525.Az

Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm səhnə təcəssümü - Fotolar


 

RƏFAİL OĞUZTÜRK DAĞLININ “NARGİN FACİƏSİ” ƏSƏRİ BAKI BƏLƏDİYYƏ TEATRINDA TURAL BAXIŞIN REJİSSORLUĞU İLƏ TAMAŞAYA QOYULUB

Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm səhnə təcəssümü - <b style="color:red">Fotolar</b>

Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq;
Sönmədən yurdumun üstündə tütən ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq!

Böyük türk şairi Mehmet Akif Ersoyun, kimliyindən asılı olmadan, hər bir türkün damarlarında qanını coşdurub ürəyinə tökülən bu misraları dünən Bakı Bələdiyyə Teatrının səhnəsindən bütün dünyaya meydan oxurcasına səsləndi. İyirmi beş illik həyatımda neçə yüzüncü dəfə eşitdiyimi bilmədiyim “İstiqlal marşı” aktyor Tural Əhmədin ifasında elə hərarətlə oxunurdu ki, sanki həmin an bütün dünya sükuta qərq olub məhz bu ifanı dinləyirdi. O dəqiqələrdə dünyanın ən uca zirvəsi yerdən cəmi bir metr hündürlükdə olan həmin səhnə idi. Tamaşaçıların coşğun və davamlı alqışları isə türkün qarşısında qorxuya düşmüş yağının ürək döyüntülərini xatırladırdı...

Söhbət Bakı Bələdiyyə Teatrında yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında Tural Baxışın rejissorluğu ilə hazırlanmış eyniadlı tamaşadan gedir. Hələ tarixdən, tarix kitablarından az-çox məlumatımız olan “Sarıqamış” rus-türk savaşı və həmin savaşda əsir düşən yaralı türk əsgərlərinin Nargin adasındakı əsir düşərgəsində acınacaqlı həyatı bu tamaşada daha qabarıq şəkildə öz əksini tapmışdı. Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Amaliya Pənahova ilə söhbətimizdə məlum olur ki, tamaşadakı adların heç biri dəyişdirilməyib, həmin insanlar həqiqətən də tarixdə yaşamış, o savaşlarda iştirak etmiş qəhrəmanlardır.

Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən “türkün türkdən başqa dostu yoxdur”, “bir millət - iki dövlət” kəlamlarının mahiyyətini əvvəllər o qədər də dərindən dərk etmirdim, verilən izahatlar da yetərli olmurdu. Düşünürdüm ki, bu cümlələrdəki həyəcan, enerji o qədər güclüdür, onları sözlə tam ifadə etmək olmaz. Bu, nədirsə, onu yaşamaq, hiss etmək lazım idi. Böyüdükcə yaşadıqlarım, gördüklərim, öyrəndiklərim sayəsində bu qardaşlığın müqəddəsliyini daha yaxşı dərk etməyə, türklüyü beynimdə, şüurumda deyil, damarlarımda, ürəyimin ən dərin qatlarında hiss etməyə başladım. Ona görə də bu tamaşada Nargin adasında əsir türk qardaşlarının azadlığı üçün özünü fəda edən Dağlı Ələsgər Məmmədovu, Əjdər Aşurbəyovu, Sona Hacıyevanı çox gözəl başa düşürdüm.

Tamaşa sözügedən döyüş haqqında video-çarxla başladı. Videoda həmin döyüşün dəhşəti, qurbanların çarəsizliyi ən ağır şəkildə öz əksini tapmışdı. Artıq insan bu görüntülərlə söhbətin nədən getdiyini anlayır və 1914-1915-ci illərin dekabr-yanvar sazağını iyunun 20-si günü bürkülü teatr zalında iliklərinə qədər hiss edir. Daha sonra səhnəyə adlarını çəkdiyim fədakar soydaşlarımız çıxır. Onların söhbətlərindən anlayırıq ki, “Sarıqamış” döyüşündə yaralanaraq düşmənə əsir düşmüş türk qardaşlarımız Nargin adasında rusların və ermənilərin nəzarəti altında çox ağır şəraitdə saxlanılır. Təbii ki, Bakının yerli əhalisi bu qədər böyük bir fəlakətə göz yuma bilməzdi. Dini bir, dili bir qardaşlarının soyubilinməz erməni dığalarının əsarəti altında zülüm görməsi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin başçılıq etdiyi “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin üzvləri Ələsgər bəyi, Əjdər bəyi, Sona xanımı və onlarla bərabər digər yurddaşlarımızı da narahat edir, ağrıdır. Nə olursa olsun, əsirlərin heç olmasa, bir hissəsinin azadlığı uğrunda mübarizə başlayır.

Hər həftə əsirlərə ərzaq, paltar kimi yardımlar aparan Sona xanım dostları və düşərgənin komendantı rus ordusunun zabiti polkovnik Poltaratskinin də yardımı ilə 8 nəfər əsiri qaçırmağa nail olur. Daha sonra yüzə yaxın türk əsgəri bu yolla əsirlikdən xilas olur. Rus ordusunun zabitləri Qusakov, Rudenko, erməni Akopovun cəhdləri heç bir işə yaramır. Bu işdə günahkar bilinərək iki dostu ilə birgə həbsə alınan Ələsgər bəy heç bir şey demir, nəticədə əlində onları günahlandırmağa sübut olmayan rus zabitləri tərəfindən gizlicə öldürülür. Ancaq bu, hər şeyin sonu deyil. Onun silahdaşları bu mübarizədən dönmür. Nəhayət, böyük bir amal uğrunda çarpışan və elə həmin amal uğrunda da həyatını itirib şəhidlik zirvəsinə ucalan bu mərd insanın arzusu həyata keçir. Türk ordusu qələbə qazanır! İnsanı lərzəyə salan fakt isə budur ki, bakılıların əsirlikdən qaçırıb İstanbula göndərdikləri həmin əsgər və zabitlər üç il sonra 1918-ci ilin sentyabrında Bakını ruslardan xilas etmək üçün Nuri Paşanın ordusunda geri qayıdırlar!

Bax, budur tarix! Budur qələbə! Budur qardaşlıq!

Ən sonda türk yüzbaşı Fərqat Tursun rolunu canlandıran aktyor Tural Əhmədin ifasında “İstiqlal marşı”, Türkiyə və Azərbaycan bayraqlarının dalğalandırılması bu birliyə həsəd aparan, hər zaman bunu sarsıtmağa çalışan mənfur düşmənlərin gözlərinə sancılmış ox idi.

Tamaşa boyunca bir neçə dəfə aktyorların sözlərini eşitməz edən, sonda isə bütün zalın ayaq üstə gurultulu alqışları tamaşanın oxu doğru hədəfə yönəltdiyinin göstəricisi idi.

Əsər həm də uğurlu aktyor işi kimi yadda qaldı. Tərkibi əsasən gənclərdən ibarət olan aktyor heyəti tamaşaya tam mənası ilə hazırlıqlı idilər, əsərin mahiyyətini və məğzini hiss etmişdilər. Sona Hacıyeva rolunun ifaçısı aktrisa Zülfiyyə Qurbanova ilə söhbətimizdən aydın olur ki, artıq üç aya yaxın bir məşq prossesindən sonra ərsəyə gəlmiş tamaşanın ən çətin və məsuliyyətli tərəfi tarixi olduğu kimi, tarixi şəxsiyyətləri də öz adları ilə əks etdirməsidir. Quruluşçu rejissor Tural Baxışın əsərdən əlavə həmin dövrün tarixini də dərindən araşdırdığı, öyrəndiyi tamaşadan bəlli idi. Rejissorun özünün, aktyorların sözləri də bu fikrimizi təsdiqlədi.

Əfqan Soltanov, Namiq Cavadov, İsmayıl Atakişiyev, Toğrul Rza, Tural Əhməd, Zülfiyyə Qurbanova kimi aktyorların bu tamaşada yer alması həm teatrın direktoru A.Pənahovanın, həm də rejissor T.Baxışın əsərə yanaşmadakı ciddiyyətindən xəbər verirdi. Doğrudur, bəzi məqamlarda aktyorların hisslərin, emosiyaların təsiri ilə gərəksiz pafoslara yer verdiyi də olurdu. Ancaq bu pafoslar insanı yormur, səhnədən ayırmırdı. Artıq ilk dəqiqələrdən onlarla birgə fəlakət yuvası Nargin adasının məngənəsində həbs olmuş tamaşaçı bu pafosu, xırda yanlışları görmür, ya da təbii qarşılayır.

Xalq artisti Amaliya Pənahova bu tamaşanın Türkiyə-Azərbaycan dostuluğunun tarixi köklərinə işıq saldığını dedi: "Bu tamaşada məqsədimiz türkün birliyini göstərmək, ziyalılarımızın adı ilə bağlı olan tarixi günlərimizə öz töhfəmizi vermək və tarixi şəxsiyyətlərimizi unudulmağa qoymamaqdır. Keçən əsrin əvvəllərində yaşamış xeyriyyəçilərimiz, ziyalılarımız, qəhrəman oğullarımız bu türk qardaşlığının məhv olmaması, unudulmaması üçün böyük mübarizələr aparıblar. Onları xatırlamamaq ən azından hamımız üçün günah, utanc olardı. Bu il 25 illiyini qeyd edən Bakı Bələdiyyə Teatrı həm də "döyüşən teatr" adlanır. Biz hər zaman öz repertuarımızda vətənpərvərlik ruhlu tamaşalara yer veririk, vaxtaşırı cəbhə bölgəsindəki qəhrəman əsgərlərimizlə görüşlər təşkil edirik, çalışırıq torpağımızın azadlığı uğrunda düşmənlə üz-üzə dayanan igidlərimizə tək olmaqdılarını hiss etdirək, sözümüzlə, dualarımızla dəstək olaq. Tarix boyu iki türk dövləti arasına nifaq salmağa çalışanlar, bu birliyə xələl gətirməyə cəhd edənlər çox olub. Ancaq bu, onlarda heç zaman alınmayıb. Çünki hər birimiz öz sahəmizdə bu dostluğu təbliğ edirik, edəcəyik də".

Burada öyrəndik ki, əsərin baş qəhrəmanlarından biri, sonda mərdliklə şəhid olan Ələsgər Məmmədovun nəvəsi, nəticəsi də tamaşaçılar arasında imiş. Ancaq onlar babalarının adına layiq təvazökarlıqla hər kəs kimi səssizcə tamaşanı seyr etməyi seçdilər, kim olduqlarını, bu əsərin onlar üçün mahiyyətini kimsəyə bildirmədən...

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın xanımı Meltem Özoral da tamaşaçılar arasında idi. Əsər bitdikdən sonra kulisdə aktyorlarla, yaradıcı heyətlə görüşən Meltem xanımın heyrəti, sevinci sözlərindən əvvəl gözlərində, çöhrəsində əks olunmuşdu. "Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanında olub" - deyən M.Özoral belə bir tarixi faktları unudulmağa qoymadıqları üçün, başda A.Pənahova olmaqla, hər kəsə öz təşəkkürünü bildirdi, qeyd etdi ki, bu tamaşa yalnız Azərbaycanda deyil, Türkiyədə də göstərilməlidir. Bunun üçün lazım olan şəraiti yaradacaqlarına da söz verdi.

Bugünlərdə iki ölkənin dostluğundan, qardaşlığından harda söz açılırsa, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, şair və alim İrfan Çiftçinin orada özünəməxsus yeri və rolu olur. Vaxt tapıb İrfan Çiftçi ilə də tamaşa haqqında söhbət etdik: "Bu əsərin müəllifi Rafael bəy özü də bir əsgər olaraq Qarabağ müharibəsi veteranıdır. Hətta iki il Türkiyədə də hərbi xidmət keçib. Bu əsərlə bağlı hazırlıqlar gedərkən elə gözlənilməz hadisələr olurdu ki, insanı duyğulandırırdı. İşlərin daha asan başa gəlməsi, qarşımıza çıxan çətinliklərin rahatlıqla həll olması məndə o fikri yaradırdı ki, bəlkə də bu tamaşanın həyata keçməsi üçün həmin şəhidlərimizin ruhu bizə kömək edir. Nargin hadisələri ortaq tariximizdəki ən böyük faciələrdəndir, insanlıq dramıdır. Bu faciəni törədənlərin, gec də olsa, bütün insanlıqdan üzr istəməsi lazımdır. Yüz il keçməsinə baxmayaraq, belə bir tarixin yenidən bir sənət əsəri kimi gündəmə gətirilməsi çox önəmli hadisədir".

Artıq tamaşa bitmiş, hər kəs zalı tərk etmişdi. Mənimsə gözlərim önündə hələ də bir əsgərin əlində iki türk bayrağı dalğalanır, dalğalandıqca toxunan ucları ilə ən çətin zamanlarda belə bir-birinin əlini buraxmayan qardaşları xatırladırdı.

Şahanə MÜŞFİQ

 





21.06.2017    çap et  çap et