525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Şimali Amerikada avropalılar və ABŞ-ın yaranması. Amerikalar müstəmləkə zülmündən azad olurlar   

İngilislər də Şimali Amerikada ilk koloniyalarını yaratmaq istədilər. Lakin bu cəhd uğursuz olsa da, “Bakirə kraliça” I Elizabetin şərəfinə yeni koloniya “bakirə” mənasını verən Virciniya adlandırılmışdı.

1585-ci ildə burada yaşayış məntəqəsi salındı, lakin heç bir il keçməmiş, yüzlərlə sakin İngiltərəyə qayıtdı. 1587-ci ildə ser Uolter Reli Amerikaya ikinci ekspedisiya göndərdi, onlar yeni yaşayış məntəqəsi yaratdılar. Üç il sonrakı ekspedisiya vaxtı həmin 918 sakindən heç kəs tapılmadı. Onların taleyi barədə heç nə məlum deyildir. Onlar aclıqdan və xəstəlikdən, yaxud da hindularla vuruşdan ölə bilərdilər. Məskunlaşmanın ilk cəhdi faciəvi qaydada başa çatdı. Lakin 1607-ci ildə kolonistlər dəstəsi Ceyms çayının mənsəbində yeni məntəqə saldılar. Bu, Virciniyanın ingilis məskunlaşmasının birinci səhifəsini açırdı. Yaşayış məntəqəsi İngiltərə kralı şərəfinə Ceymstaun adlandırıldı. Kolonistlər 1612-ci ildə tütün becərməyə başladılar, bu, Virciniyanın təsərrüfat cəhətdən istifadə edilməsi məsələsini həll etdi. Tütünün becərilməsi çox gəlirli olduğuna görə, monokulturaya çevrilməyə başladı.

Koloniyada işçi qüvvəsinin çatışmamasına görə, Avropadan okeanın o tayına köçmək istəyənlər hesabına bu məsələ müsbət həll olunurdu. Hər bir ingilis şumlanan torpaq payı almaq hüququna malik idi. Əvvəlki dövrdə koloniyadakı həyat çox ağır idi. Bir tərəfdən kolonistlər öz torpaqlarını müdafiə edən hinduların hücumlarına qarşı dayanmalı idilər, digər tərəfdən, onlar xəstəliklərdən, daha çox tsinqa və malyariyadan əziyyət çəkirdilər, aclıqdan ölürdülər.

Amerika qitəsinin şimalını (Kanadanı) isə fransızlar istifadəyə daxil etdilər. Birinci dəfə Jan Kartye (1535-ci il) buranı kəşf etmişdi, koloniyalaşmanı isə Samyuel de Şampleyn başladı, o, 1602-ci ildə Kvebek şəhərinin əsasını qoydu. Sonralar Yeni Dünyadakı ağalıq üstündə ingilislərlə fransızlar arasında bir neçə toqquşma baş verdi. Yeddiillik müharibənin sonunda isə Paris sülhünün şərtlərinə görə, Fransa tamamilə Kanadanı itirdi və ölkə Britaniya imperiyasının bir hissəsinə çevrildi.

1620-ci ilin noyabrında isə İngiltərədən “Meyflauer” gəmisi üç ay ərzindəki üzüşdən sonra Şimali Amerikadakı Kod burnundakı sahilə gəlib çıxdı. İngilis puritan köçkünlərinin 41 ailəsi Amerika torpağına ayaq basdı. Hələ gəminin göyərtəsində olarkən “zəvvar atalar” gələcək koloniyanın, öz dinlərinin sərt prinsiplərinə əsaslanan nizamnaməsini qəbul etdilər.

“Mitflauer” gəmisinin sərnişinləri arasında puritan köçkünləri ilə yanaşı, bir neçə ingilis taciri də var idi,  onlar Saushemptondan 5 sentyabrda yola düşmüşdülər. Pis hava şəraitinə görə, Virciniyadakı ingilis koloniyasına qoşulmaq barədəki ilkin niyyətlərindən imtina etməli olmuşdular. Onlar Kod burnunda sahilə çıxmağı qərara aldılar, buradakı əlverişli hava şəraiti onlara qarşıdan gələn qış dövründə qida ilə təmin olunmağa imkan verirdi.

Öz nizamnamələrinin köçkünlər tərəfindən qəbul edilməsi mühüm hüquqi tədbir idi, çünki onlar ingilis qanunvericiliyinin qüvvədə olduğu ərazidən kənarda idilər. Kolonistlər özlərini ingilis kralı I Ceymsin sədaqətli təbəələri adlandırsalar da, ancaq onlar öz qanunlarına malik olmaq və öz idarəetmə orqanlarını yaratmaq hüququnu özləri üçün saxlayırdılar.

Puritanların mühacirəti anqlikan kilsəsi ilə onların dini ayrı-seçkiliyi ilə əlaqədar idi. Puritanların radikal qanadı - ipndependentlər öz icmalarının müstəqilliyinə nail olmaq istəyirdilər. Puritanların bir hissəsi vətənlərində öz inancları barədə mübarizəni davam etdirir, digərləri isə mühacirət etməyi seçmişdi.

İndiki Nyu-Yorkun ən bahalı rayonu olan Manhettenin 1626-cı ildə Yeni Niderland adlanan holland koloniyasının ilk qubernatoru hindulardan Hadson çayındakı bu adanı 60 quldenə alıb, orada Yeni Amsterdam şəhərini (indiki Nyu-York) saldı. Hollandlar artıq Yeni Dünyanın bu hissəsində məskunlaşmışdılar. Materikdən daha çox müdafiə olunan adaya onların köçməsini hinduların tez-tez baş verən hücumları məcbur etmişdi. Hollandların qəsəbələri ingilislərinkindən fərqlənirdi, ingilislər məbəd ətrafındakı kompakt kəndlərdə məskunlaşırdılar, hollandlar isə bir-birindən aralı olan xutorlarda yaşayırdılar, onlarda isə hindulardan müdafiə olunmaq çətin idi. Həm də Niderland koloniyaları qarışıq milli tərkibdən ibarət idi, burada hollandlardan başqa almanlar, skandinaviyalılar, yəhudilər, ingilis puritanları yaşayırdı. Yeni Niderland koloniyalarında torpaq köçkünlərə özəl mülkiyyət hüququ əsasında məxsus deyildi, Vest-İndia kompaniyasından icarəyə götürülürdü, ona görə də kolonistlər onu özlərininki kimi müdafiə etmirdilər.


Bu hadisədən dörd il sonra isə 1630-cu ildə ingilis puritanları - “Massaçesets - Bey kompaniyasının” kolonistləri Con Vintropun başçılığı altında Massaçusets körfəzinin sahillərində sonralar Boston adlanan yaşayış məntəqəsini saldılar. Bu kompaniyanın başında doğma İngiltərədə kral və kilsə tərəfindən təqib olunan puritanlar dururdu. Puritan köçkünlərinin ilk min nəfəri Şimali Amerikaya elə həmin ili gəlmişdilər. Burada onlar qısa müddət ərzində altı yaşayış məntəqəsi salmışdılar.

İki il sonra Boston Massaçusets koloniyasının baş şəhəri oldu. Qubernator Vintropun rəhbərliyi altında təmsilçilik yığıncağı yarandı, buna seçmək və seçilə bilmək hüququna yalnız puritan icmasının üzvləri malik idi. Puritan olmayanlar Massaçusetsdə heç bir siyasi hüquqa malik deyildilər.

Bu koloniyanın ərazisindəki Kembricdə Yeni İngiltərədəki ən qocaman kollecin əsası qoyuldu. 1639-cu ildən kollec incəsənət bakalavrı Con Harvardın adını daşıyır. O, Amerikaya mühacirət etmiş və bu tədris müəssisəsinə zəngin kitabxana və varidatının yarısını vəsiyyət etmişdi. XIX əsrin birinci rübündə kollec universitetə çevrildi və hazırda ABŞ-ın ən aparıcı universitetlərindən biridir.

1650-ci ildə Şimali Amerikada artıq 50.000 kolonist var idi. Ağ tacirlər hindularla razılaşmağa çalışırdılar. Köçkünlər isə onlardan torpaq almağa can atırdılar. Əvvəllər hindular kolonistlərə tikinti aparmaq üçün öz torpaqlarını həvəslə verirdilər. Lakin onlar anlayanda ki, bu torpaqlar həmişəlik ələ keçirilir, onda münaqişə yaranmağa başladı. Köçkünlər özlərini aldadılmış hesab edib, hinduları yaşadıqları yerlərdən qovmağa başladılar. Ağ kolonistlər hinduları kütləvi şəkildə qırırdılar. 1680-ci ilə yaxın Yeni İngiltərədə yalnız 15.000 hindu var idi. Diri qalanlar Müqəddəs Lavrenti çayı rayonuna köçürüldülər. Oradan onlar ingilis köçkünlərinə hücum edirdilər. Getdikcə hindular torpaqlarını geri qaytarmaq barədə bütün ümidlərini itirdilər.

Avropalıların məskunlaşması hinduların inkişafının təbii gedişini dayandırdı. Çox sayda hindular Şimali Amerikada məhv edildi, qalan tayfalar isə rezervasiyalara köçürüldülər.

Hinduların dünya mədəniyyətinə töhfəsi olduqca böyükdür: dünya xalqları onlardan qarğıdalını, kartofu, günəbaxanı, kakao və digər bitkiləri becərməyi öyrəndilər. Hindular təsviri sənətin, xalq şeir yaradıcılığının gözəl abidələrini yaratmışlar.

Şimali Amerikanın yerli əhalisi əvvəlcə ingilis kolonistlərini dostcasına qarşılayırdılar. Lakin köçkünlər axını gücləndikcə, onlar hinduları doğma yurdlarından rəhmsizliklə sıxışdırıb xüsusi ayrılmış ərazilərə göndərirdilər. Buna cavab olaraq hindular ağların yaşayış məntəqələrinə hücum etməyə başladılar. İngilislər özlərini koloniyalarının tam hüquqlu sahibləri hesab etdiklərindən, hindulara qarşı əsl ov təşkil etdilər. 1637-ci ildə Plimut, Massaçusets və Konnektikut məntəqələrindən olan kolonist dəstələri kütləvi qırğın təşkil edib, yerli hindu tayfalarından birini tamamilə qırdılar.

1643-cü ildə Şimali Amerikadakı ingilis koloniyaları Yeni İngiltərə konfederasiyasında birləşdilər. İspaniya, Fransa və Hollandiya ilə yanaşı, İngiltərə dördüncü dövlət idi ki, Şimali Amerika qitəsində koloniyalarına malik idi.

Yeni İngiltərə konfederasiyasında Plimut, Massaçusets, Konnestikut və Nyu-Heyvn daxil oldu. Plimut İngiltərədən 21 noyabr 1620-ci ildə “Meylauer gəmisində” gələn puritan “zəvvar ataların” yaşayış məntəqəsi idi. Kolonistlər ingilis tacirlərinə borclarını ödədikdən sonra, Plimut muxtariyyət qazanmışdı.

İngiltərə Amerikada koloniyalaşma həyata keçirərkən təkcə ticarət məqsədlərini güdmürdü, həm də çalışırdı ki, öz demoqrafik problemlərini həll etsin. Avropanın digər müstəmləkə əldə etmiş ölkələri isə hər şeydən əvvəl iqtisadi faydanı güdürdü. Belə ki, Müqəddəs Lavrenti çayının üstündəki Monreal yaşayış məntəqəsindən olan fransız tacirləri və missionerləri müasir Kanada ərazisində yaşayan hindu tayfaları ilə intensiv əmtəə mübadiləsi aparırdılar.

1607-ci ildən 1733-cü ilə qədər olan dövrdə Şimali Amerikada 13 ingilis koloniyası meydana gəlmişdi. Bunlar ticarət kompaniyalarının, özəl şəxslərin yaratdığı yaşayış məntəqələri və ya Plimutdakı kimi, dini icmalar idi. Onların arasında ümumilik gücləndikdə, ingilis hakimiyyət orqanlarının sərt nəzarəti bu koloniyaların inkişafını ləngidirdi.

Şimali Amerikada Corc Foks tərəfindən İngiltərədə yaradılmış kvaker dini icmasının üzvləri də məskunlaşmağa başladılar. Bu icma mütləq patsifizm mövqeyindən çıxış edirdi, hətta özünü müdafiə məqsədilə də zorakılığı qətiyyətlə rədd edirdi. Ona görə də onları həm İngiltərədə, həm də Şimali Amerikadakı koloniyalarda təqib edirdilər.

1658-ci ildə Yeni İngiltərə konfederasiyasında birləşmiş koloniyalar kvakerləri öz ərazilərindən çıxarmaq barədə qərar qəbul etdilər. Tabe olmayanları ölüm hökmü gözləyirdi. 1660-cı ildə kvakerlər sektasının nümayəndəsi qadın Meri Dayer camaatın gözü qarşısında edam edildi.

Amerika kolonistlərinin Böyük Britaniyanın onlara qarşı qoyduqları vergi siyasətindən və digər məhdudlaşdırıcı tədbirlərindən narazılığı artırdı. Koloniyalar bu tədbirlərə qarşı açıq etirazlarını bildirməkdən də çəkinmirdilər. İngilis çayının (içmək üçün istifadə edilən quru çayın) Şimali Amerikaya rüsumsuz gətirilməsi xüsusən onları hiddətləndirdi. 1773-cü ilin dekabrında Yeni İngiltərədə Britaniya əleyhinə həyəcanlar öz zenitinə çatdı, bu, yeni vergilərin qoyulması ilə əlaqədar idi. Bu vaxt “Boston çay dəstgahı” deyilən hadisə baş verdi. Boston sakinləri hindu paltarını geyinərək Ost-İndia kompaniyasının üç gəmisinə basqın etdilər və gəmidən 342 yeşik çayı dənizə tökdülər. Beləliklə, onlar çayın rüsumsuz gətirilməsinə etirazlarını bildirdilər. Rüsumsuz çay gətirilməsi barədə qərarı isə koloniya nümayəndələrinin iştirakı olmadan Britaniya parlamenti qəbul etmişdi.

Ost-İndia kompaniyasının mülkiyyətinə qəsd Böyük Britaniyada böyük narazılıq yaratdı. Britaniya hökuməti ziyanın bütünlüklə ödəniləcəyinə qədər Boston limanını bağlanmasını qərara aldı və Yeni İngiltərəyə hərbi gəmilər göndərdi.

Bu tədbirlər Şimali Amerika koloniyalarının ümumi müqavimətinin başlanması üçün siqnal rolunu oynadı.

1775-ci ilin aprelində isə Yeni İngiltərədə müstəqillik uğrunda müharibə başlandı. İngilis kral qoşunları Bostonun ətraflarına nəzarəti ələ keçirmək istəyəndə kolonistlərin silahlı dəstələri ilə döyüşə girdilər. Massaçusetsdəki Leksinqtondakı nizami Britaniya qoşunları ilə amerikan üsyançı dəstələri arasındakı döyüşlə Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə başladı.

Pis silahlanmalarına baxmayaraq, amerikan dəstələri ingilis kral qoşunları üzərində qələbə çala bildi. Sonrakı Konkord döyüşündə ingilislər böyük itki verdilər. Kolonistlər ingilislərin olduğu yeri mühasirəyə alıb, onları Boston şəhəri üzərindəki iki yüksəklikdən hədələməyə başladılar. Britaniya hissələri Banker-hill təpəsini tuta bildilər, lakin kolonistlər onlardan götürdükləri topları işə saldılar. Britaniya hissələri və Bostonun ingilislərə tərəf olan sakinləri geri çəkildilər.

(Ardı var)

 





17.04.2017    çap et  çap et