəngərlilər yurdunda yeni bir şəhərin - Kəngərlinin bünövrəsini qoyuruq - on-on beş ilə gözəl bir şəhər, əsil müstəqillik töhfəsi olacaq” - deyirdi. “Nuhun əzəli məkanında yenidən ucaldılan türbəsi filmin əsas tarixi obrazlarından biri olmalıdır, bu, qədim və müasir Naxçıvanın halal haqqıdır” - deyirdi. “Naxçıvan tarix boyu Şərqin qapısı adlandırılıb, Şərqdə günəş kimi doğub; dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq” - deyirdi. “70-ci illərdə Heydər Əliyev Azərbaycanın bütün bölgələri kimi Naxçıvanı da həqiqi inkişaf yoluna çıxardı; o, Azərbaycanın tanrı göndərişli xilaskarı, əbədi ümummilli lideridir” -  deyirdi. “Böyük ataların yolunu yalnız böyük oğullar layiqincə davam və inkişaf etdirə bilər; cənab Prezident İlham Əliyev BÖYÜK ATANIN BÖYÜK OĞLUDUR” - deyirdi. “Film “Şərqdə doğan günəş” adlandırılsa yerinə düşər” - deyirdi...

Və bütün bu deyilənlər yaddaşıma əbədilik yazıldı, “Şərqdə doğan günəş” filminin onurğa sütununu, əsas fəlsəfəsini təşkil etdi. Aradan neçə illər keçəndən sonra səmimiyyətlə etiraf etməyi özümə borc bilirəm ki, “Şərqdə doğan günəş” filminin az-çox uğuru varsa, bu, ilk növbədə çəkiliş qrupuna göstərilən yaradıcı köməyin nəticəsidir, tarix və müasirlik vəhdətində bizə ən doğru yolu göstərən cənab Vasif Talıbovun xidmətidir; əslində, həmin filmin əsas ssenari müəllifi odur.

Naxçıvan Televiziyasında Naxçıvanın şərəfli tarixi həqiqətləri, dünəni və bu günü haqqında çəkilən, istehsal olunan yeni filmlərə, müxtəlif yeni təsviri materiallara baxdıqca qəlbim fərəh hissiylə dolub-daşır, köksümə sığmayan sevinc duyğuları ilə naxçıvanlı dostlara, həmkarlarıma minnətdarlıq edir, ruhumda yaradıcılıq uğurlarının, zəfər zənglərinin möhtəşəm qələbə səslərini eşidirdim. Məni ən çox sevindirən, qəlbən rahat edən o idi ki, həmin filmlərdə saf, səmimi bir yaradıcı ovqat, kosmetik bəzək-düzəksiz gerçək bir Naxçıvan, Vətən sevgisi vardı; bu sevginin damarlarında tarixin və bu günün NAXÇIVAN HƏQİQƏTLƏRİ DÖYÜNÜRDÜ; o qəlb döyüntülərindən Gəmiqaya, Əshabi-Kəhf, Əlincə, Ağrıdağ zirvələrinin, beş min illik Naxçıvan ŞƏHƏR MƏDƏNİYYƏTİNİN SƏSİ gəlirdi; bir sözlə, həmin filmlərdə tarixlə tarixçiliyin, sənətlə sənətkarlığın, sənətə az qala romantik sevgi ilə rasional, realist professionallığın tam, bütöv vəhdətini gördüm.

Tarixi məkanda, müstəqillik dövrünün memarlıq mühitiylə üz-üzə, nəfəs-nəfəsə çəkilən ağırtaxta Şərur yallısının film-obrazının monumentallıqla zərifliyin, qeyri-adiliklə adiliyin, sadəliyin bütöv vəhdətində həll olunması uğurlu rejissor tapıntısı hesab edilə bilər. Burada yallıya qoşulanların müxtəlif nəsilləri təmsil etməsi də, tarixiliklə müasirliyin qarışıb qovuşması da, geyimin zəngin milli etnoqrafiyası da, hətta çəkiliş məkanında oynayan dumduru gün işığı da söz deyir. Azərbaycanda, hətta deyərdim ki, bütöv Qafqaz çevrəsində orijinal musiqi mənzərəsi, sanballı etnoqrafik tutumu, bitkin fəlsəfi-estetik məzmunu ilə seçilən Şərur yallısının film boyu pillə-pillə yüksələn özünəməxsus ritm, harmoniya ləngəri, bədənlərdən daha çox ruhların bütövlük zirvəsinə aparan mənəvi-astral dolayların qan-gen təlqinləri, milli-tarixi yaddaşı ƏCƏL YUXUSUNDAN OYADAN sirli-sehrli çağırışları, tanrısal OYANIŞ məqamına doğru gedən yolun möhtəşəm ruhi ecazı, möcüzəsi heyrət doğurur. Film Şərur yallısının anbaan gərginləşən ritm-harmoniya qabarmasını izləyir, yallının etnopsixologiyasını, fəlsəfəsini təqdim edir, bütöv rəqs obrazını yaradır. Bəlkə Azərbaycan telefilm tarixində ilk dəfədir ki, yüzdən çox növü olan Şərur yallısı belə geniş miqyasda, (həm kəmiyyət, həm keyfiyyət baxımından) belə monumental, orijinal quruluşda təqdim olunur.

Açığı deyim ki, Naxçıvan Televiziyasının müasir dünya telestandartlarına tam cavab verən yüksək texniki imkanları, professional sənədli və bədii çəkiliş səviyyəsi məni heyrətləndirdi. Bu, 8-9 il əvvəl müşahidə etdiyim köhnə, primitiv, sovetdənqalma texniki imkanlar deyildi; Azərbaycan teleməkanında özünəməxsus söz deyən, əksər məqamlarda, xüsusilə, klassik biçimli film və verilişlər sahəsində özəl televiziyaları ötüb keçən, öz estetik yanaşma tərzini, öz yaradıcılıq prinsiplərini, necə deyərlər, öz müasir, yüksək telestandartlarını təqdim edən, dövrün tələb və təkliflərinin yaratdığı təzə teleistiqamət, tam yeni çəkiliş səviyyəsi idi. Yeri gəlmişkən, Naxçıvan Televiziya-                                                                                                                                                                    sının rəhbərliyini və yaradıcı heyətini, hörmətli həmkarlarımı bu kompleks yeniliklər münasibəti ilə, eləcə də baxdığım yeni sənədli filmlərdə qazanılan həqiqi uğurlar münasibəti ilə ürəkdən təbrik edirəm, onlara daha uca sənət və sənətkarlıq zirvələri arzulayıram.

Naxçıvan Televiziyasında istehsal olunan “Yallı”, “Naxçıvan yallıları”, “Nuhun yurdu Naxçıvan”, “Naxçıvanda ilkin şəhər mədəniyyəti” və başqa teleməhsullara, akademiklər İsa Həbibbəyli, İsmayıl Hacıyev kimi ciddi alimlərin, başqa məşhur tarixçi və etnoqrafların, musiqi xadimlərinin də iştirak etdiyi yeni filmlərə baxdıqca bəzən kövrəlir, sevinc dolu duyğularla “Əhsən, afərin!” deməkdən özümü saxlaya bilmirdim. Səkkiz il əvvəl, çəkiliş vaxtı, avqustun yandırıcı istisində 3-4 saata, min bir zülmlə çıxdığımız zirvələr qartalı Əlincəqalaya çəkilən müasir, rahat pillə-yolu, ən yüksəklikdə əzəli görünüşünə uyğun şəkildə yaradılan tarixi-memarlıq mühitini görüb sevinməmək olarmı?! İlkin bünövrə qazıntılarını çəkdiyimiz yeni Kəngərli şəhərinin tarixi və çağdaş Naxçıvan memarlığı vəhdətindən yaranan heyranedici inikşaf mənzərəsindən qürurlanma-maq, sevinc dolu göz yaşlarına təslim olmamaq mümkündürmü?! Yüz hektarlarla susuz torpaqlarda salınan, ilk fidanlarını neçə il əvvəl lentin yaddaşına həkk etdiyimiz füsunkar badam ağaclarının, göz işlədikcə uzanan yamyaşıl badam bağlarının şahanə gözəlliyindən, bol bar-bəhər büsatından duyduğun qürur, sevinc, şadyanalıq hissini dünyanın hansı möcüzəsi ilə müqayisə etmək olar?!

Cəmi üç QURUCULUQ faktı dedim. Lakin Naxçıvan Televiziyasının yeni filmlərinə baxarkən onlarla belə qeyri-adi fakt ruhumu ovsunladı, qəlbimi sevindirdi, bir anın içində min illərin bəxtəvərinə döndərdi məni. Bu filmlər Naxçıvana, bütövlükdə anamız Azərbaycana layiqli xidmət nümunələri, vətəndaşın VƏTƏN QARŞISINDA övladlıq borcunun yerinə yetirilməsinin mükəmməl faktlarıdır. Əsası odur ki, bu filmlərin Heydər Əliyev qüdrətli bütöv ruhunda, Babəklərin, Koroğluların, Əcəmilərin, Bəhruzların, Mirzə Cəlillərin, Cavidlərin, Ordubadilərin heykəlləri ucalan aydın səmasında azadlıq günəşi parlayır, “Əbədi və dönməz müstəqilliyin” möhtəşəm inkişaf addımları görünür.

“Nuhun yurdu Naxçıvan” filminin qeyri-adi teletədqiqat və təqdimat miqyaslarını, çəkiliş obyektinə polifonik, çoxrakurslu yanaşma tərzini, tarixi və çağdaş həqiqətlərin analiz və sintez yoluyla bütöv vəhdətdə verilməsi professionallığını xüsusi vurğulamaq istəyirəm. Filmdə elmi-rasional təfəkkürlü ssenari, mükəmməl mətn, bəzən romantik haşiyələrə çıxsa da tam realist yönlü istedadlı rejissor yanaşması, kadrların həm sərt monumentallığına, həm incə plastikasına nail olan usta operator işi, bütöv film-obrazın mahiyyətini, məzmun və mündəricəsini istiqamətləndirən bitkin səs-musiqi tərtibatı... bütün bu və digər məziyyətlər uğurlu bir ekran əsərinin yaradılması ilə nəticələnib. Haqqında danışdığım bütün bu filmlər Azərbaycanın tarix üzüyündə ən qiymətli daş olan Naxçıvanın dünənli-bu günlü HƏQİQƏT SALNAMƏSİDİR.

Bu cümlələri yaza-yaza Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfərində dediyi tarixi sözləri xatırlayıram: “Bu, mənim son 13 ildə Naxçıvana 13-cü səfərimdir...” 13 ildə 13 səfər ilk növbədə Naxçıvana verilən böyük önəmin, göstərilən diqqət və qayğının nəticəsidir. Ölkə başçısının bu yüksək, davamlı, yaradıcı, praktik diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikası sözün böyük mənasında misilsiz inkişaf, intibah meydanına dönüb, tarixdə analoqu olmayan çox geniş miqyasda həqiqi uğurlar qazanıb, yüz illərin ƏFSANƏLƏRİNİ HƏQİQƏTƏ, ARZULARINI REALLIĞA ÇEVİRİB. Bu, xalqa layiqli xidmətin, Vətənə həqiqi Vətəndaş sevgisinin, ulu öndər Heydər Əliyev ideyalarına sonsuz sədaqətin, fədakar bir dövlətçilik duyğusu, Azərbaycançılıq eşqiylə tarixi strateji hədəflərə doğru inadla, inamla getməyin nəticəsidir. Bu, həqiqi müstəqillik yolunun böyük TÖHFƏSİDİR, qədim tarixin YENİ NAXÇIVAN MÖCÜZƏSİDİR.

 





06.03.2017    çap et  çap et