525.Az

Rus şairlərindən yeni tərcümələr - Xalq yazıçısı Anarın təqdimatında


 

"Səhər-səhər" rubrikasında

Rus şairlərindən yeni tərcümələr - <b style="color:red">Xalq yazıçısı Anarın təqdimatında</b>

Fyodor TÜTÇEV

SÜKUT

Sus, gizlən və gizlət duyğularını
Səni anlayacaq insanlar hanı?
Arzun, istəklərin qalsın qəlbində
Gizlə hisslərini, gizlət dərində.

Görürsən necə də səssiz durublar
Gecələr göylərdə susan ulduzlar?
Onları səssizcə seyr edib düşün
Bu sirli sükutda nələr, nələr var...

Könül sirlərini kimə deyəsən,
Biri olacaqmı səni anlayan?
Bəs məgər bunları bilmirsənmi sən
Hər söylənən fikir yalandır yalan?

Özün öz içində yaşamalısan,
Sənin öz içində vardır bir aləm.
Hay-küyü eyninə almamılasan,
Bu hay-küy kənardan gələcək hər dəm.

Sirli, möcüzəli düşüncələrlə
Qəlbini dinləyib fikirlərə dal.
Qəlbində səslənən mahnını dinlə,
özünsə ol lal!

SON SEVGİ

Ömrün son illərində
daha incə sevirik,
çox həssas oluruq biz.
Əlvida ey son işıq,
Əlvida son sevgimiz.

Göy üzünü tutubdur
yenə qara kölgələr.
Yalnız qürub tərəfdən
azacıq işıq gələr.

Yuban ey qürub çağı,
Nə olar bir az yuban.
Uzandıqca uzansın,
Bu son sevgi,bu son an.

Qan  zəif axsa da, artıq damarda
Qəlbdə azalmayır eşqin həvəsi.
Ömrün qış çağında qızdırır bizi
Ümidsiz son eşqin isti nəfəsi.

Sergey YESENİN

ANAMA MƏKTUB

Qoca qarım mənim sağ-salamatsan? -
Mən də salamatam, salamlar olsun.
Komanın üstündən axşam çağları
Süzülən o işıq daim var olsun.

Mənə yazırlar ki, təlaş içində
Yenə darıxırsan mənim üçün sən.
Nimdaş paltarında  çıxıb yollara
Mənim  gəlməyimi çox  gözləyirsən.

Axşamın toranlıq saatlarında
Nigaran qalırsan, hey düşünürsən.
Guya sərxoşların kef  məclisində
Fin bıçağı saplanıb düz ürəyimdən.

Heç narahat olma,bu bir xəyaldır
Axı mən belə də əyyaş deyiləm.
Səni görməyincə dünyadan köçəm,
Səni görməyincə yıxılıb öləm.

Bizim ağ baxçamız açanda çiçək,
Dönəcəm ilk bahar günlərində mən.
Sübh çağı səkkiz il bundan əvvəl tək,
Amma daha məni oyatma erkən.

Ötüb keçənləri oyatma daha,
Keçənlər də keçdi, olanlar oldu.
Çox gənc yaşlarımda ömrümə mənim
İtkilər bir də ki, yorğunluq doldu.

Dua etməyi də öyrətmə daha
İstəmirəm  bir də keçmişə dönüm.
Bir sənsən dünyada təsəllim mənim
Bir sənsən həyatda arxam, köməyim.

Nimdaş paltarınla yollara çıxıb
Gözün yol çəkməsin mənimçün, ana.
Unut təlaşları,nigaranlığı
Yollar ayrıcında uzağa baxıb.

 





12.06.2017    çap et  çap et