525.Az

Tofiq Nurəlinin şeirləri


 

Tofiq Nurəlinin <b style="color:red">şeirləri </b>

Anlamaq

Sanki vaxtın altından qazıyıb çıxarıblar,
Uçuq qəbirdən çıxan sınıq kəllə kimidi...
Durub qarın içində son tufanı gözəyir-
Nə təsəlli istəyir, nə də var bir ümidi,
Elə bil bu ağacın heç baharı olmayıb.

Bilir, bir də alnına bahar yazılan deyil...
Min günəşin içinə atsan qızınan deyil..,
Fələk çıxara bilməz canındakı soyuğu
Heç nə doldura bilməz içindəki oyuğu
Elə bil bu ağacın heç baharı olmayıb.

Həyat necə vurubsa sanki düz sinəsindən
Dünyalar köçüb gedib onun dörd dövrəsindən..,
Tükü də tərpənmir heç qarğaların səsindən
Budaqların yerində quru çubuq, çır-çırpı,
Dövran onu bərk əzib, zaman onu bərk çırpıb
Elə bil bu ağacın heç baharı olmayıb.

Nə çinar bacısından, nə palıd qardaşından
Bir xatirə də yoxdu zalımın yaddaşında,
Sanki dünya məzardı: öz əliylə dəfn edib-
Çarəsiz və tək tənha durub məzar başında ...
Elə bil bu ağacın heç baharı olmayıb.

Mən ona çox astadan “sən tək deyilsən” dedim,
“baharın çox olacaq, bir az əyilsən” dedim...
Zəhimli bir sükutla elə gəldi üstümə -
Yaxşısıdı budu, burdan astaca çıxım gedim...
Anladım ki, anlayıb dünyasının get-gəlini...
...Bir əkinçi bir payız burda kəsdi kəlini...
 Anlayıb baharın da min-bir minnəti vardır,
Hər minnəti çəkməyin min-bir zilləti vardır...
Odunçunun əlində baltadan da çəkinmir,
Dörd canını bürümüş xatadan da çəkinmir,
Bu məğlub məğrurluğu günahmı təmizləyir?
Durub qarın içində son tufanı gözləyir...
Elə bil bu ağacın heç baharı olmayıb.

Durub qarın içində son tufanı gözləyir..,
Bəlkə son da deyir heç, sondan sonrasıdı bu..,
Qəlbimdə həyəcanlar dartışır bir-biriylə:
Nələr dünyasıdı bu,
   Nələr dünyasıdı bu?..

Gecikmək və ya nəsillər qatarı

Bizim biletimiz o qataraymış,
Boş getdi yerimiz..,
Xoş getdi yerimiz-
            bilmirəm
Mən gördüm o qatar  
elə bil həvəssiz-
              lap yavaş getdi,
Tamburda beş-altı sərxoş getdi..,
Bizim biletimiz o qataraymış-
Bu gələn qatardan gözlərini çək,
Bu qatar bizləri götürən deyil,
Bizim biletimiz yanıb, əzizim...
Çırpıb yumruğumu vaxtın üstünə 
elə boş-boşuna əlimi əzim?!
Bizim biletimiz o qataraymış..,
Bizim biletimiz yanıb əzizim!..
Bir az az, bir az çox..,
             nə fərqi axı,
onsuz da çatmadıq
            getdi o qatar ...
İndiki qatarsa tanımır bizi,
Bizə bu qatara bilet verməzlər...
İndi kimin üstə ataq günahı ?!
İndi adım kimi bilirəm əzbər
Bizim biletimiz o qataraymış...

Böyük bir zamanı verdik küləyə-
qatarı, vaqonu düz tanımadıq...
Bizi kim aldatdı, heç bilirsənmi?!
Bilməyin özü də çox gecdi artıq ,
Bizim biletimiz o qataraymış ...

Lap elə birtəhər minək bu dəfə-
Hərə bir tərəfdən lağ eyləyəcək...
Axı hər qatarın öz sərxoşu var..,
Gördün ki biri lap ağ eyləyəcək-
Götürüb qatardan atacaq bizi...
Bir yaxşı fikirləş indi əzizim...
Bizim biletimiz o qataraymış,
Bizim biletimiz yanıb əzizim...

Bu gedən qatarlar bir üzə gedir..,
Qayıdan deyildir bizim də qatar...
...Boş qalan yerlərə baxıb gizlicə
Bir az xoflanır da qatardakılar:
-bəlkə qabaqkına minib gediblər,
Bəlkə hər qatarda onlara yer var?!!

Tost axtarışı

Payızın ən acı küləklərində
Düşmək istəməyən, ey sarı yarpaq
Sənin sağlığına içirəm bunu...
Atamın, anamın yatdığı torpaq
Sənin sağlığına içirəm bunu...

Ey ölmüş məhəbbət, itmiş səadət
Sənin sağlığına...
  Bəlkə içməyim?...
Ölənin, itənin sağlığı varmı?
Bəlkə arzuların?..
- onlar da ölüb..
Bəlkə ümidlərin?..
- sağ deyil axı...
Eləcə lal-dinməz içmək olarmı?!
Çiynimə yazılmaz onun günahı?!
Kimin sağlığına içəsən indi?
Kimin sağlığına?
  Eh, kimin, kimin?
İçmək istəyirəm,
  Sağlıqsa yoxdu...
...Soyuqdu,
əzizim,
  ...yaman soyuqdu...
İçmək istəyəsən, sağlıq olmaya -
Müsibətə bax!
...Sənin sağlığına,
  ...ey sarı yarpaq!..
...sənin sağlığına, ey qara torpaq!..
       
Söz qapısı

Gedim eee,
  gedim..,
Gedim o çaylarla qoşa axmağa-
çırpına-çırpına
 dərələr boyu
par-par parlamağa
 ay işığında..,
oxumağa gedim-
 zildən ya pəsdən...
Mən dəqiq bilirəm,
 hələ bu səsdən 
olmayıb,
 olmayıb bu yer üzündə...
O ay işığında,
parlayan çayda,
ulduzların oxuduğu yerdə,
qəbristan yolunda,
qaya yanında-
bu gecənin canında
     bir qapı var!
Tapıb o qapını döyməyə gedim...
O qapını hər göz görməz!!
   O söz qapısıdı!
Tapıb döysəm söz qapısın
Tanrı çıxar qabağıma!..
Sonra mənə ölüm yoxdu.
...Düşüb yolların ağına
gedim eee,
   gedim...
 
Baba dağı

Tahir müəllimə məktub     

Ay müəllim, Baba dağı necədi?
Kəllər gədiklərdən aşırmı görən?
Gecələr dünyanı leysan döyəndə
Sellər dərələrdən daşırmı görən?

Qayasında çox laçınlar qovmuşam,
Yuvasından göyərçinlər qovmuşam,
Qırt oturan bildirçinlər qovmuşam-
Biri günahımdan keçirmi görən?

İlk sözümü şimşəklərə yazmışdım-
Heç bilmirəm neçə kərə yazmışdım...
Sinfimizdə bəxtəvərə yazmışdım..,
O ağı qaradan seçirmi görən?

Leysanından tutub göyə çıxardım-
Leysan məni döyə-döyə çıxardım...
Heç bilmirəm göyə niyə çıxardım-
Leysanlar bu sirri açarmı görən?

Sevdiklərim köçdü getdi dünyadan,
Mənə bir eşq borclu getdi dünyadan...
Bu üzüboz,qovdu-qaçdı dünyadan
İlk eşqin gözü su içirmi görən?

Mən də gəlib enişlərə çatmışam-
İlkinliyə dönüşlərə çatmışam...
Dağ qartalı,mən bilmirəm,qardaşım..,
Dağlardan-dağlara köçürmü görən?

Ay müəllim, Baba dağı necədi?!
Zirvələrin ay çırağı necədi?!
Qarşısında günahlarım neçədi -
Pirim günahları ölçürmü görən?!

Əkizlər

Hava  yaman kədərlidi:
qaş-qabaqlı
bir az yorğun,
göylər də ki huşa gedib,
yağış elə dərdli yağır
sanki ömrü puça gedib...
Bir qocayla bir uşaq baxır gülümsəyərək...
Mənaları ayrıdı bu sısqa gülüşlərin...
Görürəm ikisinin də yoxdu qabaq dişləri...
Qocanın dodaqları tərpənir seyrək-seyrək...
Bir qocayla bir uşaq baxır gülümsəyərək..,
mənə elə gəlir ki bu gülüşlər yersizdi...
boğuq ildırım səsi düşür tutqun göylərə...
Aman Allah, əkizdi...
bu qocayla bu uşaq bu yağışla əkizdi.

 





01.07.2017    çap et  çap et