525.Az

ABŞ-da aprel döyüşləri ilə bağlı məruzə


 

ABŞ-da aprel döyüşləri ilə bağlı məruzə <b style="color:red"></b>

Aprelin 12-dən 15-dək ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının (Western Social Science Association) 59-cu illik konfransı keçirilib.

Tədbirdə əsasən Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı iştirak edib.

Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü Әlibəy Məmmədov təmsil edib. Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 52-ci sessiyasında “Dağlıq Qarabağda dörd günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib.

Ə.Məmmədov bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin öz müqəddəratını həll etmək hüququ var: “Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir. Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən avtonomiya Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”.

Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz qeyd edib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə yaddan çıxartmaq lazım deyil ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmək deməkdir. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”.

Dörd günlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Ə. Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir rəsmi şəkildə sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir: “Atəşkəsin imzalanmasında 22 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməyib. Belə olan halda Azərbaycan həm daxili, həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu. Dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür, ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. Ermənistanın heç də məğlubedilməz orduya sahib olmadığı aşkara çıxdı. 22 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”.

Ə.Məmmədov qeyd edib ki, elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq var: “Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

Qeyd edək ki, bundan əvvəl həmyerlimiz Qərb Sosial Elmləri Assosasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.

Ceyhun ABASOV

 





17.04.2017    çap et  çap et