525.Az

Görkəmli elm və dövlət xadimi


 

Görkəmli elm və dövlət xadimi<b style="color:red"></b>

Melniçenko A.N. SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının ipəkçilik bölməsinin sədri, biologiya elmləri doktoru, professor:

“Azərbaycan ipəkçiliyinin tarixində ilk dəfə tut bitkisinin seleksiyası üzərində planlı və məqsədyönlü iş İ.K.Abdullayev tərəfindən başlanılıb və İ.K.Abdullayevin tut bitkisinin seleksiyası üzrə gördüyü iş ipəkçilik elminə dəyərli töhfə olub”.

Linde V.V.  Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor:

“ Elmi məruzələr göstərdi ki, akademik İ.K.Abdullayev başda olmaqla Azərbaycanın çəkilçi-seleksiyaçıları və genetikləri bu sahədə həddindən artıq qiymətli nəzəri, metodik və praktik  iş aparmışlar. İ.K.Abdullayevi belə bir dəyərli işi kompleks şəkildə apardıqları münasibəti ilə təbrik etmək olar.”

Dubinin N.P.  SSRİ Elmlər Akademiyasının akademiki, Lenin mükafatı laureatı, SSRİ Elnlər Akademiyasının Ümumi genetika İnstitutunun direktoru:

“Müasir işlərin çox böyük axınında İ.K.Abdullayevə məxsus olan tut bitkisinin  ploidiyasına aid klassik tədqiqatlar parlaq surətdə seçilir. İ.K.Abdullayevin elmi əsərləri genetika, tsitogenetika və seleksiyanın vəhdətinin gözəl nümunələrindəndir və bu işi çox yüksək qiymətləndirmək lazımdır”.

Azərbaycanda tutçuluq elminin banisi, görkəmli genetik, seleksiyaçı, morfoloq, sistematik, aqrokimyaçı, pedaqoq,  bacarıqlı təşkilatçı, ictimai və dövlət xadimi, akademik Abdullayev İlyas Kərim oğlunun 100, elmi-pedaqoji və ictimai fəaliyyətinin 80 ili tamam olur.

O, 23 mart 1913-cü ildə Azərbaycanın dilbər guşələrindən biri olan Ağstafa şəhərində dəmiryolçu ailəsində anadan olub. 1921-1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926-1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib və dövrün çox görkəmli maarifçilərindən dərs alıb. Həmin dövrdə texnikuma İtaliyada təhsil almış görkəmli ziyalı Azərbaycan kənd təsərrüfatı institutunun kafedra müdiri, Azərbaycan kənd təsərrüfatı elmləri Akademiyasının həqiqi üzvü Əhməd bəy Cabbar oğlu Rəcəbli rəhbərlik edirdi və gənclərin təhsili və tərbiyəsi ilə əsasən Qori seminariyasının yetirmələri məşğul olurdular. Heç də təsadüfi deyil ki, həmin texnikumun məzunları sonralar çox görkəmli şəxsiyyətlər kimi yetişdilər, xalqa, Vətənə sədaqətli xidmət nümunəsi oldular. İ.K.Abdullayev texnikumu bitirdikdən sonra göndərişlə 1930-1931-ci illərdəVartaşen (indiki Oğuz) kolxozçu gənclər məktəbində müəllim-aqronom işləmişdir. Elmə-təhsilə güclü marağı olan İ.K.Abdullayev 1931-1934-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və eyni zamanda 1932-1934-cü illərdə “İpəkçilik” kafedrasında laborant işləmişdir. O, 1934-cü ildə Z.S.Əfəndiyevin rəhbərliyi altında “Tut ipəkqurdunun monovoltin cinslərinin müqayisəsi” mövzusunda yazdığı diplom işini uğurla müdafiə etmiş, ekstern yolla, fərqlənmə diplomu ilə İnstitutu bitirmiş və ipəkçi alim-aqronom ixtisasına yiyələnmişdir.1934-1938-ci illərdə AKTİ-nin aspirantı olmuş və eyni zamanda ipəkçilik şöbəsində tutçuluq kursundan mühazirələr oxumuşdur. İ.K Abdullayevin böyük istedadını nəzərə alaraq 1934-cü ilin avqust ayında Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi onu eyni zamanda Azərbaycan elmi-tədqiqat ipəkçilik stansiyasına işə göndərmişdir. Beləliklə də o, 1934-1935-ci illərdə Tutçuluq şöbəsində elmi işçi, 1936-1940-cı illərdə isə müdir vəzifəsində işləmişdir. O, qısa zamanda özünü bacarıqlı təşkilatçı kimi göstərmiş və 1941-1942-ci illərdə eyni zamanda Azərbaycan elmi-tədqiqat İpəkçilik Stansiyasının direktoru vəzifəsində çalışmışdır.

İ.K.Abdullayev 1935-ci ildə ilk dəfə Azərbaycan SSR-də tutun seleksiyası və  sortsınağı üzrə elmi tədqiqat işlərini təşkil etmiş və ömrünün sonuna qədər bu işlərə rəhbərlik etmişdir. O, 1936-1940-cı illərdə Azərb.SSR-in əsas ipəkçilik rayonlarına ekspedisiyalar təşkil etmiş, tut bitkisinin meyvəlik və yemlik istiqamətlərdə növ və sort tərkibini öyrənmiş, 400 perspektivli forma seçmiş və ilkin qiymətləndirmədən sonra 115 forma daha perspektivli hesab edilmiş, göz calağı ilə artırılmış və Kirovabadda (indiki Gəncə) ilk tut kolleksiyası yaradılmışdır. Bu kolleksiyaya həmçinin xarici ölkələrdən introduksiya edilmiş 20, o zamankı Sovet respublikalarından gətirilmiş 15 tut sortu və  xalq seleksiyası tərəfindən yaradılmış meyvəlik Şah-tut, Bidanə-tut, Xar-tut, Tehran-tut və s. sortları da daxil edilmişdi.

İ.K.Abdullayev öz əməkdaşları ilə birlikdə tut sortlarının zəngin kolleksiyalarını həmçinin Qusarçay ZTS-də, Abşeron və Qarabağ elmi-eksperimental bazalarında və eləcə də Ağdaş dayaq məntəqəsində yaratmışdı.

Onun rəhbərliyi və iştirakı ilə analitik və sintetik seleksiya metodlarından istifadə etməklə Azərbaycanın ilk seleksiya sortları Zərif-tut, Sıxgöz-tut, Azəri-tut, Firudin-tut, Emin-tut, Yaqub-tut, Zakir-tut, Xanlar-tut, Tozlayan-tut, Rəhim-tut və b. yaradılmış, sınaqdan keçirilmiş və istehsalata yayılmışdır.

İ.K.Abdullayevin yaratdığı tut sortları həmçinin Özbəkistanın, Tacikistanın, Gürcüstanın, Türkmənistanın, Ukraynanın, eləcə də Bolqarıstanın və Rumıniyanın elmi-tədqiqat müəssisələrində və bəzi təsərrüfatlarda becərilirdi. İ.K.Abdullayevin yeni tut sortlarının calaq tingləri və eləcə də onun toxumçuluq üçün hələ 1944-cü ildə məsləhət gördüyü Sıxgöz-tut Zərif-tut hibrid kombinasiyasından alınmış hibrid tinglər Azərbaycanda möhkəm və mədəni yem bazasının yaradılmasını təmin etmiş və kənardan əkin materialı gətirilməmişdir ki, bu da İ.K.Abdullayevin və onun əməkdaşlarının Azərbaycan ipəkçiliyi qarşısında ən böyük xidmətlərindən biri sayılır. Belə ki, XX əsrin sonlarına yaxın Azərbaycanda 25000 hektara yaxın tut plantasiyası və 25 milyondan artıq tək-tək əkilmiş tut ağacları var idi. Belə bir güclü yem bazasına maik olan Azərbaycan respublikası 1991-ci ildə rekord miqdarda, yəni 6000 tona yaxın barama istehsal etmişdir.

İ.K.Abdullayevin xüsusi təşkilatçılıq bacarığı respublikanın rəhbər işçilərinin diqqətindən yayınmamışdır. O, Azərbaycan KPMK-ya işə dəvət  edilmiş və 1942-1943-cü illərdə Azərbaycan K(b)P kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1943-1948-ci illərdə kənd təsərrüfatı şöbəsinin müdiri və MK katibinin müavini vəzifələrində çalışmış və Böyük Vətən müharibəsi illərində arxa cəbhənin işinin təşkili, əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı və evakuasiya (köçürmə), yerləşdirmə, hərbi hospitalların təşkili və s. kimi çox mürəkkəb işlərə bacarıqla rəhbərlik etmişdir. İ.K.Abdullayev 1948-1950-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavini, 1950-1954-cü illərdə Azərbaycan SSR kənd təsərrufatı naziri, 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, 1958-1959-cu illərdə  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1958-1962-ci illərdə isə SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini kimi çox məsul vəzifələrdə işləmiş, həmişə də öz  fitri istedadı və böyük təşkilatçılıq qabiliyyətilə seçilmişdir.

İ.K.Abdullayev hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə alim kimi öz elmi yaradıcılığını davam etdirmişdir. Belə ki, O, 1935-ci ildən etibarən daima tutçuluq üzrə elmi tədqiqat işlərinə rəhbərlik etmiş, elmi məqalələr, tövsiyələr, kitablar, monoqrafiyalar yazmış və dərc etdirmişdir. Belə ki, o hələ 1944-cü ildə  “Azərbaycan SSR-də tutçuluğa dair aqronomiya qaydaları” kitabını həm Azərbaycan, həm də rus dillərində çap etdirmiş və bugün də onlar hər bir tutçu, ipəkçi mütəxəssisin stolüstü kitabıdır.

O, 22 iyun 1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, 1956-cı ildən ömrünün sonuna qədər Genetika və seleksiya İnstitutunun  (indiki Genetik ehtiyatlar institutu)  “Çoxillik bitkilərin genetikası və seleksiyası” şöbəsinə rəhbərlik etmişdir. İ.K.Abdullayev 1957-ci ildə “Azərbaycan SSR-də meyvəçiliyin, üzümçülüyün və tutçuluğun inkişafı haqda” tədbirlərin hazırlanması üzrə Respublika komissiyasının sədri, 1958-ci ildə “Azərbaycan SSR-in Atlası” nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, 1948-1958-ci illərdə SSRİ Baş sərgi komitəsinin üzvü və kənd təsərrüfatı nailiyyətləri sərgisinin Azərbaycan respublika komitəsinin sədri, 1959-cu ildən Genetika və seleksiya institutu elmi şurasının üzvü, 1963-cü ildən Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü və Azərb. SSR EA genetika və seleksiya üzrə problem Şuranın üzvü, 1966-cı ildən Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, N.İ.Vavilov adına Ümumittifaq genetiklər və seleksiyaçılar cəmiyyəti rəyasət heyətinin üzvü, 1967-ci ildən Azərb.SSR EA biologiya elmləri bölməsinin akademik katibinin müavini, biologiya elmləri üzrə birləşmiş şuranın üzvü, 1969-cu ildən Azərb.SSR EA Əlaqələndirmə şurasının üzvü və “Genetika”, “Seleksiya və Toxumçuluq” ixtisası üzrə müdafiə şurasının üzvü, 1970-ci ildən Azərb.SSR EA “Xəbərləri” (biologiya elmləri seriyası) jurnalının redaktor müavini, 1966, 1971, 1976, 1981-ci illərdə Genetiklərin və Seleksiyaçıların I, II, III və IV Ümumittifaq qurultaylarının nümayəndəsi, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin I, II, III və IV qurultaylarının təşkilat komitəsinin sədri, 1967, 1972 və 1977-ci illərdə Azərbaycanda keçirilmiş “Tutun eksperimental poliploidiyası” üzrə Ümumittifaq simpoziumlarının sədri olmuş və Azərbaycanda genetika və seleksiya elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir.

İ.K.Abdullayev elmi nailiyyətlərin təbliğinə də müstəsna əhəmiyyət vermiş və tutun, üzümün, bağ çiyələyinin, qara qarağatın genetikasına, seleksiyasına, aqrotexnikasına, biokimyasına, anatomiyasına, sitologiyasına və s. həsr edilmiş 300-dən artıq elmi əsər (öz əməkdaşları ilə birgə) yazıb dərc etdirmişdir.

İ.K.Abdullayev yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmiş və Azərbaycan elmi qarşısında əvəzsiz xidmətlər göstərmişdir.

Onun elmi rəhbərliyi altında N.A.Cəfərov, A.İ.Musayev, N.H.Bədəlov, N.İ.Mahmudbəyova, M.O.Əliyev, A.S.Mustafayev, F.M.Əhmədov, İ.R.Əsgərov, S.B.Tağıyev, E.A.Lev, S.H.Məhərrəmov, Ə.H.Sadıxov, H.H.Piriyeva, Ş.M.Əhmədova, M.İ.Xasıyeva, S.D.Əsgərova, V.M.Quliyev və b. namizədlik dissertasiyalarını uğurla müdafiə etmişlər, alimlik dərəcəsi almışlar və tutun, üzümün, bağ çiyələyinin, qara qarağatın seleksiyası, genetikası, sitologiyası, anatomiyası, biokimyası, sistematikası, toxumçuluğu və s. sahələrdə görkəmli nailiyyətlər qazanmışlar. O, yüzlərlə namizədlik və doktorluq dissertasiyalarına opponentlik və himayədarlıq etmiş və Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlığına böyük əmək sərf etmişdir. O, Azərbaycan Genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti kimi respublikada genetik tədqiqatların böyük vüsət almasının təşkilatçısı olmuşdur.

İ.K.Abdullayevin Azərbaycan elminə fədakarcasına xidmət etməsi onun əməkdaşlarına və eləcə də övladlarına ən yaxşı nümunə olmuşdur. Belə ki, böyük oğlu Fikrət biologiya elmləri doktoru, kiçik oğlu Hikmət biologiya elmləri namizədi, qızı Məlahət xanım isə kimya elmləri namizədi alimlik dərəcəsi almışlar. Onun nəvələri də ata və babasının yolu ilə getmişlər. Fikrət müəllimin oğlanları Ayaz texniki elmlər doktoru, professor, Kafiz texniki  elmlər namizədi, Kərim isə fizika-riyaziyyat elmləri namizədidir.

İ.K. Abdullayev 30 aprel 1985-ci ildə əbədiyyətə qovuşub, lakin onun işlərini tələbələri uğurla davam etdirirlər.

Əlövsət SADIXOV
AzETİİ-nin aparıcı elmi işçisi,
fəlsəfə doktoru, dosent            

 





24.04.2013    çap et  çap et