525.Az

Elməddin Nicatın gecikməsi


 

Elməddin Nicatın gecikməsi<b style="color:red"></b>

Söz sənətinə bu gün dəstə-dəstə saysız-hesabsız imzalar gəlir. Belə tendensiya bütün zamanlarda olmuşdur, indi də var.

Sözsüz, bu imzaların hamısı zaman keçdikcə dövrün ədəbi siması səviyyəsinə yüksələ bilmir. Onların daha çox əksəriyyəti bir müddətdən sonra ya istedad yetərsizliyindənmi, ya da müxtəlif səbəblərdən qələmini qırıb birdəfəlik atır.

Cəmi 40 il yaşamış məşhur rus şairi Aleksandr Blok deyirdi ki, şairin karyerası olmur, taleyi olur. Əslində, təkcə şairin yox, bütün canlıların taleyi olur. Daha çox dini-idealist təsəvvürü ifadə edən tale anlayışı özündə insanın və ya bütöv bir toplumun həyatındakı hadisələrin inkişaf və gedişatının ali qüvvələrin təsiri altında formalaşaraq baş verdiyini daşıyır. Burda məsələnin mistik tərəfini izah eləmək, əlbəttə, çətindir.

Sadəcə qəbul etməliyik ki, biri var, kimsə taleyini nəyəsə uyğunlaşdırır, nəyisə yamsılayır, biri də var ki, kimsə öz taleyinin özündən doğurur. 

Artıq yazımın başlığından sizə məlum olduğu kimi, poetik yaradıcılığından burda söhbət açacağım Elməddin Nicat da taleyinin özündən doğmuş şairdir. Elməddin Nicat sözü-söhbəti, varlığa, insanlığa tükənməz hüsn-təvəccöhü, daşıdığı mənəvi missiyası ilə Kəlbəcər nisgilli Bəhmən Vətənoğlu, Şücaət kimi şairlərin, bəlkə də, ən layiqli davamçılardandır; həmin ruhani ocağın hərarətini, şəhdi-şirəsini özündə yaşadanlardandır.

Elməddin Nicat adını çəkdiyim şairlərlə ona görə bir sırada durur ki, o da bütün şeirlərində mövzusundan asılı olmayaraq, doğulduğu Kəlbəcərə, qaynayıb-qarışdığı el-obaya nisgilli məhəbbətindən danışır. Onun şeirləri böyük, dəhşətli faciənin dərkolumaz ağısıdır sanki. Bu şeirlər bir obanın timsalında böyük bir xalqın təhqir olunmuş ruhunun dərdini özündə yaşatdığından ifadə etibarı ilə yollu-yolaqlıdır, məzmunca məxsusidir, mahiyyətcə daha çox hal əhli üçündür.

Bu köçkün evinin buz dəhlizində,
Yemmi axtarırsız, a boz sərçələr.
Nədən danışırsız öz dilinizdə
Mənə də anladın bir az, sərçələr.

Hər dili bilirsiz qu quşu kimi,
Anladın anlayım dərdimin dilin.
Cik-ciklə ötürsüz su quşu kimi
Çəkdiyim beşdirmi, birdirmi bilim.

Tez uçun, tez uçun başımın üstdən,
Ulduzu sayrışmaz gecə kimiyəm.
Evim yuvanızdan deyil ki isti,
Görmürsüz, üşümüş sərçə kimiyəm.

Qaçmayın, bir ovuc dən atacağam,
Doğma yuvanızda aparıb yeyin.
Deyəsən, bu yaz da yas tutacağam,
Getsəniz yuvama salamlar deyin.   

İnsanın özü ilə doğulan müqəddəs sevgilər vardır. Belə sevgilərdən birincisi olan Vətən sevgisi qarşısıalınmaz ehtiras şəklində özünü hər zaman büruzə verməklə insanın mahiyyətində dayanır. Təsadüfi deməyiblər ki, "vətənə gəldim, imana gəldim".

Vətəni əlindən alınmışlar, əslində, özlərindən qovulmuşlardır, özlərindən qaçırılmışlardır. Özlərindən qaçanları isə ozanlar, dədələr, böyük ruhaniyyatı olan ustadlar hər zaman özünə qaytarıblar. Kökə qayıdışın bu cür gedişatı nəticəyə yönəlmiş bütün ruhani proseslərdə müşahidə olunur. Vətən nisgilli şairlərin paylaşdığı ümumi ruhun özəyi, özəlliyi məhz bundadır. Elməddin Nicat öz çölündən qovulmuşlardan olsa belə, amma son məqsədə elliklə qovuşmaq üçün öz içində qovurulur, daha qovulmur. Çünki şairlərin silahı hər zaman inam olub. Heç kəsin olacağına güman etmədiyinə şairlər dərin inam bəsləyir. Şairi inamından başqa hər şeydən döndərmək mümkündür. Elməddin Nicatın Haqqa tapınan sarsılmaz inamı da hər şeyi üstələyir.

Necə ki Rumi deyirdi: "Eşqdə üzmək ancaq batmaqla başa çatır". 

Bəlkə şeir yazım barıt qoxulu,
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə şəkilli...

Yazımmı cəbhədə şəhidimiz var,
Sabah da mən ollam, "Vətən sağ olsun!"
Məni buraxmır ki sənli duyğular,
İçimi sən adlı çəkən sağ olsun!

Yazımmı can verən əsgər yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən, neçə dəfə qucaqlamışam
Məni hifz eləyən kağız şəklini...

...Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir gələcək içində zəfər.
Məktubu göndərən sənin sevdiyin,
Məktubun gəldiyi ünvan - Kəlbəcər. 

Qaşlarını çatıb "Kim əydi dümdüz dünyanı?" sualı qarşısında düşünən şairin narahat ruhu fani gərdişi anlamaq üçün heç bir başaçılmaz, sonu müəmmalı fəlsəfi təlimlərə də üz tutmur. Əsl şərqli kimi "mənim olsun dərd nə ki var" deyərək çiynini əbədi ağırlığın altına sevə-sevə verir. Bilir ki, xalqının "düzü düz, əyrini əyri" göstərən ruhaniyyat dünyası həm dünyadan, həm də çəkilməli dərdlərdən ucadır, böyükdür.

Saat neçəni göstərir,
Necədir orda axşamlar?
Sənsiz gün ilişib qalır,
Düşmür ki, burda axşamlar.

Bu etibar dərddə ki var,
Mənim olsun dərd nə ki var.
Səndən qalan dərdlər ki var,
Dönür ac qurda axşamlar.

Zaman axır öz kefinə,
Kim ağlaya, kim sevinə.
"Evlilər gedir evinə -
Qəriblər harda axşamlar?!"

Kim əydi dümdüz dünyanı?
İçimə gömdüz dünyanı.
Gəzəsən gündüz dünyanı
Dönəsən yurda axşamlar.

Elməddin Nicatın sevgi şeirləri məzmunca yenidir. Səmimiyyətə bükülmüş misralarında insan psixologiyasının müxtəlif məqamları məharətlə təsvir və ifadə edilir. "İlahi, Səndən incidim..." adlı şeiri bu baxımdan olduqca maraqlıdır. Şeirdə bir-birinə zidd insani münasibətlər elə ustalıqla uzlaşdırılıbdır ki, sonda şair hətta Tanrıdan incik düşür:    

İlahi, bu qızın dilinə baxma,
Ürəyi çox yuxa, nazikdən nazik.
Bu yaşda boynuna dərdləri taxma,
Biləyi görməyib hələ bilərzik.

İlahi, bu qızın dilinə baxma,
Dili deyənləri ürəyi demir.
Yazıqdı bu yolda belə buraxma,
Hələ nə etdiyin özü də bilmir.

İlahi, dilinə baxma bu qızın,
Sirr dolu həyat var, gözlərinə bax.
Nə həddi öyünə ayın, ulduzun
Bu baxış önündə hamı utancaq.

Sən bəxt paylayanda bir az gənc idim,
Utandım hissimi sənə yazmadım.
İlahi, bilirsən, səndən incidim,
Sən nədən bu qızı mənə yazmadın?

Elməddin Nicatın süniliyə tamamilə yad olan şeirlərinin təqdirəlayiq cəhətlərdən biri də odur ki, incə zövqlə seçdiyi bədii təsvir və ifadə vasitələri oxucusunu yormur. Sözlərin el dilinə yaxınlığı, axıcı düzümü, sərrast ifadə tərzi söz oyununa deyil, qarşıya qoyulmuş mövzunun açılmasına xidmət göstərir.  

Yenə ulduzlar bikef,
Bu gecə ay qəribdi.
Ay buludun üstünə
Göz yaşını səribdir.

Yanaşıb bir-birinə
Ulduzlar necə gözəl.
Ayın-günün içində
Sən olan gecə gözəl!

Yuxumun gözü döyük,
Yatmaq havası çatmır.
Sev məni, sevdalanım,
Yanmaq havası çatmır.

Gözün günəş haləsi,
Üzün ay bənizidir.
Susmağın axşamüstü,
Gülüşün dan üzüdür.

Səndən, məndən başlayan
Yol var Allaha qədər.
Başla sevgi nağılı,
Yatma sabaha qədər!

Çoxsaylı maneələrə qarşı laqeyd təmkinliklə, sanki edam yerinə yavaş-yavaş addımlamağa məcbur edilmiş şair həyatın mənhus zərbələrini dəf etmir. O elə təsəvvür yaradır ki, həyatın narahatlığından və xoşagəlməzliyindən hissiyyatsız soyuqqanlılıqla "zövq alır".

Elməddin Nicatın poeziyasında çatışmayan yeganə cəhət şeirlərinin ictimai mahiyyət daşımamasıdır, dar çərçivədən çıxıb mübarizə meydanına atılmağa ərikməsidir. Lakin dərindən inanıram ki, istedadlı şair Elməddin Nicat gələcəkdə şeirlərində özünə yer eləmiş qeyri-müəyyənlik, tərəddüdlük və inamsızlıq pasını təmizləyəcək, ötən on illərini poeziyasında geri qaytarmağa müvəffəq olacaqdır. 

On il tələsdiyin ağlıma gəlsə,
Bir an gecikməzdim səni görməyə.
Belə tələsməklər sənlik deyilsə,
Niyə gecikmirdin məni görməyə?!

Tələsib, gecikib hara çatdıq ki,
Bir ömrün yarısı boşuna keçdi.
Bizi sevindirən bir yaz günüydü
O da ümidlərin qışına keçdi.

Deyirsən gecikdik, nəsə alınmaz,
Araya çəkdiyin bu nə səddi ki?!
Bir dəli sevdayla əl-ələ tutub
Qaçıb keçməliydik bu sərhədi ki!

Gəl daşı, qayanı tök ətəyindən,
Sən mənsiz gedəsi deyilsən, qayıt!
Bizi ayrı salan yol ayrıcına,
On il mən gələcəm, on il sən qayıt!

 





08.06.2017    çap et  çap et