525.Az

Nabokovun “Rus ədəbiyyatından müharizələr”i Azərbaycan dilində


 

Nabokovun “Rus ədəbiyyatından müharizələr”i Azərbaycan dilində<b style="color:red"></b>

İyunun 14-də Gənc Tamaşaçılar Teatrının binası qarşısında keçirilən mərasimdə məşhur rus yazıçısı Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabı Azərbaycan ədəbi ictimaiyyətinə təqdim olunub.

Tanınmış şair və ədəbiyyatşünas Qismət Rüstəmovun Azərbaycan dilinə çevirdiyi kitabın təqdimatına ədəbi mühitin tanınmış nümayəndələri qatılıblar.

Tədbiri giriş sözü ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu açaraq Nabokovun yaradıcılığından, roman janrına gətirdiyi yeniliklərdən danışıb. “...Mühazirələr” kitabının tərcüməsinin Azərbaycan ədəbiyyatına qiymətli töhfə olmasından söz açan S.Babullaoğlu deyib: “Hesab edirəm, bu kitab ən azı bir neçə nəfərə ədəbiyyatı necə oxumaq, necə təhlil etmək lazım gəldiyini öyrədə biləcəksə, demək, Qismətin ümidləri doğrulacaq. O, çox mürəkkəb, ağır bir işin altına girib və bunun öhdəsindən layiqincə gəlib. Buna görə onu ürəkdən alqışlayıram”.

Daha sonra söz alan tənqidçi Cavanşir Yusifli kitab münasibətilə həm Qisməti, həm də oxucuları təbrik edərək, Nabokov yaradıcılığı barədə fikirlərini bölüşüb: “Nabokov o müəlliflərdəndir ki, müxtəlif ədəbi hadisələrə son dərəcə orijinal münasibəti ilə seçilir. Onun təhlilləri tamam fərqlidir. Bir tərəfdən burada son dərəcə dəqiqlik, böyük təfərrüatlar var. Amma digər tərəfdən, mərkəzdə, təhlilin əsasında, nüvəsində onun öz münasibəti durur. Nabokovun bu kitabda toplanan mühazirələrində həmin cəhətlər özünü aydın göstərir”.

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli belə sanballı nəşrin sanballı bir ədəbiyyat bilicisinin tərcüməsində işıq üzü görməsini yüksək qiymətləndirib: “Qismətlə söhbətlərimizdən bilirəm ki, kitabın tərcüməsi və nəşrində ciddi çətinliklərlə üzləşib. Ancaq yaxşı ki, bütün bunlar artıq  arxada qalıb, nəhayət, bu dəyərli kitab işıq üzü görüb. Çox sevindiricidir ki, Nabokovun rus ədəbiyyatının böyük simalarına, onların yaradıcılığına aid hərtərəfli təhlilləri məhz Qismətin tərcüməsində Azərbaycan oxucusuna təqdim edilir”.

Kitabın redaktoru Tahir Kazımlı mərasimdəki çox qısa çıxışında belə bir vacib  əsərin ana dilimizdə nəşrinə çox sevindiyini bildirib.

Cavid QƏDİR

 





17.06.2017    çap et  çap et