525.Az

“Gənclərimizin çoxu yaradıcılığa ciddi meyil göstərmir” - Fotolar


 

ŞİMALİ KİPR YAZIÇISI KAMAL BEHCET CAYMAZ: “BİZDƏ FANTASTİK ƏDƏBİYYATIN ÇATIŞMADIĞINI HİSS ETDİYİM ÜÇÜN DAVAMLI BELƏ ƏSƏRLƏR YAZMAĞA BAŞLADIM”

“Gənclərimizin çoxu yaradıcılığa ciddi meyil göstərmir” - <b style="color:red">Fotolar </b>

Dörd gün... Bir çoxumuzun adi həyatında necə gəlib necə getdiyini anlamadığımız dörd günə bəzən elə xatirələr, elə hisslər, duyğular sığışar ki, həftələrlə yazıb, aylarla hiss edib, illərlə düşünərsən, yenə də bitirə bilməzsən. Deyəsən, bizim İstanbulda keçirdiyimiz o günlər də elə həmin “dörd günlər”dəndir, xatırla bitmir, düşün bitmir, yaz bitmir...

Bu dəfə “Türk dünyası gənc yazarlar görüşü”ndə tanış olduğum gənc yazıçıdan - Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən Kamal Behcet Caymazdan söz açacağam. Gülərüz, mehriban, əyləncəli bir gənc kimi yaddaşımda iz qoyan Kamal nasirdir, özünün dili ilə desək, Kiprdə ilk fantastic roman janrının yaradıcısıdır. Kamal nasir olduğu üçün onunla fərqli qruplarda idik və demək olar ki, səfərimizin 3-cü gününə qədər bir-birimizin fərqinə də varmamışdıq. Onu ilk dəfə avtobusda dostum Müşfiqlə mənə müraciətlə dediyi “bəlkə tanış olaq? Mən Kamal, Kiprdən” sözləri ilə tanıdım. Sonra dostları “hamımız roman yazırıq, ancaq Kamalın kitabı çap olunub deyə bizi saymır” kimi zarafat etdilər. Dodaqlarındakı təbəssüm çəkilməsə də, üzü bir andaca qıpqırmızı olmuşdu. “Məni azərbaycanlılara yaxşı tanıtdınız” - deyib giley də etdi. Sonradan onunla söhbətimiz alındı və onun romanı, çağdaş Kipr ədəbiyyatındakı problemlər, gənclərin ədəbi mühitdəki rolu, gənc yazarların İstanbul görüşü və başqa bu kimi məsələlər haqqında danışdıq:

- Azərbaycanlı oxucuların da səni daha yaxından tanıması üçün bir az özün haqqında məlumat verərdin...

- Mən - Kamal Behcet Caymaz 1989-cu ildə Kipirin Girnə şəhərində doğulmuşam. Orta məktəbi Girnə Amerika kollecində bitirdikdən sonra, rəssamlığa olan marağıma görə Lefkoşa Anadolu İncəsənət liseyinin rəssamlıq bölümünə daxil oldum. Yazmağa da elə o illərdə başladım. Məktəb dərgisi üçün hekayələr yazırdım. 2007-ci ildə Yaxın Doğu Universitetinin Gözəl Sənətlər fakültəsinin Plastik sənətlər bölümünə daxil oldum. Universitet illərimdə “Safir” silsilə romanımın ilk kitabını yazmağa başladım. 2011-ci ildə məzun olarkən artıq ilk kitab olan “Müjdələnən zaman”ı, demək olar ki, bitirmişdim. 2013-cü ildə İstanbula köçdüm və Memar Sinan İncəsənət Universitetində Rəssamlıq üzrə magistratura təhsilimə başladım. Bir yandan rəsimlər çəkib diplom işimi hazırlayarkən, digər tərəfdən də “Safir” silsiləsini yazmağa davam edirdim. 2015-ci ildə 3 kitabı da yazıb bitirdim. 2016-cı ildə Birinci kitab “Müjdələnən zaman” işıq üzü gördü. Keçən mart ayında müdafiəmi edib məzun oldum və Kiprə qayıtdım. Hazırda həm rəssamlığımı davam etdirirəm, həm də “Safir” seriyasından yeni romanlar yazmağa davam edirəm.

- Kipr ədəbiyyatındakı hazırkı vəziyyət necədir? Yazarlar Birliyi və ya yazarları bir yerə toplayan qurum varmı?

- Çox dəyərli kiprli usta yazarlarımız, şairlərimiz var. Ancaq təəssüf ki, dövlətə bağlı yazarlar birliyi yoxdur, ayrı-ayrı özəl dərnəklər var ki, onlar da bir-birindən çox qopublar, birgə deyil, hərəsi ayrılıqda fəaliyyət göstərir. Çox təəssüf ki, dövlətin yazıçı, şairlər üçün ayırdığı fəxri adlar, mükafatlar yoxdur. Son zamanlar öz aktiv fəaliyyəti ilə diqqət çəkən “Kıbrıs Balkanlar Avrasiya türk ədəbiyyatları kurumu” (KİBATEK) var ki, onun da rəhbəri məşhur yazar İsmayıl Bozqurddur.

Bizdə fantastik ədəbiyyatın çatışmadığını həmişə hiss etmişəm, ona görə də davamlı olaraq belə əsərlər yazmağa başladım. Çünki Kipr həm təbiəti, həm də mədəniyyəti baxımdan olduqca zəngin bir ölkədir. Roma xarabalıqları, Qotik kilsələri varkən bunların məkan olaraq istifadə edildiyi hekayələrin, romanların yazılması, gənclərə xitab edən əsərlərin yaradılması vacibdir. Axır ki, Allah mənə qismət etdi və mən bu silsiləni yazıb Kipr ədəbiyyatına qazandırdım. “Safir” Kiprin ilk fantastik gənclik seriyasıdır. Bu, rumlar üçün də bir ilkdir. Hər iki tərəfdən də bu romana sahib çıxılmalıdır, məncə. Çünki bu bir Kipr fantaziyasıdır, bizim ortaq sevinclərimizi, acılarımızı əks etdirir.

- Dövlət istedadlı gənclərə dəstək göstərirmi?

- Gənc bir yazar olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət Dairəsi bütün layihələrimdə mənə həmişə dəstək oldu. Buna görə onlara təşəkkür edirəm. Dövlətimiz maddi baxımdan elə də zəngin dövlət olmasa da, son illərdə gənc sənətçiləri dəstəkləyir. İnşallah, gələcəkdə bu dəstək daha da artar.

- Son dövrlər demək olar ki, bütün dünya insanların kitablardan, ədəbiyyatdan düşməsindən gileylənir. Sizdə vəziyyət necədir? Səncə, bunun başlıca səbəbi nələrdir?

- Elə bizdə də vəziyyət fərqli deyil. Məncə, başlıca səbəb texnologiyadır. Gənc nəsil telefonu bir an da əlindən kənara qoymur, davamlı sosial şəbəkələrdə vaxt keçirir. Mən orta məktəb illərimi xatırlayıram. Biz kitab oxuyan, kinoya gedən bir nəsil idik, ancaq sonrakılar bizim kimi deyil, təəssüf ki. İnsanlar kitabdan çox komputerə üstünlük verirlərsə, artıq bəzi şeylər haqqında ciddi düşünməyin vaxtı çatıb.

- Oxucuların ədəbiyyata marağının artması üçün dövlət orqanları hansı layihələr həyata keçirir?

- Çox təəssüf ki, dövlətimiz sənətə və ədəbiyyata diqqət baxımından bir az geri qalıb. Bildiyim qədərilə KİBATEK vəqfi hər il şeir günləri təşkil edir. Ölkəmizin ən məşhur kitab evlərindən olan “İşıq” kitab evi kitab sərgiləri keçirir. Amma bu cür layihələr bir əlin barmaqlarından belə azdır. Kiprin ilk fantastik gənclik romanının təqdimat mərasimində yüksək dairələrdən heç kim iştirak etmədi. Demək ki, əvvəlcə rəsmi vəzifəlilərin bu mövzuda bir az məlumatlanması və layihələri daha da artırması lazımdır.

- Bəs siz özünüz gənc ədəbiyyatçılar olaraq ölkənizdəki vəziyyəti dəyişmək üçün hansı işlər görürsünüz?

- Gənc ədəbiyyatçılar olaraq hazırda sayımız çoxdur. İsmayıl Bozqurd bugünlərdə “Vətən” qəzetindəki məqaləsində çox doğru bir mövzuya diqqət çəkdi. Təəssüf ki, Kipr türk toplumunda arxadan gələcək yetəri qədər ədəbiyyatçı yoxdur. Gənclərimizin çoxu yaradıcılığa ciddi meyil göstərmir. Burada həm biz ədəbiyyatçıların, həm də valideynlərin üzərinə çox iş düşür. Mən gənclərə xitab edən romanlar silsiləsi yazdım. İstədim ki, oxusunlar, həvəslənsinlər, məndən daha artıq bir səviyyədə gənc yazar olsunlar, ölkəmizi mədəni baxımdan zənginləşdirəcək işlərə, layihələrə imza atsınlar. Valideynlər də özlərinin canı rahat olsun deyə, uşağa telefon, planşet vermək əvəzinə nağıl kitabları hədiyyə etsinlər, onlara kitab oxusunlar. İnanıram ki, mənim kimi və poeziyada gözəl əsərlər yaradan dostum Sezer Oza kimi gənclər var və meydana çıxmaq üçün hazırlaşırlar.

- Sizdə qadınların ədəbiyyatdakı yeri necədir?

- Çox dəyərli qadın ədəbiyyatçılarımız var. Dəyərli ədəbiyyat müəllimim Aişə Tural sayəsində mən ədəbiyyatı sevdim. Gözəl insan Dərvişə Güneyyeli Kutlu, Fatoş Avcısoylu Ruso, Nurpəri Özgener və başqalarının adlarını çəkə bilərəm ki, bunlar mənim şəxsən tanıdıqlarımdır. Onlardan başqa da kifayət qədər dəyərli qadın ədəbiyyatçılarımız var.

- Gənc yaşda roman yazmısan, özü də silsilə şəklində... Çətin deyildimi?

- Mənim üçün o qədər də çətin olmadı (gülür). Uşaqlığım nağıl kitablarının arasında keçib. Çox xəyal quran bir uşaq olmuşam. Həmişə cinlər, pərilər haqqında şəkillər çəkərdim. Yaşım artdıqca nağıl kitabları fantastik ədəbiyyatla əvəzləndi və Coan Roulinq və Tolkin ilə tanış oldum. Xüsusən “Harri Potter” silsiləsi mənim fantastik ədəbiyyata olan marağımı daha da artırdı. Onu oxuyandan sonra mən də düşünməyə başladım. Niyə Kiprdə də belə fantastik silsilə roman olmasın ki? Beləliklə yavaş-yavaş kiçik hekayələr yazmağa başladım. Bir tərəfdən də fantastik ədəbiyyatın yeni nümunələrini izləyirdim, onlardan bəhrələnməyə, öyrənməyə çalışırdım. Beləcə yazmağa davam etdim. Hər gün bir az da yaxşı yazmağa başladım. Özümə aid dünya yaratmaq və o dünyadakı obrazlara ruh üfürmək mənim üçün çox əyləncəli idi. Yavaş-yavaş “Safir” dünyasını yaratdım. Nəticədə isə baxdım ki, üç kitab yazılıb artıq. Yazmağa davam edirəm. Arzum Roulinq kimi dünya miqyasında oxunan yaxşı bir fantastik roman müəllifi olmaqdır.

- Silsilə roman yazdın, şəkillərini də özün çəkdin. Bəs romanın hansı mövzudadır, nələrdən bəhs edir?

- Kiprdə Beşbarmaq dağları üzərində heybətli St.Hilarion qalası var. Bu roman min il öncə o qalada şər tərəfindən işğal edilərək süquta uğradılmış “Çobanulduzu krallığı” və oranın şahzadəsi olan Safirin hekayəsindən danışır. “Safir” seriyasını yazarkən iki ünsürə diqqət çəkmək istədim. Birincisi abargolar tərəfindən işğal edilmiş gözəl ölkəmə, ikincisi isə müharibə illərində qaçqın düşmüş Kipr xalqına. Safir bir Kipr hekayəsidir. Üç kitab boyunca oxucu Çobanulduzu Krallığının necə St.Hilarion qalasına çevrildiyini oxuyacaq, cinlər, pərilər və şeytanlarla dolu bir macəraya atılacaq. Bir tərəfdən min il əvvəkli hadisələri ouyarkən, digə tərəfdən də çağdaş dövrümüzdə Kipr xalqının yaşam tərzi və gənclərin yetişkinlik dövrü problemləri haqqında məlumat əldə edəcək. Birinci kitab “Müjdələnən zaman” adı ilə 2016-cı ilin oktyabr ayında İstanbulda “Dante” nəşriyyatında işıq üzü gördü. Digər iki kitab da yaxın zamanlarda çap olunacaq.

- Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında məlumatın varmı?

- İstanbulda yaşayarkən universitetdəki ən yaxın dostum azərbaycanlı idi – dəyərli Xanım Tağıyeva. Onunla bir-birimizə çox dəstək olurduq. Azərbaycan mədəniyyətini onun sayəsində tanımağa başladım. 2014-cü ildə TÜRKSOY Rəssamlar görüşündə Kipri təmsil etmək üçün Şəkiyə dəvət edildim və orada yamyaşıl Şəkini gəzmək və gözəl yeməklərindən dadmaq fürsəti əldə etdim. Azərbaycanlılar və Kipr türklərinin danışıq tərzi də bir-birinə bənzəyir. Xanımla tez-tez bir-birimizin dilindəki ortaq sözlərə təəccüblənərdik. Xanım mənim üçün çox dəyərli bir dostdur. Eyni zamanda çox istedadlı bir rəssamdır. “Safir” seriyasının rəsmlərini çəkərkən mənə çox kömək etdi. Hazırda Memar Sinan Universitetində magistratura təhsili alır. İnşallah Azərbaycan da bu cür istedadlı gəncinə sahib çıxar və dəstək olar. Bütün ölkələrin belə istedadlara ehtiyacı var. Xanım mənə ölkəsinin ədəbiyyatçılarından, şair və yazarları haqqında çox danışır. Onun sayəsində bir çox azərbaycanlı yazarın əsərlərini oxumuşam. Məsələn, oxuduğum yazarlardan Abdulla Şaiq, Səməd Vurğun, Cəfər Cabbarlı və başqalarının adını çəkə bilərəm.

- Burada gənc yazarların görüşündə romanının müzakirəsi aparıldı. Ustad yazarlar və gənc yazar dostlarının romanına qarşı münasibəti necə oldu?

- Roman qrupunda şəkillərlə hazırladığım “Bir krallığa həyat vermək” adlı çıxış etdim. “Safir” seriyasına necə həyat verdiyimi və mənə nələrin təsir etdiyini, hekayədə və rəsmlərdə nələrdən istifadə etdiyimi, nələrə diqqət çəkdiyimi danışdım. Çıxışım bitəndən sonra hər kəs kitabımla maraqlandı, onu oxumaq istədiklərini dedilər. İsmayıl Bozqurd da orda idi və Kiprdə əskik olan bir nümunəni ədəbiyyatımıza qazandırdığım üçün məni ürəkdən təbrik etdi. Bunları eşitmək məni həqiqətən çox xoşbəxt etdi. “Safir” seriyasını yazmaq, o dünyaya həyat vermək on ilə yaxın zamanımı aldı. Bu müddətdə yaşadığım sevinclərim, sıxıntılarım, gözyaşlarım, hamısı bu romanın içindədir və əmək verdiyim bir iş üçün gözəl reaksiyalar almaq məni çox xoşbəxt etdi. Arzu edirəm ki, romanım başqa dillərə də çevrilsin və dünya “Safir”i oxusun.

- Bu layihə Türk dünyası ədəbiyyatına nələr qazandıracaq, səncə?

- Çox möhtəşəm bir layihədir. Qısa müddət ərzində çox gözəl dostlar qazanıb, faydalı günlər keçirtdik. Buna görə də İsmayıl Bozqurda və layihənin təşkilatçısı Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna təşəkkür edirəm. Arzu edərdim ki, layihə davamlı təşkil edilsin və növbəti görüşü Kiprdə keçirilsin. Layihədəki bütün gənc yazarlarla yenidən görüşmək çox həyəcanvericidir. Bu tədbirin müxtəlif ölkələrdəki gənc yazarların bir-birlərindən xəbərdar olaraq ortaq layihələr həyata keçirməsinə böyük önəmi olacaqdır. Kitablarımızın, hekayələrimizin qarşılıqlı olaraq iştirakçı ölkələrin dillərinə çevrilməsi və o ölkələrdə oxunması Türk dünyası ədəbiyyatına böyük bir zənginlik qatacaqdır.

Şahanə MÜŞFİQ

 





29.08.2017    çap et  çap et